Məhkəmə qərarları › İş №e-2-2(119)-38/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-38/2025

28.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-38/2025 28.02.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “alqı-satqı müqaviləsi üzrə borcun və digər ödənişin tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 02 aprel 2024-cü il tarixdə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3016,12 (üç min on altı manat, on iki qəpik) manat məbləğində əsas borc və ödənilmiş 50,17 (əlli manat, on yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında yataq, qonaq, uşaq, yumşaq və digər mebellərin satışı ilə əlaqədar RQ002 nömrəli alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı qismində çıxış edən iddiaçı istənilən üsulla sifariş edilmiş mebelləri müqavilə şərtləri ilə son istehlakçılara satmaq məqsədi ilə sifarişçinin, yəni cavabdehin mülkiyyətinə verməyi, sifarişçi isə bu müqavilə ilə razılaşdırılmış şərtlərlə qiymətləri ona ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçıdan götürdüyü malların dəyərini tam ödəməmiş və nəticədə iddiaçıya 3016,12 manat məbləğində borcu yaranmışdır. Cavabdehə borcunun ödənilməsi ilə əlaqədar dəfələrlə xəbərdarlıq edilmiş, lakin o, borcu ödəyəcəyini bildirsə də, bu günə qədər həmin borcu ödəməmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 25 aprel 2024-cü il tarixli iclasında iştirak etmiş cavabdeh iddianı qəbul etməyərək izahatında iddiaçıya təxminən 1500 manat məbləğində borcu olduğunu, iddiaçı borc məbləğinin miqdarını dəqiq bildirərsə, həmin borc məbləği üzrə ödəniş həyata keçirə biləcəyini qeyd etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: 26 yanvar 2018-ci il tarixli RQ002 nömrəli satış müqaviləsinin “Müqavilənin predmeti” adlı bölməsinə əsasən, bu müqaviləyə görə icraçı (iddiaçı "xxxx" MMC) istənilən üsulla sifariş edilmiş yataq, qonaq, uşaq, yumşaq və digər mebelləri müqavilə şərtləri ilə son istehlakçılara satmaq məqsədilə sifarişçinin (Cavabdeh) mülkiyyətinə verməyi, sifarişçi isə bu müqavilə ilə razılaşdırılmış şərtlərlə qiymətləri ona ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin "Müqavilənin dəyəri" adlı bölməsinə əsasən, müqavilənin dəyəri ******* (ƏDV daxil) manatdır. Həmin müqavilənin "Ödəniş qaydası" adlı bölməsinə əsasən, hesablaşma nağd və köçürmə yolu ilə aparılır (barter barədə razılaşma halları istisna olmaqla). Həmin müqavilənin "Ödəniş müddəti və qaydası" adlı bölməsinə əsasən, malın adı, sayı və dəyəri qiymət razılaşması protokolu ilə müəyyənləşdirilir. Verilən sifarişə uyğun olaraq malın dəyəri mal təhvil veriləndən sonra qaimədə qeyd olunan müddət ərzində ödənilməlidir. Həmin müqavilənin “İcraçının hüquq və öhdəlikləri” adlı bölməsinə əsasən, icraçı sifarişçidən borcunu ödəməyi tələb edə bilər. Həmin müqavilənin "Elektron yazışmalar" adlı bölməsinə əsasən tərəflər öz səlahiyyətli nümayəndələri arasında aparılan elektron yazışmaları etibarlı sübut kimi qəbul edirlər. Sifarişlər elektron poçt vasitəsi ilə verilə bilər. Həmin müqavilənin "Müqavilənin qüvvəsi" adlı bölməsinə əsasən, müqavilə 31 dekabr 2028-ci il tarixinə qədər qüvvədədir. Tərəflərdən biri digərini 1 ay əvvəlcədən xəbərdar etməklə bu müqaviləyə xitam verə bilər. Xitam tələbi olunmadıqda müqavilənin icra müddəti hər dəfə bir il müddətinə uzadılmış hesab olunur. Müqaviləyə xitam verildikdə icra olunmamış öhdəliklər qarşılıqlı razılaşma əsasında qanuna müvafiq qaydada həyata keçirilir. İş materiallarında olan müştərilərlə aparılan hesablaşma haqqında arayış ("ведомость расчетов с клиентами") adlı sənəddən görünür ki, Cavabdeh "xxxx" MMCyə 09 noyabr 2021-ci il tarixə 3016,12 manat məbləğində bоrcu vardır. İş materiallarında olan 18 mart 2024-cü il tarixli 17 nömrəli maliyyə arayışına əsasən, Cavabdeh iddiaçıya 18 mart 2024-cü il tarixinə 3016,12 manat məbləğində borcu mövcudddur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə məhkəmə-mühasibatlıq ekspertizası üzrə təqdim edilmiş 23 yanvar 2025-ci il tarixli 9/6667 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə 3016,12 manat məbləğində bоrcunun olması müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 26 yanvar 2018-ci il tarixli RQ002 nömrəli satış müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin predmeti olan məhsulları cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya tam ödəməmiş, nəticədə onun iddiaçıya 3016,12 manat məbləğində borcu yaranmışdır. Bu göstərilənlər yuxarıda istinad edilən sübutlarla tam sübut olunmaqdadır. Məhkəmə qeyd edir ki, cavabdehdən tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən, həmçinin məhkəmə-mühasibatlıq ekspertizasına dair 23 yanvar 2025-ci il tarixli 9/6667 nömrəli ekspert rəyi mötəbər sübut kimi nəzərə alınmalıdır. Belə ki, cavabdehin "xxxx" MMC-yə 3016,12 manat məbləğində borcunun olması həmin ekspert rəyi ilə də təsdiq edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 26 yanvar 2018-ci il tarixli tarixli satış müqaviləsi üzrə 3016,12 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan başqa, iddia tələbinin 50,17 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 13 mart 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 50,17 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia təmin edildiyindən yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 50,17 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 yanvar 2025-ci il tarixli 9/6667 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılan ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Hazırkı iddia ərizəsi təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 3016,12 manat məbləğində əsas bоrc və 50,17 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3066,29 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 3016,12 (üç min on altı manat, on iki qəpik) manat məbləğində əsas bоrc və 50,17 (əlli manat, on yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3066,29 (üç min altmış altı manat, iyirmi doqquz qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar