Məhkəmə qərarları › İş №e-2-2(119)-389/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-389/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-389/2021 06.04.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə iddiaçı "İddiaçı” Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin Cavabdeh qarşı soyuducunun dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehə qarşı “soyuducunun dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3000 (üç min) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında imzalanmış 20.09.2019-cu il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən dəyəri 1500 (min beş yüz) manat olan D/D markalı 1 (bir) ədəd soyuducu iddiaçı tərəfindən istehsal və satışı təşkil edilmiş məhsulların sərinləşdirilib satılmasının təmin edilməsi məqsədilə Cavabdeh əvəzsiz istifadəyə verilmişdir. İstifadəyə verilmiş əmlak üçün istifadə haqqı tələb edilməmişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən göstərilən əmlak müqavilə imzalandığı andan təhvil verilmiş hesab edilir. Müqavilənin 2.2.7-ci bəndinə əsasən, müqavilənin xitamı haqqında “İstifadəyəverən” tələb irəli sürdükdə, o, əmlakın köhnəlmə nəzərə alınmaqla təhvilini 3 (üç) gün ərzində təmin etməlidir. Müqavilənin 2.2.8-ci bəndinə əsasən əmlakın göstərilən müddət ərzində təhvilini təmin etmədikdə, əmlakın dəyərinin 2 misli həcmində müəssisəyə cərimə ödəməlidir. Həmin müqavilənin 3.1-ci bəndində göstərilmişdir ki, müqavilə “İstifadəyəverən” tərəfindən əmlakın geri verilməsi haqqında tələbi irəli sürülənədək qüvvədədir. Qeyd olunan soyuducu uzun müddət cavabdehin əvəzsiz istifadəsində olmuşdur. Lakin, iddiaçı tərəfindən cavabdehdən müqavilə predmeti olan soyuducunun qaytarılması tələb edilsə də, cavabdeh tərəfindən soyuducunun qaytarılması ilə bağlı hər hansı addım atılmamışdır. Bununla bağlı olaraq cavabdehə pretenziya məktubu ilə rəsmi qaydada müraciət olunmuş, 20.09.2019-cu il tarixli müqaviləyə xitam verildiyi və soyuducunun 3 (üç) gün ərzində iddiaçı təşkilata qaytarılması tələb olunmuşdur. Soyuducunun qaytarılmadığı təqdirdə müqavilə üzrə nəzərdə tutulmuş cərimənin ödənilməsi ilə bağlı qanunauyğun tədbirlər görüləcəyi cavabdehin diqqətinə çatdırılmışdır. Pretenziya məktubu cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq bugünə qədər Cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş, iddiaçı “xxxx” MMC-nin əmlakı olan soyuducunu bu günə kimi qaytarmamış və qanunsuz olaraq özündə saxlayaraq özgəninkiləşdirmişdir. Bütün bu halları nəzərə alaraq iddiaçı pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili R.Əmiraslanov iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmunun uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh isə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasənişə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan “İstifadəyəverən” "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və “istifadəçi” Cavabdeh (VÖEN **********) arasında bağlanmış 20.09.2019 tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi” haqqında müqavilədən görünür ki, “İstifadəyəverən” mülkiyyətində olan 1500 manat dəyərində olan 1 ədəd DD markalı reklam xarakterli soyuducunu “istifadəçi”yə əvəzsiz istifadəyə vermişdir. Müqaviləyə əsasən istifadəyəverən istifadəyə verilmiş soyuducu üçün heç bir formada istifadə haqqı tələb etmir. Həmin Müqavilənin 2.1.2-ci bəndinə əsasən, soyuducunu istifadəçinin istifadə üçün yararlı vəziyyətdə, əmtəə görkəmli və heç bir xəsarəti olmayan formada “istifadəçi”yə təhvil-təslim aktı vasitəsi ilə təhvil verir. Müqavilənin 2.7-ci bəndinə əsasən, müqaviləyə istənilən səbəbdən xitam verildikdə, “İstifadəçi” soyuducunu qəbul etdiyi vəziyyətdə onun normal köhnəlməsini nəzərə alaraq, 3 gün ərzində geri qaytarılmasını təmin edir. İstifadəçi soyuducunun göstərilən müddət ərzində təhvilini təmin etmədikdə, əmlakın dəyərinin 2 misli həcmində “İstifadəyəverən”ə cərimə ödəməlidir. Həmin Müqavilənin 2.8-ci bəndinə əsasən, istifadəçinin tələb olunan satış və müqavilədə nəzərdə tutulan digər qaydalar haqqında normalara riayət edilməməsi “İstifadəyəverən”nin soyuducunu geri tələb etməsi üçün əsasdır. Həmin Müqavilənin 2.9-cu bəndinə əsasən, “İstifadəyəverən” istifadəyə verilən soyuducunn istənilən vaxt geri qaytarılmasını tələb edə bilər. Belə tələb irəli sürüldükdən sonra 3 (üç) gün ərzində “İstifadəçi” tərəfindən soyuducu geri qaytarılmadıqda və ya 2.1.2-ci maddənin tələblərinə uyğun olmayan vəziyyətdə geri qaytardıqda “İstifadəyəverən”in əmlakın dəyərinin 2 misli həcmində cərimə tələb etmək hüququ yaranır. Müqavilənin 3.1-ci bəndinə əsasən, istifadəçi bu müqavilənin şərtlərindən hər hansı birini pozarsa müqaviləyə dəhal xitam verilir soyuducu “İstifadəyəverən”ə qaytarılır. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 27.01.2020-ci il tarixli pretenziya məktubdan görünür ki, 20.09.2019-cu il tarixdə istifadəçi tərəfindən dəyəri 1500 manat olan 1 ədəd DD markalı soyucudunun “İstifadəyəverən”ə geri qaytarılması haqqında tələb irəli sürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 732-ci maddəsinə əsasən, əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Həmin Məcəllənin 736-cı maddəsinə əsasən, kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. Əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər. Əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. İşin yuxarıda qeyd edilən hallarından görünür ki, tərəflər arasında bağlanılmış 20.09.2019-cu il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən 1500 manat dəyərində olan 1 ədəd soyuducu “istifadəçi” Cavabdeh istifadəsinə verilmişdir. Lakin, “istifadəyəverən” “xxxx” MMC 27.01.2020-ci il tarixli məktubla istifadəyə verilən həmin əmlakın qaytarılmasını tələb etsə də, “istifadəçi” Cavabdeh həmin soyuducunu qaytarmamış və bununla da, tərəflər arasında bağlanmış müqavilənin “əmlakın qaytarılması” barədə öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilədə əvəzsiz istifadəyə verilmiş soyuducunun dəyəri 1500 manat müəyyən edilmiş, bununla belə “İstifadəçi” tərəfindən soyuducu geri qaytarılmadıqda “İstifadəyəverən”in əmlakın dəyərinin 2 misli həcmində cərimə tələb etmək hüququ yarandığı göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bununla belə, Mülki Məcəllənin 404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələri). Məhkəmə qeyd edir ki, tərəflər arasındakı 20.09.2019 tarixli əvəzsiz istifdə müqaviləsinin predmetini, “İstifadəyəverən” "xxxx” MMC-nin özünün istehsal və satışını təşkil etdiyi içkilərin sərinləşdirilmiş şəkildə satılmasını, satışın həcminin artırılması və reklamını təşkil etmək üçün reklam xarakterli soyuducunun istifadəçiyə əvəzsiz istifadəyə verilməsi, istifadəçinin isə istifadəyəverənin tələbi ilə avadanlığı işlək vəziyyətdə (normal köhnəlmə nəzərə alınmaqla) geri qaytarması təşkil edir. Müavilənin xarakterindən də göründüyü kimi, bu müqavilə iddiaçının məhz istifadəyə verilmiş soyuducunun özündən hər-hansı birbaşa gəlir əldə etməsini deyil, əksinə istifadəçi tərəfindən onun məhsullarının satılması, satışın həcminin artırılması və reklamını nəzərdə tutur. Müqavilədən görünür ki, soyuducu geri qaytarılarkən onun normal köhnəlməsi nəzərə alınmalıdır. Bundan əlavə, Mülki Məcəllənin 734.2-ci maddəsinə əsasən kiirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi çərçivəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. İşin yuxarıda qeyd edilən hallarına əsasən məhkəmə bu nəticəyə gəlir ki, həm tərəflər arasında bağlanmış müqavilənin əvəzsiz xarakteri, həm də iddiaçı tərəfindən soyuducunun cavabdehə təhvil verildiyi 20.09.2019-cu il tarixdən, geri qaytarılması tələb olunan 27.01.2020-ci il tarixədək olan 5 aydan artıq müddət ərzində soyuducunun normal köhnəlməsi nəzərə alınmaqla iddiaçı tərəfindən tələb edilən edərək 3000 (üç min) manat cərimə cavabdeh tərəfindən icra edilməyən öhdəliyə (soyuducunun qaytarılmaması) münasibətdə tənasübsüz şəkildə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh (VÖEN **********) 1500 (min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1500 ( min beş yüz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 1530 (min beş yüz otuz) manat pul vəsaiti tutularaq İddiaçı Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar