Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-39/2023 12.01.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Hüseynzadə Elsevər İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1 oğlunun, Cavabdeh nümayəndəsi Kazımov Elnur Vəzir oğlunun iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 05 oktyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 402510,74 manat məbləğində borcun, 1570 manat nümayəndəyə çəkilmiş xərcin və 692,51 manat dövlət rüsümu və mediasiya xərcinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında mal alğı-satqısına dair 13 may 2020-cu il tarixində 3D- AS/2020-43 saylı müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə İddiaçı MMC – “satıcı”, cavabdeh "xxxx" MMC isə - “alıcı” qismində çıxış edir. Həmin Müqaviləyə əsasən razılaşdırılmış qiymət əsasında, satıcı kimi iddiaçı tərəfindən cavabdeh "xxxx" MMC-yə 402510,74 manat dəyərində müxtəlif çeşidli mallar satılmışdır. Mal "xxxx" MMC tərəfindən qaimə-fakturalar əsasında götürülərək qəbul edilmişdir. Mal qəbul edilərkən Alıcı tərəfindən yoxlanılmış, keyfiyyət, miqdar, çeşid fərqi və ya hər hansı bir çatışmazlıq aşkar edilməmişdir. Beləliklə, iddiaçı tərəfindən həmin Müqavilənin Satıcının hüquq və vəzifələrini özündə ehtiva edən tələbləri yerinə yetirilərək, müqavilə ilə razılaşdırılmış mal tam şəkildə Alıcıya təhvil verilmiş və bununla bağlı elektron qaimələr də Alıcıya təqdim olunmuşdur. Müqavilə şərtləri əsasında mal alındıqdan sonra Alıcı müqavilə üzrə şərtləşdirilmiş şəkildə malın dəyərini ödəməli idi. Lakin, malı almış "xxxx" MMC tərəfindən heç bir ödəniş həyata keçirilməmiş, alınmış malın dəyəri ödənilməmiş və Alıcı faktiki olaraq müqavilə ilə nəzərdə tutulan öhdəliyi icra etməmişdir. Qeyd edilən müqavilə hər iki tərəfin qarşılıqlı iradə ifadəsi və razılaşdırılması ilə Azərbaycan Respublikasının Mülki Qanunvericiliyi əsasında bağlanmış və Satıcı tərəfindən müqavilə üzrə öhdəlik icra edilmiş olsa da, Alıcı tərəfindən öhdəlik icra edilməmişdir. Halbuki, Müqavilə Alıcının malı qəbul etdikdən sonra müəyyənləşdirilmiş pul məbləğinin müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəməyini nəzərdə tutur. Lakin, indiyədək Alıcı tərəfindən alınmış malın dəyəri ödənilməmişdir və Alıcı faktiki olaraq müqavilə üzrə nəzərdə tutulan öhdəliyi icra etməmişdir. Alıcı alınmış malın dəyərini ödəməməklə istehsal müəssisəsi kimi iddiaçını planlaşdırılan şəkildə əldə ediləcək maliyyə vəsaitindən məhrum etmiş və bu da İddiaçı MMC-nin dinamik inkişafı və istehsal prosesinə mənfi təsir etmişdir. Alıcı almış olduğu malın dəyərini ödəməyərək, öhdəliyi icra etməməklə faktiki olaraq iddiaçıya zərər vurmuşdur. Məhkəməyə müraciət olunmamışdan əvvəl bu mübahisə ilə əlaqədar mediasiya prosesinin təşkil olunmasına baxmayaraq, mediasiya vasitəsi ilə də mübahisənin həll edilməsi mümkün olmamışdır. Cavabdeh tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 27 oktyabr 2022-ci ildə məhkəməyə “iddia tələbinə Etiraz” təqdim edilərək, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” barədə iddia tələbinin rədd edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, həqiqətən də Cavabdeh MMC ilə İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixli SD- AS/2020-43 saylı alğı-satqı müqaviləsi imzalanmışdır və Cavabdeh MMC iddiaçıdan qeyriərzaq mallarını almışdır. Tərəflər arasında olan ticari əməliyyatlar nəticəsində yaranan borclar vaxtaşırı olaraq hər iki tərəfdən imzalanan üzləşmə aktları ilə təsdiqlənmişdir. Sonuncu dəfə belə bir üzləşmə aktı xx.xx.2022-ci il tarixdə imzalanmışdır ki, həmin Akta əsasən xx.xx.2022-ci il tarixinə kimi Cavabdeh MMC ilə İddiaçı MMC arasında 432507,81 manat məbləğində ticari əməliyyatlar olmuş, 47630,29 manat dəyərində mallar Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə geri qaytarılmış və Cavabdeh MMC-nin iddiaçıya olan qalıq borcunun 384877,52 manat olduğu təsdiqlənmişdir. İddiaçı MMC-nin iddia ərizəsinə əlavə etdiyi sənədlər arasında borc məbləği və vəsaitin ödənilib-ödənilməməsi ilə bağlı yalnız xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli Elektron Qaimələrin surətləri mövcüddur ki, həmin qaimələrdən də müxtəlif tarixlərdə hesablanmış məbləğləri görmək olur. Lakin, elektron qaimələrin təsdiq edilməsi və ya düzəliş üçün geri qaytarılması, həmçinin iddia ərizəsinin məhkəməyə verildiyi tarixə mövcüd borcun məbləği ilə bağlı İddiaçı MMC tərəfindən hər hansı sənəd əlavə edilməmişdir. Halbuki, Cavabdeh MMC-nin hazırki Etirazına əlavə etdiyi sənədlərdən aydın şəkildə görmək olur ki, İddiaçı MMC ilə aparılan son üzləşməyə əsasən cavabehin iddiaçıya olan borc məbləği 384877,52 manat təşkil edir və həmin üzləşmə xx.xx.2022-ci il tarixdə, yəni iddiaçının göndərdiyi elektron qaimələrin tarixlərindən sonrakı tarixdə aparılmışdır. İş üzrə Cavabdeh MMC tərəfindən verilmiş və hazırkı Etiraza əlavə edilən maliyyə arayışı və ödəniş tapşırıqlarından görünür ki, İddiaçı MMC tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırıldıqdan sonra iddiaçıya olan 384870 manat məbləğində borc cavabdeh tərəfindən ödənilmişdir. Belə ki, "xxxx" ASC tərəfindən təqdim edilən 30 sentyabr 2022-ci il tarixli ödəniş tapşırıqlarına əsasən 150000 manat, 04 oktyabr 2022-ci il tarixli ödəniş tapşırıqlarına əsasən 100000 manat və 06 oktyabr 2022-ci il tarixli ödəniş tapşırıqlarına əsasən 134870 manat məbləğində vəsait İddiaçı MMC-nin bank hesabına ödənilmişdir. Buna görə də, hazırki tarixə Cavabdeh MMC-nin İddiaçı MMC-yə qalıq borcu cəmi 7,52 manat təşkil edir. Bundan əlavə, məhkəmənin diqqətinə çatdırılır ki, Cavabdeh MMC ilə İddiaçı MMC-nin qarşılıqlı əməkdaşlıq dövrü ərzində Cavabdeh MMC tərəfindən İddiaçı MMC bir neçə dəfə elektron qaimələr təqdim edilmişdir ki, həmin qaimələrdən yalnız xx.xx.2020-ci il tarixli qaimə üzrə 13253,48 manat məbləğində pul vəsaiti ödənilmişdir. Lakin, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qaimələr isə qəbul olunub təsdiqlənsə də, həmin qaimələr üzrə cəmi 26500,88 manat məbləğində pul vəsaiti hazırkı tarixədək Cavabdeh MMC-yə ödənilməmişdir. Göstərilən qaimələr üzrə ümumi məbləğ 39754,36 manat təşkil edir ki, bu da həm elektron qaimələrlə, həm də etiraza əlavə edilən maliyyə arayışı ilə təsdiq olunur. Yuxarıda qeyd edilən elektron qaimələrin təsdiq edilməsi elektron vergi sistemindən çıxarılmış çıxarışda əks olunur. Yəni, cavabdeh tərəfındən məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, hal-hazırda İddiaçı MMC-nin Cavabdeh MMC-yə 26500,88 manat məbləğində ödənilməmiş borcu var. Həmçinin cavabdeh hesab edir ki, İddiaçı MMC-nin ödənilməsini cavabdehdən tələb etdiyi 1570 manat nümayəndəyə çəkilmiş xərcin əvəzi, eləcə də 692,51 manat dövlət rüsumu və mediasiya xərcinin əvəzi də cavabdehdən tutulmalı deyil və həmin xərclər iddiaçının özünə aid edilməlidir. Məhkəmə araşdırması zamanı İddiaçı tərəfindən 11 yanvar 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edilərək, Cavabdehndən 18040,74 manat məbləğində borcun, 1670 manat nümayəndəyə çəkilmiş xərcin və 692,51 manat dövlət rüsümu və mediasiya xərcinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin ərizə - 13 may 2020-cu il tarixli 3D- AS/2020-43 nömrəli alqı-satqı müqaviləsi əsasında satılmış mallara görə Alıcı tərəfə təqdim olunmuş 20 aprel 2022-ci il tarixli EBBU 825715 nömrəli və 11 may 2022-ci il tarixli EBBW 048222 nömrəli elektron qaimələr üzrə ümumilikdə ödənilməsi nəzərdə tutulan ƏDV daxil cəmi 402510,74 manat məbləğində borcun hazırkı mübahisə üzrə mediasiya sessiyası keçirildikdən sonra cavabdeh "xxxx" MMC tərəfindən cəmi 384470 manat məbləğində ödəniş edilməsi və buna görə də, 11 yanvar 2023-cü il tarixinə borcun ödənilməmiş qalıq hissəsinin 18040,74 manat məbləğində olması ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin həcminin azaldılması” barədə ərizədə yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsi və Cavabdehndən 18040,74 manat məbləğində əsas borcun, 1670 manat nümayəndəyə çəkilmiş xərcin və 692,51 manat dövlət rüsümu və mediasiya xərcinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. İş üzrə keçirilən məhkəmə baxış iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”da göstərilənlərə uyğun izahat verərək, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, “iddia tələbinin həcminin azaldılması” barədə ərizəni, cavabdeh tərəfindən iddia tələbinə qarşı verilmiş “Etirazı” və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 13 may 2020-ci il tarixli SD-AS/2020-43 nömrəli Alqı-satqı Müqaviləsinin şərtlərinə görə, bu Müqaviləni imzalamaqla Tərəflər aşağıdakılarbarədə razılığa gəlmişlər: - Alıcı malları vaxtaşırı Satıcıdan sifariş edəcək, Satıcı malları Alıcının sifarişinə uyğun olaraq Alıcıya təhvil verəcək və Alıcı malların dəyərini Satıcıya Müqavilədə (Müqavilənin müvafiq Əlavələri də daxil olmalqa) göstərilən qaydada ödəyəcəkdir (2.1-ci bənd). İş materiallarında olan 20 aprel 2022-ci il tarixli EBBU 825715 nömrəli Elektron Qaimə ilə müəyyən olunur ki, Müqavilə üzrə satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh MMC-yə ƏDV daxil cəmi 130125,68 (yüz otuz min yüz iyirmi beş manat 68 qəpik) manat (110276 manat malın dəyəri + 19849,68 manat ƏDV) dəyərində müxtəlif adda məhsulların satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan 11 may 2022-ci il tarixli EBBW 048222 nömrəli Elektron Qaimə ilə müəyyən olunur ki, Müqavilə üzrə satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh MMC-yə ƏDV daxil cəmi 272385,06 (iki yüz yetmiş iki min üç yüz səksən beş manat 06 qəpik) manat (230834,80 manat malın dəyəri + 41550,26 manat ƏDV) dəyərində müxtəlif adda məhsulların satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan, cavabdeh tərəfindən təqdim edilmiş Ödəniş Tapşırıqlarında olan məlumatlarla müəyyən olunur ki, cavabdeh "xxxx" MMC tərəfindən iddiaçı "xxxx" MMC-nin bank hesabına 30 sentyabr 2022-ci il tarixli #001İNT********** nömrəli Ödəniş Tapşırığına əsasən 127118,64 manat, 30 sentyabr 2022-ci il tarixli #001BUDG222730198 nömrəli Ödəniş Tapşırığına əsasən 22881,36 manat, 04 oktyabr 2022-ci il tarixli #001İNT********** nömrəli Ödəniş Tapşırığına əsasən 84745,76 manat, 04 oktyabr 2022-ci il tarixli #001BUDG222770231 nömrəli Ödəniş Tapşırığına əsasən 15254,24 manat, 06 oktyabr 2022-ci il tarixli #001İNT********** nömrəli Ödəniş Tapşırığına əsasən 114296,61 manat və 06 oktyabr 2022-ci il tarixli #001BUDG222790435 nömrəli Ödəniş Tapşırığına əsasən 20573,39 manat məbləğində pul vəsaitləri olmaqla, ümumilikdə cəmi 384870 (üç yüz səksən dörd min səkkiz yüz yetmiş) manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan, cavabdeh tərəfindən təqdim olunmuş “birinci tərəf "xxxx" MMC, ikinci tərəf "X3" ("xxxx" MMC)” kimi qeyd edilmiş 19 avqust 2022-ci il tarixli X1 göstərilir ki, alıcı Cavabdeh 01 iyul 2022-ci ildən 31 iyul 2022-ci il tarixinədək olan dövriyyə üzrə satıcı İddiaçınə cəmi 384877,52 manat məbləğində ödənilməmiş borcu vardır. Lakin, həmin Aktın hər iki tərəfin müvafiq səlahiyyətli vəzifəli şəxsləri tərəfindən tərtib olunması və təsdiq edilməsi müəyyən olunmur. Yəni, həmin Aktda üzləşməni aparan şəxslərin adları və bu üzləşməni apararaq tərtib edilən aktı imzalamağa səlahiyyətləri olmasını təsdiq edən müvafiq məlumatlar göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla və işin konkret halları ilə müəyyən olunur ki, satıcı İddiaçı 13 may 2020-ci il tarixli SD-AS/2020-43 nömrəli Alqı-satqı Müqaviləsi üzrə satmış olduğu malların dəyəri tam ödənilmədiyi üçün alıcı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar Cavabdehnə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən mediatorun hesabına 400 (dörd yüz) manat məbləğində xidmət haqqı və iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən isə Dövlət Büdcəsinə 293 (iki yüz doxsan üç) manat məbləğində dövlət rüsumu ödənilmişdir (27 sentyabr 2022-ci il tarixli MŞB/2-01582/22 nömrəli Mediasiya Arayışı və 04 oktyabr 2022-ci il tarixli ********* nömrəli Ödəniş Qəbzi). Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, Cavabdeh MMC İddiaçı MMC ilə bağlanmış 13 may 2020-ci il tarixli SD-AS/2020-43 nömrəli Alqı-satqı Müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Lakin, həmin Müqavilə üzrə hazırkı iddia ərizəsində tələb olunan “18040,74 (on səkkiz min qırx manat 74 qəpik) manat məbləğində əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması” barədə iddia tələbi qismən əsaslıdır. Çünki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilmiş ödəniş tapşırıqları ilə müəyyən olunmuşdur ki, hazırkı mübahisə üzrə tərəflər arasında 27 sentyabr 2022-ci ildə baş tutumuş mediassiya sessiaysından sonra 13 may 2020-ci il tarixli SD-AS/2020-43 nömrəli Alqı-satqı Müqaviləsi əsasında təqdim edilmiş 20 aprel 2022-ci il tarixli EBBU 825715 nömrəli və 11 may 2022-ci il tarixli EBBW 048222 nömrəli Elektron Qaimələr üzrə cəmi ödənilməli olan ƏDV daxil 402510,74 manat məbləğində əsas borca görə cavabdeh "xxxx" MMC tərəfindən iddiaçı "xxxx" MMC-nin Bank Hesabına 30 sentyabr 2022-ci il tarixli, 04 oktyabr 2022-ci il tarixli və 06 oktyabr 2022-ci il tarixli Ödəniş Tapşırıqlarına əsasən ümumilikdə cəmi 384870 (üç yüz səksən dörd min səkkiz yüz yetmiş) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Belə olan halda isə, yəni məlum Elelktron Qaimələr üzrə ödənilməli olan cəmi 402510,74 manat məbləğində əsas borcdan 384870 manat məbləğində ödəniş edildikdən sonra ödənilməmiş borc qalığı “iddia tələbinin həcminin azaldılması” barədə ərizədə tələb olunan 18040,74 manat məbləğində deyil, cəmi 17640,74 (on yeddi min altı yüz qırx manat 74 qəpik) manat məbləğində təşkil edir (402510,74 – 384870 = 17640,74). Eyni zamanda, yuxarıda təsvir olunanlara əsasən məhkəmə qeyd edir ki, cavabdeh tərəfin “iddia tələbinə Etirazı”nın əsaslandırıldığı 19 avqust 2022-ci il tarixli X2, elektron qaimələr və digər sənədlər 13 may 2020-ci il tarixli SD-AS/2020-43 nömrəli Alqı-satqı Müqaviləsi əsasında təqdim edilmiş 20 aprel 2022-ci il tarixli EBBU 825715 nömrəli və 11 may 2022-ci il tarixli EBBW 048222 nömrəli Elektron Qaimələr üzrə cəmi 17640,74 (on yeddi min altı yüz qırx manat 74 qəpik) manat məbləğində borcun ödənilməli olmasını istisna etmir. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin “hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olması” tələbi nəzərə alınmaqla qeyd etmək lazımdır ki, cavabdeh tərəfin təqdim etdiyi digər elektron qaimələr (Etirazda qeyd olunan) üzrə iddiaçı tərəfin ödəniş etməməsi də, hazırkı iddia tələbinin əsaslandırıldığı yuxarıda qeyd edilən 20 aprel 2022-ci il tarixli EBBU 825715 nömrəli və 11 may 2022-ci il tarixli EBBW 048222 nömrəli Elektron Qaimələr əsasında tələb olunan borcun qalıq hissəsinin, yəni ödənilməmiş “17640,74 manat məbləğində borcun ödənilməsindən” cavabdehi azad etmir. Bundan əlavə, məhkəmə hesab edir ki, iddianın “hüquqi yardımla əlaqədar ödənilmiş 1670 (min altı yüz yetmiş) manat məbləğində xidmət haqqının” tutulması hissəsi isə qismən əsaslıdır. Belə ki, məhkəmə prosesində nümayəndə qismində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1 ilə təmsil olunan iddiaçı - iddia tələbində “hüquqi yardımla əlaqədar ödənilmiş 1670 (min altı yüz yetmiş) manat məbləğində xidmət haqqının” da cavabdehdən tutulmasını xahiş etmiş və bununla bağlı məhkəməyə İddiaçı MMC tərəfindən Nümayəndə1 hesabına hüquqi xidmətə görə 1670 (min altı yüz yetmiş) manat məbləğində pul ödənilməsini təsdiq edən sənədləri təqdim etmişdir. Lakin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə - nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Yəni, bu normanın tələbinə görə fiziki şəxs olaraq işdə iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin ağlabatan məbləğdə tutulmasına yol verilir. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən Nümayəndə1 hesabına köçürülmüş 1670 (min altı yüz yetmiş) manat məbləğində pulun da cavabdehdən tutulması tələb olunur ki, bu məbləğ - bu iş üzrə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə cavabdeh tərəfindən ödənilməli olan ağlabatan məbləğ hesab edilə bilməz. Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” iş üzrə 18 dekabr 2008-ci il tarixli qərarında da qeyd olunur ki, ərizəçi - xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin “ağlabatan məbləğdə və zərurətlə xərcləndiyi” halda tutulmasına yol verilir. Bu halda, iddiaçı tərəfindən cavabdehdən tələb olunan “hüquqi yardımla əlaqədar ödənilmiş 1670 (min altı yüz yetmiş) manat məbləğində xidmət haqqının tutulması”, yəni hüquqi xidmətlərə görə 1670 manat məbləğində pul vəsaiti - hazırkı iş üzrə ağlabatan və zərurətlə xərclənən məbləğ hesab edilə bilməz. Buna görə də, həmin məbləğin hamısı deyil, yalnız hazırkı iş üzrə mövcud şəraitdə və dövrdə ağlabatan və zərurətlə xərclənən hissəsi cavabdehə aid edilə bilər. Odur ki, hüquqi yardıma görə cavabdehdən tələb olunan 1670 (min altı yüz yetmiş) manat məbləğində pulun həqiqətən və zərurətlə xərcləndiyi sübut edilmədiyindən və bu məbləğ həcminə görə ağlabatan və əsaslı olmadığından, həmin hissədə iddia tələbi qismən təmin edilməli və cavabdehdən hüquqi xidmətlərlə əlaqədar çəkilmiş xərcə görə ağlabatan məbləğdə, yəni 400 (dörd yüz) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı xeyrinə Cavabdehndən 17640,74 manat məbləğində əsas borc və iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən hüquqi yardımla əlaqədar nümayəndəyə ödənilmiş olan xidmət haqqının 400 manat məbləğində əvəzi tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən mediasiya xidməti ilə əlaqədar İddiaçı MMC tərəfindən mediatora ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının 200 (iki yüz) manat hissəsi (ilkin mediasiya sessiyasında hər iki tərəf iştirak etmiş olsa da, mediasiya davam etdirilməmiş və mediatora 400 manat məbləğində xidmət haqqı iddiaçı tərəfindən ödənilmişdir) və hazırkı iddia tələbinin təmin olunmuş hissəsi üzrə hesablanan 142,92 (yüz qırx iki manat 92 qəpik) manat məbləğində pul vəsaiti də Cavabdeh MMC-dən tutularaq İddiaçınə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə görə, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 17640,74 (on yeddi min altı yüz qırx manat 74 qəpik) manat məbləğində əsas borc, hüquqi yardımla əlaqədar 400 (dörd yüz) manat məbləğində xidmət haqqı, mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 200 (iki yüz) manat hissəsi və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 142,92 (yüz qırx iki manat 92 qəpik) manat olmaqla, cəmi 18383,66 (on səkkiz min üç yüz səksən üç manat 66 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-39/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-39/2023
12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver