Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-390/2020 02.06.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, iddiaçı "İddiaçı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsini nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "İddiaçı” Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kiçik mübahisələr üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin Cavabdeh tərəfindən alınmasını təsdiq edən hər hansı bir sənəd (sübut) iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmamışdır. Halbuki, Mülki-Prosessual Məcəllənin tələblərinə görə kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən iddia ərizəsinin surətini və ona əlavə edilmiş sənədləri cavabdehə çatdırmalı və bununla bağlı müvafiq sənədi (sübutu) iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Eləcə də, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl mübahisəni məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət etməsini təsdiq edən sənədi (sübutu) də iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etməmişdir. Yəni, məhkəməyə müraciət olunanadək mübahisə ilə əlaqədar cavabdehə ünvanlanmış “pretenziya” məktubunun cavabdehə çatdırılması barədə müvafiq sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Qeyd etmək lazımdır ki, iddia ərizəsinə “xx.xx.2020-ci il tarixdə göndərilən məktubların Reyesteri” əlavə edilmiş olsa da, həmin “Reyester” əsasında göndərilmiş məktubu cavabdehin almasını təsdiq edən müvafiq poçt sənədi (“xəbərnamə” və s.) iddia ərizəsinə əlavə edilməmişdir. Buna görə də, həmin “Reyester” cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa - mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Həmin Məcəllənin 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Yuxarıda təsvir olunan həmin hallar hazırkı mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.3-cü, 150.0.4-cü və 150.0.7-ci maddələrinin tələblərinin iddiaçı tərəfindən lazımi qaydada yerinə yetirilmiş olmasını təsdiq etmir. Qeyd etmək lazımdır ki, həmin tələblər kommersiya mübahisələri ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl iddiaçının yerinə yetirməli olduğu zəruri hərəkətlərdir ki, məlum mübahisə ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh tərəf həmin mübahisədən xəbər tutub, mübahisənin məhkəməyə qədər nizama salınması imkanlarından istifadə edə bilməli və eləcə də, məhkəməyə ünvanlanmış iddia ərizəsinin surətini əvvəlcədən almış olmalıdır. Bu tələblər isə - həmin qaydalara riayət edilməsini formal olaraq təsdiq edən poçt göndərişlərinin göndərilməsi ilə əlaqədar sənədin (“reyester”in və s.) məhkəməyə təqdim olunmasını deyil, məlum poçt göndərişlərini cavabdehin almasını təsdiq edən sənədlərin iddia ərizəsinə əlavə edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı Mülki-Prosessual Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin tələblərinə görə kiçik mübahisələr üzrə iddia ərizəsi məhkəməyə ümumi qaydada verilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə iqtisadi mübahisələr üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir (maddə 284-3.1) və iddia ərizəsində - ərizənin verildiyi məhkəmənin adı (maddə 284-3.2.1), iddiaçı və cavabdehin adları, onların poçt ünvanları (maddə 284-3.2.2), iddiaçının tələbi və onun əsaslandığı hallar (maddə 284-3.2.3), tələbin əsaslığını təsdiq edən sənədlər (maddə 284-3.2.4) və əlavə edilən sənədlərin siyahısı(maddə 284-3.2.5) göstərilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa (maddə 284-4.1.3) və yaxud, ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa (maddə 284- 4.1.4) - məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar verilmiş iddia ərizəsinin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən, Mülki-Prosessual Məcəllənin 284- 4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264 və 284-1 - 284-4-cü maddələrini rəhbər tutub, Q Ə R A R A A L D İ: İddiaçı "İddiaçı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. İddiaçıya izah olunsun ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinin qəbul edilməsindən imtina olunması - iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-390/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-390/2020
02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver