Məhkəmə qərarları › İş №e-2-2(119)-398/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-398/2020

08.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-398/2020 08.12.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Quluzadə Hüseyn Rasim oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 oğlunun, cavabdeh Siyəzən rayonu Sədan Bələdiyyəsinin qanuni təmsilçisi Əsgərov Turab Firudin oğlunun iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Siyəzən rayonu Sədan Bələdiyyəsinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı» Açıq Səhmdar Cəmiyyəti xx xxxx 2020-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh Siyəzən rayonu Sədan Bələdiyyəsinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13820 (on üç min səkkiz yüz iyirmi) manat məbləğində əsas borc, 8420 (səkkiz min dörd yüz iyirmi) manat məbləğində cərimə borcu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 22270 (iyirmi iki min iki yüz yetmiş) manat məbləğində pul vəsaitinin Siyəzən rayonu Sədan Bələdiyyəsindən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki (iddia ərizəsində yazıldığı kimi qeyd olunur), “İddiaçı ASC Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 2004-cü il tarixli 468 nömrəli sərəncamı ilə yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2008-ci il tarixli 226 nömrəli qərarı ilə təsdiq olunmuş “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları”na müvafiq olaraq İddiaçı ASC ilə Sədan Bələdiyyəsi arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli 1918-GL/18 nömrəli müqaviləyə əsasən cavabdeh güzəştli satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə ümumi dəyəri 18660 (on səkkiz min altı yüz altmış) olan kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Belə ki, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki üzrə heç bir ödəniş aparmamış və müqavilə üzrə 13820 (on üç min səkkiz yüz iyirmi) manat borcu qalmışdır. Cavabdehə borc məbləğinin ödənilməsi barədə pretenziya göndərilsə də, borc öhdəliyi tam şəkildə yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən, borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 748-1.12.4-ci maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Yenə həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış Müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən (İddiaçı ASC) lizinq alandan (Sədan Bələdiyyəsi) borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Buna əsasən ödəniş qrafiki üzrə borcun məbləği 13820 (on üç min səkkiz yüz iyirmi) manat və gecikdirilən günlərə görə hesablanmış cərimənin məbləği isə 8420 (səkkiz min dörd yüz iyirmi) manat təşkil etmişdir”. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh Siyəzən rayonu Sədan Bələdiyyəsinə qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Siyəzən rayonu Sədan Bələdiyyəsinin qanuni təmsilçisi X2 iddia tələbini qəbul etmədiyini bildirirək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh Siyəzən rayonu Sədan Bələdiyyəsinə qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, Siyəzən rayonu Sədan Bələdiyyəsi ilə bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli lizinq müqaviləsi üzrə hissə-hissə ödənişlər aparılır və Müqavilənin sonuna kimi lizinq borcu tam ödəniləcəkdir. Lakin, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 2020-ci ilin avqust ayında verilmiş Fərmana əsasən ləğv olunmuş və iddiaçının lizinq müqavilələri üzrə səlahiyyətləri Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrarkredit və İnkişaf Agentliyinə verilmişdir. Bu səbəbdən də, İddiaçı ASC hal-hazırda lizinq ödənişləri ilə əlaqədar iddiaçı ola bilməz. Odur ki, məlum Fərmana əsasən İddiaçı ASC-nin lizinq müqavilələri üzrə hüquqları Aqrarkredit və İnkişaf Agentliyinə keçdiyi üçün hazırkı iddia tələbi rədd edilməlidir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri tədqiq etməklə, sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx xxxxxx 2020-ci il tarixli Fərmanına əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı istehsal vasitələri ilə təminatının gücləndirilməsi, ölkədə aqrotexniki xidmətlər göstərilməsi ilə bağlı işlərin səmərəsinin artırılması və sistemliliyinin təmin edilməsi məqsədilə qərara alınmışdır ki: 1). Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “xxxx” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) adlandırılsın. 2). Müəyyən edilsin ki: - 2.1. Cəmiyyət kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir; 2.2. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (bundan sonra ‒ Agentlik) keçir. 3). Azərbaycan Respublikasının Nazirlər Kabineti: - 3.1. bu Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan hüquq və öhdəliklərin (lizinq alanların və lizinq obyektlərinin siyahısı, habelə lizinq ödənişləri üzrə borcların məbləği müəyyənləşdirilməklə) altı ay müddətində Agentliyə ötürülməsi üçün tədbirlər görsün; 3.2. İddiaçı Açıq Səhmdar Cəmiyyətində kənar auditorun və aidiyyəti dövlət orqanlarının (qurumlarının) apardığı yoxlamaların nəticələri nəzərə alınmaqla, mövcud qalıq portfelinin bu Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan hüquq və öhdəliklərinin ötürülməsi zamanı Agentliyin hesabında nəzərə alınmasını təmin etsin; 3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 4). Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi: - 4.1. Cəmiyyətin yeni nizamnaməsini üç ay müddətində təsdiq etsin; 4.2. Cəmiyyətin və Agentliyin sərəncamındakı əmlakın kənar auditor təşkilatı cəlb edilməklə qiymətləndirilməsini təşkil etsin və qiymətləndirmənin nəticəsinə əsasən, onların yeni balansı barədə məlumatı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsin; 4.3. bu Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Agentliyin həyata keçirməsi ilə bağlı aşağıdakı tədbirlərin görülməsini təmin etsin: - 4.3.1. mövcud qalıq portfelinin və qüvvədə olan lizinq müqavilələri üzrə əmlakın idarə edilməsini; 4.3.2. lizinq ödənişləri üzrə borcların yığılmasını; 4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx xxxxxx 2020ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “xxxx” Açıq Səhmdar Cəmiyyəti adlandırılmış və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri” Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə verilmişdir. Yəni, həmin Fərmanla hazırkı məhkəmə baxış iclasında baxılan iddia ərizəsini vermiş hüquqi şəxs İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “xxxx” Açıq Səhmdar Cəmiyyəti adlandırılmış və “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qüvvədə olan lizinq müqavilələri üzrə hər hansı bir hüquq və öhdəliklər verilməmişdir. Eyni zamanda, həmin Fərmana əsasən İddiaçı ASC-nin “kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri” başqa bir hüquqi şəxsə - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə verilmişdir. Qeyd etmək lazımdır ki, “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 2004-cü il tarixli 468 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə səhmlərinin nəzarət zərfi 100 faiz dövlətə məxsus olan "İddiaçı" ASC-nin yaradılması tapşırılmış və bundan sonra "İddiaçı" ASC yaradılaraq kommersiya hüquqi şəxsi kimi dövlət qeydiyyatına alınaraq, nizamnaməsinə uyğun olaraq fəaliyyət göstərmiş, o cümlədən Cəmiyyətə məxsus kənd təsərrüfatı texnikalarının, texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılmasını həyata keçirmişdir. Lakin, Azərbaycan Respublikası Prezidentinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx xxxxxx 2020ci il tarixli Fərmanına əsasən İddiaçı ASC-nin adı dəyişdirilərək “xxxx” ASC adlandırılmış və eyni zamanda, İddiaçı ASC-nin “lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri” isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 113-cü maddəsinə əsasən, ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Prezidenti Fərmanlar qəbul edir və Fərmanda başqa qayda nəzərdə tutulmayıbsa, onlar dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd edilən xx xxxxxx 2020-ci il tarixli Fərmanı xx xxxxxx 2020-ci ildə “Xalq” qəzetində (№ 162) dərc edilmiş və qüvvəyə minmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 18.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin Fərmanları Azərbaycan Respublikasının Konstitusiyası ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə aid edilmiş və normativ tənzimləmə predmeti olan məsələlər üzrə qəbul edilir. X1 10.5-ci maddəsinə əsasən yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. Beləliklə də, İddiaçı ASC tərəfindən cavabdeh Siyəzən rayonu Sədan Bələdiyyəsinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə məhkəmə prosesi davam etdirilərkən Azərbaycan Respublikası Prezidentinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx xxxxxx 2020-ci il tarixli Fərmanı ilə hazırkı iş üzrə iddiaçı olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adının dəyişdirilməsi ilə yanaşı, eyni zamanda onun bu məhkəmə mübahisəsinin predmeti olan “lizinq müqavilələri ilə bağlı hüquq və öhdəlikləri” də alınaraq, digər hüquqi şəxsə, yəni Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə verilmiş və bununla da, mahiyyəti etibarilə həmin Fərmanla İddiaçı Açıq Səhmdar Cəmiyyəti hüquqi şəxs olaraq yenidən təşkil edilmişdir. Bu hallarda isə məlum məhkəmə mübahisəsi üzrə səlahiyyətli hüquqi şəxsin (əsl iddiaçının) iddiaçı qismində məhkəmə prosesinə daxil olmasına şərait yaradılması məqsədi ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq “iş üzrə icraatın dayandırılması” - məhkəmənin vəzifəsi kimi müəyyən olunmuşdur (254.1.1-ci maddənin tələblərinə görə, ... hüquqi şəxs yenidən təşkil edildikdə - barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə - iş üzrə icraat dayandırılmalıdır). Buna görə də, yəni Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin əsl iddiaçı olaraq məhkəmə prosesinə qoşulmasına şərait yaradılması məqsədi ilə Azərbaycan Respublikası MPM-nin 254.1.1-ci maddəsinə əsasən hazırkı iddia ərizəsinə dair kommersiya işi üzrə icraat xx xxxxxxxx 2020-ci il tarixli qərardadla dayandırılmışdır. Lakin, İddiaçı ASC bununla razılaşmayaraq, həmin qərardaddan şikayət vermiş və Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə Sumqayıt Kommersiya məhkəməsinin işin icraatının dayandırılmasına dair xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilərək, məhkəmə baxışının davam etdirilməsi üçün kommersiya işi Sumqayıt Kommersiya Məhkəməsinə qaytarılmışdır. Buna görə də, işin mahiyyəti üzrə baxılması davam etdirilmişdir. Eləcə də, məhkəmə iclasında İddiaçı ASCnin nümayəndəsinə Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi barədə hüququ izah edilsə də, iddiaçının nümayəndəsi bu hüquqdan istifadə etməmiş və hazırkı mübahisəyə İddiaçı Açıq Sıhmdar Cəmiyyətinin iştirakı ilə baxılmalı olduğunu bildirmişdir. Göründüyü kimi, yuxarıda təsvir olunanlara əsasən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunduqdan sonra məlum Fərmana əsasən artıq adı dəyişdirildiyi üçün işə baxılarkən hüquqi şəxs olaraq mövcud olmayan İddiaçı ASC-nin bu məhkəmə mübahisəsinin predmeti olan “lizinq müqavilələri ilə bağlı hüquq və öhdəlikləri” də olmadığına görə İddiaçı ASC-nin iddiaçı qismində prosessual subyekt (tərəf) olaraq iştirakı ilə baxılan işdə o, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq əsl iddiaçı (Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi) ilə əvəz edilə bilərdi (Əsl olmayan tərəfin əvəz edilməsi qaydalarını müəyyən edən MPM-nin 54-cü maddəsi). Lakin, İddiaçı ASC bu hüququndan istifadə etməmişdir. Qeyd etmək lazımdır ki, məhkəmə prosesi zamanı məlum Fərman dərc edildikdən sonra İddiaçı ASC-nin Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq əsl iddiaçı ilə əvəz edilməsinə şərait yaradılması məqsədilə iş üzrə icraat xx xxxxxxxx 2020-ci il tarixli qərardadla dayandırılmış olsa da, iddiaçı tərəf həmin qərardadla razılaşmayaraq, şikayət vermiş və bununla da, İddiaçı ASC-nin əsl iddiaçı olaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə əvəz edilmək istəməməsi barədə mövqeyini bildirmişdir. Buna görə də, məhkəmə, İddiaçı ASC-nin iddiaçı qismində prosessual subyekt olaraq iştirakı ilə hazırkı işə irəli sürülmüş tələblər üzrə baxmışdır (MPM-nin 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir). Eyni zamanda, qeyd etmək lazımdır ki, məlum Fərmanda “hüquq və öhdəliklərin (lizinq alanların və lizinq obyektlərinin siyahısı, habelə lizinq ödənişləri üzrə borcların məbləği müəyyənləşdirilməklə) altı ay müddətində Agentliyə ötürülməsi üçün tədbirlərin görülməsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması” – həmin Fərmanın 1-ci və 2-ci bəndlərinə görə hazırkı işə baxılarkən adı dəyişdirildiyi üçün mövcud olmayan və eyni zamanda, hazırkı mübahisənin predmeti olan hüquq münasibətləri (lizinq münasibətləri) üzrə hüquq və öhdəliklərindən məhrum olmuş İddiaçı ASC-nin Mülki və Mülki-Prosessual Qanunvericiliklərin tələbləri baxımından hal-hazırda Siyəzən rayonu Sədan Bələdiyyəsi ilə bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli 1918-GL/18 nömrəli Lizinq müqaviləsi üzrə yaranan lizinq öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar yaranan mübahisələrdə subyektiv hüquqa malik olmasını müəyyən etmir. Çünki, dərc olunduğu xx xxxxxx 2020-ci ildə qanuni qüvvəsini almış Fərmanın tələblərinə görə adı dəyişdirilmiş İddiaçı ASC-nin hal-hazırda “kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri” mövcud deyildir. Həmin “hüquq və öhdəliklərin 6 ay müddətində ötürülməsi üçün tədbirlərin görülməsi” isə hal-hazırda məlum Lizinq müqaviləsi üzrə hüquq və öhdəliklərlə əlaqədar yaranan mübahisələrə məhkəmədə baxılarkən İddiaçı ASC-nin subyektiv hüququnun olmasını müəyyən etmir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx xxxxxx 2020ci il tarixli Fərmanına əsasən İddiaçı ASC-nin qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçdiyindən, iddiaçının hazırki iddia tələbinə Mülki Qanunvericiliyin “hüquqlara və tələblərə mülkiyyət hüququnun əldə edilməsi” münasibətlərini tənzimləyən normaları (Mülki Məcəllənin 193-202-ci maddələri) da tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.2-ci maddəsinə əsasən, tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 196-cı maddəsinə əsasən, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Həmin Məcəllənin 202-ci maddəsinə əsasən, hüquqlara və tələblərə mülkiyyət hüququnun əldə edilməsi qaydaları qanuna, məhkəmənin və ya digər səlahiyyətli dövlət orqanının qərarına əsasən həyata keçirilən tələbin güzəştinə də müvafiq surətdə tətbiq olunur. Göründüyü kimi, təsvir olunan normaların tələbləri ilə müəyyən olunur ki, hətta halhazırda İddiaçı ASC mövcud olsa idi belə, onun imzaladığı və qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri səlahiyyətli dövlət orqanının qərarına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmiş olduğundan - artıq mübahisə predmeti olan yuxarıda qeyd olunan lizinq müqavilələri üzrə həmin hüququn (tələb hüququnun) və öhdəliklərin sahibi də Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi hesab olunur. Hazırkı iş üzrə iddiaçı olan İddiaçı ASC isə həmin hüquqlardan istifadə edə və həmin öhdəlikləri daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli Qərarında qeyd olunur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, İddiaçı ASC halhazırda cavabdeh Siyəzən rayonu Sədan Bələdiyyəsinə qarşı verilmiş tələblə əlaqədar müvafiq subyektiv hüquqa, yəni “lizinq alan Siyəzən rayonu Sədan Bələdiyyəsi ilə bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli 1918-GL/18 nömrəli Lizinq müqaviləsi üzrə yaranmış borc məbləğinin tutulmasını” tələb etmək hüququna malik hüquqi şəxs (subyekt) kimi qəbul edilə bilməz. İddiaçının vermiş olduğu həmin tələb üzrə subyektiv hüququ mövcud olmadığı halda, tələbin tam və yaxud qismən təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların yaradılması nəticəsini doğura bilər. Ona görə də, hal-hazırda məhkəmədə baxılan mübahisə üzrə subyektiv hüquqa malik olmadığı üçün İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh Siyəzən rayonu Sədan Bələdiyyəsinə qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh Siyəzən rayonu Sədan Bələdiyyəsinə qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbi təmin olunmamalıdır. Eləcə də, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsiin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirakı edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Siyəzən rayonu Sədan Bələdiyyəsinə qarşı “borcun tutulması” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrıik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar