Məhkəmə qərarları › İş №e-2-2(119)-4/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-4/2021

09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-4/2021 09.07.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X4 qızının katibliyi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" Mənzil-Tikinti Kooperativinin nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Qulamov Ağazahid Şirzahid oğlunun, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə ilkin iddia ərizəsinə və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “borcun tutulması” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativi 27 may 2019-cu ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinə hesablanmış 63654 manat məbləğində qeyri-qanuni ödənişin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş “borcun silinməsi” barədə iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK Sumqayıt şəhəri ərazisində müstəqil hüquqi şəxs kimi fəaliyyət göstərir və hüquqi şəxs kimi 29 yanvar 2005-cı ildə dövlət qeydiyyatından keçmişdir. Hüquqi şəxsin ərazisində yüksək gərginlikli yarımstansiya yerləşir. "xxxx" MTK Sumqayıt şəhəri ərazisində tikdirdiyi çoxmərtəbəli binanı elektrik enerjisi ilə təmin etmək üçün həmin binanın həyətində yarımstansiya tikərək, onu transformatorla təchiz etmişdir. Çoxmərtəbəli yaşayış binasına elektrik enerjisi məhs həmin transformatordan verilir. Sumqayıt şəhər "xxxx" ASC-nin Şimal RETSİ-nin satış üzrə rəis müavinin imzası ilə "xxxx" MTK-nın ünvanına 07 may 2019-cu il tarixdə 3697 saylı xəbərdarləıq məktubu gəlmişdir. Həmin məktubda Müəssisənin elektrik enerjisinə görə 01 may 2019-cu il tarixinə 63654 manat məbləğində borcun yarandığı göstərilmiş və həmin borcun 08 may 2019-cu il tarixinədək ödənilməsi tələb olunmuşdur. Lakin, "xxxx" MTK-nın inşa etdiyi yüksək mərtəbəli binaların ayrı-ayrı mənzillərin mülkiyyətçilərinin ayrıca sayğacları var və istehlak olunmuş elektrik enejisinə görə onlara verilmiş bildirişə əsasən ödənişlərini həyata keçirirlər. "xxxx" MTK yalnız liftlərə, su nasosuna və binanın dəhlizinin işıqlandırılması üçün istehlak olunmuş elektrik enerjisinə görə ödənişləri həyata keçirir. Təqdim olunmuş ödənişlər istehlak olunmuş elektrik enejisinin miqdarına görə bir- birindən fərqlənir. Hətta 2012-ci ildə sayağac dəyişdirilmişdir. Qeyd etmək lazımdır ki, istehlak olunmuş elektrik enerjisini hesablayan sayağac yüksək gərginlikli elektrik kabelinin elekrtik transformatoruna daxil olan hissəsində quraşdırılmışdır. Lakin, elektrik sayğacı elektrik transformatorundan çıxan elektrik kabelinin üzərində quraşdırılmalıdır. Bundan başqa hal-hazrda quraşdırılmış sayağacdakı aylıq sərfiyat 280 manatı ötmür. İllər üzrə elektrik enerjisinin sərfiyatı dəyişilir. 2019-cu ilin may ayının 1-inə "xxxx" MTK-nın istehlak olunmuş elektrik enerjisinə görə borcu 63654 manat göstərilmişdir. Bundan başqa 13 may 2019-cu il tarixdə "xxxx" MTK-ya 3744 nömrəli yeni xəbərdarlıq məktubu gəlmiş və həmin məktubda borcun 1485,18 manat olduğu göstərilmişdir (bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 10.17-ci, 7.7-ci, 8.4-cü və 3.5-ci bəndlərinin məzmunu qeyd olunur). Qaydaların mənasına görə cavabdeh enerji təchizatı Müəssisəsi yalnız istifadə olunmuş elektrik enerjisinə görə haqq tələb edə bilər. Elektrik sayğacının uçotu pozulmamış, ona hər hansı bir müdaxilə edilmədiyindən istehlakçının təqsiri olmadan ona hesablanmış əlavə ödəniş qanunsuz və əsassızdır. İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin həmin iddia ərizəsinə dair başlanmış məhkəmə prosesi zamanı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti 01 avqust 2019-cu ildə iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “borcun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd olunması və qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativindən 61437,74 (altmış bir min dörd yüz otuz yeddi manat 74 qəpik) manat məbləğində elektrik enerjisinin istehlakına görə yaranmış borcun qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş “borcun tutulması” barədə qarşılıqlı iddia ərizəsində qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MTK ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı olan "xxxx" ASC-nə qarşı "elektrik enerjisinin təchizatı ilə bağlı hesablanmış qeyri-qanuni ödənişin silinməsi tələbinə dair" iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. "xxxx" MTK-nin tikdirdiyi çoxmərtəbəli binanın elektrik enerjisi ilə təmin olunması məqsədi ilə binanın həyətində yarımstansiya tikilərək transformator ilə təchiz edilmişdir. Qeyd etmək lazımdır ki, "xxxx" MTK-nin inşa etdiyi yüksək mərtəbəli binaların mənzillərinin mülkiyyətçilərinin ayrıca sayğacları var və istehlak olunmuş elektrik enerjisinə görə əhali qrupuna aid olan həmin abonentlər onlara verilmiş bildirişə əsasən ödənişlər edirlər. Eyni zamanda bildirilir ki, "xxxx" MTK tərəfindən lift, su nasosu və binanın dəhlizinin işıqlandırılması üçün istifadə olunan elektrik enerjisi **********M554341 və **********M07 saylı elektrik hesabat sayğacları ilə aparılır. "xxxx" ASC-nin əməkdaşları hər ay "xxxx" MTK-nın ünvanına gəlib, həmin sayğacların göstəricilərini götürərək "xxxx" MTKya hesab-faktura təqdim edirlər. Qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi abonent kodu **********4 olan "xxxx" MTK-nın elektrik enerjisinin istehlakı ilə bağlı "xxxx" ASC-yə 61437,74 (altmış bir min dörd yüz otuz yeddi manat 74 qəpik) manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi üçün dəfələrlə "xxxx" ASC-yə müraciət olunmuş, lakin o, müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən məhkəməyə “qarşılıqlı iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsi” barədə ərizə təqdim edilərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı verilmiş “borcun tutulması” barədə qarşılıqlı iddia tələbinə iddia müddətini tətbiq edərək, iddia müddətinin ötürülməsi ilə əlaqədar qarşılıqlı iddianın rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin ərizə onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, göstərilən məbləğ 2015-ci ilin iyun ayından 2019-cu ilin may ayına qədər 63654 manat hesablanmışdır. Faktiki olaraq təqdim olunmuş sənədlərdən görünür ki, "xxxx" ASC aktlar üzrə 125048,48 manat pul hesablamışdır. Qarşılıqlı iddia ərizəsində bu hal öz əksini tapmamışdır. Təqdim olunmuş sənədlərin bir hissəsindən guya sayğacın göstəricisinə əsasən, bir hissəsində isə 2015-ci ilin iyul ayından 2016-cı ilin may ayına kimi metodik hesablama yolu ilə hesablamalar aparılıb. Bu da qanunvericiliyin tələblərinə ziddir. "xxxx" MTK sayğac üzrə dəhlizin işıqlanmasına, liftlərin və su nasosunun elektrik enerjisi ilə təmin olunması hissəsində sayğaca görə öz öhdəliyini yerinə yetirmişdir. Yerdə qalan məbləğ faktiki olaraq qeyriqanuni hesablanmış məbləğdir. Qarşılıqlı iddia ərizəsində tərəf Mülki Məcəllənin 385.1-ci maddəsinə istinad edir və hesab edir ki, "xxxx" MTK kreditorun hesabına pul ödəməlidir. Lakin, yaranmış münasibətlər müqavilə tələbləri üzrə yaranmış münasibətlərdir. Bu halda iddia müddəti 3 ildir. Vaxtaşırı ödəmələr üzrə iddia müddəti də 3 ildir. Deməli, "xxxx" ASCnin hal-hazırki məbləği 2018-ci ilin iyun ayına qədər tələb etmə hüququ var idi. Lakin "xxxx" ASC bu hüquqdan istifadə etməmiş, bununla da iddia müddətini buraxmışdır (ərizədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü və 375-ci maddələrinə istinad olunur). Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə “iddia müddətinin tətbiqi barədə ərizəyə qarşı yazılı Etiraz” təqdim edilmiş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, "xxxx" ASC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istifadə olunmuş elektrik enerjisinə görə 61437,74 manat borcun "xxxx" MTK-dən tutulmasını xahiş etmişdir. Lakin, "xxxx" MTK-nın nümayəndəsi tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim olunmuşdur. Həmin ərizə əsassızdır və hazırkı qarşılıqlı iddiaya iddia müddəti tətbiq edilə bilməz. Çünki, iş üzrə "xxxx" ASC tərəfindən təqdim olunmuş sübutlardan da göründüyü kimi "xxxx" MTK tərəfindən yaranmış borcla əlaqədar dəfələrlə ödənişlər edilmişdir. O cümlədən "xxxx" MTK tərəfindən elektrik enerjisinin istehlakına görə son ödəniş 10 iyul 2019-cu il tarixdə 220 manat məbləğində olmaqla, X3 vasitəsilə həyata keçirilmişdir (bundan sonra Etirazda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373, 380, 527, 550, 551 və 553-cü maddələrinin məzmunu qeyd olunur). İş materiallarından da göründüyü kimi "xxxx" MTK tərəfindən yaranmış borca görə dəfələrlə ödənişlər edilmişdir ki, bu da "xxxx" MTK-nın borcunun olduğunu və bu borca görə öhdəliyin icrasını etiraf edən hərəkətlər etdiyini sübut edir. "xxxx" MTK-nın yaranmış borcdan ödənişlər etməsi müddətin axımının kəsilməsinə əsas verən haldır və "xxxx" MTK-nın iddia müddətinin tətbiqi barədə ərizəsi mülki qanunvericiliyin yuxarıda sadalanan müddəalari baxımından təmin edilməməlidir. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" MTK-nin nümayəndəsi Vəkil ilkin iddia tələbini müdafiə edib, qarşılıqlı iddia tələbini qəbul etmədiyini bildirərək, iddia ərizəsində və “iddia müddətinin tətbiq edilməsi” barədə ərizədə yazılanlara uyğun izahat verib, ilkin iddianın təmin edilərək, iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinə hesablanmış 63654 manat məbləğində qeyri-qanuni ödənişin silinməsi və qarşılıqlı iddianın isə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə qarşılıqlı iddia tələbini müdafiə edib, ilkin iddia tələbini qəbul etmədiyini bildirərək, qarşılıqlı iddia ərizəsində və “iddia müddətinin tətbiqi barədə ərizəyə qarşı yazılı Etiraz”da yazılanlara uyğun izahat verib, qarşılıqlı iddianın təmin edilərək, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativindən 61437,74 manat məbləğində elektrik enerjisinin istehlakına görə yaranmış borcun qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması və ilkin iddianın isə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının məhkəmə iclasında vermiş olduqları izahatları, iddia ərizəsini, qarşılıqlı iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən “borcun silinməsi” barədə ilkin iddia tələbi təmin edilməməli, “borcun tutulması” barədə qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə müəyyən olunur ki, enerjitəchizatı müəssisəsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən istehlakçı "xxxx" Mənzil-Tikinti Kooperativinə (abonent kodu: **********4) məxsus çoxmənzilli (çöxmərtəbəli) bina elektrik enerjisi ilə təchiz edilmiş və həmin binada istifadə olunan elektrik enerjisinin hesabatı iki ədəd elektrik-hesabat sayğacları (hər iki sayğac işləkdir və bir-birini təkrarlamır) vasitəsi ilə aparılır (həmin bina ilə əlaqədar "xxxx" MTK 03 yanvar 2008-ci ildə “**********4” abonent kodu ilə elektrik enerjisi istehlakçısı kimi qeydə alınmışdır). Həmin bina üçün quraşdırılmış elektrik-hesabat sayğacları vasitəsi ilə həm bilavasitə istehlakçı olaraq "xxxx" MTK-ya aid sahələrin, yəni 4 ədəd liftin və 2 ədəd su nasosunun işlədilməsində və binanın 4 dəhlizinin (“blok”unun) işıqlandırmasında istifadə olunan elektrik enerjisinin və eləcə də, binaya aid 192 əhali abonentinin və 11 qeyri-əhali abonentinin istifadə etdiyi elektrik enerjisinin hesabatları aparılır. Lakin, həmin hər bir əhali və qeyri-əhali abonentlərinə ayrı-ayrılıqda da elektrik-hesabat sayğacları quraşdırırlmış olduğundan, binada istifadə olunan ümumi elektrik enerjisinin ümumi hesabatını aparan iki ədəd elektrik-hesabat sayğaclarının qeydə aldığı aylıq sərfiyyat məbləğlərindən hər bir əhali və qeyri-əhali abonentləri üçün quraşdırılmış sayğac göstəriciləri çıxıldıqdan sonra geridə qalan aylıq sərfiyyat məbləğləri istehlakçı "xxxx" MTK-ya aid elektrik sərfiyyatı kimi nəzərə alınaraq, sonuncuya aid Abunə haqqında Məlumatda elektron qaydada aparılan hesabat məlumatlarına daxil edilir və həmin sərfiyyat məbləğləri hər bir ay üzrə müvafiq hesabat-maliyyə sənədləri (X5) əsasında ondan tələb edilir. İstehlakçı "xxxx" MTK tərəfindən isə sayğacların qeydə aldığı sərfiyyatlar üzrə aylar üzrə mütəmadi olaraq ödənişlər aparılsa da, ödənişlərin məbləği sərfiyyatların məbləğinə uyğun olmadığına görə onun sayğac hesabatları üzrə istifadə edilmiş elektrik enerjisinə görə ödənilməmiş borcu yaranmışdır. Qeyd etmək lazımdır ki, sayğac göstəriciləri aylar üzrə ayrı-ayrılıqda müəyyən edilməklə, aylıq sərfiyyatın dəyəri sayğac üzrə aparılan ümumi sərfiyyat məbləğinə daxil edilərək İstehlakçının ümumi sərfiyyat üzrə borcu ümumilikdə hesablanır və İstehlakçı tərəfindən ödənilən pul vəsaitləri də ümumi borc məbləğindən çıxılır. Lakin, hər ay özünə aid elektrik cihazları ilə əlaqədar aparılan sərfiyyatın dəyəri üzrə istehlakçı "xxxx" MTK tərəfindən ödənişlər sayğacların göstəricilərinə uyğun aparılmadığı üçün onun qalıq borcunun məbləği aylar üzrə dəyişmiş və istehlakçı "xxxx" MTK-nın 27 may 2019-cu ildə hazırkı iş üzrə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl, yəni 19 aprel 2019-cu ildə qalıq borcu cəmi 63904,32 manat məbləğində və iş üzrə hazırkı qarşılıqlı iddianın verildiyi 01 avqust 2019-cu ildə isə cəmi 61437,74 manat məbləğində qalıq borcu olduğu halda, 09 iyul 2021-ci ildə cəmi 83744,96 manat məbləğində qalıq borcu vardır. Eləcə də, iş materiallarında olan "xxxx" ASC tərəfindən "xxxx" MTK-ya ünvanlanmış 07 may 2019-cu il tarixli 3697 nömrəli məktubda sonuncunun elektrik enerjisinə görə 01 may 2019-cu il tarixinə cəmi 63654 manat məbləğində ümumi borcunun, 07 iyun 2019-cu il tarixli 3817 nömrəli məktubda 01 iyun 2019-cu il tarixinə cəmi 61436,92 manat məbləğdə ümumi borcunun, 15 iyul 2019-cu il tarixli arayışda isə 15 iyul 2019-cu il tarixinə cəmi 61437,74 manat məbləğdə ümumi borcunun olduğu göstərilmişdir. Qeyd etmək lazımdır ki, hər bir ay üzrə İstehlakçıya təqdim edilən X1 həm aylıq sərfiyyat üzrə yeni borc, həm də ümumi qalıq borc göstərilərək, İstehlakçıya həmin borcun ödənilməsi üçün xəbərdarlıq edilir və İstehlakçı tərəfindən ödənilən pul məbləğləri əsasında ümumi borcdan silinmələr aparılır. Yəni, istehlakçı "xxxx" MTK-nın Abunə haqqında Hesabat məlumatlarından görünür ki, aylar üzrə mütəmadi olaraq ödənişlər aparılmasına baxmayaraq, ödənişlərin məbləği istehlak edilmiş elektrik enerjisinin dəyərinə uyğun olmadığına görə, yaranan borc məbləği müvafiq qaydada dəyişmişdir. Eyni zamanda, istehlakçı "xxxx" MTK-ya aid Abunə haqqında Məlumatda (abonent kodu: **********4) olan göstəricilərə əsasən müəyyən olunur ki, sayğaclarla aparılan hesabat üzrə özünə aid elektrik cihazları ilə "xxxx" MTK tərəfindən istehlak edilən (həmin sayğaclardan sonra ayrı-ayrılıqda öz sayğacları olan əhali və qeyri-əhali abonentlərin istehlak etdikləri elektrik enerjisinin dəyəri çıxıldıqdan sonra hesablanan) elektrik enerjisinin dəyəri üzrə mütəmadi olaraq, o cümlədən də hazırkı qarşılıqlı iddia ərizəsi verildiyi tarixdən əvvəlki ayda, yəni 10 iyul 2019-cu il tarixdə də aylar üzrə ödənişlər aparılmiş və həmin ödənişlərin miqdarına uyğun olaraq yekun borc məbləğinin miqdarı dəyişmişdir. İş materialları ilə müəyyən olunur ki, məhkəmə araşdırması zamanı elektrik enerjisindən istifadəyə görə hesablanmış borcu mübahisələndirən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" MTK-nın vəsatəti əsasında iş üzrə kompleks məhkəmə texnikimühasibatlıq ekspertizası keçirilsə də, həmin ekspertiza ilə əlaqədar verilmiş 06 iyul 2020-ci il tarixli 10/304 nömrəli və 16 may 2021-ci il tarixli 9/3559 nömrəli ekspert rəyləri ilə "xxxx" MTK-ya aid Abunə haqqında Məlumatda (abonent kodu: **********4) olan istehlak edilən elektrik sərfiyyatlarının hesabat məlumatlarının və həmin sərfiyyatlara görə edilmiş ödənişlər üzrə məlumatların düzgün olmaması müəyyən edilməmişdir. Göründüyü kimi, istehlakçı "xxxx" MTK-ya aid Abunə haqqında Məlumatda olan göstəricilərə əsasən müəyyən olunur ki, İstehlakçı tərəfindən istehlak etdiyi elektrik enerjisinə görə aparılan ödənişlər həmişə elektrik sayğacının qeydə aldığı sərfiyyatın məbləğindən fərqli olmuş və bu səbəbdən də, İstehlakçının ümumi qalıq borcunun miqdarı sayğacların sərfiyyatla bağlı hesabatlarına və aparılan ödənişlərin məbləğinə uyğun olaraq müvafiq tənasüblə dəyişmişdir. Eyni zamanda, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, İstehlakçının istehlak etdiyi elektrik enerjisinə görə borcu ümumi hesabat əsasında aparılmış və İstehlakçının mütəmadi olaraq apardığı ödənişlər də ümumi borcdan silinmişdir. Yəni, ödənilən pul vəsaitləri üzrə silinmələr ümumi borc məbləğindən aparılmış və bu səbəbdən də, ödənilən pul vəsaitlərinin məhz İstehlakçıya (Abonentə) hesablanmış elektrik sərfiyyatı məbləğinin hansı hissəsindən çıxılmasının müəyyən edilməsi mümkün olmamışdır. Eləcə də, məhkəmə araşdırması zamanı tədqiq olunan sənədlərlə müəyyən edilir ki, məlum çoxmərtəbəli bina üçün quraşdırılmış iki ədəd elektrik-hesabat sayğacları vasitəsi ilə hesabatı aparılan ümumi sərfiyyatdan 192 əhali abonentinin və 11 qeyri-əhali abonentinin istifadə etdiyi elektrik enerjisinin dəyəri onların öz sayğacları əsasında hesablanaraq çıxıldıqdan sonra istehlakçı "xxxx" MTK-ya aid elektrik cihazlarında istifadə olunan elektrik enerjisinin dəyəri sonuncudan tələb olunur. Yəni, istehlakçı "xxxx" MTK-dan “**********4” abonent kodu üzrə tələb olunan elektrik enerjisi üzrə sərfiyyat məbləğinə, həmin binaya aid 192 əhali və 11 qeyri-əhali abonentlərinin istehlak etdikləri elektrik enerjisinin dəyəri daxil deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.10-cu bəndinə əsasən, istehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatoru enerjitəchizatı müəssisəsinin elektrik veriliş xəttinə bilavasitə qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatordan sonra orta (alçaq) gərginlik tərəfində quraşdırıldıqda istehlakçı ilə (məişət abonenti istisna ol-maqla) elektrik enerjisi sərfinə görə hesablaşmada hər 1 kVts elektrik enerjisinə görə nəzərdə tutulmuş ödənişi müvafiq olaraq ikidolaqlı transformatorlar üçün 1,03 və üçdolaqlı transformatorlar üçün 1,05 yüksəldici əmsala vurulur. Bu halda baş transformatordakı elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və həmin elektrik enerjisi itkilərinə (texnoloji sərfiyyat) görə istehlakçıdan əlavə ödəniş tutulmur. Həmin Qaydaların 8.11-ci bəndinə əsasən, istehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatorunun yüksək tərəfinə onun balansında olan elektrik veriliş xətti qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatorun yüksək və ya orta (alçaq) tərəfində quraşdırıldıqda göstərilən elektrik veriliş xəttindəki elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və onun dəyəri müəyyən edilmiş tarif üzrə istehlakçı (məişət abonenti istisna olmaqla) tərəfindən ödənilir. Həmin Qaydaların 8.13-cü bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Beləliklə də, məhkəmə araşdırması zamanı iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin 27 may 2019-cu ildə məhkəməyə təqdim etmiş olduğu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə ilkin iddia ərizəsində silinməsi tələb edilən “63654 manat məbləğində” borcun “qeyri-qanuni hesablanması” öz təsdiqini tapmamışdır. Lakin, məhkəmə araşdırması zamanı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 01 avqust 2019-cu ildə məhkəməyə təqdim etmiş olduğu iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “borcun tutulması” tələbi barədə qarşılıqlı iddia ərizəsində istehlakçı "xxxx" Mənzil-Tikinti Kooperativinin 01 avqust 2019-cu ildə (qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu tarixdə) 61437,74 manat məbləğində elektrik enerjisinin istehlakına görə yaranmış borcunun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara görə qeyd etmək lazımdır ki, istehlak olunan elektrik enerjisinə görə qarşılıqlı iddia üzrə iddiaçı (enerjitəchizatı müəssisəsi) “Azərişıq" Açıq Səhmdar Cəmiyyəti qarşılıqlı iddia üzrə cavabdeh (istehlakçı) "xxxx" Mənzil-Tikinti Kooperativinin 15 iyul 2019-cu il tarixinə ödənilməmiş 61437,74 manat məbləğində borcuna görə 01 avqust 2019-cu ildə hazırkı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, "xxxx" MTK-dan 61437,74 manat məbləğində borcun tutulmasını xahiş etmişdir. Lakin, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət olunduqdan sonra da istehlak edilən sərfiyyat üzrə müvafiq qaydada ödənişlər aparılmadığından, həmin borc məbləği yenə də artmış və 09 iyul 2021-ci ildə ödənilməmiş ümumi qalıq borcun miqdarı cəmi 83744,96 manat məbləğində olmuşdur. Bu halda isə "xxxx" MTK-dan tutulmalı olan borc məbləği Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, iddiaçı tərəfindən verilmiş iddia tələbinə uyğun olaraq müəyyən edilməlidir. Çünki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Eləcə də, iddiaçı "xxxx" MTK məhkəmə prosesi zamanı “qarşılıqlı iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edib, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı verilmiş “borcun tutulması” barədə qarşılıqlı iddia tələbi üzrə iddia müddətinin keçdiyini nəzərə alaraq, iddia müddəti keçdiyi üçün qarşılıqlı iddia tələbinin təmin olunmamasını xahiş etmişdir (həmin ərizənin məzmunu və həmin ərizəyə dair qarşı tərəfin Etirazının məzmunu yuxarıda qeyd olunmuşdur). Lakin, məhkəmə hesab edir ki, yuxarıda təsvir olunanlar nəzərə alınmaqla, aşağıda qeyd olunanlara əsasən iddiaçının “qarşılıqlı iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsi” barədə ərizəsi əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş Abunə haqqında Məlumatda olan göstəricilərə və digər sənədlərə əsasən müəyyən edilir ki, "xxxx" MTK tərəfindən elektrik enerjisinin istehlakına görə mütəmadi olaraq bütün illər ərzində müəyyən məbləğlərdə ödənişlər edilmiş (məsələn, 30 mart 2019-cu ildə 200 manat, 24 aprel 2019-cu ildə 250 manat, 22 may 2019-cu ildə 400 manat, 25 may 2019-cu ildə 3000 manat, 24 iyun 2019-cu ildə 400 manat və s.) və məlum qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu ərəfədə sonuncu ödəniş isə 10 iyul 2019-cu il tarixdə 220 manat məbləğində olmaqla X3 vasitəsilə həyata keçirilmişdir. Bununla da, istehlak etdiyi elektrik enerjisinə görə hesablanan borc üzrə istehlakçı "xxxx" MTK tərəfindən mütəmadi olaraq ödənişlər edildiyindən və eyni zamanda, "xxxx" ASC tərəfindən İstehlakçının sərfiyyatı üzrə borclar ümumi qaydada hesablanaraq sonuncuya aid X2 daxil edildiyindən və İstehlakçı tərəfindən ödənilən məbləğlər də ümumi borcdan silinməklə, sərfiyyat üzrə ümumi hesabat aparıldığından - hazırkı qarşılıqlı iddia tələbi üzrə iddia müddətinin ötürülməsi halı müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin tələblərinə görə, müqavilə tələbləri üzrə iddia müddəti (maddə 373.2) və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti (maddə 373.3) üç il təşkil edir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, əsaslılığı sübuta yetmədiyi üçün iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” barədə ilkin iddia tələbi təmin edilməməlidir. Qarşılıqlı iddia tələbi isə təmin edilməli və qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativindən (abonent kodu **********4) istehlak olunan elektrik enerjisinə görə 61437,74 (altmış bir min dörd yüz otuz yeddi manat 74 qəpik) manat məbləğində borc qarşılıqlı iddia üzrə iddiaçı “Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Eləcə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən – hazırkı iş üzrə ilkin iddia təmin edilmədiyi üçün ilkin iddia tələbi üzrə məhkəmə xərcləri iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinə aid edilməlidir. Qarşılıqlı iddia isə təmin edildiyindən qarşılıqlı iddia verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (22 iyul 2019-cu il tarixli ********* nömrəli Ödəniş Qəbzi) qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativindən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Eyni zamanda, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 170 (yüz yetmiş) manat məbləğində pul vəsaiti də "xxxx" Mənzil-Tikinti Kooperativindən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” barədə ilkin iddia tələbi təmin edilməsin. İlkin iddia tələbi üzrə məhkəmə xərcləri iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinə aid edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativindən (abonent kodu **********4) istehlak olunan elektrik enerjisinə görə 61437,74 (altmış bir min dörd yüz otuz yeddi manat 74 qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 61467,74 (altmış bir min dörd yüz altmış yeddi manat 74 qəpik) manat məbləğində pul vəsaiti qarşılıqlı iddia üzrə iddiaçı “Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 170 (yüz yetmiş) manat məbləğində pul vəsaiti "xxxx" Mənzil-Tikinti Kooperativindən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar