Məhkəmə qərarları › İş №e-2-2(119)-400/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-400/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-400/2024 02.04.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 155 (bir yüz əlli beş) manat məbləğində əsas borcun, mediasiya ilə əlaqədar ödənilmiş 20 (iyirmi) manat məbləğində mediasiya xərcinin və ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında 17 mart 2020-ci il tarixli KOD 0122/2020 nömrəli məhsulların (malların) alqı-satqı müqaviləsi və həmin müqaviləyə 01 saylı əlavə (Qiymətlərin razılaşdırma protokolu) imzalanmışdır. Həmin müqavilə, müqaviləyə 01 saylı əlavə (Qiymətlərin razılaşdırma protokolu) və elektron qaimələrə əsasən Cavabdeh elektron qaimələrdə göstərilən miqdarda 338 manat məbləğində pivə məhsulları satılmışdır. Cavabdeh aldığı məhsulların dəyərindən cəmi 183 manat ödəniş etmiş, 155 manat borcu qalmışdır. Cavabdeh pretenziya məktubunun göndərilməsinə və mediasiyaya müraciət edilməsinə baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki-prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 17 mart 2020-ci il tarixli KOD 0122/2020 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə görə satıcı alıcıya onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Qiymətlərin razılaşdırılması protokolunda göstərilən malları satmağı, alıcı isə həmin malları qəbul edərək bunun müqabilində Qiymətlərin razılaşdırılması protokolu ilə razılaşdırılmış qiymətlərlə malın dəyərini bu müqavilənin 4-cü maddəsində göstərilən şərtlərlə təhvil aldıqdan sonra 35 (otuz beş) gündən gec olmayaraq satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən malın adı, miqdarı, ölçü vahidi, qiyməti və digər zəruri xüsusiyyətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Qiymətlərin razılaşdırılması protokolunda öz əksini tapır. 17 mart 2020-ci il tarixli KOD 0122/2020 nömrəli alqı-satqı müqaviləsinə 1 nömrəli Əlavə olan Qiymətlərin razılaşdırma protokoluna əsasən 1 ədəd Pivə NZS sadə 0,500 litrinin qiyməti 1,50 manat və 1 ədəd Pivə NZS Premium 0,500 litrinin qiyməti 1,55 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh 17 mart 2020-ci il tarixli KOD 0122/2020 nömrəli alqı-satqı müqaviləsi üzrə 61 manat dəyərində malın satılması ilə əlaqədar 17 mart 2020-ci il tarixli EBAH seriyalı 781842 nömrəli, 122 manat dəyərində malın satılması ilə əlaqədar 22 aprel 2020-ci il tarixli EBAJ seriyalı 032833 nömrəli, 61 manat dəyərində malın satılması ilə əlaqədar 25 aprel 2020-ci il tarixli EBAJ seriyalı 170952 nömrəli, 94 manat dəyərində malın satılması ilə əlaqədar 06 may 2020-ci il tarixli EBAJ seriyalı 561615 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 15 fevral 2023-cü il tarixli 17 nömrəli maliyyə arayışında görünür ki, 17 mart 2020-ci il tarixli KOD 0122/2020 nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh İddiaçınə əsas borcu 155 (yüz əlli beş) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında 17 mart 2020-ci il tarixli KOD 0122/2020 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, İddiaçı 338 (üç yüz otuz səkkiz) manat dəyərində müvafiq malları cavabdehə satmış, Cavabdeh 183 (yüz səksən üç) manat ödəniş etsə də, öhdəliyini lazımi qaydada icra etməyərək malların dəyərini tam ödəməmişdir. Buna görə də, İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ödənilməmiş 155 (yüz əlli beş) manat məbləğində borcun, mediasiya ilə əlaqədar ödənilmiş 20 (iyirmi) manat məbləğində mediasiya xərcinin və 10 (on) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Cavabdeh 155 (bir yüz əlli beş) manat məbləğində əsas borc və 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 20 (iyirmi) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş 28 iyul 2023-cü il tarixli MŞB/9/2023-01394 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş olsa da, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Buna görə məhkəmə hesab edir ki, İddiaçı tərəfindən mediatora ödənilmiş 20 (iyirmi) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bundan başqa, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman dövlət büdcəsinə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun əvəzi də, Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 155 (bir yüz əlli beş) məbləğində bоrc, mediasiya ilə əlaqədar ödənilmiş 20 (iyirmi) manat məbləğində mediasiya xərci və 10 (on) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 185 (yüz səksən beş manat) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. Eləcə də, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə uyğun hesablanan 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 20 (iyirmi) manat məbləğində (30 manat – 10 manat = 20 manat) pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi Cavabdeh dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən,“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 155 (bir yüz əlli beş) məbləğində bоrc, mediasiya ilə əlaqədar ödənilmiş 20 (iyirmi) manat məbləğində mediasiya xərci və 10 (on) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 185 (yüz səksən beş manat) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Cavabdeh dövlət nəfinə 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar