Məhkəmə qərarları › İş №e-2-2(119)-41/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-41/2025

22.08.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-41/2025 22.08.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək 11 mart 2024-cü il tarixinə hesablanmış dövlət büdcəsinə olan 1910,51 (min doqquz yüz on manat, əlli bir qəpik) manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 104,97 (yüz dörd manat, doxsan yeddi qəpik) manat məbləğində borcun və İcbari Tibbi Sığorta Fonduna olan 16,78 (on altı manat, yetmiş səkkiz qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi - xx xxxxxxxx 2004-cü il təvəllüdlü Maraqlı şəxs (VÖEN: **********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 13 may 2024-cü il tarixli e-2-2(119)-732/2024 nömrəli qərardadı ilə Maraqlı şəxs çağırış üzrə hərbi xidmətdə olduğu dövrdə Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan ərizəçi tərəfindən maraqlı şəxsə qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəyə dair e-2- 2(119)-732/2024 nömrəli kommersiya işi üzrə icraatın dayandırılması qərara alınmışdır. Məhkəmənin 31 iyul 2025-ci il tarixli 4-13/2-252/2025 nömrəli məktubuna Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsi tərəfindən verilmiş cavab məktubunda ehtiyatda olan xx xxxxxxxx 2004-cü il təvəllüdlü Maraqlı şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsi tərəfindən 26 oktyabr 2023-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə göndəridiyi, 26 oktyabr 2023-cü il tarixdən 23 aprel 2025-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət keçdiyi və xidmət müddəti başa çatdığına görə tərxis olunduğu üçün 25 aprel 2025-ci il tarixdə hərbi qeydiyyata alındığı qeyd edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 11 avqust 2025-ci il tarixli e-2-2(119)-41/2025 nömrəli qərardadı ilə iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən, işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında maraqlı şəxs izahatında bildirdi ki, ərizəni qəbul etmir. 18 yaşı tamam olanda Həsən adlı tanışı ona 50 manat pul vəsaiti qarşılığında başqa şəxsə 6 aylıq etibarnamə verə biləcəyini bildirmişdir. O, bu işləri Həsənlə görsə də, etibarnaməni Məhəmməd adlı şəxsin adına vermiş, həmin etibarnamənin pərakəndə satışla məşğul olan şəxslərdən daha çox mal almaq üçün zəruri olduğu ona bildirilmişdir. Daha sonra müddətli həqiqi hərbi xidmətə yollanmış və hərbi xidmətdə olduğu müddətdə ailəsi vergi borcunun yaranması barədə ona məlumat vermişdir. O da məzuniyyətə gəldiyi zaman həmin şəxslərlə əlaqə saxlamış, həmin vaxt ona adına hər hansı vergi borcu mövcud olmadığı bildirilərək həmin halı təsdiq edən şəkillər də göndərilmişdir. Lakin sonradan həmin şəkillərin vergi borcunun olmamasını təsdiq etmədiyi məlum olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra həmin şəxslərlə əlaqə yaratmaq mümkün olmamışdır. Hərbi xidmətdə olduğu müddətdə də verdiyi etibarnamənin müddətinin bitməsinə baxmayaraq, həmin şəxslər bu fəaliyyətlə onun “ASAN İmza” nömrəsindən istifadə etmişdirlər. Müvafiq məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Maraqlı şəxs məhkəmədən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə, proses iştirakçısını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, o cümlədən işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə təmin edilməlidir. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən edilir ki, vergi, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs xx xxxxxxxx 2004cü il təvəllüdlü Maraqlı şəxs (VÖEN: **********) 11 mart 2024-cü il tarixinə hesablanmış dövlət büdcəsinə 1910,51 manat məbləğində vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 104,97 manat məbləğində borcu, İcbari Tibbi Sığorta Fonduna 16,78 manat məbləğində borcu vardır və ona həmin borcların ödənilməsinə dair xəbərdarlıqlar edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək - vergi orqanın hüququdur. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Mülki Prosessual Məcəllənin 305.1.12-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, vergi ödəyicisi olan Maraqlı şəxs vergi, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən ərizəçinin ərizəsi əsaslıdır və təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 305, 355-5, 355-6, 355-7, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. 11 mart 2024-cü il tarixinə hesablanmış 1910,51 (min doqquz yüz on manat, əlli bir qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə, 104,97 (yüz dörd manat, doxsan yeddi qəpik) manat məbləğində borc Dövlət Sosial Müdafiə Fonduna və 16,78 (on altı manat, yetmiş səkkiz qəpik) manat məbləğində borc İcbari Tibbi Sığorta Fonduna ödənilənədək vergi ödəyicisi - xx xxxxxxxx 2004-cü il təvəllüdlü Maraqlı şəxs (FİN: xxxxxxx, VÖEN: **********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir və qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar