Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-414/2020 29.10.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, iddiaçı TC. “BERGE” DİŞ TİC. LTD. ŞTİ”-nin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1, Cavabdeh və cavabdehin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə2 oğlunun iştirakı ilə, iddiaçı “TC. “BERGE” DİŞ TİC. LTD. ŞTİ” tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı TC. “BERGE” DİŞ TİC. LTD. ŞTİ” “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24570 ABŞ dolları məbləğində pulun, ödəmə gününə manatla və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqi şəxs yaratmadan fiziki şəxs qismində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh ilə müqavilə şərtləri əsasında razılaşma əldə olunaraq iddiaçı “TC. “BERGE” DİŞ TİC. LTD. ŞTİ” tərəfindən ona mərmər məmulatı satılmışdır. İddiaçı ilə olan razılaşmaya əsasən xx xxxx 2017-ci il tarixdən başlayaraq müxtəlif çeşiddə mərmər tikinti materiallarının cavabdehin ünvanınına göndərilməsi iddiaçı Şirkət tərəfindən təmin edilmiş və həmin mərmər məhsulları müvafiq gömrük bəyamnamələri ilə faktura əsasında göndərilmişdir. Öhdəliyin şərtlərinə əməl edən Satıcı tərəf olaraq iddiaçı üzərinə düşən vəzifələri vaxtında və dəqiq yerinə yetirmiş və qaimələrdə göstərilən miqdarda mərmər tikinti materiallarını Alıcı qismində cavabdehin ünvanına təqdim etmişdir. Lakin, cavabdeh tərəfindən bu günə həmin malların dəyəri olan 24570 (iyirmi dörd min beş yüz yetmiş) ABŞ dolları məbləğində olan borc ödənilməmiş qalmışdır. Cavabdehlə aparılan danışıqlar nəticə verməmiş və aylardır ki, məbləğin köçürülməsi yubadılır. Satılmış məhsulların dəyərinin ödənilməsi məqsədilə pretenziya qaydasında borcluya rəsmən müraciət edilmişdir. Lakin, aradan keçən müddət ərzində borc qaytarılmamışdır. Pulun cavabdeh tərəfindən ödənilməməsi səbəbindən münasibətlər pozulmuş və borcludan pul vəsaitini ala bilmədiyi üçün məhkəmə müdaxiləsi zərurəti yaranmışdır. Hazırkı işdə iddiaçı iddia tələbində rəsmi gömrük bəyamnamələri ilə cavabdehə göndərilmiş xx xxxx 2017-ci il tarxli 439208 saylı, xx xxxx 2017-ci il tarixli 439209 saylı və xx xxxxxx 2017-ci il tarixli 439223 saylı qaimələrə əsaslanır. İddiaçı razılaşdırılmış qaydada tikinti materiallarını cavabdehə göndərmişdir. Lakin, həmin qaimələr əsasında malları qəbul edən cavabdeh öhdəlik üzrə şərtləri yerinə yetirməmişdir. Ona görə də, 24570 (iyirmi dörd min beş yüz yetmiş) ABŞ dolları məbləğində pulun Cavabdeh alınıb iddiaçıya verilməsi haqqında qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iddiaçı TC. “BERGE” DİŞ TİC. LTD. ŞTİ”-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh ödəmə günündə Azərbaycan manatı ilə cəmi 24570 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı TC. “BERGE” DİŞ TİC. LTD. ŞTİ”-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək, göstərdi ki, o, Nəsir adlı dostunun xahişi əsasında hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün müvafiq VÖEN açdırmış və həmin VÖEN əsasında iddiaçı TC. “BERGE” DİŞ TİC. LTD. ŞTİ” tərəfindən Nəsirə Türkiyədən göndərilən mərmər məhsullarını gömrük xərclərini ödəyib, Gömrükdə qəbul edərək, Nəsirə təhvil vermişdir. Nəsir isə öz növbəsində həmin mərmərləri satıb pulunu satıcıya göndərmişdir və bununla bağlı bütün sənədlər Nəsirdədir. Həmin mərmərlərə görə qalan borcu da Nəsirin özü ödəyəcəkdir. Buna görə də, 24570 ABŞ dolları məbləğində borcun ondan tutulması barədə iddia tələbinin rədd olunması haqqında qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədiyini bildirib, əsassız olduğu üçün Cavabdeh 24570 ABŞ dolları məbləğində borcun iddiaçı TC. “BERGE” DİŞ TİC. LTD. ŞTİ”-nin xeyrinə tutulması barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsini xahiş etdi və bu mövqeyini – iddiaçı tərəfindən Türkiyədən mərmər məhsullarının VÖEN-i olduğu üçün Cavabdeh adına göndərilmiş olsa da, həmin mərmərlərin əslində Nəsir adlı şəxs üçün göndərilməsi və sonuncunun özü tərəfindən də həmin mərmərlərin qəbul edilərək pulunun ödənilməsi ilə əsaslandırdı. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, proses iştirakçılarının izahatları və iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, iddiaçı TC. “BERGE” DİŞ TİC. LTD. ŞTİ” tərəfindən Türkiyə Respublikasından hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN **********) gömrük bəyannamələri və digər müvafiq sənədlər tərtib olunmaqla xx xxxx 2017-ci il tarixində cəmi 7891,62 ABŞ dolları məbləğində, xx xxxx 2017-ci il tarixində cəmi 7840,80 ABŞ dolları məbləğində və xx xxxxxx 2017-ci il tarixində cəmi 8837,64 ABŞ dolları məbləğində olmaqla, ümumilikdə cəmi 24570,06 (iyirmi dörd min beş yüz yetmiş dollar 06 sent) ABŞ dolları məbləğində mərmər məmulatları göndərilmiş və sonuncu həmin malları Azərbaycan Respublikası ərazisində gömrük vasitəsi ilə qəbul etmişdir (təsvir olunan hallar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə-gömrük sənədləri ilə təsdiq olunur). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci madəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Məhkəmə araşdırması zamanı xx xxxx 2017-ci il tarixində cəmi 7891,62 ABŞ dolları məbləğində, xx xxxx 2017-ci il tarixində cəmi 7840,80 ABŞ dolları məbləğində və xx xxxxxx 2017-ci il tarixində cəmi 8837,64 ABŞ dolları məbləğində göndərilmiş mərmər məmulatlarının pulunun Cavabdeh tərəfindən iddiaçı TC. “BERGE” DİŞ TİC. LTD. ŞTİ”-nə ödənilməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Məhkəmə iclaslarında cavabdeh tərəf həmin pulların Nəsir adlı şəxs tərəfindən ödənilməli olduğunu və ödənişlə əlaqədar sənədlərin sonuncuda olduğunu bildirsə də, məhkəmə iclaslarının bir neçə dəfə təxirə salınmasına və tərəflərin mübahisə üzrə sübutların və sənədlərin məhkəməyə təqdim etmələrinə kifayət qədər şərait yaradılmasına baxmayaraq, bununla bağlı hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl borcun ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq etmişdir. Yəni, tələb olunan borcun ödənilməsini təsdiq edən sənədlərin iddiaçıya və yaxud, məhkəməyə təqdim edilməsi üçün cavabdeh tərəfin kifayət qədər vaxtı və imkanı olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı TC. “BERGE” DİŞ TİC. LTD. ŞTİ” tərəfindən Cavabdeh xx xxxx 2017-ci il tarixli, xx xxxx 2017-ci il tarixli və xx xxxxxx 2017-ci il tarixli sənədlər əsasında göndərilmiş mərmər məmulatlarına görə iddia ərizəsində tələb olunan cəmi 24570 ABŞ dolları məbləğində pulun ödənilməməsi məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sübut edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, Cavabdeh 24570 ABŞ dolları məbləğində borcun iddiaçı TC. “BERGE” DİŞ TİC. LTD. ŞTİ”-nin xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Cavabdeh (VÖEN **********) ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 24570 ABŞ dolları məbləğində borc iddiaçı TC. “BERGE” DİŞ TİC. LTD. ŞTİ”-nin xeyrinə tutulmalıdır. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh (VÖEN **********) ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 24570 (iyirmi dörd min beş yüz yetmiş) ABŞ dolları məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı TC. “BERGE” DİŞ TİC. LTD. ŞTİ”-nin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-414/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-414/2020
29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver