Məhkəmə qərarları › İş №e-2-2(119)-416/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-416/2021

21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-416/2021 21.04.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1589,12 AZN əsas borc məbləğini, ödənilmiş dövlət rüsumu olaraq 30 manat, ümumilikdə 1619,12 (bir min altı yüz on doqquz manat on iki qəpik) manat məbləğində vəsaitin tutulub İddiaçı MMC-yə ödənilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN: **********) ilə Cavabdeh (VÖEN: 4********) arasında kənd təsərrüfatında istifadə olunan hidravlik traktor üçün asma və qoşulan 1 (bir) ədəd ot biçənin alqı-satqısına dair xx xxxx 2020-ci il tarixli, 10/104 saylı Alqı-Satqı Müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” ( İddiaçı MMC ) kənd təsərrüfatında istifadə olunan hidravlik traktor üçün asma və qoşulan 1 (bir) ədəd ot biçənini (2100 hidravlik kaydırımlı sap parçalama makinası) “Alıcı”ya (Cavabdeh) satılmasını, “Alıcı” isə həmin malı qəbul edib dəyərini bu Müqavilə ilə müəyyən edilmiş müddətdə ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən “Alıcı” tərəfindən müqaviləyə uyğun olaraq müqavilə dəyərinin 60%-i müqavilə imzalandığı gündən etibarən 1 (bir) həftə ərzində, yəni xx xxxx 2020-ci il tarixədək, digər 40% dəyəri isə sənədləşmə hissəsi bitdikdən sonra İddiaçı MMC-yə ödənilməli idi. Müqavilə üzrə öhdəliklər üçün icra müddəti pozulmuşdur. Müqavilə üzrə nəzərdə tutulan 5400 AZN-nin Cavabdeh tərəfindən 3810,88 AZN hissəsi ödənilmişdir, lakin qalan 1589,12 AZN borc məbləği hələ də ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verdikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin maddələrin tələbinə uyğun olaraq cavabdehə məhkəmə tərəfindən rəsmi qaydada bildiriş göndərilmişdir. Lakin cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə etiraz təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması mümkündür və iddia təmin olunmalıdır. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti “Satıcı” ilə Cavabdeh “Alıcı” arasında xx.xx.2020-ci il tarixli 10/104 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” “Alıcı”ya siyahısı müqaviləyə əlavə protokolda qeyd olunan və toplam dəyəri 5400 manat olan, kənd təsərrüfatında istifadə olunan hidravlik traktor üçün asma və qoşulan ot biçənini (2100 hidravlik kaydırımlı sap parçalama makinası) “Alıcı”ya satır, “Alıcı” isə həmin malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı”ya ödənilir. Həmin müqavilənin 3.1.1-ci bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini “Alcı”dan tələb etmək “satıcı”nın hüququdur. Həmin müqavilənin 3.2.1-ci bəndinə əsasən Malı müqavilənin 4.1-ci bəndində müəyyən edilmiş müddətdə alıcının mülkiyyətinə vermək “satıcı”nın vəzifəsidir. İddiaçı tərəfindən cavabdehə borcu ödəməsi ilə əlaqədar müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı və Cavabdeh 1589,12 manat (min beş yüz səksən doqquz manat 12 qəpik) borc iddiaçı “X1” MMC-nin xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh (VÖEN **********) 1589,12 (min beş yüz səksən doqquz manat 12 qəpik) manat borc və 30 ( otuz) manat dövlət rüsumu olmaqla ümumilikdə 1619,12( min altı yüz on doqquz manat 12 qəpik) tutularaq “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar