Məhkəmə qərarları › İş №e-2-2(119)-417/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-417/2025

07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-417/2025 07.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi Qanuni nümayəndə iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 25 dekabr 2023-cü il tarixli PFM230139 nömrəli daxili maliyyə lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2016-cı il buraxılışlı, “LEXUS LX570” markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı, JTJHY00W004202214 ban nömrəli, qara metallik rəngli avtomobilin mülkiyyətçi İddiaçı QSC-yə geri qaytarılması, cavabdehdən 25 dekabr 2023-cü il tarixli PFM230139 saylı daxili maliyyə lizinq müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 dekabr 2024-cü il tarixə 53217,08 manat əsas, 8031,3 manat gecikdirilmiş faiz və həmin günə hesablanmış 5467,62 manat dəbbə pulu olmaqla, cəmi 66716 manat məbləğində borcun və ödənilmiş 290,15 manat məbləğində dövlət rüsumunun iddaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 25 dekabr 2023-cü il tarixli PFM230139 saylı daxili maliyyə lizinq müqaviləsinə əsasən Cavabdeh tərəfindən seçilmiş 2016-cı il buraxılışlı, “LEXUS LX570” markalı, **- AM-*** dövlət qeydiyyat nişanlı, JTJHY00W004202214 ban nömrəli, qara metallik rəngli avtomobil 124100 manata İddiaçı QSC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə № 2) əsasən Cavabdeh illik 20 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 2084,88 (iki min səksən dörd manat, səksən səkkiz qəpik) manat, ümumilikdə isə 75055,68 (yetmiş beş min əlli beş manat altmış səkkiz qəpik) manat məbləğində pulu İddiaçı QSC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 08 aprel 2024-cü il tarixdə 1800 manat məbləğində olmuşdur. Daxili maliyyə lizinqi müqaviləsi və ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Eyni zamanda Cavabdeh lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 dekabr 2024-cü il tarixə 53217,08 manat əsas borc, 8031,3 manat gecikdirilmiş faiz borcu və həmin günə hesablanmış 5467,62 manat dəbbə pulu olmaqla, cəmi 66716 (altmış altı min yeddi yüz on altı) manat borcu yaranmışdır.

3. 04 aprel 2025-ci il tarixdə iddiaçı tərəfindən məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edilərək İddiaçı QSC ilə bağlanmış 25 dekabr 2023-cü il tarixli PFM230139 saylı daxili maliyyə lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2016-cı il buraxılışlı, “LEXUS LX570” markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı, JTJHY00W004202214 ban nömrəli, qara metallik rəngli avtomobilin mülkiyyətçi İddiaçı QSC-yə geri qaytarılması, Cavabdeh 25 dekabr 2023-cü il tarixli PFM230139 saylı daxili maliyyə lizinq müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 04 aprel 2025-ci il tarixə 27103 manat əsas borc (17094 manat aylıq lizinq ödənişi və 10009 manat aylıq lizinq ödənişləri üzrə faiz məbləği), 13077 manat dəbbə pulu olmaqla, cəmi 40180 manat borcun və ödənilmiş 290,15 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi Qanuni nümayəndə iddia ərizəsinin və iddia tələbinin həcminin azaldılması barədə ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

5. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

8. Belə ki, lizinq verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh arasında bağlanmış 25 dekabr 2023-cü il tarixli, PFM230139 nömrəli Daxili maliyyə lizinq müqaviləsinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş və bu müqaviləyə “Əlavə 1”-də qeyd olunmuş və ətraflı təsviri verilmiş X1 (bundan sonra “satıcı”) məxsus əmlakı mülkiyyət hüququ ilə əldə etməyi və lizinq alanın xahişi əsasında, lizinq vasitəsilə lizinq haqqı müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi, habelə bu müqavilənin müddəalarına uyğun olaraq lizinq alanın müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürür.

9. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən qiymətin 68000 (altmış səkkiz min) manat hissəsi hazırkı müqavilənin imzalandığı tarixindən 1 (bir) gün ərzində avans şəklində lizinq alan tərəfindən lizinq verənə ödənilir. Qalan məbləğin 56100 (əlli altı min yüz) manat hissəsi isə tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra lizinq alan tərəfindən müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlində (Əlavə 2) göstərilən qaydada və müddətdə ödənilir.

10. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən bu müqaviləyə əsasən lizinq verən tərəfindən lizinq obyektinin satın alınması üçün çəkdiyi bütün xərclər lizinq üzrə kredit məbləği hesab edilir. Lizinq haqları həmin kredit məbləğinə lizinq verənin gəliri olaraq qalıq dəyərinə illik 20% dərəcəsi əlavə etməklə sabit lizinq haqları olaraq hesablanır.

11. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən lizinq obyektindən istifadəyə edilməsinə görə lizinq ödənişlərinin ödənilməsi qaydası və müddətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlində (Əlavə 2) tam əks edilir.

12. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən ödəmə cədvəlində (bu müqavilənin 2 saylı Əlavəsi) göstərildiyi tarixlərdə lizinq alan lizinq haqqını lizinq verənin hesabına ödəməzsə, o, ödəniş cədvəlinin hər ayı üzrə ödəməli olduğu məbləğin hər gecikdirilmiş ilk 10 (on) gününə münasibətdə hər gün üçün 1% həcmində, 10 (on) gündən sonrakı günlərə münasibətdə hər gün üçün 0,2 %-i miqdarında cərimə ödəyəcək.

13. Həmin müqavilənin 11.2-ci bəndinə əsasən ödəmə cədvəlində (bu müqavilənin 2 saylı Əlavəsi) göstərilmiş ödənilməli olan məbləğlərə cərimənin tətbiq edilməsi 11.1-ci bəndində göstərilmiş qaydada hər ay ayın ödənişinə münasibətdə ayrı-ayrılıqda tətbiq edilir

14. Həmin müqavilənin 21.1-ci bəndinə əsasən lizinq alan lizinq müddəti ərzində ödəmə cədvəlinə uyğun olaraq iki dəfə lizinq haqqını ödəməzsə, lizinq verən müqaviləyə bir tərəfli qaydada xitam verə bilər.

15. Həmin müqavilənin 21.1-ci bəndinə əsasən hazırkı müqaviləyə müqavilənin 20-ci maddəsində göstərilən hallarda və ya 21-ci maddədə göstərilən qaydada lizinq verənin təşəbbüsü ilə xitam verilərsə, lizinq alan əmlakı 3 (üç) iş günü ərandə lizinq verənə təhvil verməyə borcludur. Əmlakın sökülməsi, daşınması, daşınma sığortası, yüklənməsi və qaytarılması ilə bağlı bütün digər xərclər lizinq alanın hesabına ödənilməlidir.

16. İş materiallarında olan PFM230139 nömrəli Daxili maliyyə lizinq müqaviləsinin 2 nömrəli əlavəsi olan ödəniş cədvəlində Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan borcunun son ödəniş tarixi 25 dekabr 2026-cı il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur.

17. İş materiallarında olan 25 dekabr 2023-cü il tarixli lizinq obyektinin təhvil-təslim aktından görünür ki, 2016-cı il buraxılışlı, “LEXUS LX570” markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı, JTJHY00W004202214 ban nömrəli, qara metallik rəngli avtomobil lizinq verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən lizinq alan Cavabdeh təhvil verilmişdir.

18. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2016-cı il buraxılışlı, “LEXUS” markalı, LX570 model **-AM-*** dövlət qeydiyyat nişanlı, JTJHY00W004202214 ban nömrəli, qara metallik rəngli minik avtomobil İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətindədir.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

21. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

22. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

23. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

24. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 25 dekabr 2023-cü il tarixli PFM230139 nömrəli daxili maliyyə lizinq müqaviləsinə əsasən iddiaçı tərəfindən lizinq obyekti olan 2016-cı il buraxılışlı, “LEXUS LX570” markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı, JTJHY00W004202214 ban nömrəli, qara metallik rəngli avtomobil cavabdehin istifadəsinə və sahibliyinə verilmişdir. Lakin Cavabdeh müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməyərək lizinq ödənişlərini tam ödəməmişdir. Buna görə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

26. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh 25 dekabr 2023-cü il tarixli PFM230139 nömrəli daxili maliyyə lizinq müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş və müqavilənin şərtlərini əsaslı dərəcədə pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi 25 dekabr 2023-cü il tarixli PFM230139 nömrəli daxili maliyyə lizinq müqaviləsinin ləğv olunması hissəsində təmin edilməlidir.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

28. Həmin Məcəllənin 747-2-ci maddəsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır.

29. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir.

30. Mülki Məcəllənin 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir.

31. Həmin Məcəllənin 748-11.1-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amortizasiya ödənişləri; lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; lizinq verənin mükafatının məbləği; lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; lizinq verənin əlavə xidmətlərinin haqqı; lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri daxildir.

32. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

33. Məhkəmə hesab edir ki, cavabdeh lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədiyindən lizinq obyekti olan 2016-cı il buraxılışlı, “Lexus LX570” markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı, JTJHY00W004202214 ban nömrəli, qara metallik rəngli avtomobil cavabdehdən alınaraq İddiaçı QSC-yə geri qaytarılmalı, cavabdehdən 04 aprel 2025-ci il tarixə hesablanmış 17094 (on yeddi min doxsan dörd) manat məbləğində əsas borc, lizinq verənin gəliri olaraq hesablanmış 10009 (on min doqquz) manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

35. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

36. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

37. Məhkəmə hesab edir ki, iddianın tələbinin “cavabdehdən iddiaçının xeyrinə 13077 manat məbləğində cərimənin tutulması” hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimənin məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 500 manat məbləğində cərimə tutulmalıdır.

38. İddia tələbinin 290,15 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması hihssəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddianın təmin edilmiş hissəsinə uyğun hesablanmış 172,81 (yüz yetmiş iki manat səksən bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir.

39. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur.

40. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

44. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

45. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 25 dekabr 2023-cü il tarixli PFM230139 saylı “Daxili maliyyə lizinq müqaviləsi” ləğv edilməli, lizinq obyekti olan 2016-cı il buraxılışlı, “Lexus LX570” markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı, JTJHY00W004202214 ban nömrəli, qara metallik rəngli avtomobil İddiaçı QSC-yə geri qaytarılmalı, Cavabdeh 04 aprel 2025-ci il tarixə hesablanmış 17094 (on yeddi min doxsan dörd) manat məbləğində əsas borc, 10009 (on min doqquz) manat məbləğində faiz, 500 (beş yüz) manat məbləğində dəbbə pulu və 172,81 (yüz yetmiş iki manat səksən bir qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 27775,81 (iyirmi yeddi min yeddi yüz yetmiş beş manat səksən bir qəpik) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 25 dekabr 2023-cü il tarixli PFM230139 saylı “Daxili maliyyə lizinq müqaviləsi” ləğv edilsin. Lizinq obyekti olan 2016-cı il buraxılışlı, “Lexus LX570” markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı, JTJHY00W004202214 ban nömrəli, qara metallik rəngli avtomobil İddiaçı QSC-yə geri qaytarılsın. Cavabdeh 04 aprel 2025-ci il tarixə hesablanmış 17094 (on yeddi min doxsan dörd) manat məbləğində əsas borc, 10009 (on min doqquz) manat məbləğində faiz, 500 (beş yüz) manat məbləğində dəbbə pulu və 172,81 (yüz yetmiş iki manat səksən bir qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 27775,81 (iyirmi yeddi min yeddi yüz yetmiş beş manat səksən bir qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar