Məhkəmə qərarları › İş №e-2-2(119)-418/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-418/2024

23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-418/2024 23.05.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı X1 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbi barədə kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı X2 22 fevral 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 13 mart 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 19957 (on doqquz min doqquz yüz əlli yeddi) manat məbləğində borcun və 339 (üç yüz otuz doqquz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 13 mart 2023-cü il tarixli, 15 nömrəli alqı-satqı müqaviləsinə əsasən, satıcı qismində çıxış edən iddiaçı həmin müqavilənin predmetini təşkil edən quş ətini və onun içalatını (bundan sonra mal) alıcı qismində iştirak edən cavabdehə satmağı, cavabdeh isə həmin malları qəbul edib onların dəyərini müqaviləylə razılaşdırılmış qaydada satıcıya ödəməyi öhdəsinə götürmüş, müqavilə üzrə öhdəlik iddiaçı tərəfindən icra edilsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi, yəni aldığı malların dəyərini ödəməmiş, nəticədə cavabdehin 19957 manat məbləğində borcu yaranmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi haqqında 18 aprel 2024-cü il tarixli ərizə təqdim edərək cavabdehdən 19957 manat məbləğində borcun və 150 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iddia tələbinin dəqiqləşdirilməsi haqqında həmin ərizənin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edildiyini nəzərə alaraq, ərizənin qəbul edilərək nəzərə alınmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı və cavabdeh arasında 13 mart 2023-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanılmış, satıcı qismində iştirak edən iddiaçı həmin müqavilənin 1.1-ci bəndinə əsasən, alıcı qismində iştirak edən cavabdehə quş əti və onun içalatını satmağı, alıcı isə həmin malları qəbul edib müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin müddəalarına əsasən, alıcı sifariş olunan malın dəyərinin 100 %-i həcmində ilkin ödənişi sifariş təsdiq edildikdən və satıcının təqdim etdiyi hesab-fakturanı aldıqdan sonra 3 iş günü ərzində nağd qaydada və ya köçürmə yolu ilə həyata keçirməli idi. İddiaçı xx.xx.2023-cü il tarixli elektron qaimə ilə 8757 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli qaimə ilə 11200 manat dəyərində olmaqla, cəmi 19957 manat dəyərində olan malları cavabdehə göndərsə də, cavabdeh müqavilədə qeyd edildiyi kimi 3 iş günü ərzində malların dəyərini ödəməyərək üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. İddiaçının özü və qardaşı borcun ödənilməsi ilə əlaqədar cavabdehə müraciət etdikdə, sonuncu hara şikayət edilir-edilsin, borcun ödənilməyəcəyini bildirmişdir. İddiaçının nümayəndəsi, həmçinin göstərdi ki, mallar iki partiyada - xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə cavabdehə məxsus Bakı şəhərindəki Yeni Günəşli qəsəbəsində yerləşən 2 mağazaya təhvil verilmişdir. 2-ci partiyadakı mallar təhvil verilərkən malları aparan sürücü onların dəyərini tələb etdikdə, mağazanı işlədən şəxslər tərəfindən ona zor tətbiq edilmişdir. Bununla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edilməmişdir. Həmin mağazaların ünvanları onlara dəqiqliklə bəlli deyil, malları aparan sürücü də ünvanı bilmir, belə ki, həmin sürücüyə yolu işarə edən cavabdehin nümayəndəsi olmuşdur. xx.xx.2024-cü il tarixli sənədin əsli təqdim edilə bilmir. Həmin qaimədəki imza cavabdehin işçisinə məxsusdur. Cavabdehə ikinci partiya mal göndərilərkən elektron qaimə təqdim edilməməsinin səbəbi bu olmuşdur ki, cavabdeh iddiaçıya zəng edərək malın göndərilməsini bildirmiş, iddiaçı cavabdehə komputerin işləmədiyini bildirərək elektron qaimə tərtib edilə bilməyəcəyini demiş. cavabdeh malın qaimə-faktura ilə göndərilməsini, daha sonra pul veriləndə elektron qaimə məsələsinin həll ediləcəyini bildirmişdir. Cavabdehin yaşayış yeri üzrə qeydiyyata alındığı ünvana məhkəmə iclaslarının vaxtı və yeri haqqında məhkəmə bildirişləri göndərilsə də, bildirişlər poçt xidməti tərəfindən sonuncunun həmin ünvanda yaşamaması barədə qeydlər edilməklə məhkəməyə qaytarılmışdır. Cavabdehin faktiki yaşayış ünvanının müəyyənləşdirilməsi və məhkəmə iclaslarının vaxtı və yeri haqqında məlumatlandırılması məqsədilə Sumqayıt şəhəri İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 8 saylı mənzil kommunal sahəsinə sorğu ünvanlanmışdır. Həmin sorğuya cavab olaraq 8 saylı mənzil kommunal sahəsindən daxil olmuş məktubda onun hazırda Rusiya Federasiyasının Volqoqrad şəhərində yaşadığı qeyd edilmişdir. Həmin cavab məktubunda cavabdehə məxsus olduğu qeyd edilmiş telefon nömrəsi ilə əlaqə saxlanılmış, cavabdeh hazırda Rusiya Federasiyasında yaşadığı üçün məhkəmə iclaslarında iştirak etməsinin qeyrimümkün olduğunu bildirmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Yuxarıda qeyd edildiyi kimi, 8 saylı mənzil kommunal sahəsindən məhkəməyə ünvanlanmış cavab məktubunda cavabdehə məxsus olduğu qeyd edilmiş telefon nömrəsi ilə əlaqə saxlanılarkən cavabdeh iddia tələbini qəbul etmədiyini, iddiaçı tərəfindən ona ilk partiyada göndərilən malların qüsurlu vəziyyətdə olduğunu, bu barədə iddiaçıya dərhal məlumat verdiyini, lakin iddiaçının həmin malları qəbul etmədiyini, məcburən malların restoranın həyətinə atıldığını, ikinci partiya üzrə göndərilmiş mallardan isə ümumiyyətlə məlumatının olmadığını, malların ona təqdim edilmədiyini, bu barədə hansısa sənədi imzalamadığını bildirmişdir. Qeyd edilən telefon danışığı barədə arayış tərtib edilərək iş materiallarına əlavə edilmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 13 mart 2023-cü il tarixli, 15 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı (iddiaçı Aygül Şahbazova) alıcıya (Cavabdeh) quş əti və içalatı satır. Alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, malın qiyməti və miqdarı tərəflər arasında şifahi razılaşma ilə müəyyənləşdirilir və elektron qaimə ilə təsdiqlənir. Həmin müqavilənin 3.1.1-ci bəndinə əsasən, müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək satıcının hüququdur. Həmin müqavilənin 3.4.1-ci yarımbəndinə əsasən, əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəmək alıcının vəzifəsidir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, satıcı müqaviləyə uyğun olaraq alıcı tərəfindən ilkin ödəniş həyata keçirildikdən sonra 5 (beş) təqvim günü ərzində malı alıcıya təhvil verməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, satıcı malın təhvil verilməsi ilə birlikdə elektron qaimə-fakturanı və digər zəruri sənədləri alıcıya təqdim etməlidir və yaxud elektron qaydada göndərməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, tərəflərin qarşılıqlı razılığı ilə malın dəyərinin avans formasında ödənişi və ya mallar alıcıya təhvil verildikdən sonra ödənişi mümkündür. Müqaviləyə əsasən alıcı sifariş olıınan malın dəyərinin 100 % həcmində ilkin ödənişi sifariş təsdiq edildikdən və satıcının təqdim etdiyi hesab-fakturanı aldıqdan sonra 3 iş günü ərzində nağd qaydada və ya köçürmə yolu ilə həyata keçirir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən, mal alıcıya tam təhvil verildikdən sonra Alıcı 3 (üç) iş günü ərzində malın dəyərinin 100 % həcmində ödəniş etməlidir. İş materiallarında olan 13 mart 2023-cü il tarixli, EBDB seriyalı, 630333 nömrəli elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 8757 manat məbləğində mal təqdim edilmişdir. İş materiallarında olan 17 aprel 2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya ümumilikdə 19957 manat məbləğində borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.2-ci, 427.3-cü və 427.4-cü maddələrinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 570.1.1-ci və 570.1.2-ci maddələrinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda, əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda icra edilmiş sayılır. Həmin Məcəllənin 595.1-ci maddəsinə əsasən, alıcı alğı-satqı müqaviləsinin keyfiyyət haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 13 mart 2023-cü il tarixli, 15 nömrəli predmetini quş əti və onun içalatının təşkil etdiyi alqısatqı müqaviləsi bağlanılmış və həmin müqavilə üzrə satıcı qismində çıxış edən iddiaçı tərəfindən cavabdehə 13 mart 2023-cü il tarixində 8757 manat dəyərində mal göndərilmişdir. İş materiallarına əlavə edilmiş üzərində nömrə kimi “1033886”, tarix olaraq “xx-xx- 2023” qeyd edilmiş sənədin surəti ilə bağlı məhkəmə araşdırması zamanı aşağıdakılar müəyyən edildi: - İddiaçı tərəfindən təqdim edilən və 29 mart 2023-cü il tarixində cavabdehə 11200 manat dəyərində olan malların göndərildiyinin təsdiq etdiyini iddia etdiyi həmin sənədin əsli və ya müvafiq qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilməmişdir. Məhkəmə bu halla bağlı Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsi baxımından qiymətləndirmə apararaq hesab edir ki, həmin sənəd mötəbər hesab edilə bilməz. Belə ki, həmin Məcəllənin istinad edilən maddəsinə əsasən, məhkəməyə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir; - Bundan əlavə, sözügedən sənədin üzərindəki imzanın (ad, soyad və digər hər hansısa rekvizit qeyd edilmədən) kim tərəfindən çəkilməsi və bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir; - İş materiallarından görünür ki, iddiaçı əvvəlcə 13 mart 2023-cü il tarixində cavabdehə 8757 manat məbləğində mal göndərmiş və bununla əlaqədar ona elektron qaimə təqdim etmişdir. Lakin bundan 16 gün sonra cavabdehə 11200 manat dəyərində mal göndərilərkən elektron qaimə tərtib edilməməsini iddiaçı komputerdə nasazlıq yaranması, o cümlədən cavabdehin ona malı qaimə-faktura ilə göndərməsini bildirməsi ilə izah etmişdir. Məhkəmə iddiaçının bu dəlilinə tənqidi yanaşaraq bunu ağlabatan hesab etmir; - İddiaçı iddia etmişdir ki, 29 mart 2023-cü il tarixdə 11200 manat dəyərində olan mallar iddiaçının işçisi olan sürücü tərəfindən cavabdehə məxsus obyektə çatdırılmış, orada mallar qəbul edildikdən sonra malların dəyəri ödənilməyərək həmin sürücüyə zor tətbiq edilərək oradan uzaqlaşdırılmışdır. İddia edildiyi kimidirsə, qeyd edilən sürücü tərəfindən malların cavabdehə çatdırılmasını təsdiq edə biləcək sübutlar - sürücünün kimliyi və onun şahid kimi ifadəsi, həmin malları təhvil alan şəxsin və ya şəxslərin kimliyi, təqdim edilən xx.xx.2023-cü il tarixli sənədin surətindəki imza edənin və sürücüyə zor tətbiq edən şəxslərin kimliyi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir; - xx.xx.2023-cü il tarixli sözügedən sənədin surətindən savayı, iddiaçı tərəfindən 29 mart 2023-cü il tarixində 11200 manat məbləğində malların cavabdehə həqiqətən çatdırılmasını təsdiq edə biləcək digər hansısa sənəd (elektron qaimə, təhvil-təslim aktı, üzləşmə aktı və.s) məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərlə yanaşı, nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış 13 mart 2023-cü il tarixli alqı-satqı müqaviləsinin 2.1-ci bəndində malın qiymətinin və miqdarının tərəflər arasında şifahi razılaşma ilə müəyyənləşdirildiyi və elektron qaimə ilə təsdiqləndiyi qeyd edilmişdir. Həmin müqavilənin “Malın təhvil verilməsi şərtləri” adlanan hissəsinin 4.2-ci bəndində isə satıcının malın təhvil verilməsi ilə birlikdə elektron qaiməfakturanı və digər zəruri sənədləri alıcıya təqdim etməli yaxud elektron qaydada göndərməli olduğu bilavasitə nəzərdə tutulmuşdur. Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Məhkəmə bu göstərilənləri, yuxarıda istinad edilən satıcının əşyanı alıcıya vermək vəzifəsi icra edilmiş sayılması qaydasını təsbit edən Mülki Məcəllənin 570.1.1-ci, 570.1.2ci maddələrinin, o cümlədən Mülki Prosessual Məcəllənin 14.2-ci (“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”) və 77.1-ci (“Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”) maddələrinin tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, iddiaçının xx.xx.2023-cü il tarixdə 11200 manat dəyərində olan malların cavabdehə çatdırılmasını təsdiq edən sənəd kimi təqdim etdiyi 29 mart 2023-cü il tarixli sənədin surəti həmin halı təsdiq edən mötəbər sübut sayıla bilməz və iş materiallarında həmin tarixdə qeyd edilən dəyərdə olan malların cavabdehə çatdırılmasını təsdiq edə biləcək hər hansı başqa mötəbər sübut olmadığından sözügedən malların cavabdeh tərəfindən təhvil alınması iş materialları ilə öz təsdiqini tapmır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbinin 13 mart 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdehdən 19957 manat məbləğində pulun tutulması hissəsi qismən təmin edilməli, həmin müqavilə üzrə 8757 manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, həmçinin cavabdehin iddiaçı tərəfindən ona ilk partiyada, yəni 13 mart 2024-cü il tarixdə göndərilən malların qüsurlu vəziyyətdə olması, bu barədə iddiaçıya dərhal məlumat verməsi, lakin iddiaçının həmin malları qəbul etməməsi, malların məcburən restoranın həyətinə atılması barədə göstərdiklərinə münasibət bildirməyi zəruri hesab edir və qeyd edir ki, iddiaçı ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinin 3.3.5ci bəndində alıcıya lazımi keyfiyyətdə olmayan əşya verildiyi təqdirdə, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, ondan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılmasını, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını və ya əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmək hüquqları nəzərdə tutulmuşdur. Cavabdehə 8757 manat dəyərində olan həmin malların təhvil verilməsi barədə elektron qaimə təqdim edilməsinə baxmayaraq, onun tərəfindən qeyd edilən malların qəbul edilməməsi, qüsurlar barədə iddiaçıya məlumat verilməsi və ya malları qəbul etməməsi barədə hər hansı sübut (bildiriş, akt və s.) təqdim edilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, yuxarıda istinad edilən Mülki Məcəllənin 595.1-ci maddəsinə əsasən, alıcı alğı-satqı müqaviləsinin keyfiyyət haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. Bundan başqa, iddia tələbinin 150 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 01 fevral 2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 150 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilməli olan dövlət rüsumunun məbləği “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən 107,57 manat təşkil edir və bununla əlaqədar Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq hesablanmış 107,57 manatlıq hissəsinin əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 13 mart 2023-cü il il tarixli alqı-satqı müqaviləsi üzrə 8757 manat məbləğində əsas borc və 107,57 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 8864,57 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddələrinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 13 mart 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 8757 (səkkiz min yeddi yüz əlli yeddi) manat məbləğində borc və 107,57 (yüz yeddi manat, əlli yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8864,57 (səkkiz min səkkiz yüz altmış dörd manat, əlli yeddi qəpik) manat məbləğində pul vəsaiti iddiaçı X1 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar