Məhkəmə qərarları › İş №e-2-2(119)-420/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-420/2021

22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-420/2021 22.02.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, “cavabdeh “xxxx” Şirkətindən 281954 (iki yüz səksən bir min doqquz yüz əlli dörd) manat məbləğində əsas borcun və 42293 (qırx iki min iki yüz doxsan üç) manat məbləğində əldən çıxmış faydanın tulularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilmiş iddia ərizəsinin tələb hissəsində “cavabdeh “xxxx” Şirkətindən 281954 (iki yüz səksən bir min doqquz yüz əlli dörd) manat məbləğində əsas borcun və 42293 (qırx iki min iki yüz doxsan üç) manat məbləğində əldən çıxmış faydanın tulularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsi xahiş edilməklə, tələbin ““xxxx” Şirkətinə” qarşı yönəldilməsinə baxmayaraq, həmin iddia ərizəsinin Giriş hissəsində (“Tərəflər” bölməsində) cavabdeh qismində Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin adı göstərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində öz əksini tapmalıdır. Eyni zamanda, iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilmiş iddia ərizəsinin Giriş hissəsində (“Tərəflər” bölməsində) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin poçt ünvanı ”Xırdalan şəhəri, H.Əliyev 1” kimi göstərilsə də, iddia ərizəsinə əlavə edilmiş sənədlərlə həmin ünvanın cavabdehin hüquqi ünvanının olması müəyyən edilmir (araşdırılan sənədlərə əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanı tamamilə başqa ünvandır). Bununla əlaqədar məhkəmə qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələbinə görə iddia ərizəsində cavabdehin poçt ünvanı göstərilməlidir və “poçt ünvanı” dedikdə – məhkəmə sənədlərinin həmin ünvana göndərilməsi ilə sənədlərin cavabdehə rəsmi qaydada verilməsi mümkün olan ünvan nəzərdə tutulur. Qanunvericiliyin tələbinə görə iddia ərizəsi iddiaçı tərəfindən tərtib edildiyi üçün, cavabdehin poçt ünvanını da iddiaçı göstərməlidir. Lakin, iddiaçı ərizədə istənilən ünvanı cavabdehin poçt ünvanı kimi göstərə bilməz. Yəni, cavabdehin poçt ünvanı iddiaçının mülahizələrinə əsasən müəyyən olunmur və iddia ərizəsində cavabdehin poçt ünvanı kimi göstərilən ünvanın cavabdehə hər hansı bir aidiyyətinin olması müvafiq sənədlər əsasında müəyyən olunmalıdır. Cavabdehin ünvanının düzgün müəyyən edilərək göstərilməməsi isə mülki icraat zamanı cavabdehin prosessual müddətlər çərçivəsində məlumatlandırılmasına və çəkişmə prinsipinin təmin edilməsinə təminat yaratmır. Buna görə də, məhkəmə iclasında məhkəmə araşdırılmasının çəkişmə prinsipinə əməl etməklə aparılması məqsədi ilə cavabdehin ünvanının iddiaçı tərəfindən iddia ərizəsində düzgün göstərilməsi xüsusi ilə mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə - iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Eləcə də, iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmasını təsdiq edən hər hansı bir sənəd (sübut) iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmamışdır. Halbuki, Mülki-Prosessual Məcəllənin tələblərinə görə kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən iddia ərizəsinin surətini və ona əlavə edilmiş sənədləri cavabdehə çatdırmalı və bununla bağlı müvafiq sənədi (sübutu) iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmçinin, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl mübahisəni məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət etməsini təsdiq edən sənədi (sübutu) də iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etməmişdir. Yəni, məhkəməyə müraciət olunanadək mübahisə ilə əlaqədar cavabdehə ünvanlanmış “pretenziya” məktubunun cavabdehə çatdırılmasını təsdiq edən müvafiq sənəd (poçt qəbzi və s.) iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa - mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Həmin Məcəllənin 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Qeyd etmək lazımdır ki, iddia ərizəsinə poçt göndərişləri ilə əlaqədar “xx.xx.2021-ci il tarixli pul ödənişi qəbzi” əlavə edilmiş olsa da, həmin “qəbz” əsasında göndərilmiş poçt göndərişlərini cavabdehin almasını təsdiq edən müvafiq poçt sənədi (“xəbərnamə” və s.) iddia ərizəsinə əlavə edilərək, məhkəməyə təqdim olunmamışdır. Buna görə də, həmin “Qəbz” və digər sənədlər cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd kimi və yaxud, iddia ərizəsinin cavabdehə çatdırılmasını təsdiq edən sənəd kimi qəbul oluna bilməz. Yuxarıda təsvir olunan həmin hallar hazırkı mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.3-cü, 150.0.4-cü və 150.0.7-ci maddələrinin tələblərinin iddiaçı tərəfindən lazımi qaydada yerinə yetirilmiş olmasını təsdiq etmir. Qeyd etmək lazımdır ki, həmin tələblər kommersiya mübahisləri ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl iddiaçının yerinə yetirməli olduğu zəruri hərəkətlərdir ki, məlum mübahisə ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh tərəf həmin mübahisədən xəbər tutub, mübahisənin məhkəməyə qədər nizama salınması imkanlarından istifadə edə bilməli və eləcə də, məhkəməyə ünvanlanmış iddia ərizəsinin surətini əvvəlcədən almış olmalıdır. Bu tələblər isə - həmin qaydalara riayət edilməsini formal olaraq təsdiq edən poçt göndərişlərinin göndərilməsi ilə əlaqədar sənədin (“qəbz”in və s.) məhkəməyə təqdim olunmasını deyil, məlum poçt göndərişlərini cavabdehin almasını təsdiq edən sənədlərin iddia ərizəsinə əlavə edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Eyni zamanda məhkəmə, hazırkı iddia ərizəsini “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirmiş şəxsin nəzərinə çatdırır ki, sənədlərin elektron təqdim edilməsi zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının xx xxxx 2019-cu il tarixli “17-N” nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının, habelə “Elektron Məhkəmə” İnformasiya Sistemi üzrə tətbiq edilən “Proses iştirakçısının Elektron kabinetindən istifadə qaydaları”nın tələblərinə də əməl olunmalıdır. Belə ki, həmin Qaydalara əsasən ərizəyə (iddia ərizəsinə) əlavə olunmuş sənədlər məhkəməyə fotoşəkil (.jpg) formatında deyil, elektron sənəd (.pdf, .adoc, .edoc) formatında təqdim olunmalıdır. Beləliklə də, təsvir olunanlardan görünür ki, hazırkı iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyi üçün, onun məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar