Məhkəmə qərarları › İş №e-2-2(119)-425/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-425/2020

12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-425/2020 12.10.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı qanuni təmsilçisi Nümayəndə1, cavabdeh “X2 Departamenti” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə2 iştirakı ilə, İddiaçı tərəfindən cavabdeh “X2 Departamenti”Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı xx xxxxx 2020-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh “X2 Departamenti” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X2 Departamenti” MMC-nin hesabından 119742,10 manat qalıq cərimə məbləği və həmin məbləğə görə hesablanmış 21553,58 manat ƏDV (119742,10 x 18%) məbləği olmaqla, cəmi 141295,68 manat vəsaitin tutularaq iddaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “X2 Departamenti” MMC tərəfindən 2018-ci il üçün alınacaq mal-materiallarla bağlı tender keçirilmişdir. İddiaçı Şirkəti həmin tenderdə iştirak etmiş və Departament tərəfindən alınacaq bütün növ təkər və ehtiyat hissələrinin alınması üzrə tenderin qalibi olmuşdur. Keçirilmiş tenderin nəticələri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və X1 Dövlət Xidməti tərəfindən təsdiq olunmuşdur. Bundan sonra tenderdə qalib olmuş İddiaçı MMC ilə “X2 Departamenti” MMC arasında nəqliyyatda istifadə olunan bütün növ təkər və ehtiyat hissələrinin alqı-satqısına dair xx xxx 2018-ci il tarixli 09/18 nömrəli müqavilə bağlanılmışdır. Müqavilənin 1.1-ci maddəsinə uyğun olaraq İddiaçı Şirkəti “X2 Departamenti” MMC-yə Müqavilədə nəzərdə tutulan aşağıda qeyd olunan müddətlərdə mal-material satmışdır:Tarix: El. qaimə № Məbləğ (AZN) 1.xx.xx.20xx xxxx 298299 99557.19; 2. xx.xx.20xx xxxx 341296 6195.00; 3.xx.xx.20xx xxxx 801259 13049.62. Cəmi qalıq borc - 118801,81 manat. Ondan ödənilmişdir (01-xx/xx.2018) 5900 manat. xx.xx.2018-ci il tarixə qeyd olunan elektron qaimələr üzrə qalıq borc məbləği 112901,81 manat təşkil etmişdir. Qeyd olunan Müqavilənin 4.1 maddəsinə uyğun olaraq, cavabdeh aldığı malların dəyərini ya əvvəlcədən, ya da malları aldıqdan sonra ən geci 15 gün ərzində ödəmək öhdəliyni götürmüşdür. Əks təqdirdə, Müqavilənin 4.2 maddəsi ilə güzəşt dövrü (15 gün) nəzərə alınmaqla, sonrakı hər gecikdirilən gün üçün, malların ümumi dəyərinin 1%-i həcmində cərimə ödəməyi qəbul etmişdir. Belə olan halda, cavabdehə ilk mal satışı tarixindən (xx.xx.2018) 15 gün çıxılmaqla, gecikdirilən günlərin sayı aşağıdakı kimi olmuşdur. xx.xx.2018 - xx.xx.2018-cil ilə olan dövrə, gecikdirilmiş günlərin sayı: İyul-13, Avqust-31, Sentyabr-30, Oktyabr-31 -cəmİ 105 gün. Belə olan halda cavabdehin müqavilənin 4.2 maddəsi üzrə ödəyəcəyi cərimə - 124742,10 (118801,81 x 1%= 1188,02 manat. Cəmi gecikdirilmiş günlərin sayı isə 105 gün olduqda 1188,02 manat x 105 gün= 124742,10 manata bərabər olur. Belə olduqda, cavabdehin iddiaçıya olan borcu: Əsas borc qalığı - 112901,81 manat, Cərimə - 124742,10 manat, ödənilmiş ƏDV məbləği 17226 (95700x 18%) manat, vəkil xərcləri 500 manat, məhkəmə rüsumu - 30 manat. Yekun qalıq borc məbləği- 255399,91 (İki yüz əlli beş min üç yüz doxsan doqquz manat 91 qəpik) manat. Qeyd olunan ümumi borc məbləğindən Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(85)-63/2019 nömrəli qərarı ilə 112901,87 manat əsas borc, cərimə 5000 manat və 13,85 manat isə rüsum məbləği olmaqla, cəmi – 117915,72 manat “X2 Departamenti” MMC-nin hesabından tutulması barədə qərar çıxarılmış və iddia qalan məbləğdə təmin edilməmişdir. Belə olan halda iddiaçı cərimə ilə bağlı qərardan Apellasiya şikayəti versə də, sonradan “X2 Departamenti” MMC ilə iddiaçı arasında olan müştərək əlaqələri və onların maliyyə durumunu nəzərə alıb, şikayəti Apellasiya məhkəməsindən geri çəkmişdir. Sonradan “X2 Departamenti” MMC iddiaçının xoş məramını heçə sayıb, vaxt udmaq üçün Birinci instansiya məhkəməsinin qərarından Apellasiya və kassasiya şikayətləri verib, əsas borcla bağlı ödənişin daha bir il gecikməsinə səbəb oldu. “X2 Departamenti” MMC bununlada kifayətlənməyib, Ali Məhkəmənin qərarı icraya yönəldikdən sonra, yeniden icra işindən Sumqayıt Kommersiya Məhkəməsinə şikayət etdi. İddiaçı yenə də onların vəziyyətini nəzərə alıb, məhkəməyə ödənişin 2020-ci ilin sonuna kimi hissə-hissə ödənilməsi barədə razılaşma protokolu təqdim etdi. Bütün iddiaçı tərəfindən atılan xoş addımlara rəğmən, “X2 Departamenti” MMC-nin qeyri-ciddi davranışlarını nəzərə alıb, keçmiş Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin nəzərə almadığı qalıq cərimə məbləği barədə (hələ 2018-ci ili noyabr ayından sonrakı dövr nəzərə alınmır) iddia tələbi cavabdehə qarşı irəli sürülür. İş üzrə məhkəmə prosesi zamanı cavabdeh “X2 Departamenti” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə iddia tələbinə qarşı yazılı Etiraz təqdim edilərək, İddiaçı cavabdeh “X2 Departamenti” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuş və həmin Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçi İddiaçı MMC cavabdeh “X2 Departamenti” MMC-yə qarşı “cərimə tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hesabından 119742,10 manat qalıq cərimə məbləği və həmin məbləğə görə hesablanmış 21553,58 manat ƏDV məbləği olmaqla, cəmi 141295,68 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmağa çalışmışdır ki, tərəflər arasında bağlanmış xx xxx 2018-ci il tarixli 09/18 saylı Müqaviləyə əsasən cavabdehin borcu yaranmış və buna görə də, həmin borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 112901,81 manat əsas borc, 124742,10 manat cərimə, 17226 manat ödənilmiş ƏDV məbləği, 500 manat vəkil xərcləri və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-2(085)-63/2019 nömrəli qətnaməsi ilə 112901,81 manat əsas borc, 5000 manat cərimə və 13,85 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş və iddia qalan hissələrdə təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verdiyini, sonradan şikayətini geri götürdüyünü, lakin cavabdehin sonrakı hərəkətlərinə görə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-2(085)-63/2019 nömrəli qətnaməsi ilə nəzərə alınmayan qalıq cərimə məbləğini hazırki iddia ərizəsi ilə tələb etdiyini bildirir. Göründüyü kimi, iddiaçının hazırki iddia ərizəsində qaldırdığı tələblə bağlı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi mövcuddur. Belə ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-2(085)-63/2019 nömrəli qətnaməsi ilə İddiaçı MMC-nin cavabdeh “X2 Departamenti” MMC-yə qarşı “cavabdehin hesabından əsas borc qalığı 112901,81 manat, cərimə 124742,10 manat, ƏDV əvəzinə büdcəyə ödənilmiş 17226 manat, vəkil haqqı 500 manat və məhkəmə rüsumu 30 manat olmaqla, cəmi 255399,91 manat vəsaitin tutularaq iddiaçıya verilməsinə” dair iddiası qismən təmin edilərək, “X2 Departamenti” MMC-dən əsas borc qalığı 112901,81 manat və cərimə 5000 manat olmaqla, cəmi 117901,81 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş apelyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi mövcud olduğuna görə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında İddiaçının qanuni təmsilçisi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi və cavabdeh “X2 Departamenti” MMC-nin hesabından 119742,10 manat qalıq cərimə məbləği və həmin məbləğə görə hesablanmış 21553,58 manat ƏDV məbləği olmaqla, cəmi 141295,68 manat vəsaitin tutularaq iddaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh “X2 Departamenti” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş yazılı Etirazda göstərilənlərə uyğun izahat verərək, hazırkı mübahisə ilə əlaqədar eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi mövcud olduğuna görə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən İddiaçı MMC tərəfindən cavabdeh “X2 Departamenti” MMC-nə qarşı verilmiş 119742,10 manat qalıq cərimə məbləğinin və həmin məbləğə görə hesablanmış 21553,58 manat ƏDV məbləğinin tutulması barədə iddia ərizəsinə dair kommersiya işinin icraatına xitam verilməsi haqqında qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinə qarşı verilmiş Etirazı və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən kommersiya işi üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları, iddia ərizəsinin məzmunu və iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx xxx 2018-ci il tarixli 09/18 nömrəli müqavilə üzrə yaranmış borcun alınması ilə əlaqədar İddiaçı MMC cavabdeh “X2 Departamenti” MMC-yə qarşı “cavabdehin hesabından əsas borc qalığı 112901,81 manat, cərimə 124742,10 manat, satılan mallara görə iddiaçının şəxsi hesabından cavabdehin vaxtında ödəmədiyi ƏDV-nin əvəzinə Büdcəyə ödənilmiş 17226 manat, vəkil haqqı 500 manat və məhkəmə rüsumu 30 manat olmaqla, cəmi 255399,91 manat vəsaitin tutularaq iddaçıya verilməsi” barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmiş və həmin iddia ərizəsi üzrə qəbul edilmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-2(085)-63/2019 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, “X2 Departamenti” MMC-dən əsas borc qalığı 112901,81 manat və cərimə 5000 manat olmaqla, cəmi 117901,81 manat məbləğində pul vəsaitinin və eləcə də, ödənilmiş 30 manat dövlət rüsumunun 13,85 manat məbləğinin tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmiş, qalan hissədə isə iddia tələbi təmin olunmamışdır. Yəni, həmin Qətnamə ilə iddia ərizəsi üzrə əsas borca görə tələb olunan 124742,10 manat cərimə məbləği qismən təmin olunaraq, cavabdehdən 5000 manat cərimə tutulmuş və bu nəticə “tələb olunan 124742,10 manat dəbbə pulu məbləği yaranmış 112901,81 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, cərimənin məbləğinin azaldılaraq 5000 manat həddində müəyyən edilməsinin ədalətli olması” ilə əsaslandırılmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-2(085)-63/2019 nömrəli qətnaməsindən verilmiş apelyasiya və kassasiya şikayətləri təmin edilməmiş (Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(105)-105/2019 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-ci il tarixli 2-2(102)-478/2019 nömrəli qərarı) və qanuni qüvvəsini almış həmin Qətnamə müvafiq qaydada icraya yönəldilmişdir. Hazırkı iddia ərizəsində isə İddiaçı MMC Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-2(085)-63/2019 nömrəli qətnaməsində “tənasübsüz surətdə yüksək məbləğ kimi” qiymətləndirilərək cavabdehdən tutulmalı cərimə kimi 5000 manat həddində müəyyən edilmiş “124742,10 manat məbləğində” tələb etdiyi cərimənin təmin olunmamış “119742,10 manat qalıq hissəsini” və həmin məbləğ üçün hesabladığı ƏDV məbləğini cavabdehdən tutulmasını xahiş edir və hətta, iddia ərizəsini “keçmiş Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin nəzərə almadığı qalıq cərimə məbləği barədə (hələ 2018-ci ili noyabr ayından sonrakı dövr nəzərə alınmır) iddia tələbi cavabdehə qarşı irəli sürülür” ifadəsi ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, hazırkı iş üzrə baxılan İddiaçı MMC-nin cavabdeh “X2 Departamenti” MMC-nə qarşı “119742,10 manat qalıq cərimə məbləğinin və həmin məbləğə görə hesablanmış 21553,58 manat ƏDV (119742,10 x 18%) məbləğinin” tutulması barədə iddia ərizəsi – qanuni qüvvəsini almış Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-2(085)-63/2019 nömrəli qətnaməsi ilə mahiyyəti üzrə baxılıb həll edilərək 5000 manat cərimə tutulduğu üçün "iddianın cavabdehin hesabından 124742,10 manat məbləğində cərimənin tutulması” hissəsinin təmin olunmamış “119742,10 manat qalıq cərimə məbləğinin tutulması” ilə əlaqədar verilmişdir. Lakin, qanuni qüvvəsini almış həmin Qətnamə ilə təmin olunmayan “119742,10 manat qalıq cərimə məbləğinin” tutulması üçün iddiaçı yenidən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş olduğundan, bu iddia - eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə baxılaraq qanuni qüvvəsini almış yekun məhkəmə qətnaməsi olan tələblə əlaqədar verilmiş iddia ərizəsidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa - məhkəmə tərəfindən iş üzrə icraata xitam verilir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı tərəfindən cavabdeh «X2 Departamenti” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbinə dair kommersiya işi üzrə icraata Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən xitam verilməlidir. Eləcə də, hazırkı iddia ərizəsinə dair kommersiya işi üzrə icraata xitam verildiyindən, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 262.2-ci maddəsinə əsasən, icraata xitam verilməsi haqqında məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən cavabdeh “X2 Departamenti” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə icraata xitam verilsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar