Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-43/2021 27.08.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "AzTexnika LTD” MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "AzTexnika LTD” MMC-yə qarşı “daşıma müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya işinə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "AzTexnika LTD” MMC-yə qarşı “daşıma müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında 03 aprel 2019-cu il tarixli, AZTX/459 nömrəli daşınma müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin ödəyəcəyi muzda əsasən və sifarişçinin hesabına beynəlxalq yük daşımalarını və yük daşınması ilə bağlı tərəflərin razılaşdırdığı digər xidmətləri yerinə yetirməyi və ya yerinə yetirilməsini təşkil etməyi öz üzərinə götürür. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən bu müqavilənin 6-cı bölməsinə uyğun olaraq icraçının xidmət haqqının ödənilməsini həyata keçirmək sifarişçinin öhdəliyidir. Müqavilənin 5.1-ci bəndinə əsasən xidmət göstərilməsi başa çatdıqda icraçı sifarişçiyə yerinə yetirilmiş işlərin hesabını təqdim edir. 6.1-ci bəndə əsasən icraçının bu müqavilə üzrə göstərdiyi xidmətlərin haqqı çatdırılma zamanı boşaltmadan öncə sifarişçi tərəfindən 100% ödənilir. İcraçının bu müqavilə üzrə xidmətlərinin tarifi tərəflərin yazılı razılaşması əsasında dəyişdirilir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən icraçının bu müqavilə üzrə göstərdiyi xidmətlərin haqqı sifarişçi bu müqavilənin 5.1-ci və 5.2-ci bəndlərində göstərilən sənədləri aldıqdan və hər iki tərəf göstərilmiş xidmətlərin aktını imzaladıqdan sonra 3 bank günü ərzində sifarişçi tərəfindən sifarişdə göstərilmiş həcmdə ödənilir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən müqavilə üzrə öhdəliklərinin icra olunmamasına və ya qeyri-müvafiq icra olunmasına görə tərəflər CMR Konvensiyasında, həmçinin bu Müqavilənin müddəalarında nəzərdə tutulmuş məsuliyyət daşıyır. İddiaçı tərəfindən cavabdehə invoyslar təqdim edilmiş, bir ildən artıq müddətin keçməsinə baxmayaraq invoysların ödənilməsi təmin edilməmişdir. Məsələ ilə bağlı daha öncə cavabdehə pretenziya məktubu təqdim edilmişdir. Qeyd olunan məktuba cavabdeh tərəfindən hər hansı bir münasibət bildirilməmiş və ödənişlər həyata keçirilməmişdir. İddiaçı tərəfindən cavabdehə invoyslar təqdim olunmuş, təqdim olunmuş invoyslar üzrə ümumilikdə 34.001,17 avro məbləğində xidmət haqqının ödənilməsi bu günədək cavabdeh tərəfindən təmin edilməmişdir. Bu səbəbdən, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Müqavilənin 7.4-cü maddəsinə görə vaxtında ödəniş edilməməsi halında sifarişçi öhdəliyin yaranma tarixindən etibarən 90 gün ərzində hər gecikdirilən günə görə daşıyıcıya olan borcunun 0,1%, ödənişin 90 gündən çox gecikdirilməsi halında isə 2% həcmində cərimə ödəməyi öhdəsinə götürür. Odur ki, müqavilə üzrə ən aşağı cərimə həddini tətbiq edərək, təqdim olunmuş sənədlərə əsasən ödənilməli olan № 19040032 invoys üzrə gecikdirilmiş 495 gün üzrə 2.886 avro, № 19070007 invoys üzrə 427 gün üzrə 2.874 avro, № 19040035 invoys üzrə gecikdirilmiş 412 gün üçün 2.576 avro, № 19090026 invoys üzrə gecikdirilmiş 357 gün üzrə 2.725 avro, № 19090027 invoys üzrə gecikdirilmiş 349 gün üçün 2.127 avro, № 19100039 invoys üzrə gecikdirilmiş 307 gün üçün 447 avro, ümumilikdə 13.635 avro cərimə hesablanmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı məhkəmədən İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 03 aprel 2019-cu il tarixli, AZTX/459 nömrəli daşıma müqaviləsi üzrə təqdim olunmuş invoyslara əsasən iddiaçıya ödənilməli olan 34.001,17 avro və hesablanmış 13.635 avro cərimə olmaqla, ümumilikdə 47.636.17 avro məbləğində vəsaitin cavabdehdən tutularaq, İddiaçı-ə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirdi ki, hüquqlarını müdafiə etdiyi şirkət tərəfindən ona iddia tələbinin sübutu kimi tərəflər arasında olan elektron yazışmalar təqdim olunub. Həmin yazışmalardan açıq aydın görünür ki, iddia etdikləri hesab fakturalar üzrə sifarişlər cavabdeh şirkətin əməkdaşları tərəfindən edilib, bütün yazışmalar cavabdeh şirkətə məxsus elektron poçt vasitəsilə həyata keçirilib. Bu yazışmalardan görünür ki, "AzTexnika LTD” MMC onu maraqlandıran sifarişlər barədə iddiaçıya məlumat verib, sifarişlərin yerinə yetirilməsi üçün ödəniləcək xidmət haqqı məbləğinin açıqlanmasını xahiş edib. İddiaçı ona elektron poçt vasitəsilə göndərilən sifarişi dəyərləndirdikdən sonra yekun məbləği cavabdeh şirkətin əməkdaşına təqdim edib. Cavabdeh şirkətin əməkdaşı həmin qiymətlə razı olduğunu bildirdikdən sonra sifariş iddiaçı tərəfindən həyata keçirilib. Mübahisə predmeti olan 6 sifarişi çıxmaq şərtilə əvvələr tərəflər arasında sağlam işgüzar münasibətlər olub, bu kimi xoşagəlməz hallar yaşanmayıb. Son 6 sifariş üzrə ödənişlərin həyata keçirilməməsi aşkar edildikdə, bu barədə cavabdeh şirkətə məlumat verilib, cavabdeh tərəf isə buna heç bir reaksiya verməyib. Məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi bildirib ki, "AzTexnika LTD” MMC-də rəhbər dəyişikliyi olub, yeni rəhbərlik özündən əvvəlki dövrdə olan əməliyyatlara şübhə ilə yanaşdığı üçün ödəniş etməkdən imtina ediblər. Cavabdeh şirkətin nümayəndəsi icraatı süni şəkildə uzatmaq üçün əhəmiyyətsiz və qeyri-ciddi iddialar səsləndirib. Nəhayət, bütün bu kimi “faktların” məhkəməyə təsir etməyəcəyini anlayıb ortaya yeni bir bəhanə atıblar. Belə ki, cavabdeh şirkətin nümayəndəsi bankdan məktub təqdim edərək bildirib ki, guya "AzTexnika LTD” MMC borcunu ödəmək istəsə də, işlərin görülməsi barədə təhvil-təslim aktı olmadığına görə bank bu əməliyyatdan imtina edib. Yəni, cavabdeh şirkət 6 hesab-faktura üzrə sifarişlərin icra olunduğunu qəbul etmiş, iddiaçı tərəfindən yerinə yetirilməli olan öhdəlikərin tam icra olunmasını mübahisələndirməmişdir. Əks halda, banka ödəniş üçün niyə müraciət etsin ki?! Bununla bağlı, Azərbaycan Respublikası Mərkəzi X3 28.11.2016-cı il tarixli, 45/1 saylı Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.2-ci bəndinə əsasən ödəniş idxal olunan xidmətlərin göstərilməsi ilə əlaqədar olduqda banka xidmətin göstərilməsi üzrə müqavilə və ya ödənişin təyinatını, məbləğini və xidmətlər barədə məlumatı özündə əks etdirən bildiriş, hesab-faktura və ya digər sənədlər, həmçinin xidmətlərin göstərilməsini təsdiq edən sənədlər (xidmətlərin qəbul edilməsini təsdiqləyən akt (nəqliyyat vasitələrinə respublikadan kənarda xidmətlərin göstərilməsinə dair hesab-faktura həmin xidmətlərin göstərildiyini təsdiq edən sənəd kimi çıxış edə bilər) və ya digər sənəd) təqdim edildikdə Azərbaycan Respublikasından kənara bank hesablarından xarici valyutada köçürmələr aparıla bilər. Bu, o deməkdir ki, cavabdeh şirkət banka xarici valyutada əməliyyatların aparılmaması üçün bilərəkdən tələb olunan sənədləri verməyib. Çünki, əvvəllər tərəflər arasında ödənişlərlə bağlı heç bir problem olmayıb, hətta bunu təsdiq edəcək sənədlər Almaniya bankından alınaraq məhkəməyə təqdim edilib. Həmin sənədə əsasən, "AzTexnika LTD” MMC tərəfindən iddiaçıya ödənilməli olan ödənişlər normal qaydada həyata keçirilib, tərəflər arasında sabit maliyyə dövriyyəsi olub – iş yerinə yetirilir və bunun müqabilində xidmət haqqı ödənilirdi. Cavabdeh şirkətdə rəhbər dəyişikliyi və yeni rəhbərliyin özündən əvvəlki dövrdə olan əməliyyatlara şübhə ilə yanaşmasına gəldikdə isə, Mülki Məcəllənin 87.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Cavabdeh şirkət məhdud məsuliyyətli cəmiyyətdir və bu, o deməkdir ki, yeni rəhbərlik özündən əvvəlki dövrdə olan əməliyyatlara şübhə ilə yanaşa bilər. Amma daşıma müqaviləsi MMC ilə bağlanıb və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məhz bu şirkət məsuliyyət daşıyır. Səmərəsiz və ya şübhəli əməliyyatlara görə MMCyə ziyan dəysə, belə faktlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır. Hazırkı mübahisədə isə tam əsassız olaraq hansısa şübhələr ucbatından icra olunmuş sifarişlərə görə ödənilməli olan pulun köçürülməməsi qəbul edilməzdir. Bundan başqa, cavabdeh şirkətin nümayəndəsi məhkəmə araşdırması zamanı sədrlik edən hakimin sifarişlər icra olunubmu sualına həmişə icra olunub cavabını vermiş, yalnız sonuncu iclasda dediyi sözlərdən imtina etdiyini bildirmişdir. Bu isə "AzTexnika LTD” MMC-nin bu prosesə barmaqarası baxması və ümumiyyətlə, məhkəməyə hörmətsizlik etməsi kimi deməkdir. Cavabdeh şirkətin nümayəndəsi prosesdə elektron poçt yazışmalarını sübut kimi qəbul etmədiyini səsləndirib. Görəsən, onda iddiaçı necə olub ki, cavabdeh şirkətə lazım olan malları çatdırıb? Deməli, tərəflər arasında kommunikasiya müasir üsul və vasitələrlə həyata keçirilib, daha sonra, “şirkətin əməkdaşlarının bu sifarişləri etməyə səlahiyyətlərinin olmaması” kimi bir fikir ortaya atılıb. Bütün yazışmalar "AzTexnika LTD” MMC-yə məxsus olan elektron poçt ünvanı vasitəsilə aparılıb. Yəni, əməkdaşlar şəxsi elektron poçt ünvanı vasitəsilə deyil, işəgötürən tərəfindən onlara açıq giriş (parol) verildiyi elektron poçt ünvanı vasitəsilə sifarişləri iddiaçıya göndəriblər. Ən əsası, iddia ərizəsində qeyd olunan 6 hesab-fakturada əks olunan məbləğlər cavabdeh şirkət ilə qabaqcadan, sifarişin yerinə yetirilməsindən əvvəl razılaşdırılıb. Belə ki, təqdim olunmuş elektron poçt yazışmalarında açıq-aşkar görünür ki, cavabdeh şirkətin əməkdaşı sifarişin yerinə yetiriləcək xidmət haqqı məbləği ilə maraqlanıb, həmin insana sifarişin daşınması üçün məbləğ və digər xərclər əlavə olunaraq yekun bir məbləğ təqdim olunub, bundan sonra cavabdeh şirkətin əməkdaşı bu məbləğ ilə razı olduqlarını bildirərək, sifarişin yerinə yetirilməsini tapşırıb. Qeyd olunan proseslər məhz bu ardıcıllıqda olub və təqdim olunan elektron poçt yazışmalarında tarix və vaxt ilə öz təsdiqini tapır. Bu formada iddiada qeyd olunan 6 hesab-faktura üzrə bütün danışıqlar olub, hər bir məbləğ barəsində cavabdeh şirkət öz razılığını bildirib. Ona görə də, məhkəmə iclasında nümayəndə tərəfindən bu məbləğlərin qəbul etməməsi və ya mübahisələndirilməsini yolverilməzdir. Göstərilənləri nəzərə alaraq, Vəkil kifayət qədər sübutlar təqdim edildiyini və təqdim olunmuş sübutlar əsasında qərar çıxarılaraq, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmədə cavabdeh "AzTexnika LTD” MMC-nin nümayəndəsi X2 izahat verərək bildirdi ki, onlar müqavilə üzrə daşımaların həyata keçirildiyini inkar etmirlər. Lakin onlar bilmək istəyirlər ki, daşımaları kim həyata keçirib, yəni, İddiaçı yaxud başqa şirkət? Bundan başqa, tərəflər arasında bağlanılmış müqavilədə qiymətlər razılaşdırılmayıb. Ona görə də, "AzTexnika LTD” MMC-nin rəhbərliyi bilmək istəyir ki, iddia tələbində göstərilən məbləğ hansı qiymətlər əsasında müəyyənləşdirilib. Nəhayət, ödəməni həyata keçirmək üçün iddiaçı tərəf qanunla tələb olunan sənədlərin əslini təqdim etmir ki, onlar ödəməni yerinə yetirsinlər. Təqdim olunan sənədlər orijinal yox, surətdir və saxtalaşdırılıb. Qarşı tərəfin axırıncı dəfə təqdim etdiyi sənədlərin surətini götürüb və həmin sənədləri rəhbərliyə göstərdikdə ona məlumat verilib ki, bu sənədlər "AzTexnika LTD” MMC-yə də daxil olub. Lakin sənədlər əsl yox, skan versiyadır. İş materialları işərisində olan sənədlərdə üç növ möhür var. Təqdim olunan CMR sənədlərinin birindəki möhür "AzTexnika LTD” MMC-nin indiki möhürü ilə eynilik təşkil edir. Bu möhür 2018-ci ildən bu günə qədər istifadə olunan, yeni rəhbərliyin dövründə yaradılan möhürdür. Bu məsələ ilə rəhbərlik maraqlandıqda, həmin möhürün əsl möhürün skan olunmuş versiyası olduğu deyilib. Həmin sənəd əsl olmadığı üçün qəbul edilə bilməz. Möhür proqramla işlənib sənədin üzərinə yerləşdirilmiş ola bilər. Digər CMR sənədinə isə "AzTexnika LTD” MMC-nin köhnə, yəni 2018-ci ildə ləğv edilmiş möhürü vurulub. Kserosurət olan həmin sənədin tarixi isə 2019-cu ilin iyul ayına təsadüf edir. Başqa bir sənəddəki möhürün ottiski "AzTexnika LTD” MMC-nin hal-hazırda istifadədə olan, legitim möhürün ottiski ilə bənzərliyə malikdir. Lakin sənədin əsli olmadığına görə ekspertizaya göndərib möhürlərin üst-üstə düşüb-dümədiyini müəyyənləşdirmək mümkün deyil. İş materiallarındakı sənədlərdən də görünür ki, məhkəməyə təqdim olunmuş həmin sənədlər də əsl deyil. Bundan əlavə, "AzTexnika LTD” MMC-nin əsl möhürü olan sənədin İddiaçınə aidiyyəti yoxdur. Həmin CMR sənədində İddiaçı malları daşıması, vasitəçilik etməsi və.s barədə heç bir qeyd yoxdur. O sənəd niyə sübut kimi məhkəməyə təqdim olunub, o da sual altındadır. Qarşı tərəfin təqdim etdiyi iş materiallarındakı sənədlər saxta sənədlərdir. Möhürlərin ottiski məsələsinə gəldikdə isə, sənədlər qeyri-qanuni pulların leqallaşdırılmasının, xaricə köçürülməsinin bir tərkib hissəsi olaraq saxtalaşdırılıb. Ona görə bu məsələlərə hüquqi qiymət verilib, müvafiq xüsusi qərardad çıxarmaqla prokurorluğa məlumat verilməlidir. "xxxx" MMC-də rəhbərlik dəyişdikdən sonra əsaslı yoxlamalar aparılıb. Yoxlamalar zamanı müəyyən olunub ki, xarici şirkətlərə ödənilən məbləğlər qanunsuz sənədlər əsasında həyata keçirilib. Bank həmin sənədlər əsasında ödəmə etmir. Məhkəmə prosesi gedişatında da təqdim olunan invoyslar "xxxx" MMC tərəfindən banka təqdim edilıb. Bank imtina məktubu göndərib ki, bu sənədlər əsasında ödəniş həyata keçirilə bilməz. Ona görə ödəniş həyata keçirilə bilməsi üçün bankın tələb etdiyi sənədlərin orijinalının təqdim olunması zərurəti yarandı. "xxxx" MMC-yə əgər sənədlərin əsli göndərilibsə, bu barədə qarşı tərəfdə sənəd olmalıdır. İddiaçı qeyri-leqal yolla Azərbaycandan valyuta çıxarmasına dair əsaslı şübhələr var. Bugünkü gündə İddiaçı "xxxx" MMC üçün mal daşımayıb, lakin pul istəyir. Ona görə ki, məhkəməyə təqdim edilmiş sənədlər əsl deyil, istinad edilən hallar sübut olunmur. Qarşı tərəf məhkəməyə aprel və sentyabr ayları arasında, 5 ay işərisində 3 fərqli möhür vurulmuş sənəd təqdim edib. Bəzi sənədlərdə isə kənarlaşmalar var, fotoşopla işlənilib. Əgər sənədlərin əslinin gətirilməsi mümkündürsə, gətirilsin. Onlar sübut etsinlər ki, İddiaçı "xxxx" MMC üçün mal daşıyıb. İnvoys birtərəfli aktdır. İnvoyslar CMR sənədləri əsasında verilir. CMR sənədləri saxtadırsa, invoyslar necə qəbul oluna bilər? Göstərilənləri nəzərə alaraq E.Cəfərov iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. İş materiallarında olan 03.04.2019-cu il tarixdə tərtib olunmuş 20190122 nömrəli “CMR” sənədinin rəngli kserosurətindən görünür ki, 27.03.2019-cu il tarixli, 541790 və 541790 nömrəli invoyslar əsasında “JCB Sales LTD” tərəfindən "xxxx" MMC üçün mallar göndərilmişdir. İş materiallarında olan 05.04.2019-cu il tarixdə tərtib olunmuş 20190122 nömrəli “CMR” sənədinin rəngli kserosurətindən görünür ki, 27.03.2019-cu il tarixli, 541790 və 541790 nömrəli invoyslar əsasında “JCB Sales LTD” tərəfindən "xxxx" MMC üçün mallar göndərilmişdir. İş materiallarında olan 10.06.2019-cu il tarixdə tərtib olunmuş 20190269 nömrəli “CMR” sənədinin rəngli kserosurətindən görünür ki, 22.05.2019-cu il tarixli, 553461 və 553462 nömrəli invoyslar əsasında “JCB Sales LTD” tərəfindən "xxxx" MMC üçün mallar göndərilmişdir. İş materiallarında olan 04.04.2019-cu il tarixdə tərtib olunmuş 20190310 nömrəli “CMR” sənədinin rəngli kserosurətindən görünür ki, 11.06.2019-cu il tarixli, 556893 və 556894 nömrəli invoyslar əsasında “JCB Sales LTD” tərəfindən "xxxx" MMC üçün mallar göndərilmişdir. İş materiallarında olan 31.08.2019-cu il tarixdə tərtib olunmuş 20190405_1 nömrəli “CMR” sənədinin rəngli kserosurətindən görünür ki, 31.07.2019-cu il tarixli, 567326 nömrəli invoys əsasında “JCB Sales LTD” tərəfindən "xxxx" MMC üçün mallar göndərilmişdir. İş materiallarında olan 10.09.2019-cu il tarixdə tərtib olunmuş 20190409_1 nömrəli “CMR” sənədinin rəngli kserosurətindən görünür ki, 28.08.2019-cu il tarixli, 570592 və 570593 nömrəli invoyslar əsasında “JCB Sales LTD” tərəfindən "xxxx" MMC üçün mallar göndərilmişdir. İş materiallarında olan 25.04.2019-cu il tarixli, 19040032 nömrəli hesab-fakturanın (invoysun) rəngli kserosurətindən görünür ki, İddiaçı tərəfindən həyata keçirilmiş daşınmalara görə 5.830 Avro məbləğində pulun ödənilməsi "xxxx" MMC-yə təklif olunmuşdur. İş materiallarında olan 02.07.2019-cu il tarixli, 19070007 nömrəli hesab-fakturanın (invoysun) rəngli kserosurətindən görünür ki, “İddiaçı tərəfindən həyata keçirilmiş daşınmalara görə 6.731 Avro məbləğində pulun ödənilməsi "xxxx" MMC-yə təklif olunmuşdur. İş materiallarında olan 22.07.2019-cu il tarixli, 19070035 nömrəli hesab-fakturanın (invoysun) rəngli kserosurətindən görünür ki, İddiaçı tərəfindən həyata keçirilmiş daşınmalara görə 6.254 məbləğində pulun ödənilməsi "xxxx" MMC-yə təklif olunmuşdur. İş materiallarında olan 10.09.2019-cu il tarixli, 19090026 nömrəli hesab-fakturanın (invoysun) rəngli kserosurətindən görünür ki, İddiaçı tərəfindən həyata keçirilmiş daşınmalara görə 7.632 Avro məbləğində pulun ödənilməsi "xxxx" MMC-yə təklif olunmuşdur. İş materiallarında olan 18.09.2019-cu il tarixli, 19090027 nömrəli hesab-fakturanın (invoysun) rəngli kserosurətindən görünür ki, İddiaçı tərəfindən həyata keçirilmiş daşınmalara görə 6.095 Avro məbləğində pulun ödənilməsi "xxxx" MMC-yə təklif olunmuşdur. İş materiallarında olan 30.10.2019-cu il tarixli, 19100039 nömrəli hesab-fakturanın (invoysun) rəngli kserosurətindən görünür kiİddiaçı tərəfindən həyata keçirilmiş daşınmalara görə 1.459,17 Avro məbləğində pulun ödənilməsi "xxxx" MMC-yə təklif olunmuşdur. İş materiallarında olan elektron poçt yazışmalarından görünür ki, 2019-cu ildə müxtəlif vaxtlarda "xxxx" MMC-nin Gömrük və Logistika üzrə Baş mütəxəssisi Sərxan Kərimov, digər əməkdaşı Arzu Aslanbəyov və. s ilə İddiaçı əməkdaşları Dana Jaroszewicz-Czesnowska, Jessica Mason və.s şəxslər arasında qiymətlər və daşınma barədə danışıqlar aparılmışdır. İş materiallarında olan 03.02.2021-ci il tarixli məktubdan görünür ki, “Lion Group” (İddiaçı) Şirkətinin 2019-cu il aprel-oktyabr aylarında göstərdiyi daşınma xidmətlərinə görə təqdim olunan təhvil-təslim aktlarına əsasən ödənişin aparılmasına dair "xxxx" MMC-nin 22 dekabr 2020-ci il tarixli AZT/X/478 nömrəli müraciət məktubuna cavab olaraq ”AFB BANK” ASC bildirmişdir ki, 34.021,17 EUR dəyərində yaranmış öhdəliyin dəyərinin ödənilməsi üçün banka təqdim olunan sənədlərdə təhvil-təslim aktlarının (25/04/2019 N:25, 02/07/2019 N:LP20190269, 18/09/2019 N:LP20190409, 10/09/2019 N:LP20190405, 30/10/2019 N:LP20190460, 22/07/2019 N:LP2********) imza və möhürlü olmadığından “xidmət göstərildikdən sonra dəyərin ödənişi” (payment) kimi icra etmək mümkün deyil. İş materiallarında olan 22.02.2018-ci il tarixli AZT001/05 nömrəli əmrin surətindən görünür ki, təsisçinin müvafiq qərarına əsasən "xxxx" MMC-nin yeni qanuni təmsilçisinin təyin edilməsi ilə əlaqədar təhvil-təslim zamanı müəyyən olunmuşdur ki, əvvəlki qanuni təmsilçi tərəfindən müəssisədə vizual görüntü ilə müşahidə olunan müxtəlif ottsikli möhürlər istifadə edilmişdir. "xxxx" MMC-nin bundan sonrakı fəaliyyətinin qanuna uyğunluğunu təmin etmək məqsədi ilə və vəzifə daşıyıcısının məsuliyyət dairəsini dəqiqləşdirməkdən ötrü müəssisədə yeni dizaynlı möhürün istifadəsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən, "xxxx" MMC-nin cari möhürünün 22 fevral 2018-ci il tarixdən istifadəsinin dayandırılması və yeni dizaynlı möhürün haırlanması üçün aidiyyəti quruma müraciət olunması əmr edilmişdir. İş materiallarında olan “Volksbank Spree-Neisse eG” tərəfindən verilən 15.06.2021-ci il tarixli ödəniş arayışın surətindən görünür ki, 01.06.2018-ci il, 13.06.2018-ci il, 04.08.2016-cı il, 29.08.2016-cı il tarixlərdə "xxxx" MMC tərəfindən İddiaçınə ödənişlər olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Həmin Məcəllənin 89.4-cü maddəsinə əsasən sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə cavabdeh "AzTexnika LTD” MMC arasında 03 aprel 2019-cu il tarixli, AZTX/459 nömrəli daşınma müqaviləsi bağlanmışdır. Müqavilə əsasında malların daşınması həyata keçirilmişdir. Lakin 6 hesabfaktura (invoys) üzrə ödənişlər həyata keçirilməmişdir. Əvvəlki məhkəmə iclaslarında cavabdehin nümayəndəsi malların daşınması faktını qəbul etmiş, lakin ödənişin həyata keçirilə bilməsi üçün iddiaçı tərəfindən cavabdehə lazımi sənədlərin əsllərinin təqdim olunmadığını, sonuncu iclaslarda isə "AzTexnika LTD” MMC üçün iddiaçı tərəfindən ümumiyyətlə sözügedən xidmətlərin göstərilməsi faktının olmadığını və təqdim olunan sənədlərin saxta olduğunu bildirmişdir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi də təqdim olunmuş sənədlərin rəngli kserosurət olduğunu etiraf etmişdir. Bundan başqa, göstərilən xidmətlərlə bağlı tərəflər arasında müqavilədə və ya hər hansı rəsmi sənəddə qiymətlər haqqında rəsmi razılaşma olmamış, məhkəməyə bununla bağlı işçilər arasında olan elektron poçt yazışmaları təqdim olunmuşdur. Cavabdehin nümayəndəsi isə həmin elektron poçt yazışmalarını mötəbər hesab etmədiklərini, həmin işçilərin qiymətlərlə bağlı danışıqlar aparmaq səlahiyyətinin olmadığını bildirmişdir. Eyni zamanda, məhkəməyə iddiaçının nümayəndəsi tərəfindən CMR sənədlərinin surətləri təqdim olunmuşdur ki, onların da bəzilərində "AzTexnika LTD” MMC-nin ya ümumiyyətlə möhürü yoxdur, ya da həmin dövr üçün dövriyyədə olmayan möhürdən istifadə olunmuşdur. Hesab-fakturaların (invoysların) isə cavabdehə təqdim olunması barədə məhkəməyə sübut tədim olunmamışdır. İş materiallarında olan İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 03 aprel 2019-cu il tarixli, AZTX/459 nömrəli daşınma müqaviləsindən görünür ki, icraçının bu müqavilə üzrə xidmətlərinin tarifi tərəflərin yazılı razılaşması əsasında dəyişdirilir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən icraçının bu müqavilə üzrə göstərdiyi xidmətlərin haqqı sifarişçi bu müqavilənin 5.1-ci və 5.2-ci bəndlərində göstərilən sənədləri aldıqdan və hər iki tərəf göstərilmiş xidmətlərin aktını imzaladıqdan sonra 3 bank günü ərzində sifarişçi tərəfindən sifarişdə göstərilmiş həcmdə ödənilir. İş materiallarında olan LP20190460 №-li təsdiq aktından görünür ki, həmin aktda 03.04.2019-ci il tarixli və AZTX/459 nömrəli daşınma müqaviləsinə uyğun olaraq tərəflərin ekspeditorun öhdəliklərini lazımi şəkildə yerinə yetirməsi, ekspeditor tərəfindən göstərilən nəqliyyat-ekspedisiya xidmətlərinin keyfiyyətinin müvafiq razılaşma şərtlərinə cavab verdiyi və müştərinin ekspeditora etirazının olmaması barədə razılığa gəlməsi nəzərdə tutulmuş, lakin akt İddiaçı nümayəndəsi tərəfindən imza və möhürlə təsdiqlənsə də, "xxxx" MMC tərəfindən təsdiq olunmamışdır. Tərəflər arasında bağlanılmış 03 aprel 2019-cu il tarixli, AZTX/459 nömrəli daşınma müqaviləsində həyata keçirilən daşımaların qiymətləri müəyyən edilməyib. İddiaçı tərəfin bildirdiyinə görə tərəflər arasında əvvəllər ödənişlərlə bağlı heç bir problem olmayıb, hətta bunu təsdiq edəcək sənədlər Almaniya bankından alınaraq məhkəməyə təqdim edilib. Həmin sənədə əsasən, "xxxx" MMC tərəfindən iddiaçıya ödənilməli olan ödənişlər normal qaydada həyata keçirilib, tərəflər arasında sabit maliyyə dövriyyəsi olub – iş yerinə yetirilib və bunun müqabilində xidmət haqqı ödənilib. Qiymətlər tərəflər arasında artıq mövcud olan təcrübəyə əsasən hər iki şirkətin əməkdaşları arasında elektron poçt yazışmaları qaydasında razılaşdırılıb. Cavabdehin nümayəndəsi isə "xxxx" MMC-nin rəhbərliyi tərəfindən hər-hansı əməkdaşa daşımaların qiymətlərini müəyyən etmək səlahiyyəti verilmədiyini bildirmişdir. Eyni zamanda, cavabdehin nümayəndəsi ödəmələri yerinə yetirmək üçün daşımaların həyata keçirildiyini təsdiq edən sənədlərin əslinin təqdim olunmasının zəruri olduğunu bildirmiş və İddiaçı tərəfindən həmin sənədlərin əsli təqdim olunmadığı üçün ödənişlər etməyin qeyri-mümkün olduğu qeyd edilmişdir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edərək qeyd edir ki, tərəflər arasında daşıma müqaviləsinin mövcudluğu və həmin müqavilə əsasında daşımaların həyata keçirildiyi təsdiq olunsa da, daşımalarla bağlı qiymətlərin razılaşdırılmasına dair iddiaçı tərəfindən zəruri mötəbər sübutlar təqdim olunmamışdır. İddiaçı tərəf həmin qiymət razılaşmalarının tərəflər arasında artıq mövcud olan təcrübəyə əsasən hər iki şirkətin əməkdaşları arasında elektron poçt yazışmaları qaydasında həyata keçirildiyini bildirmiş, cavabdeh tərəf isə bu arqumenti qəbul etməyərək, "xxxx" MMC-nin rəhbərliyi tərəfindən hər-hansı əməkdaşa daşımaların qiymətlərini müəyyən etmək səlahiyyəti verilmədiyini qeyd etmişdir. Bununla bağlı məhkəməyə digər sübut təqdim edilməmişdir. Tərəflər arasında bağlanılmış 03 aprel 2019-cu il tarixli, AZTX/459 nömrəli daşınma müqaviləsinə uyğun həyata keçirilmiş daşımalara dair LP20190460 №-li təsdiq aktından görünür ki, həmin aktda tərəflərin ekspeditorun öhdəliklərini lazımi şəkildə yerinə yetirməsi, ekspeditor tərəfindən göstərilən nəqliyyat-ekspedisiya xidmətlərinin keyfiyyətinin müvafiq razılaşma şərtlərinə cavab verdiyi və müştərinin ekspeditora etirazının olmaması barədə razılığa gəlməsi nəzərdə tutulmuş, lakin akt İddiaçı nümayəndəsi tərəfindən imza və möhürlə təsdiqlənsə də, "xxxx" MMC tərəfindən təsdiq olunmamışdır. Bundan başqa, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi hesab-fakturalar (invoyslar), CMR sənədlər əsil deyil, kserosurətdir. Həmin sənədlərə vurulmuş möhürlər isə fərqlidir. Cvabadeh tərəf həmin sənədləri mübahisələndirmiş, sənədlərin və möhürlərin saxtalaşdırıldığını bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Bu, o deməkdir ki, məhkəmə kserosurət formasında təqdim edilmiş sənədlərə sübut kimi qiymət verə bilməz. İş materiallarından görünür ki, “Lion Group” (İddiaçı) Şirkətinin 2019-cu il apreloktyabr aylarında göstərdiyi daşınma xidmətlərinə görə təqdim olunan təhvil-təslim aktlarına əsasən ödənişin aparılması üçün "xxxx" MMC 22 dekabr 2020-ci il tarixli AZT/X/478 nömrəli məktubla ”AFB BANK” ASC-yə müraciət etmiş, Bank isə cavabında bildirmişdir ki, 34.021,17 EUR dəyərində yaranmış öhdəliyin dəyərinin ödənilməsi üçün banka təqdim olunan sənədlərdə təhvil-təslim aktlarının (25/04/2019 N:25, 02/07/2019 N:LP20190269, 18/09/2019 N:LP20190409, 10/09/2019 N:LP20190405, 30/10/2019 N:LP20190460, 22/07/2019 N:LP2********) imza və möhürlü olmadığından “xidmət göstərildikdən sonra dəyərin ödənişi” (payment) kimi icra etmək mümkün deyil. Məhkəmə prosesinin gedişində də cavabdehin nümayəndəsi, eləcə də məhkəmə iddiaçı tərəfə ödənişi həyata keçirmək üçün tələb ounan sənədlərin əslinin təqdim olunmasını təklif etmiş, lakin zəruri sənədlərin əsilləri təqdim olunmamışdır. Beləliklə, iddiaçı tərəf müqavilə üzrə həyata keçirilmiş daşımalarla bağlı qiymətlərin necə müəyyən olunmasına, iddia tələbində göstərilən məbləğin necə formalaşmasına dair mötəbər sübutlar təqdim etməmiş və bununla da, həmin xüsusatlara dair istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilməmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halında hüquqi qiymət verərək, belə hesab edir ki, tərəflər arasında bağlanılmış daşıma müqaviləsinə əsasən həyata keçirilmiş daşımalar üzrə ödənişlərlə bağlı qiymətlərin razılaşdırılmasına dair mötəbər sübutlar təqdim edilmədiyinə, eləcə də daşımaları təsdiq edən sənədlərin əsli təqdim olunmadığına və təqdim olunmuş kserosurətlər sübut kimi qəbul edilə bilmədiyinə görə iddia əsassız sayılaraq təmin olunmamalıdır. İddiaçı tərəfindən təqdim olunmuş sənədlərin saxtalaşdırılması ilə bağlı cavabdehin nümayəndəsinin xüsusi qərardad çıxarılmasına dair şifahi xahişinə münasibətdə məhkəmə qeyd edir ki, sözügedən sənədlərin və həmin sənədlərdəki möhürlərin saxta olub-olmadığını müəyyən etmək müvafiq ekspertizanın səlahiyyətinə aid olduğu üçün və sənədlərin əsilləri təqdim edilmədiyinə görə ekspertiza keçirilməsinin mümkün olmanası səbəbindən xüsusi qərardad çıxarmağa əsaslar mövcud deyil. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "AzTexnika LTD” MMC-yə qarşı “daşıma müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №e-2-2(119)-43/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-43/2021
27.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver