Məhkəmə qərarları › İş №e-2-2(119)-43/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-43/2023

10.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-43/2023 10.02.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Hüseynzadə Elsevər İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi Ağakişiyev Yaşar Çingiz oğlunun, Cavabdeh nümayəndəsi Nəzirov Elşad Adil oğlunun iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 11 oktyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 noyabr 2020-ci il tarixli P0001/2020 nömrəli Alqı-satqı müqaviləsi əsasında yaranmış 137088,20 (yüz otuz yeddi min səksən səkkkiz manat 20 qəpik) manat (ƏDV daxil) əsas borc və hesablanmış 1000 (min) manat dəbbə pulu olmaqla, cəmi 138088,20 (yüz otuz səkkiz min səksən səkkkiz manat 20 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, 11 noyabr 2020-ci il tarixində satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında P0001/2020 nömrəli “Alqı-satqı” müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC, yəni Satıcı bu müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi sayılan “Qiymət razılaşma” protokolunda göstərilən Malları Cavabdeh MMC-yə, yəni Alıcıya sataraq onun mülkiyyətinə verməyi, Alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müvafiq müqavilənin “Ödəniş şərtləri” başlıqlı 6-cı bəndinə əsasən Alıcı bu müqavilə üzrə satılan mallara görə Satıcıya Müqaviləyə əlavə edilmiş X1 uyğun olaraq və qaimə-faktura ilə nəzərdə tutulmuş malların 100% dəyərinin ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Həmin bəndin 2-ci hissəsində göstərilir ki, Qiymətlərin razılaşma protokolunda müəyyənləşdirilmiş məbləğ “Alıcı” tərəfindən bu müqavilənin şərtlərinə uyğun olaraq birdəfəlik olaraq qabaqcadan nağdsız bank köçürməsi şəkildə “Satıcı”ya ödəməlidir. Bu bənddə göstərilmiş qaydada malların tam dəyəri ödənilmədikdə, “Satıcı” onun ödənilməsini “Alıcı”dan tələb etməyə haqlıdır. 11 noyabr 2020-ci il tarixli P0001/2020 nömrəli müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən elektronqaimələr əsasında elektron-qaimələrdə əks olunmuş cəmi 149742,32 (yüz qırx doqquz min yeddi yüz qırx iki manat 32 qəpik) manat dəyərində mallar Satıcı tərəfindən Alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı Cavabdeh MMC cəmi 12654,12 manat (10723,83 manat əsas məbləğ + 1930,29 manat ƏDV) ödəniş etmiş olsa da, ƏDV daxil cəmi 137088,20 (yüz otuz yeddi min səksən səkkkiz manat 20 qəpik) manat məbləğində malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, Alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq satıcı İddiaçı MMC-yə ödəməmişdir. Mübahisələrin həlli ilə bağlı müddəaları nəzərdə tutan Müqavilənin 7-ci bəndinin “Tərəflər müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri və fikir ayrılıqlarını mümkün olduğu təqdirdə danışıqlar yolu ilə həll edirlər” tələbinə əsasən müqavilənin ödənişlə bağlı hissəsinin icra edilməməsinə görə dəfələrlə danışıqlar aparılmasına və pretenziya məktubu göndərilməsinə baxmayaraq, yuxarıda qeyd edilən ümumilikdə ƏDV daxil cəmi 137088,20 manat məbləğində əsas borcun ödənilməsi barədə cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Alıcı Cavabdeh MMC P0001/2020 nömrəli “alqı-satqı” müqaviləsi üzrə ödəniş öhdəliklərini yerinə yetirməməklə Mülki Məcəllənin tələblərini kobud şəkildə pozmuşdur. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən ödənişlər yerinə yetirilməmiş və məhkəməyə müraciət olunmamışdan əvvəl bu mübahisə ilə əlaqədar mediasiya prosesinin təşkil olunmasına baxmayaraq, mediasiya vasitəsi ilə də mübahisənin həll edilməsi mümkün olmamışdır. Ödənişi vaxtında etmədiyinə görə həm mövcud qanunvericiliyin, həm də tərəflərin razılaşdıqları şərtləri özündə əks etdirən Müqavilənin dəbbə pulu ilə əlaqəli olan 9.4-cü bəndi nəzərə alınmaqla, 1000 (min) manat dəbbə pulu da Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödənilməlidir. Tərəflər müqavilənin 7.2-ci bəndində bu müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələrin Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilməsini razılaşdırmışlar. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və tərəflər arasında bağlanmış 11 noyabr 2020-ci il tarixli “Alqı-satqı” müqaviləsi əsasında yaranmış 137088,20 manat məbləğində əsas borc və 1000 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 138088,20 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etdiyini və iddia tələbində tələb olunan 137088,20 manat məbləğində əsas borcun və 1000 manat məbləğində dəbbə pulunun Cavabdehndən İddiaçı xeyrinə tutulmasına etiraz etmədiyini, tərəflər arasında bağlanmış 11 noyabr 2020-ci il tarixli “Alqı-satqı” müqaviləsi əsasında yaranmış 137088,20 manat məbləğində borcun ödənilməsinin cavabdeh MMCnin hesabında pul olmaması səbəbindən gecikdirildiyini və hesaba pul daxil olan kimi borcun ödəniləcəyini bildirdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 11 noyabr 2020-ci il tarixli P0001/2020 nömrəli Alqısatqı Müqaviləsinin şərtlərinə görə, "Satıcı” bu Müqaviləyə əlavə edilmiş Qiymətlərin razılaşma protokolunda göstərilən malları (bundan sonra "Mal”) "Alıcı"ya satmağı («Alıcı»nın mülkiyyətinə verməyi) "Alıcı" isə həmin Malı qəbul etməyi və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini "Satıcı”ya tam və vaxtında ödəməyi öz öhdəsinə götürür (1-ci bənd). Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, “Satıcı” Müqaviləyə uyğun olaraq “Alıcı” tərəfindən ilkin ödəniş həyata keçirildikdən sonra 3 (üç) iş günü ərzində Malı “Alıcı’ya təhvil verməyi öhdəsinə götürür. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə satılan mallara görə «Alıcı» «Satıcı”ya Müqaviləyə əlavə edilmiş X1 uyğun olaraq və qaimə-faktura ilə nəzərdə tutulmuş malların 100% dəyərinin ödənilməsini təmin etməlidir. Həmin Müqavilənin 9.4-cü bəndinə əsasən, malın məbləğinin vaxtında ödənilməməsi təqdirdə "Alıcı” "Satıcı"ya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0,1%-i miqdarında (lakin Malın dəyərinin 10%- dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. İş materialları ilə müəyyən olunur ki, 11 noyabr 2020-ci il tarixli P0001/2020 nömrəli Alqı-satqı Müqaviləsi əsasında satıcı "xxxx" MMC tərəfindən alıcı "xxxx" MMC-yə 30 aprel 2021-ci il tarixli EBBB 031817 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 12654,1 manat dəyərində, 10 iyun 2021-ci il tarixli EBBD 117029 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 17079,17 manat dəyərində, 24 iyun 2021-ci il tarixli EBBD 762434 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 5403,24 manat dəyərində, 17 avqust 2021-ci il tarixli EBBG 551276 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 5655,54 manat dəyərində, 20 sentyabr 2021-ci il tarixli EBBJ 431598 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 5117,65 manat dəyərində, 22 sentyabr 2021-ci il tarixli EBBJ 560453 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 1076,02 manat dəyərində, 30 sentyabr 2021-ci il tarixli EBBK 023928 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 9014,73 manat dəyərində, 15 oktyabr 2021-ci il tarixli EBBK 823015 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 3740,11 manat dəyərində, 29 oktyabr 2021-ci il tarixli EBBL 559498 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 4550,22 manat dəyərində, 29 noyabr 2021-ci il tarixli EBBN 154991 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 46743,13 manat dəyərində, 01 dekabr 2021-ci il tarixli EBBN 366217 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 6677,64 manat dəyərində, 06 dekabr 2021-ci il tarixli EBBN 632363 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 7347,52 manat dəyərində, 06 dekabr 2021-ci il tarixli EBBN 632740 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 6424,46 manat dəyərində, 17 yanvar 2022-ci il tarixli EBBO 805528 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 17327,06 manat dəyərində və 10 mart 2022-ci il tarixli EBBS 684882 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 931,73 manat dəyərində olmaqla, ümumilikdə ƏDV daxil cəmi 149742,32 (yüz qırx doqquz min yeddi yüz qırx iki manat 32 qəpik) manat dəyərində müxtəlif məhsulların satılması ilə əlaqədar yuxarıda qeyd olunan elektron qaimələr təqdim olunmuşdur. İş materiallarında olan 19 sentyabr 2022-ci il tarixli Maliyyə Arayışı ilə müəyyən olunur ki, 11 noyabr 2020-ci il tarixli P0001/2020 nömrəli Alqı-satqı Müqaviləsinə əsasən ümumilikdə satılmış 149742,32 (yüz qırx doqquz min yeddi yüz qırx iki manat 32 qəpik) manat məbləğində (ƏDV daxil) borcdan 12654,12 (on iki min altı yüz əlli dörd manat 12 qəpik) manat məbləğində ödəniş edilmişdir. Ona görə də, alıcı Cavabdeh 19 sentyabr 2022-ci il tarixinə satıcı İddiaçınə 137088,20 (yüz otuz yeddi min səksən səkkiz manat 20 qəpik) manat məbləğində ödənilməmiş əsas borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin konkret halları ilə müəyyən olunur ki, 11 noyabr 2020-ci il tarixli P0001/2020 nömrəli Alqı-satqı Müqaviləsi üzrə almış olduğu mallara görə 137088,20 (yüz otuz yeddi min səksən səkkiz manat 20 qəpik) manat məbləğində əsas borc alıcı Cavabdeh tərəfindən satıcı İddiaçınə ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində “ödənilməmiş 137088,20 (yüz otuz yeddi min səksən səkkiz manat 20 qəpik) manat məbləğində əsas borcun və 1000 (min) manat məbləğində dəbbə pulunun Cavabdehndən tutulması” xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar Cavabdehnə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə mübahisənin mediasiya qaydasında həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC ilə bağlanmış 11 noyabr 2020-ci il tarixli P0001/2020 nömrəli Alqı-satqı müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin Müqavilə üzrə ödənilməmiş 137088,2 (yüz otuz yeddi min səksən səkkiz manat 20 qəpik) manat məbləğində əsas borcun və 1000 (min) manat məbləğində dəbbə pulunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və İddiaçı xeyrinə Cavabdehndən 137088,2 manat məbləğində əsas borc və 1000 manat məbləğində dəbbə pulu tutulmalıdır. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman Dövlət Büdcəsinə ödəmiş olduğu 130 (yüz otuz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir. Həmçinin, hazırkı iddia tələbi üzrə ümumilikdə hesablanan 428,09 (dörd yüz iyirmi səkkiz manat 09 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 298,09 (iki yüz doxsan səkkiz manat 09 qəpik) manat (428,09 manat – 130 manat = 298,09 manat) məbləğində pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi Cavabdehndən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100000 manatdan ******* manatadək olduqda, 390 manat + 100000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 137088,2 (yüz otuz yeddi min səksən səkkiz manat 20 qəpik) manat məbləğində əsas borc, 1000 (min) manat məbləğində dəbbə pulu və 130 (yüz otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 138218,2 (yüz otuz səkkiz min iki yüz on səkkiz manat 20 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdehndən dövlət rüsumunun qalığı kimi 298,09 (iki yüz doxsan səkkiz manat 09 qəpik) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar