Məhkəmə qərarları › İş №e-2-2(119)-438/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-438/2020

30.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-438/2020 30.06.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, İddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdeh “Azərbaycan Karton Qutu və Qablaşdırma Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsini nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdeh “Azərbaycan Karton Qutu və Qablaşdırma Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azərbaycan Karton Qutu və Qablaşdırma Fabriki” Məhdud Məsuliyətli Cəmiyyətindən xx xxxxxx 2018-ci il tarixli “Alqı-satqı müqaviləsi” üzrə ödənilməmiş 10000 (on min) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kiçik mübahisələr üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdeh “Azərbaycan Karton Qutu və Qablaşdırma Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “xx xxxxxx 2018-ci il tarixli “Alqı-satqı müqaviləsi” üzrə ödənilməmiş 10000 (on min) manat məbləğində borcun tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olduğu halda işlərə sadələşdirilmiş qaydada baxıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Eləcə də, iddia ərizəsinin cavabdeh “Azərbaycan Karton Qutu və Qablaşdırma Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən alınmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilərək elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmamışdır. Halbuki, Mülki-Prosessual Məcəllənin tələblərinə görə kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən iddia ərizəsinin surətini cavabdehə çatdırmalı və bununla bağlı müvafiq sənədi iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin tələblərinə görə kiçik mübahisələr üzrə iddia ərizəsi məhkəməyə ümumi qaydada verilir (maddə 284-3.1) və ərizədə iddiaçının tələbi və onun əsaslandığı hallar (maddə 284-3.2.3); tələbin əsaslığını təsdiq edən sənədlər (maddə 284-3.2.4) göstərilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.1.2-ci maddəsinə əsasən, verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə - məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinin tələblərinə görə ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264 və 284-1 - 284-4-cü maddələrini rəhbər tutub, Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdeh “Azərbaycan Karton Qutu və Qablaşdırma Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddiaçıya izah olunsun ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinin qəbul edilməsindən imtina olunması - iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar