Məhkəmə qərarları › İş №e-2-2(119)-438/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-438/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-438/2021 01.03.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, İddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı xx xxxxxx 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar İddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin Cavabdeh tərəfindən alınmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilərək, elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmamışdır. Halbuki, Mülki-Prosessual Məcəllənin tələblərinə görə kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən iddia ərizəsinin surətini cavabdehə çatdırmalı və bununla bağlı müvafiq sənədi (sübutu) iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Eləcə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı - iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl mübahisəni məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət etməlidir. Çünki, iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim olunmuş (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilmiş) sənədlərlə müəyyən olunur ki, xx xxxxxx 2019-cu il tarixli pretenziya məktubunun cavabdehə təxminən 2 il əvvəl göndərilməsi (həmin məktub cavabdeh tərəfindən xx xxxxxx 2019-cu ildə alınmışdır) - hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən mübahisənin məhkəməyə qədər nizama salınması qaydasına riayət edilmədiyini göstərir. Yəni, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunanadək xx xxxxxx 2019-cu il tarixli “Pretenziya” məktubunun cavabdeh tərəfindən xx xxxxxx 2019-cu ildə alınması qanunvericiliyin tələblərinə müvafiq olaraq pretenziya qaydalarına əməl edilməsi kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa - mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Həmin Məcəllənin 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmçinin, hazırkı iddia ərizəsini “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirmiş şəxsin nəzərinə çatdırılır ki, sənədlərin elektron təqdim edilməsi zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının xx xxxx 2019-cu il tarixli “17-N” nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının, habelə “Elektron Məhkəmə” İnformasiya Sistemi üzrə tətbiq edilən “Proses iştirakçısının Elektron kabinetindən istifadə qaydaları”nın tələblərinə də əməl olunmalıdır. Belə ki, həmin Qaydalara əsasən ərizəyə əlavə olunmuş sənədlər məhkəməyə fotoşəkil (.jpg) formatında deyil, elektron sənəd (.pdf, .adoc, .edoc) formatında təqdim olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə kiçik mübahisələr üzrə iddia ərizəsi məhkəməyə ümumi qaydada verilir (maddə 284-3.1) və ərizədə iddiaçının tələbi və onun əsaslandığı hallar (maddə 284-3.2.3) və tələbin əsaslığını təsdiq edən sənədlər (maddə 284-3.2.4) göstərilir. Həmin Məcəllənin 284-4.1-ci maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa (maddə 284-4.1.3) və yaxud, ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa (maddə 284-4.1.4) - məhkəmə, kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar verilmiş iddia ərizəsinin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinin tələblərinə görə ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264 və 284-1 - 284-4-cü maddələrini rəhbər tutub, QƏRARA A L D İ: İddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddiaçıya izah olunsun ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar