Məhkəmə qərarları › İş №e-2-2(119)-439/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-439/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-439/2020 14.10.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsiilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh MMC arasında xx.xx.2017-ci il tarixli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” 12/17 №li müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC (icraçı) Cavabdeh MMC-nin (sifarişçinin) sifarişi əsasında ona məxsus yükləri daşımaqla xidmətlər göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Lakin İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, Cavabdeh MMC xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən öhdəliyin icrası ilə bağlı heç bir hərəkət edilməmişdir. Göstərilən xidmətlər müqabilində yaranan ümumilikdə 18.855 (on səkkiz min səkkiz yüz əlli beş) manat məbləğində borc cavabdeh tərəfindən ödənilməmişdir. Bundan əlavə, müqavilənin 8.3-cü bəndinə əsasən sifarişçi tərəfindən ödənişdə gecikmə olarsa, hər gecikmə günü üçün ümumi dəyərin 1 (bir) % əlavə məbləğ hesablanması nəzərdə tutulmuşdur. Müqavilənin həmin bəndinə əsasən 131.985 (yüz otuz bir min doqquz yüz səksən beş) manat cərimə hesablanmışdır. Lakin bundan sonra cavabdehdən dəfələrlə borc məbləğinin tələb edilməsinə baxmayaraq, qeyd edilən pul şirkətə ödənilməmişdir. Həmçinin, bu günədək cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək, iddiaçıya məxsus 18.855 manat məbləğində pulu özündə saxlamış və ondan faydalanmışdır. Qeyd edilən vəsait iddiaçıda qalsa, o, bu vəsaitdən xeyli miqdarda gəlir əldə edə bilərdi. Cavabdehin bu cür qanunsuz hərəkətləri nəticəsində iddiaçı 5000 (beş min) manat məbləğində gəlirindən məhrum olmuşdur. İddiaçı hesab edir ki, qeyd edilən məbləğ də cavabdehdən əldən çıxmış fayda haqqı kimi tutulmalıdır.Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin tələblərinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsiniəsas götürməklə ödəyə bilər. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən Cavabdeh MMC-dən 18.855 (on səkkiz min səkkiz yüz əlli beş) manat məbləğində əsas borcun, 131.985 (yüz otuz bir min doqquz yüz səksən beş) manat məbləğində cərimə-dəbbə pulunun, 5000 (beş min) manat əldən çıxmış fayda haqqının, 7.25 % məbləğində hesablanmaqla 1366 (min üç yüz altmış altı) manat məbləğində bank uçot dərəcəsinin və 31 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili S.Hüseynzadə izahat verərək bildirdi ki, cavabdeh tərəfindən öhdəliyinin yerinə yetirilməməsi nəticəsində maddi ziyan vurulması və digər qanunsuzluqlar barədə İddiaçı MMC-nin müraciəti əsasında Nəsimi RPİ-nin 19-cu PŞ tərəfindən aparılan araşdırma zamanı Cavabdeh MMC-nin rəhbəri X3 öz izahatında İddiaçı MMC-yə 18.850 manat borcunun olduğunu etiraf edib. Bu, cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarda öz əksini tapıb. Sonda o, digər zəruri sübutların da təqdim edildiyini vurğulayaraq, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə gəlmiş tərəfin izahatını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” 12/17 №-li müqavilədən görünür ki, icraçı İddiaçı MMC sifarişçi Cavabdeh MMC-nin sifarişi əsasında ona məxsus yükləri daşımaqla xidmətlər göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür. İş materiallarında olan pretenziya məktubundan görünür ki, Cavabdeh MMC 5 iş günü müddətində 18.855 manat məbləğində borcunu İddiaçı MMC-yə ödəməli olduğu, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 057056 №-li, xx.xx.2018-ci il tarixli, 868563 №-li, xx.xx.2018-ci il tarixli, 602708 №-li, xx.xx.2018-ci il tarixli, 319489 №-li, xx.xx.2018-ci il tarixli, 977642 №-li, xx.xx.2018-ci il tarixli, 689395 №-li, xx.xx.2018-ci il tarixli, 374494 №-li elektron qaimələrdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 22.838 manat dəyərində yükdaşıma xidmətləri göstərilmişdir. İş materiallarında olan “Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında” xx.xx.2017ci il tarixli, 05 №-li, xx.xx.2017-ci il tarixli, 02 №-li, xx.xx.2017-ci il tarixli, 03 №-li, xx.xx.2017-ci il tarixli, 04 №-li, xx.xx.2018-ci il tarixli, 01 №-li, xx.xx.2018-ci il tarixli, 000276 №-li, xx.xx.2018-ci il tarixli, 02 №-li, xx.xx.2018-ci il tarixli, 000613 №-li, xx.xx.2018-ci il tarixli, 000917 №-li, aktlarda Cavabdeh” MMC-nin İddiaçı MMC-yə 23.160 manat məbləğində borcunun olduğu öz əksini tapmışdır. İş materiallarında olan “Cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh MMC tərəfindən öhdəliyini yerinə yetirilməməsi nəticəsində maddi ziyan vurulması və digər qanunsuzluqlar barədə İddiaçı MMC-nin müraciəti əsasında Nəsimi RPİ-nin 19-cu PŞ tərəfindən aparılan araşdırma zamanı Cavabdeh MMC-nin rəhbəri X3 öz izahatında İddiaçı MMC-yə 18.850 manat borcunun olduğunu etiraf etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli, e-2-2(119)-439/2020 №-li iddianı təmin etmə tədbiri haqqında qərardadından cavabdeh tərəfindən verilmiş şikayətdən görünür ki, Cavabdeh MMC-nin rəhbəri E.Əliyev iddiaçıya təxminən 18.000 manat borcunun olduğunu etiraf etmişdir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh MMC yükdaşıma müqaviləsi əsasında İddiaçı MMC-nin göstərdiyi xidmətlərdən istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda, eyni zamanda, həmin müqavilə əsasında ona göstərilmiş xidmətlərin məbləğini iddiaçıya ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin iddiaçı müqavilə əsasında müvafiq xidmətləri göstərmiş, cavabdeh isə öz vəzifəsini tam icra etməyərək, göstərilmiş xidmətlərin dəyərini ödəməmişdir. Buna görə də, iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 386.1-ci maddəyə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəyə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1.-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçının göstərdiyi yükdaşıma xidmətlərindən istifadə etmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna görə də, İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 18.855 (on səkkiz min səkkiz yüz əlli beş) manat məbləğində əsas borcun, 131.985 (yüz otuz bir min doqquz yüz səksən beş) manat məbləğində cərimə-dəbbə pulunun, 5000 (beş min) manat əldən çıxmış fayda haqqının, 7.25 % məbləğində hesablanmaqla 1.366 (min üç yüz altmış altı) manat məbləğində bank uçot dərəcəsinin və 31 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb olunan əsas borc məbləği iş materialları ilə, o cümlədən “Cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qərarda və məhkəmənin xx.xx.2020-ci il tarixli iddianı təmin etmə tədbiri haqqında qərardadından cavabdeh tərəfindən verilmiş şikayətdəki etiraflarla öz təsdiqini tapır. Buna görə də, iddia əsas borc tələb olunan hissədə təmin olunmalıdır. Əldən çıxmış fayda haqqının tutulması ilə bağlı isə iddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Buna görə də iddia həmin hissədə təmin olunmamalıdır. Məhkəmə hesab edir ki, əsas borc 18.855 manat təşkil etdiyi halda, 131.985 manat cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 1500 manata qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmin məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 449.3-ci maddəsinə görə əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia əsas borc tələbinə dair hissədə əsaslı olduğu üçün tam təmin olunmalı, cərimə tələbinə və bank uçot dərəcəsinə dair hissədə isə qismən əsaslı olduğu üçün 1500 manat məbləğində cərimə və məhkəmə qətnaməsi çıxarılan gün üçün bank uçot dərəcəsini (6,5%) əsas götürməklə (18.855 x 6,5%=1225) 1225 manat məbləğdə faiz borcu tutulmalı, 5000 manat məbləğdə əldən çıxmış fayda haqqının tutulması hissəsində əsassız olduğu üçün iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh MMC-dən 18.855 (on səkkiz min səkkiz yüz əlli beş) manat məbləğində əsas borc, 1500 (min beş yüz) manat məbləğində cərimə və 1225 (min iki yüz iyirmi beş) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 21580 (iyirmi bir min beş yüz səksən) manat məbləğində pul tutularaq, iddiaçı “xxxxxxxxxx” MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 86%-i iddiaçıya, 14%-i cavabdehə aid edilsin. Cavabdehdən 4 (dörd) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar