Məhkəmə qərarları › İş №e-2-2(119)-439/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-439/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-439/2021 01.03.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu iddiaçı “xxxx” MMC-nin cavabdeh "Cavabdeh" MMC-yə qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehə qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kiçik mübahisələr üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-3-cü maddəsinə əsasən kiçik mübahisələr üzrə iddia ərizəsi məhkəməyə ümumi qaydada verilir. İddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfindən alınmasını təsdiq edən hər hansı bir sənəd yerləşdirilməmişdir. Halbuki, Mülki-Prosessual Məcəllənin 150.0.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Məhkəmə qeyd edir ki, bu hal kommersiya mübahisləri ilə əlaqədar məhkəməyə müraciət edərkən iddiaçının yerinə yetirməli olduğu zəruri hərəkətdir, cavabdeh iddia ərizəsinin surətini əvvəlcədən almış olmalıdır. Həmçinin, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət etməsini təsdiq edən sənədi (sübutu) də məhkəməyə təqdim etməlidir. İddia ərizəsi ilə birlikdə elektron kabinetə yerləşdirilmiş sənədlərlə müəyyən olunur ki, xx.xx.2018-ci il tarixli pretenziya məktubunun cavabdehə təxminən 3 il əvvəl göndərilməsi və həmin məktubun xx.xx.2018-ci ildə tarixdə çatdırılması hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən mübahisənin məhkəməyə qədər nizama salınması qaydasına riayət edilmədiyini göstərir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən tərəflərin iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd və müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədiyindən Mülki-Prosessual Məcəlləsinin 152.1.4 və 152.1.6-ci maddələrinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-3,149, 152, 263, 264 və 267-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı “xxxx”MMC-nin cavabdeh "Cavabdeh" MMC-yə qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, bu qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar