Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-44/2022 10.03.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “MR Clean. PRO" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 15 noyabr 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 15546 (on beş min beş yüz qırx altı) manat məbləğində malların pulunun, həmçinin bu günə qədər gecikdirilmiş məbləğin illik beş faizi olmaqla hesablanmış ümumilikdə 296 (iki yüz doxsan altı) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında 08 yanvar 2021-ci il tarixli alğı-satqı müqaviləsi bağlanaraq, iddiaçı Cəmiyyət tərəfindən cavabdehə malların təhvil-təslim aktına əsasən ümumilikdə ilk öncə 31 mart 2021-ci il tarixdə 12000 manat dəyərində, 11 iyun 2021-ci il tarixdə isə 1174,58 manat dəyərində mal satılmışdır. Həmin alqı-satqıya görə aldığı malların dəyərinin 18 faiz ƏDV-si də nəzərə alınmaqla cavabdeh Cəmiyyət ümumilikdə 15546 (on beş min beş yüz qırx altı) manat pulu 14 (on dörd) təqvim günü ərzində iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müxtəlif bəhanələrlə həmin pulun ödənilməsindən boyun qaçırmışdır. Hətta, mediasiya prosesində də Cavabdehin direktoru borcu ödəyəcəyini bildirsə də, sonradan telefonlarını açmamış və buna görə də barışıq əldə etmək mümkün olmamışdır (bundan sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 385, 386, 442, 448, 567 və 600-ci maddələrinin məzmunu qeyd olunur). Göründüyü kimi, cavabdeh alğı-satqı müqaviləsində nəzərdə tutulmuş müddətdə aldığı malların dəyərini iddiaçı Cəmiyyətə ödəməmiş və ödəmək niyyəti də yoxdur. Nəticədə yuxarıda sadalanan Mülki Qanunvericiliyin tələbləri baxımından iddiaçı Cəmiyyətin borcunu məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır (bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445, 448 və 449-cu maddələrinə istinad olunur). Beləliklə də, cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçı Cəmiyyətə əlavə olaraq illik beş faiz olmaqla, 31 mart 2021-ci il tarixli malların təhvil-qəbul aktına əsasən 283 manat və 11 iyun 2021-ci il tarixli təhvil-qəbul aktına əsasən isə 13,48 manat ziyan dəymişdir. Məhkəməyə müraciət olunmamışdan əvvəl bu mübahisə ilə əlaqədar mediasiya prosesinin təşkil olunmasına baxmayaraq, mediasiya vasitəsi ilə mübahisənin həll edilməsi mümkan olmamışdır. Belə ki, cavabdeh "xxxx" MMC-nin direktoru ilkin mediasiya prosesində iştirak edərkən borcunu hissə-hissə ödəyəcəyi barədə barışıq sazişinin bağlanacağını bildirsə də, sonrakı prosesə gəlməmiş və nəticədə mediasiya prosesinin davam etdirilməsi mümkün olmamışdır. Buna görə də, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Bununla belə, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat dövlət rüsumu da ödənilmişdir ki, həmin pulun ödənilməsinə səbəb - cavabdeh tərəfindən malların pulunun ödənilməməsi olmuşdur. Ona görə də, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ƏDV ilə birlikdə cəmi 15546 (on beş min beş yüz qırx altı) manat məbləğində borcun, iddia ərizəsi verilənədək gecikdirilmiş borcun illik beş faizi olmaqla hesablanmış ümumilikdə 296 (iki yüz doxsan altı) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 08 yanvar 2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 15546 manat məbləğində əsas borcun, iddia ərizəsi verilənədək gecikdirilmiş borc məbləğinin illik beş faizi olmaqla hesablanmış 296 manat məbləğində pulun və iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə baxış iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında bağlanmış 08 yanvar 2021-ci il tarixli HR 210108/205 nömrəli Alqı-satqı Müqaviləsinin şərtlərinə görə "Satıcı" "Alıcı”ya Mal satır, "Alıcı" isə satılan malları qəbul etdikdən sonra 14 (on dörd) təqvim günü ərzində aldığı malların dəyərini "Satıcı"ya ödəyir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən, "Satıcı" tərəfindən təhvil-təslim aktı ilə "Alıcı"ya təqdim edildikdən sonra 14 (on dörd) təqvim günü ərzində Malın dəyərinin tamamı "Satıcı"nın hesablaşma hesabına ödənilməlidir. Həmin Müqavilənin 3.4.1-ci bəndinə əsasən, malı qəbul edib əvəzində elektron qaimə-fakturada qeyd edilən pul məbləğini (malın qiymətini) bu Müqavilənini 2.2-ci bəndi ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək – Alıcının vəzifəsidir. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən, Müqaviləyə əsasən "Alıcı" tərəfindən Malın dəyərinin ödənilməsi nağdsız qaydada həyata keçirilir. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən, "Alıcı"nın tərəfindən ödənilmiş pul vəsaitinin "Satıcı'nın hesablaşma hesabına daxil olduğu an ödəniş öhdəliyinin icra edilməsi anı hesab olunur. Həmin Müqavilənin 8.4-cü bəndinə əsasən, Malın məbləğinin vaxtında ödənilməməsi halında "Alıcı" "Satıcı”ya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0,1%-i miqdarında (lakin Malm dəyərinin 10 %-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. Həmin Müqavilənin 10.2-ci bəndinə əsasən, bu Müqavilə tərəflər arasında imzalandığı andan hüquqi qüvvəyə minir və tərəflər bu Müqavilə ilə üzərlərinə götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirənədək qüvvədədir. İş materiallarında olan, 08 yanvar 2021-ci il tarixli HR 210108/205 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə tərtib edilmiş 31 mart 2021-ci il tarixli 25983 nömrəli “Malların Təhvil- Qəbul” Aktından görünür ki, 31 mart 2021-ci ildə satıcı İddiaçı MMC tərəfindən alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ƏDV daxil cəmi 14160 manat (malın dəyəri – 12000 manat; ƏDV 18% - 2160 manat) dəyərində “9956 FOCUS EXT. Z FOLDED DİSP. TOWEL 200*12 EXP” adlı məhsul (mal) satılmışdır. İş materiallarından görünür ki, 31 mart 2021-ci il tarixli 25983 nömrəli “Malların Təhvil-Qəbul” Aktı üzrə alınmış malın ƏDV daxil cəmi 14160 manat (malın dəyəri – 12000 manat; ƏDV 18% - 2160 manat) məbləğində pulunun ödənilməsi üçün satıcı İddiaçı MMC tərəfindən alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 02 aprel 2021-ci il tarixli EBAZ 576083 nömrəli Elektron Qaimə təqdim edilmişdir. İş materiallarında olan, 08 yanvar 2021-ci il tarixli HR 210108/205 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə tərtib edilmiş 11 iyun 2021-ci il tarixli 29135 nömrəli “Malların Təhvil- Qəbul” Aktından görünür ki, 11 iyun 2021-ci ildə satıcı İddiaçı MMC tərəfindən alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ƏDV daxil cəmi 1386 manat (malın dəyəri – 1174,58 manat; ƏDV 18% - 211,42 manat) dəyərində “Z22-200_Z Qatlama (Horeca Professional 21*200)” adlı məhsul (mal) satılmışdır. İş materiallarından görünür ki, 11 iyun 2021-ci il tarixli 29135 nömrəli “Malların Təhvil- Qəbul” Aktı üzrə alınmış malın ƏDV daxil cəmi 1386 manat (malın dəyəri – 1174,58 manat; ƏDV 18% - 211,42 manat) məbləğində pulunun ödənilməsi üçün satıcı İddiaçı MMC tərəfindən alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 16 iyun 2021-ci il tarixli EBBD 381425 nömrəli Elektron Qaimə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, satıcı İddiaçı MMC tərəfindən alıcı "xxxx" MMC-yə 08 yanvar 2021-ci il tarixli HR 210108/205 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə 31 mart 2021-ci il tarixli 25983 nömrəli “Malların Təhvil-Qəbul” Aktı ilə ƏDV daxil cəmi 14160 manat (malın dəyəri – 12000 manat; ƏDV 18% - 2160 manat) dəyərində (02 aprel 2021-ci il tarixli EBAZ 576083 nömrəli elektron-qaimə) və 11 iyun 2021-ci il tarixli 29135 nömrəli “Malların Təhvil-Qəbul” Aktı ilə ƏDV daxil cəmi 1386 manat (malın dəyəri – 1174,58 manat; ƏDV 18% - 211,42 manat) dəyərində (16 iyun 2021-ci il tarixli EBBD 381425 nömrəli elektron-qaimə) olmaqla, ümumilikdə ƏDV daxil cəmi 15546 (on beş min beş yüz qırx altı) manat məbləğində məhsul satılmışdır. Lakin, cəmi 15546 manat məbləğində həmin pul vəsaitinin alıcı "xxxx" MMC tərəfindən satıcı İddiaçınə ödənilmiş olması barədə hər hansı bir sübut təqdim olunmamış və eyni zamanda, məhkəmə prosesi zamanı cavabdeh tərəf məlum alqı-satqı üzrə yaranmış 15546 manat məbləğində borcun tam və yaxud qismən ödənilmiş olmasını iddia etməmişdir. Halbuki, məlum Müqavilənin şərtlərinə əsasən alınmış malın dəyəri nağdsız qaydada həyata keçirilir və həmin alqı-satqı üzrə mallar təhvil verildikdən sonra yaranmış borcun ödənilməsi üçün müvafiq qaydada Satıcı tərəfindən Alıcı tərəfə Elelktron Qaimələr göndərilmişdir. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Eyni zamanda, qeyd etmək lazımdır ki, məlum iddia ərizəsi üzrə məhkəmə prosesi başlandıqdan sonra cavabdeh "xxxx" MMC-nin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil 22 dekabr 2021-ci ildə keçirilən məhkəmə hazırlıq iclasında iştirak etmiş olsa da, sonrakı məhkəmə iclaslarında iştirak etməmiş və iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə əvvəlcə “mediasiya prosesinin düzgün keçirilməməsi” ilə əlaqədar müxtəlif vəsatətlər vermiş, daha sonra isə “11 iyun 2021-ci il tarixli “malların təhvil-qəbul” aktında malları qəbul edən “Arzu” adlı şəxsin cavabdeh Cəmiyyətə aid olmaması” barədə yazılı “Etiraz” təqdim etmişdir. Lakin, məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi tərəfindən verilmiş “mediasiya prosesinin düzgün keçirilməməsi” barədə vəsatətinin əsaslılığı müəyyən olunmamış və eləcə də, “Etiraz”da qeyd olunan xüsusat öz təsdiqini tapmamışdır. Yəni, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl iddiaçı tərəfin təşəbbüsü və cavabdeh tərəfin qanuni təmsilçisinin iştirakı ilə 17 avqust 2021-ci ildə başlanmış və 06 sentyabr 2021-ci ildə yekunlaşmış mediasiya prosesi - həmin dövrdə mövcud qaydalara müvafiq olaraq cavabdeh "xxxx" MMC-nin qanuni təmsilçisinin iştirakı və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun təşkil edilməklə, keçirilmişdir. Həmçinin, cavabdeh tərəfin məlum “Etiraz”ında qeyd olunan xüsusat isə iddiaçı tərəfin təqdim etmiş olduğu mötəbər sübutlarla təkzib olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə” dair 18 mart 2019-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, satıcı İddiaçı MMC ilə alıcı "xxxx" MMC arasında bağlanmış 08 yanvar 2021-ci il tarixli HR 210108/205 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə ƏDV daxil cəmi 15546 (on beş min beş yüz qırx altı) manat məbləğində malların alqı-satqısı baş tutmuş olsa da, həmin alqı-satqı ilə əlaqədar yaranmış cəmi 15546 manat məbləğində pul vəsaiti malların təhvil verildiyi vaxtdan (müvafiq olaraq 31 mart 2021-ci il tarixindən və 11 iyun 2021-ci il tarixindən) 14 təqvim günü ərzində alıcı "xxxx" MMC tərəfindən ödənilməmişdir. Buna görə də, tərəflər arasında müvafiq danışıqlar aparıldıqdan və mediasiya prosesi keçirildikdən sonra İddiaçı MMC 08 yanvar 2021-ci il tarixli HR 210108/205 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə satılmış ƏDV daxil cəmi 15546 manat məbləğində borcun və həmin borcun ödənilməsinin gecikdirilməsi ilə əlaqədar illik beş faizi olmaqla hesablanmış cəmi 296 (iki yüz doxsan altı) manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən tutulması üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, cavabdeh “MR Clean. PRO" Məhdud Məsuliyyətli Cəmiyyətindən 08 yanvar 2021-ci il tarixli HR 210108/205 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə alınmış müxtəlif növ məhsullara görə ödənilməmiş ƏDV daxil cəmi 15546 manat məbləğində əsas borcun və ödənişin gecikdirildiyinə görə illik 5%lə hesablanmış 296 manat məbləğində pul vəsaitinin tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və cavabdeh “MR Clean. PRO" Məhdud Məsuliyyətli Cəmiyyətindən 15546 manat məbləğində əsas borc və ödənişin gecikdirildiyinə görə illik 5%-lə hesablanmış 296 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh "xxxx" MMC ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı və eyni zamanda, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən isə 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir (24 sentyabr 2021-ci il tarixli ********* nömrəli Ödəniş Qəbzi). “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman Dövlət Büdcəsinə ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməlidir. Eləcə də, hazırkı iddia tələbi üzrə ümumilikdə hesablanan 137,53 (yüz otuz yeddi manat 53 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 107,53 (yüz yeddi manat 53 qəpik) manat məbləğində (137,53 manat – 30 manat = 107,53 manat) pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “MR Clean. PRO" Məhdud Məsuliyyətli Cəmiyyətindən 15546 (on beş min beş yüz qırx altı) manat məbləğində əsas borc, ödənişin gecikdirildiyinə görə illik 5%-lə hesablanmış 296 (iki yüz doxsan altı) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - cəmi 15872 (on beş min səkkiz yüz yetmiş iki) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət rüsumunun qalığı kimi 107,53 (yüz yeddi manat 53 qəpik) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-44/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-44/2022
10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver