Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-445/2024 23.04.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xidmət göstərilməsi haqqında müqavilə üzrə borcun və digər ödənişin tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 27 fevral 2024-cü il tarixində “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “xidmət göstərilməsi haqqında müqavilə üzrə borcun və digər ödənişin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 12 dekabr 2022-ci il tarixli xidmət göstərilməsi haqqında müqavilə üzrə 15854,91 (on beş min səkkiz yüz əlli dörd dollar, doxsan bir sent) ABŞ dolları məbləğində borc və 170,86 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xidmət göstərilməsi haqqında müqaviləyə əsasən iddiaçı cavabdehin verdiyi sifarişlər əsasında müqavilə öhdəliyinə uyğun olaraq ona müvafiq xidmətlər göstərmiş, lakin cavabdeh göstərilmiş xidmətlər müqabilində ödəməli olduğu ödənişləri tam ödəməyərək müqavilə öhdəliyini lazımınca icra etməmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək, cavabdehin müqavilə üzrə ödənişlərinin bir qismini ödəsə də, hazırkı vaxtadək qalıq borc məbləğini ödəmədiyini bildirdi və məhkəmədən iddia tələbinin təmin edilərək 15854,91 ABŞ dolları məbləğində borcun və 170,86 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh 04 aprel 2024-cü il tarixində “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə iddianın etiraf edilməsi barədə ərizəylə müraciət edərək iddiaçıya 15854,91 ABŞ dolları məbləğində borcun olduğunu etiraf etdiyini göstərmiş və məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini, cavabdehin iddianın etiraf edilməsi barədə ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12 dekabr 2022-ci il tarixli 22-ADY-AZE-0134a nömrəli xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən, icraçı (İddiaçı MMC) sifarişçinin (Cavabdeh MMC-nin) yazılı sifarişinə əsasən xidmətləri yerinə yetirməyi və ya onların sifarişçi adından yerinə yetirilməsini təşkil etməyi, sifarişçi isə həmin xidmətlər müqabilində icraçıya xidmət haqqı ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2.4-cü yarımbəndinə əsasən, icraçı tərəfindən bu müqavilə üzrə xidmətlərin göstərilməsi üçün təqdim edilən hesablara əsasən qabaqcadan 100% həcmində ödəniş etmək sifarişçinin vəzifəsidir. Həmin müqavilənin 2.3.1-ci yarımbəndinə əsasən, göstərdiyi xidmətlərin müqabilində sifarişçidən xidmət haqqının ödənilməsini tələb etmək icraçının (iddiaçının) hüququdur. Həmin müqavilənin 8.1-ci, 8.3-cü və 8.4-cü bəndlərinə əsasən, sifarişçi göstərilən xidmətlərin (görülən işlərin) dəyərini müvafiq qiymətlər əsasında ödəyir. Müqavilə üzrə göstərilən xidmətlərin dəyəri və müqavilə ABŞ dolları ilə müəyyən olunur. Müqavilə üzrə ödənişlər Azərbaycan manatı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının ödəmə gününə müəyyən etdiyi məzənnəyə uyğun olaraq həyata keçirilir. İş materiallarında 11 sentyabr 2023-cü il tarixli iddiaçı və cavabdehin nümayəndələrinin imzaladığı və hər iki hüquqi şəxs tərəfindən müvafiq qaydada möhürlənmiş üzləşmə aktından görünür ki, üzləşmənin nəticəsi 15854,91 ABŞ dolları məbləğində olmaqla iddiaçının xeyrinədir. İş materiallarında olan 31 mart 2023-cü il tarixli, İNV-AZE 2303-005D nömrəli hesabfakturaya əsasən 4964,54 manat məbləğində, 30 aprel 2023-cü il tarixli, İNV-AZE 2304- 0015 nömrəli hesab-fakturaya əsasən 32095,88 manat məbləğində, 31 may 2023-cü il tarixli, İNV-AZE 2305-0082 nömrəli hesab-fakturaya əsasən 1945,26 manat məbləğində, 30 iyun 2023-cü il tarixli, İNV-AZE 2306-0047 nömrəli hesab-fakturaya əsasən 23709,06 manat məbləğində, 31 iyul 2023-cü il tarixli, İNV-AZE 2307-0083 nömrəli hesab-fakturaya əsasən 1338,57 manat dəyərində olan xidmətlər iddiaçı tərəfindən cavabdehə göstərilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 8439,72 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 01 iyun 2023-cü il tarixli EBDG seriyalı 981455 nömrəli, 54563,17 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 25 iyun 2023-cü il tarixli EBDİ seriyalı 656320 nömrəli, 3306,94 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 25 iyul 2023-cü il tarixli EBDK seriyalı 567911 nömrəli, 2275,57 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 13 sentyabr 2023-cü il tarixli EBDO seriyalı 241502 nömrəli və 40305,40 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 18 avqust 2023-cü il tarixli EBDM seriyalı 360454 nömrəli elektron qaimələr təqdim edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim edilmiş maliyyə arayışına əsasən, cavabdeh xx.xx.2023-cü il tarixindən etibarən öz borc öhdəliklərini icra etməməkdədir və onun iddiaçıya 26953,36 manat məbləğində borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında 12 dekabr 2022-ci il tarixli 22-ADY-AZE-0134a nömrəli podrat və yük daşınması müqavilələrinin elementlərindən ibarət olan xidmət göstərilməsi haqqında müqavilə bağlanılmış, həmin müqavilə üzrə icraçı qismində çıxış edən iddiaçı cavabdehin sifarişləri əsasında müxtəlif xidmətlərin göstərilməsindən və yüklərin daşınmasından ibarət olan müqavilə öhdəlikləri yerinə yetirsə də, cavabdeh göstərilən xidmətlərin dəyərini tam ödəməyərək müqavilə öhdəliklərini lazımınca icra etməmiş, nəticədə onun iddiaçıya 15854,91 ABŞ dolları məbləğində borcu yaranmışdır. Bu hal yuxarıda istinad edilən sübutlarla və cavabdehin iddianın etiraf edilməsi barədə ərizəsilə tam sübut olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 12 dekabr 2022-ci il tarixli xidmət göstərilməsi haqqında müqavilə üzrə 15854,91 ABŞ dolları məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, iddia tələbinin 170,86 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 23 fevral 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 170,86 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia təmin edildiyindən istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 170,86 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 12 dekabr 2022-ci il tarixli xidmət göstərilməsi haqqında müqavilə üzrə ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 15854,91 ABŞ dolları məbləğində borc və 170,86 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehndən (VÖEN: **********) 12 dekabr 2022-ci il tarixli xidmət göstərilməsi haqqında müqavilə üzrə ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 15854,91 (on beş min səkkiz yüz əlli dörd dollar, doxsan bir sent) ABŞ dolları məbləğində borc və 170,86 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-445/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-445/2024
23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver