Məhkəmə qərarları › İş №e-2-2(119)-45/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-45/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-45/2021 27.05.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı “İntesa Sanpaolo” SPA şirkətinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı “İntesa Sanpaolo” SPA şirkətinin cavabdehlər Cavabdeh2 MMC-yə və “D.X1 Cəmiyyəti” MMC-yə qarşı pul tələbinə dair kommersiya işinə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “İntesa Sanpaolo” SPA şirkəti cavabdehlər Cavabdeh2 MMC-yə və “D.X1 Cəmiyyəti” MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İtaliya Respublikasının qanunvericiliyi əsasında qeydiyyatdan keçmiş və fəaliyyət göstərən “xxxx” (ünvan: Via Маdоnna di Fatima 35, 84016 Pagani (Sаlеrnо) İtaliya) şirkəti ilə cavabdeh arasında müxtəlif biznes münasibətləri mövcud olmuş və 17 İyun 2017-ci il tarixli, NR 16161 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən təqdim olunmuş son ödəniş tarixi 06 mart 2019cu il olan 1 nömrəli veksel üzrə 72300 (yetmiş iki min üç yüz) avro məbləğində, son ödəniş tarixi 06 sentyabr 2019-cu il olan veksel üzrə 71070 (yetmiş birmin yetmiş) avro məbləğində yaranmış ödəmələrin həyata keçirilməsi bu günədək təmin edilməmişdir. Eyni zamanda, “İntesa Sanpaolo” SPA şirkətinin London Filialı ilə (Adı; “İntesa Sanpaolo” SPA, London Branch”; Ünvan: Birləşmiş Krallıq, London Queen street, 90) ilə “xxxx” şirkəti arasında 17 İyun 2017-ci il tarixli, NR 16161 nömrəli alqı-satqı müqaviləsi əsasında təqdim edilən veksəllər üzrə öhdəliklərin ötürülməsi barədə 01 oktyabr 2018-ci il tarixli diskont müqaviləsi imzalanmışdır. Həmin müqavilə üzrə öhdəliklərin “İntesa Sanpaolo” SPA, London Branch” şirkətinə ötürülməsi Cavabdeh2 MMC və “D.X1 Cəmiyyəti” MMC tərəfindən 04 oktyabr 2018-ci il tarixində təsdiqlənmişdir. Həmçinin, 17 iyun 2017-ci il tarixli, NR 16161 nömrəli alqı-satqı müqaviləsinə əsasən “D.X1 Cəmiyyəti” MMC Cavabdeh2 MMC-nin müqavilə üzrə bütün öhdəliklərinə zamin olmuşdur və yuxarıda qeyd edilən öhdəliklər üzrə də birgə cavabdeh sayılır. Baş vermiş halın hüquqi aspektləri haqqında iddiaçı bildirmişdir ki, cavabdeh tərəfindən ödənilməli olan müddətdən bir ildən artıq vaxt keçməsinə baxmayaraq qeyd olunan pul vəsaitlərinin ödənilməsi təmin edilməmiş və heç bir hüquqi əsası olmadan vəsaitlərin saxlanılması həyata keçirilmişdir. Məsələ ilə bağlı əvvəlcə Cavabdeh2 MMC-nin hüquqi ünvanı olan Quba rayonu, Dəlləki kəndinə 09.06.2020-ci il tarixində müvafiq məktub göndərilmiş və qeyd olunan məktubun 12.06.2020 tarixində qəbul edilməsinə dair müvafiq bildiriş təqdim edilmişdir. Təəssüf ki, qeyd olunan məktuba cavabdeh tərəfindən hər hansı bir münasibət bildirilməmişdir. Bundan sonra cavabdehin faktiki ünvanı da müəyyən edilmiş və 21.08.2020 tarixli pretenziya məktubu ünvanlanmış və cavabdeh tərəfindən bir daha məsələyə hər hansı rəsmi münasibət bildirilməmiş və ödənişlər həyata keçirilməmişdir. Bu səbəbdən, iddiaçı müqavilə üzrə ödənişin məhkəmə yolu ilə təmin edilməsi məcburiyyətində qalmışdır. Cavabdehin öz öhdəliyini icra etməsi üçün müəyyənləşdirilmiş 1-ci veksel üzrə son müddətdən 17 ay, 2-ci veksel üzrə isə 11 ay keçməsinə baxmayaraq, cavabdeh öhdəliyini icra etməkdən imtina edir. Odur ki, təqdim olunmuş sənədlərə əsasən ödənilməli olan 72.300 (yetmiş iki min üç yüz) avro və 71.070 (yetmiş bir min yetmiş) avro vəsaitlərə müvafiq olaraq 06.03.2019-cu il və 06.09.2019-cu il tarixdən etibarən 31.08.2020-ci il tarixinədək Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş illik faiz dərəcəsi əlavə 2% bəndi, (6,75 faiz uçot dərəcəsi + 2 faiz) 8,25% tətbiq edilməklə müvafiq olaraq 5964,75 (beş min doqquz yüz altmış dörd 75) avro və 5863,30 (beş min səkkiz yüz altmış üç 30) avro faizlər hesablanmalıdır. Göstərilənləri nəzərə alaraq, iddiaçı məhkəmədən “xxxx” şirkəti ilə cavabdeh arasında olan 17 İyun 2017-ci il tarixli, NR 16161 nömrəli alqı-satqı müqaviləsi və həmin müqavilə üzrə hüquqların ötürülməsinə dair iddiaçı “İntesa Sanpaolo” SPA şirkəti ilə “xxxx” şirkəti arasında 01 oktyabr 2018-ci il tarixli diskont müqaviləsinə əsasən iddiaçıya ödənilməli olan 72.300 (yetmiş iki min üç yüz) avro və 71.070 (yetmiş bir min yetmiş) avro məbləğində vəsaitlərin, eləcə də müvafiq olaraq hesablanmış 5.964,75 (beş min doqquz yüz altmış dörd 75) avro və 5.863,30 (beş min səkkiz yüz altmış üç 30) avro məbləğində faizlərin cavabdehlər Cavabdeh2 MMC və “D.X1 Cəmiyyəti” MMC-dən tutularaq iddiaçı “İntesa Sanpaolo” SPA şirkətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirdi ki, cavabdeh Cavabdeh2 MMC İtaliya şirkəti olan “xxxx”dən bahalı avadanlıqlar götürüb. Digər cavabdeh “D.X1 Cəmiyyəti” MMC də ona zamin durub. Onlar alınan avadanlıqların pulunu ödəməyi öhdələrinə götürsələr də, bunu etməyiblər. Göstərilənləri nəzərə alaraq o, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 MMC-yə və “D.X1 Cəmiyyəti” MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehlərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə gəlmiş tərəfi dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 17 iyun 2017-ci il tarixli, 16161 nömrəli satış müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən satıcı - “xxxx” şirkəti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən ümumi dəyəri 785.150 avro olan avadanlıqları alıcı Cavabdeh2 MMC-yə satmağı, alıcı isə həmin müqavilənin 3.1-ci bəndinə əsasən 785.150 avro məbləğin 150.000 avrosunu müqavilə imzalandığı zaman, ikinci ödəniş olaraq 35.150 avroya bərabər ümumi məbləğin, bundan əlavə 600.000 avroya bərabər 10 vekselin ödənilməsini, mallar göndərilməzdən əvvəl 66.750 avroya bərabər faizlərin SACE sığorta zəmanətinə uyğun olaraq ödənişini və 54.000 avroya bərabər məbləği müqavilə imzalandıqdan 1 ay sonra ödəməyi öhdəsinə götürmüşdür. “D.X1 Cəmiyyəti” MMC həmin müqavilə üzrə Cavabdeh2 MMC tərəfindən öhdəliklərin yerinə yetirilməsinə zamin durmuşdur. İş materiallarında olan 01 oktyabr 2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, tərəflər Cavabdeh2 MMC və “xxxx” şirkəti ümumi dəyəri 750.000 avro olan avadanlıqların 16161 №-li müqaviləyə uyğun olaraq çatdırıldığını, idxalçının Quba şəhərində yerləşən binasında lazımi qaydada qəbul edilərək quraşdırıldığını və alıcının avadanlıqları heç bir ehtiyat hissə olmadan qeyd-şərtsiz və geri qaytarmamaq şərti ilə qəbul etdiyini təsdiq etmişdir. İş materiallarında olan 01 oktyabr 2018-ci il tarixli diskont müqaviləsindən görünür ki, ixracatçı - “xxxx” şirkəti 17.06.2017-ci il tarixli, 16161 nömrəli kommersiya müqaviləsində göstərilən malların ixracına görə beynəlxalq formatda veksellər ilə təmsil olunan, ümumi məbləği 667.650 avro olan bir borca sahibdir. Həmin müqavilənin 2.1-ci bəndinə görə həmin müqavilə ilə transfer edən -“xxxx” şirkəti qiymətli kağızları təhvil alan şəxsə (“İntesa Sanpaolo” SPA) şirkətinə təhvil verir. Müqavilənin 2-ci bəndinə görə müqavilənin 2.1-ci maddəsində göstərilən borc qiymətli kağızları ilə təmsil olunan mübadilə borcu ilə birlikdə, təchizatdan əldə olunan kredit, onu müşayiət edən bütün təminatlarla və SACE tərəfindən verilən Əlavə sənədinin sahibliyi də transfer alan tərəfə verilmişdir. Həmin müqavilə üzrə öhdəliklərin “İntesa Sanpaolo” SPA şirkətinə ötürülməsi iş materiallarında olan 04 oktyabr 2018-ci il tarixli təsdiq bəyannaməsi ilə Cavabdeh2 MMC və “D.X1 Cəmiyyəti” MMC tərəfindən təsdiqlənmişdir. İş materiallarında olan son ödəniş tarixi 06 Mart 2019-cu il olan 23.04.2018-ci il tarixli vekseldən görünür ki, Cavabdeh2 MMC bu veksel qarşılığında hal-hazırda və gələcəkdə hər hansı növdə vergi, xərac, yığım və rüsumlar çıxılmadan 72.300 avro məbləğində pul vəsaitini iddiaçının bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan son ödəniş tarixi 06 sentyabr 2019-cu il olan 23.04.2018-ci il tarixli vekseldən görünür ki, Cavabdeh2 MMC bu veksel qarşılığında hal-hazırda və gələcəkdə hər hansı növdə vergi, xərac, yığım və rüsumlar çıxılmadan 71.070 avro məbləğində pul vəsaitini iddiaçının bank hesabına ödəməyi öhtəsinə götürmüşdür. İş materiallarında olan zamin təsdiqnaməsindən görünür ki, Cavabdeh2 MMC və onun zamini olan “D.X1 Cəmiyyəti” MMC “İntesa Sanpaolo” SPA şirkətinin yuxarıda qeyd olunan veksellərin həqiqi sahibi olduğunu, veksellərin müvafiq ödəniş tarixlərində heç bir əlavə tutulma olmadan məbləğin avro ilə köçürülməsini təmin etmək üçün bütün zəruri icazə və lisenziyaların alındığını təsdiq edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 655.1-ci maddəsinə görə faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 655.2-ci maddəsinə əsasən pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. 655.3-cü maddəsinə görə müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki “xxxx” şirkəti ilə Cavabdeh2 MMC arasında alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilədə nəzərdə tutlan avadanlıqlar Cavabdeh2 MMC-yə təhvil verilmiş, cavabdeh “D.X1 Cəmiyyəti” MMC isə Cavabdeh2 MMC-nin müqavilə üzrə bütün öhdəliklərinə zamin olmuşdur. Sonra “xxxx” şirkəti ilə iddiaçı “İntesa Sanpaolo” SPA şirkəti arasında bağlanmış 01 oktyabr 2018-ci il tarixli müqavilə əsasında “xxxx” şirkəti Cavabdeh2 MMC və “D.X1 Cəmiyyəti” MMC barəsində olan pul tələbini “İntesa Sanpaolo” SPA şirkətinə güzəşt etmişdir. Lakin iddiaçı “İntesa Sanpaolo” SPA şirkəti tərəfindən ödənişin həyata keçirilməsi ilə bağlı cavabdehlərə müraciət olunsa da, cavabdehlər iddiaçı qarşısında olan öhdəliyini yerinə yetirməmişdir. Bu hal iş materialları ilə öz təsdiqini tapır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməli, 17 iyun 2017-ci il tarixli, NR 16161 nömrəli alqı-satqı müqaviləsi və həmin müqavilə üzrə hüquqların ötürülməsinə dair iddiaçı - “İntesa Sanpaolo” şirkəti ilə “xxxx” Şirkəti arasında bağlanmış 01 oktyabr 2018-ci il tarixli Diskont müqaviləsinə əsasən iddiaçıya ödənilməli olan 72.300 avro əsas borc, 5.964,75 avro məbləğində faiz borcu və 71.070 avro məbləğində əsas borc, 5.863.30 avro məbləğində faiz borcu cavabdehlər Cavabdeh2 MMC-dən və “D.X1 Cəmiyyəti” MMC-dən tutularaq iddiaçı “İntesa Sanpaolo” SPA şirkətinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “İntesa Sanpaolo” SPA şirkətinin cavabdehlər Cavabdeh2 MMC-yə və “D.X1 Cəmiyyəti” MMC-yə qarşı pul tələbinə dair iddiası təmin edilsin. “xxxx” şirkəti ilə cavabdeh arasında bağlanmış 17 iyun 2017-ci il tarixli, NR 16161 nömrəli alqı-satqı müqaviləsi və həmin müqavilə üzrə hüquqların ötürülməsinə dair iddiaçı - “İntesa Sanpaolo” şirkəti ilə “xxxx” Şirkəti arasında bağlanmış 01 oktyabr 2018-ci il tarixli Diskont müqaviləsinə əsasən iddiaçıya ödənilməli olan 72.300 avro əsas borc, 5.964,75 avro məbləğində faiz borcu və 71.070 avro məbləğində əsas borc, 5.863.30 avro məbləğində faiz borcu cavabdehlər Cavabdeh2 MMC-dən və “D.X1 Cəmiyyəti” MMC-dən müştərək qaydada tutularaq, iddiaçı “İntesa Sanpaolo” SPA şirkətinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlərdən müştərək qaydada 30 manat dövlət rüsumunun əvəzi tutularaq, iddiaçıya ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar