Məhkəmə qərarları › İş №e-2-2(119)-452/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-452/2024

25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-452/2024 25.04.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “alqı-satqı müqaviləsi üzrə borcun və digər ödənişin tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN E T D İ: İddiaçı 29 fevral 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun və digər ödənişin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə 5160 (beş min yüz altmış ) manat məbləğində borc, həmçinin 71,60 (yetmiş bir manat, altmış qəpik) məbləğində dövlət rüsumunun əvəzi, cəmi 5231,6 (beş min iki yüz otuz bir manat, altmış qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 19 aprel 2022-ci il tarixli 185/S-2022 nömrəli alqı-satqı müqaviləsinə əsasən, cavabdeh iddiaçıdan tikinti materialları satın alsa da, həmin malların dəyərini ödəməyərək müqavilə öhdəliyini icra etməmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək cavabdehlə əlaqə saxladıqlarını, cavabdehin həmin borcu etiraf etsə də, ödəmək imkanında olmadıqlarını göstərdiyini qeyd etdi və məhkəmədən müqavilə üzrə yaranmış 5160 manat məbləğində borcun, habelə 71,60 manat dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 19 aprel 2022-ci il tarixli 185/S-2022 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqavilənin predmeti satıcının (İddiaçı MMC-nin) anbarından alıcı (Cavabdeh MMC) tərəfindən mal və avadanlıqların alınmasıdır. Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən, müqavilənin mövzusunda bəhs edilən razılaşmalar üzrə alqı-satqısı həyala keçiriləcək malların haqqı satıcı tərəfindən təqdim ediləcək ödəniş sənədləri və təhvil-qəbul sənədi əsasinda 15 (on beş ) təqvim günü ərzində alıcı tərəfindən köçürmə yolu ilə satıcının bank hesabına ödənilir. İş materiallarında olan 01 mart 2023-cü il tarixli 02 nömrəli qiymət razılaşdırılması protokoluna əsasən 772,42 manat, 13 mart 2023-cü il tarixli 03 nömrəli qiymət razılaşdırılması protokoluna əsasən 1751,12 manat, 14 aprel 2023-cü il tarixli 04 nömrəli qiymət razılaşdırılması protokoluna əsasən 566,86 manat, 08 may 2023-cü il tarixli 05 nömrəli qiymət razılaşdırılması protokoluna əsasən 1306,90 manat, 16 iyun 2023-cü il tarixli 06 nömrəli qiymət razılaşdırılması protokoluna əsasən 487,34 manat, 27 iyul 2023cü il tarixli 07 nömrəli qiymət razılaşdırılması protokoluna əsasən 274,94 manat məbləğində malların qiyməti tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan 01 mart 2023-cü il tarixli 02 nömrəli təhvil-təslim aktına əsasən 772,42 manat, 13 mart 2023-cü il tarixli 03 nömrəli təhvil-təslim aktına əsasən 1751,12 manat, 14 aprel 2023-cü il tarixli 04 nömrəli təhvil-təslim aktına əsasən 566,86 manat, 08 may 2023-cü il tarixli 05 nömrəli təhvil-təslim aktına əsasən 1306,90 manat, 16 iyun 2023-cü il tarixli 06 nömrəli nömrəli təhvil-təslim aktına əsasən 487,34 manat, 27 iyul 2023-cü il tarixli 07 nömrəli təhvil-təslim aktına əsasən 274,94 manat məbləğində mallar alıcı tərəfindən təhvil alınmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 772,43 manat dəyərində malın satılması ilə əlaqədar 01 mart 2023-cü il tarixli EBDA seriyalı 852047 nömrəli, 1751,12 manat dəyərində malın satılması ilə əlaqədar 13 mart 2023-cü il tarixli EBDB seriyalı 546710 nömrəli, 566,86 manat dəyərində malın satılması ilə əlaqədar 14 aprel 2023-cü il tarixli EBDD seriyalı 627838 nömrəli, 1306,90 manat dəyərində malın satılması ilə əlaqədar 08 may 2023-cü il tarixli EBDF seriyalı 168455 nömrəli, 487,34 manat dəyərində malın satılması ilə əlaqədar 16 iyun 2023-cü il tarixli EBDH seriyalı 923462 nömrəli, 274,94 manat dəyərində malın satılması ilə əlaqədar 27 iyul 2023-cü il tarixli EBDK seriyalı 789487 nömrəli elektron qaimələr təqdim edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq təqdim edilmiş 09 fevral 2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 5160 manat məbləğində borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında 19 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin predmeti olan malları cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya ödəməmişdir. İddia tələbinin cavabdehdən 5160 manat məbləğindən borcun iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 01 mart 2023-cü il tarixli EBDA seriyalı 852047 nömrəli, 13 mart 2023-cü il tarixli EBDB seriyalı 546710 nömrəli, 14 aprel 2023-cü il tarixli EBDD seriyalı 627838 nömrəli, 08 may 2023-cü il tarixli EBDF seriyalı 168455 nömrəli, 16 iyun 2023-cü il tarixli EBDH seriyalı 923462 nömrəli, 27 iyul 2023-cü il tarixli EBDK seriyalı 789487 nömrəli elektron qaimələrlə və istinad edilən digər sənədlərlə iddiaçı tərəfindən cavabdehə 5160 manat məbləğində deyil, 5159,58 manat məbləğində malların təhvil verilməsi və cavabdehin iddiaçıya 5159,58 manat məbləğində borcunun olması müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 5160 manat məbləğindən borcun iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi qismən təmin edilməli və cavabdehdən 5159,58 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, iddia tələbinin 71,60 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 28 fevral 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən olunur ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 73 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbinin 71,60 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslı olduğundan təmin edilməli və cavabdehdən 71,60 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 19 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 5159,58 manat məbləğində borc, həmçinin 71,60 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 5231,18 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən (VÖEN: **********) 5159,58 (beş min yüz əlli doqquz manat, əlli səkkiz qəpik) manat məbləğində borc, həmçinin 71,60 (yetmiş bir manat, altmış qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 5231,18 (beş min iki yüz otuz bir manat, on səkkiz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar