Məhkəmə qərarları › İş №e-2-2(119)-453/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-453/2025

09.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-453/2025 09.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi, İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 15 dekabr 2022-ci il tarixli S17/22 nömrəli təchizat müqaviləsi üzrə 725,15 (yeddi yüz iyirmi beş manat, on beş qəpik) manat məbləğində əsas borc, 1777,22 (min yeddi yüz yetmiş yeddi manat, iyirmi iki qəpik) manat məbləğində dəbbə pulu və 46 (qırx altı) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2685 (iki min altı yüz səksən beş) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 15 dekabr 2022-ci il tarixli S17/22 nömrəli təchizat müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında mallar iddiaçı tərəfindən cavabdehin mülkiyyətinə verilməsinə baxmayaraq, cavabdeh elektron qaiməfakturalara əsasən ƏDV daxil olmaqla hesablanmış 725,15 manat məbləğində malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də cavabdehin üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq iddiaçıya ödəməmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi 12 mart 2025-ci il tarixdə iddia ərizəsinə düzəliş barədə ərizə ilə məhkəməyə müraciət edərək 15 dekabr 2022-ci il tarixli S17/22 nömrəli təchizat müqaviləsi üzrə 862,31 manat məbləğində əsas borc, 1777,22 manat məbləğində dəbbə pulu və 46 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2685,53 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi 12 mart 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehin məhkəmə proseslərinin gedişi dövründə 200 manat məbləğində ödəniş etdiyini bildirmiş və təqdim edilmiş dəqiqləşmiş maliyyə arayışının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iddiaçının qanuni təmsilçisi iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirdi ki, cavabdeh borcunu qəbul edir və borc məbləği üzrə ödənişləri həyata keçirir. Belə ki, cavabdeh tərəfindən 11 mart 2025-ci il tarixində 200 manat məbləğində ödəniş edilmişdir. Hazırda cavabdehin qalıq borcu 662,31 manat məbləğində təşkil edir. Hətta cavabdeh 07 aprel 2025-ci il tarixdə iddiaçı ilə əlaqə saxlamış və qalan borcunu ödəmək üçün də ona vaxt verilməsini xahiş etmişdir. İddiaçının qanuni təmsilçisi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 20 fevral 2025-ci il tarixli iclasında iştirak etmiş cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. İddiaçı təşkilata malların bəzi hissəsini geri qaytarmış, müəyyən hissəsi üzrə isə ödəniş etmişdir. Tərəflər arasında bağlanmış müqavilədə dəbbə pulu ilə bağlı müddəa olmamışdır. Hazırda iddiaçıya hər hansı borcu yoxdur. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia ərizəsinə düzəliş barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan 15 dekabr 2022-ci il tarixli S17/22 nömrəli təchizat müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə əsasən təchizatçı (İddiaçı MMC) alıcıya (Cavabdeh) mal satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini təchizatçıya ödəyir. Bu müqavilə çərçivəsində mal termini dedikdə spirtli məhsullar nəzərdə tutulur. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, malların miqdarı, çeşidi, qiyməti və dəyəri, ƏDV daxil, aksizlər, eləcə də bütün digər məcburi ödənişlər mallara əlavə edilən qaimələrlə və hesab fakturalarla tərəflərin razılaşdığı və hazırkı müqavilənin ayrılmaz hissəsi sayılan Əlavələrdə əks olunur. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, malların təchizatı bu müqavilənin bütün müddəti ərzində bu müqaviləyə Əlavələr və onun ayrılmaz hissəsi olan spesifikasiyalar əsasında ayrı-ayrı partiyalarda hissə-hissə həyata keçirilir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, tərəflər razılığa gəldilər ki, malların qəbulu və təhvil-təslimi zamanı keyfiyyətə dair heç bir pretenziya olmadığı təqdirdə, qaimələrin imzalanması malların keyfiyyətinə əsasdır və malların təhvil-təslimi üzrə sənədlər imzalandıqdan sonra onun keyfiyyəti ilə bağlı pretenziya qəbul olunmur. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, bu müqavilənin 2.4-cü bəndinə uyğun olaraq malların təchizatçı qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş malın ödənişi onun satıldığı tarixdən etibarən 30 təqvim günü müddətində təchizatçının ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. Malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, alıcı satılan malların bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesabfakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, alıcı realizasiya tarixindən etibarən hər 30 təqvim günündən bir, lakin istənilən halda növbəti hesabat tarixinin 20-sindən gec olmayaraq, satılan/satılmamış malların qalıqları barədə məlumatı təchizatçıya təqdim etməyi öhdəsinə götürür. Alıcı tərəfindən bu cür məlumatların təqdim edilməməsi, satılmayan mallar olduğu halda belə təchizatçı qarşısında mallar üçün tam tam ödəniş öhdəliyi yaradır. Bununla belə, təchiz olunmuş mallara görə tam həcmdə ödəniş tələbinə əsasən alıcı təchizatçı tərəfindən təqdim edilmiş yazılı tələb alındığı andan 3 iş günündən gec olmayaraq ödəniş etməyə borcludur. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış malların nağd şəkildə ödənişi mümkündür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, alıcı tərəfindən bu müqavilənin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda alıcı təchizatçıya hər gecikən gün üçün 0,3 faiz dəbbə pulu (cərimə) ödəyir. 4.2-ci bəndə əsasən hesabatların vaxtında təqdim edilmədiyi halda alıcı razılaşır ki, təchizatçıya təhvil verilmiş bütün mallara görə penya hesablanır. Hesabatlar 4.2-ci bənddə göstərilən müddətdə təqdim edilmədikdə alıcı razılaşır ki, təchizatçı bütün çatdırılmış malın dəyərinə görə cərimələri hesablayır və onu satılmış hesab edir. Cərimənin ödənilməsi alıcını bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən azad etmir. İş materiallarında olan 24 iyun 2024-cü il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya həmin tarixə 1386,73 manat məbləğində borcu vardır. Həmin üzləşmə aktında cavabdeh “mən Xəyalın ümumi borcum: 567,27 manat. 819,46 manat satış təmsilçisinə ödəmişəm” məzmunlu qeydlər etmişdir. İş materiallarında olan 15 iyul 2024-cü il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya həmin tarixə 1074,31 manat məbləğində borcu vardır. Həmin üzləşmə aktında cavabdeh “mənim 212,02 manat borcum var və onu da ödəyirəm. Pulun əvvəlki hissəsini təmsilçiyə ödəmişəm” məzmunlu qeydlər etmişdir. İş materiallarında olan 31 yanvar 2025-ci il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya həmin tarixə 862,31 manat məbləğində borcu vardır. İş materiallarında olan 07 fevral 2023-cü il tarixli 1128 nömrəli, 02 fevral 2023-cü il tarixli 934 nömrəli, 24 yanvar 2023-cü il tarixli 542 nömrəli, 26 yanvar 2023-cü il tarixli 706 nömrəli, 25 yanvar 2023-cü il tarixli 597 nömrəli, 29 dekabr 2022-ci il tarixli 224 nömrəli, 27 dekabr 2022-ci il tarixli 164 nömrəli müştəri sifarişi (“заказ клиента”) adlı sənədlərdən görünür ki, cavabdeh tərəfindən ümumi dəyəri 1586,73 manat məbləğində olan mal sifariş edilmişdir. İş materiallarında olan 28 mart 2023-cü il tarixli EBDC seriyalı 375893 nömrəli elektron qaimə-faktura əsasında 228,6 manat, 23 fevral 2023-cü il tarixli EBDA seriyalı 391096 nömrəli elektron qaimə-faktura əsasında 90,84 manat, 22 fevral 2023-cü il tarixli EBDA seriyalı 350441 nömrəli elektron qaimə-faktura əsasında 96,72 manat, 06 fevral 2023-cü il tarixli EBCO seriyalı 144141 nömrəli elektron qaimə-faktura əsasında 127,32 manat, 02 fevral 2023-cü il tarixli EBCO seriyalı 143927 nömrəli elektron qaimə-faktura əsasında 269,4 manat, 30 dekabr 2022-ci il tarixli EBCM seriyalı 300076 nömrəli elektron qaimə-faktura əsasında 278,13 manat, 30 dekabr 2022-ci il tarixli EBCM seriyalı 303898 nömrəli elektron qaimə-faktura əsasında 364,32 manat, 30 dekabr 2022-ci il tarixli EBCM seriyalı 303986 nömrəli elektron qaimə-faktura əsasında 131,4 manat olmaqla, cəmi 1586,73 manat məbləğində dəyəri olan mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İş materiallarında olan 16 dekabr 2024-cü il tarixli 15/12 nömrəli maliyyə arayışından görünür ki, 15 dekabr 2022-ci il tarixli S17/22 nömrəli təchizat müqaviləsi üzrə yazılan qaimələrin məbləği 1586,73 manat, ödənilən məbləğ (qaytarılan malların dəyəri) 724,42 manat məbləğində təşkil edir və 16 dekabr 2024-cü il tarixə cavabdehin iddiaçıya 2639,53 manat məbləğində qalıq borcu vardır. İş materiallarında olan 12 mart 2025-ci il tarixli 12/25 nömrəli dəqiqləşmiş maliyyə arayışından görünür ki, 15 dekabr 2022-ci il tarixli S17/22 nömrəli təchizat müqaviləsi üzrə yazılan qaimələrin məbləği 1586,73 manat, ödənilən məbləğ (qaytarılan malların dəyəri) 612 manat, qaytarılan malların dəyəri 312,42 manat, qalıq borc 662,31 manat, dəbbə pulu 1486,22 manat məbləğində təşkil edir və 12 mart 2025-ci il tarixə cavabdehin iddiaçıya 2148,54 manat məbləğində qalıq borcu vardır. İş materiallarında olan 11 mart 2025-ci il tarixli 507629 nömrəli kassa mədaxil orderindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 200 manat məbləğində ödəniş həyata keçirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 15 dekabr 2022-ci il tarixli S17/22 nömrəli təchizat müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq təchizatçı qismində olan iddiaçı həmin müqavilənin predmeti olan məhsulları cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya tam ödəməmiş və nəticədə onun 862,31 manat məbləğində borcu yaranmışdır. Cavabdeh məhkəmə proseslərinin gedişi dövründə - 11 mart 2025-ci il tarixdə 200 manat məbləğində ödəniş həyata keçirmiş, nəticədə onun qalıq borcu 662,31 manat məbləğində təşkil edir. Məhkəmənin 20 fevral 2025-ci il tarixli iclasında iştirak edən cavabdeh iddiaçıya hər hansı borcu olmadığını bildirsə də, iclas keçirildiyi tarixdən sonra, yəni 11 mart 2025-ci il tarixdə borc məbləği üzrə 200 manat məbləğində ödəniş həyata keçirmişdir. Buna görə də, cavabdehin həmin dəlilləri əsaslı hesab edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 15 dekabr 2022-ci il tarixli S17/22 nömrəli təchizat müqaviləsi üzrə 662,31 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin cavabdehdən 1777,22 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (təchizat müqaviləsinin yuxarıda istinad edilmiş 5.1-ci bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya)qanun və yamüqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 1777,22 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb edilən cərimənin məbləği azaldılaraq cavabdehdən cəmi 40 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan əlavə, iddia tələbinin 46 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 28 yanvar 2025-ci il tarixli **********05 nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 46 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda, 30 manat məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 30 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 662,31 manat məbləğində əsas borc, 40 manat məbləğində cərimə və 30 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 732,31 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 662,31 (altı yüz altmış iki manat, otuz bir qəpik) manat məbləğində əsas borc, 40 (qırx) manat məbləğində cərimə, 30 (otuz) manat məbləğində dövlət rüsumun əvəzi olmaqla, cəmi 732,31 (yeddi yüz otuz iki manat, otuz bir qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar