Məhkəmə qərarları › İş №e-2-2(119)-456/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-456/2021

16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-456/2021 16.04.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə 01\8AZD nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 3-cü bəndinin tələbinə uyğun olaraq satılacaq meyvə-tərəvəz məhsulunu almaq üçün xx.xx.2019-cu il tarixli, 106383847№-li ödəmə tapşırığı ilə 27.500 (iyirmi yeddi min beş yüz) manat və xx.xx.2019-cu il tarixli, ********* nömrəli ödəmə tapşırığı əsasında 100.000 (yüz min) manat, cəmi 127.500 (yüz iyirmi yeddi min beş yüz) manat məbləğində pul avans olaraq cavabdehin “Ziraat Bank Azərbaycan ASC”-dəki bank hesabına ödənilmişdir. Həmin müqavilənin 7-ci bəndinə əsasən cavabdehin hesabına ödənilmiş 127.500 (yüz iyirmi yeddi min beş yüz) manat məbləğində pulun müqabilində cavabdeh tərəfindən İddiaçı QSC-yə göndərilməli olan meyvə tərəvəz məhsulları heç bir fors-major hadisəsi baş verməməsinə baxmayaraq, bu günə qədər göndərilməmiş, nə də göndərilməməsinin səbəbi barədə İddiaçı QSC-yə məlumat verilməmişdir. Müqavilənin şərtləri pozulduğuna görə Cavabdeh MMC-nin bank hesabına ödənilmiş 127.500 (yüz iyirmi yeddi min beş yüz) manat məbləğində pulun İddiaçı QSC-nə qaytarılması barədə cavabdehin əməkdaşlarına dəfələrlə şifahi olaraq, xx.xx.2020-ci il tarixdə isə yazılı şəkildə pretenziya qaydasında müraciət edilməsinə baxmayaraq, ödənilmiş pulun geri qaytarılması barədə bu günə qədər heç bir tədbir görülməmişdir. Eyni zamanda, məhkəməyə təqdim edilən iddia ərizəsinin surəti cavabdehə poçt vasitəsi ilə göndərilmiş, cavabdeh həmin iddia ərizəsinin surətini xx.xx.2021-ci il tarixdə poçtdan qəbul etmiş, ancaq heç bir cavab verməmişdir. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən 127.500 (yüz iyirmi yeddi min beş yüz) manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı QSC-nin “xxxx” ASC-nin Gəncə filialındakı hesab nömrəsinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə gəlmiş tərəfi dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli, 01/18AZD nömrəli alğı-satqı müqaviləsindən görünür ki, satıcı - Cavabdeh MMC müqavilə ilə müəyyən edilmiş şərtlər çərçivəsində müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrdə öz əksini tapmış malları, o cümlədən meyvə-tərəvəzi alıcıya - İddiaçı QSC-nə satmağı, alıcı isə həmin malları qəbul edib onların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndində bu müqavilə üzrə alınan malların dəyərinin alıcı tərəfindən 100% həcmində avans olaraq həyata keçirilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan ********* №-li, xx xxx 2019-cu il tarixli ödəmə tapşırığından görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-nin bank hesabına 27.500 manat ödəniş olunmuşdur. İş materiallarında olan ********* №-li, xx xxx 2019-cu il tarixli ödəmə tapşırığından görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-nin bank hesabına 100.000 manat ödəniş olunmuşdur. İş materiallarında olan pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən Cavabdeh MMC-yə müraciət olunaraq, aralarında bağlanan müqaviləyə əsasən İddiaçı QSC tərəfindən ödənilmiş 127.500 manat məbləğində pulun qaytarılması tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 386.1-ci maddəyə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəyə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1.-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 441.1-ci maddəsinə görə tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Mülki Məcəllənin 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki İddiaçı QSC ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə 01\8AZD nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq İddiaçı QSC cavabdehdən alacağı meyvə-tərəvəz məhsullarının müqabilində Cavabdeh MMC-nin bank hesabına 127.500 manat məbləğdə ödəniş etmiş, lakin cavabdeh nəzərdə tutulmuş malları İddiaçı QSC-yə göndərməmiş, müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Bu hal iş materialları ilə öz təsdiqini tapır. Cavabdeh MMC öz öhdəliyinin icrasını gecikdirməsi nəticəsində iddiaçıya onun ödədiyi pul məbləğində - 127.000 manat məbləğdə ziyan vurmuşdur. İddiaçı QSC Cavabdeh MMC-yə öhdəliyinin icrası barədə dəfələrlə müraciət etsə də, sonuncu öhdəliyini yerinə yetirməmiş, nəticədə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş və heç bir etiraz təqdim etməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməli, Cavabdeh MMC-dən vurduğu ziyana görə 127.500 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh MMC-dən 127.500 (yüz iyirmi yeddi min beş yüz) manat məbləğində pul tutularaq, İddiaçı QSC-nin VÖEN:**********, H\hes: AZ37PAHA40070AZNHC**********, “xxxx” ASC Gəncə Filialı, VÖEN-**********, KOD-511845, M/H- AZ82NABZ********************, SWİFT: PAHAAZ22 hesabına ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdehdən 30 manat dövlət rüsumunun əvəzi tutularaq, iddiaçıya ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar