Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-457/2024 24.09.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 21 fevral 2024-cü il tarixinə hesablanmış Dövlət Büdcəsinə olan 36673,83 (otuz altı min altı yüz yetmiş üç manat 83 qəpik) manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 80,97 (səksən manat 97 qəpik) manat məbləğində borcun, İcbari Tibbi Sığorta Fonduna olan 15,28 (on beş manat 28 qəpik) manat məbləğində borcun və İşsizlikdən Sığorta Fonduna olan 4,11 (dörd manat 11 qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri - xx xxx 1989cu il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin ərizəyə baxılması ilə əlaqədar keçirilən məhkəmə iclasında Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəni qəbul etmədiyini, hazırkı ərizədə icra orqanının rəhbəri kimi göstərilmiş olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mövcudluğundan və həmin MMC-nin direktoru olmasından tam məlumatsız olduğunu, belə bir hüquqi şəxslə heç bir vaxt heç bir əlaqəsinin olmadığını, bu hüquqi şəxsin direktoru kimi qeydiyyata alınmasından yalnız 2024-cü ilin yanvar ayının sonlarında Vergi Orqanı tərəfindən göndərilən “Xəbərdarlıq”dan sonra xəbər tutduğunu, ərizəçi Vergi Orqanı tərəfindən məhkəməyə təqdim olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əlaqədar “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” ərizəsindəki icra orqanının rəhbəri, yəni “qanuni təmsilçi və onun qanuni səlahiyyətli nümayəndəsi” qrafasındakı imzanın ona məxsus olmadığını və Vergi Orqanının ərizəsi əsasında hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin borclarına görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə razı olmadığını bildirərək, məhkəmədən həmin ərizənin təmin olunmamasını xahiş etdi. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin olunmamalıdır. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən olunur ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə xx xxx 1989-cu il təvəllüdlü Maraqlı şəxs (ünvan: ünvan 1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) 21 fevral 2024-cü il tarixinə hesablanmış Dövlət Büdcəsinə 36673,83 manat məbləğində vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 80,97 manat məbləğində borcu, İcbari Tibbi Sığorta Fonduna 15,28 manat məbləğində borcu və İşsizlikdən Sığorta Fonduna 4,11 manat məbləğində borcu ilə əlaqədar "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə hazırkı ərizə ilə 29 fevral 2024-cü ildə məhkəməyə müraciət olunmuşdur. Lakin, həmin ərizəyə dair e-2-2(119)-457/2024 nömrəli kommersiya işi üzrə 03 aprel 2024-cü il tarixində keçirilən məhkəmə baxış iclasında Maraqlı şəxs iş üzrə məhkəməxətşünaslıq ekspertizasının keçirilməsi üçün yazılı vəsatətlə məhkəməyə müraciət edib, ərizəni qəbul etmədiyini, hazırkı ərizədə icra orqanının rəhbəri kimi göstərilmiş olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mövcudluğundan və həmin MMC-nin direktoru olmasından tam məlumatsız olduğunu, belə bir hüquqi şəxslə heç bir vaxt heç bir əlaqəsinin olmadığını, bu hüquqi şəxsin direktoru kimi qeydiyyata alınmasından yalnız 2024-cü ilin yanvar ayının sonlarında Vergi Orqanı tərəfindən göndərilən “xəbərdarlıq”dan sonra xəbər tutduğunu və ərizəçi Vergi Orqanı tərəfindən məhkəməyə təqdim olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əlaqədar “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” ərizəsindəki rəhbər (qanuni təmsilçi və onun qanuni səlahiyyətli nümayəndəsi) qrafasındakı imzanın ona məxsus olmadığını bildirərək, iş üzrə məhkəməxətşünaslıq ekspertizasının təyin olunmasını xahiş etmiş və buna görə də, Sumqayıt Kommersiya Məhkəməsinin 03 aprel 2024-cü il tarixli e-2-2(119)-457/2024 nömrəli qərardadı əsasında kommersiya işi üzrə müvafiq məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının 02 avqust 2024-cü il tarixli 4/1026 nömrəli Ekspert Rəyi ilə müəyyən olunmuşdur ki, Ekspertizaya təqdim edilmiş, mülki işin 77-79-cu vərəqlərində "xxxx" MMC ilə Maraqlı şəxs Əllədin oğlu arasında olan Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında 27 iyul 2023-cü il tarixli ərizənin 3-cü vərəqindəki “15.4. Rəhbər (qanuni təmsilçi) və ya onun səlahiyyətli nümayəndəsinin imzası (imzaları)” qrafasındakı imza - Maraqlı şəxs Əllədin oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Beləliklə də, işin konkret hallarına və məhkəmə-xətşünaslıq ekspertizasının 02 avqust 2024-cü il tarixli 4/1026 nömrəli Ekspert Rəyinə əsasən müəyyən olunur ki, Maraqlı şəxs borclu hüquqi şəxsin, yəni vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru (icra orqanının rəhbəri) təyin olunması barədə rəsmi sənədlər saxtalaşdırılmışdır. Yəni, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əlaqədar tərtib edilmiş və ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilən və “Ərizənin doldurulma tarixi” (15.2-ci qrafa (bənd)) 26 iyul 2023-cü il olan “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” ərizədə və “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” ərizənin davamı hissəsinin 15.4-cü bəndində qeyd olunmuş "rəhbər (qanuni təmsilçisi və ya onun səlahiyyətli nümayəndəsinin imzası (imzaları))" qrafasının qarşısında olan və Maraqlı şəxs aid edilən imza - onun tərəfindən çəkilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək - vergi orqanın hüququdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır. Təsvir olunanlarla müəyyən edilir ki, Maraqlı şəxs rəsmi olaraq vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri, yəni həmin vergi ödəyicisinin qanuni təmsilçilik funksiyasına malik direktoru olması təsdiq edilmədiyindən, hazırkı ərizədə qeyd olunan vergi borcuna görə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması “təqsirə görə məsuliyyət” prinsipindən kənarlaşmaya səbəb olmaqla, vergiləri ödəməyi təmin etmə üsulu kimi həmin tədbirin əhəmiyyətini də heçə endirər və eyni zamanda, hüquqi şəxsə hüquqi cəhətdən aidiyyəti olmayan şəxs barəsində qanunazidd və əsassız məhdudiyyət yaradar. Çünki, Maraqlı şəxs hal-hazırda hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri (direktoru) olması mötəbər sübutlarla təsdiq edilmədiyinə görə, yəni bununla bağlı tərtib edilərək Vergi Orqanı tərəfindən rəsmi qeydə alınmış “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” ərizədə imzası saxtalaşdırıldığından, onun həmin vergi ödəyicisinin icra orqanının rəhbəri hesab edilərək ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması - mütənasib və tətbiq edilməsi zəruri olan tədbir hesab edilə bilməz. Yəni, vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri (direktoru) olması öz təsdiqini tapmadığından, Maraqlı şəxs həmin vergi ödəyicisinin Dövlət Büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İcbari Tibbi Sığorta Fonduna və İşsizlikdən Sığorta Fonduna olan borclarına görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Bundan əlavə, sübutetmə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, “hüquqi həqiqət prinsipi” mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki- Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir”. Beləliklə də, təsvir olunanlarla müəyyən edilir ki, Maraqlı şəxs hal-hazırda vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri, yəni qanuni təmsilçilik funksiyasına malik direktoru olması mötəbər sənədlər əsasında təsdiq olunmadığına görə, həmin vergi ödəyicisinin məlum borcunun ödənilməməsi ilə əlaqədar onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 305, 355-5, 355-6, 355-7, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-457/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-457/2024
24.09.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver