Məhkəmə qərarları › İş №e-2-2(119)-466/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-466/2023

01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-466/2023 01.06.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 04 aprel 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış 10 dekabr 2020-ci il tarixli 20/00029-AİSCO-R.Ə-K.S nömrəli “korporativ satış üzrə alqı-satqı” müqaviləsinə əsasən 14484 (on dörd min dörd yüz səksən dörd) manat əsas borc, 1448,4 (min dörd yüz qırx səkkiz manat 40 qəpik) manat faiz borcu, 5000 (beş min) manat dəbbə pulu və mediasiya üçün ödənilmiş 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 21132,4 (iyirmi bir min yüz otuz iki manat 40 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh oğundan tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (satıcı) İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (hal-hazırda "xxxx" Açıq Səhmdar Cəmiyyəti) ilə cavabdeh (alıcı) Cavabdeh arasında 10 dekabr 2020-ci il tarixdə 20/00029- AİSCO-R.Ə-K.S nömrəli “korporativ satış üzrə alqı-satqı” müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 21 dekabr 2020-ci il və 25 dekabr 2020-ci il tarixlərində ümumi dəyəri 17484 (on yeddi min dörd yüz səksən dörd) manat olan 9855 kq (219 kisə) arpa toxumu və 12000 kq (240 kisə) buğda toxumu təhvil verilmişdir. Alıcı Cavabdeh tərəfindən həmin məbləğdən cəmi 3000 (üç min) manat ödəniş aparılmışdır. Qeyd edilən müqavilə üzrə Cavabdeh İddiaçı ASC-yə 14484 (on dörd min dörd yüz səksən dörd) manat borcu qalmışdır. Göstərilən borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə 31 mart 2023-cü il tarixində 0040/23 nömrəli pretenziya məktubu göndərilməsi və borcun ödənilməsi üçün 10 günlük vaxt təyin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən bundan sonra da heç bir ödəniş edilməmişdir. Həmçinin, tərəflər arasında bağlanmış müqaviləyə əsasən tərəflərin hər ikisinin üzərinə düşən icra hərəkətləri olmuşdur. İddiaçı həmin hərəkətləri müqavilə ilə müəyyən edilmiş vaxtda və qüsursuz şəkildə yerinə yetirməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb olmadan qarşılıqlı olaraq öz üzərinə düşən öhdəliklərini yerinə yetirmir və yaranmış borcu qəsdən ödəmir. Cavabdeh məhkəməyə müraciət edildiyi günə kimi gecikdirdiyi 14484 (on dörd min dörd yüz səksən dörd) manat məbləğində borcun iki illik faiz dərəcəsi 1448,4 (min dörd yüz qırx səkkiz manat 40 qəpik) manat təşkil edir. Bundan əlavə cavabdehin bu günə kimi borcunu ödəməməsi Şirkətə ziyan vurmuşdur. Belə ki, Şirkət banklardan götürdüyü kredit hesabına mineral gübrələri və bitki mühafizə vasitələrini idxal edir və banklara faiz ödəyir. Bu səbəbdən də iddiaçı cavabdehdən əlavə olaraq 5000 (beş min) manat dəbbə pulu tələb edir. Məsələnin məhkəməyə qədər nizama salınması məqsədilə Bakı 13 saylı Mediasiya təşkilatına müraciət olunmuşdur. Lakin, Cavabdeh mediasiya prosessində iştirak etməmişdir. Bununla bağlı Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən mediasiya sessiyasında iştirak edilməməsi barədə 25 oktyabr 2022-ci il tarixli Arayış təqdim edilmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və tərəflər arasında bağlanmış 10 dekabr 2020-ci il tarixli “korporativ satış üzrə alqı-satqı” müqaviləsinə əsasən 14484 manat əsas borc, 1448,4 manat faiz borcu, 5000 manat dəbbə pulu və mediasiya üçün ödənilmiş 200 manat mediasiya xərci olmaqla, cəmi 21132,4 manat məbləğində pul vəsaitinin Cavabdeh oğundan tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Satıcı” - hüquqi şəxs İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (hal-hazırda "xxxx" ASC) ilə “Alıcı” - hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh (VÖEN **********) arasında 10 dekabr 2020ci il tarixli 20/00029-AİSCO-R.Ə-K.S nömrəli “korporativ satış üzrə alqı-satqı” müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, Satıcı müqavilə qüvvədə olduğu müddətdə Müqavilənin ayrılmaz tərkib hissələri olan X1 dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş malları satmağı, Alıcı isə həmin malları Satıcı tərəfindən malla birlikdə təqdim olunan qaimə-fakturaya əsasən qəbul edərək almağı və Müqavilənin ayrılmaz tərkib hissələri sayılan X1 həmçinin qaimə-fakturalarda göstərilən məbləğdə dəyərini ödəməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, malların Satıcı tərəfindən Alıcıya təhvil verilməsi müddəti Müqavilənin ayrılmaz tərkib hissələri olan X1 göstərilir. Həmin Müqavilənin 2.4.1-ci bəndinə əsasən, malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (malların dəyərini) ödəmək – Alıcının vəzifəsidir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, bu müqavilə qüvvədə olduğu müddətdə, mallar Müqavilənin ayrılmaz tərkib hissələri olan X2 əsasən təhvil-təslim ediləcəkdir. İş materiallarında olan elektron qaimələrlə müəyyən olunur ki, 10 dekabr 2020-ci il tarixli 20/00029-AİSCO-R.Ə-K.S nömrəli “korporativ satış üzrə alqı-satqı” Müqaviləsi əsasında satıcı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (hal-hazırda "xxxx" ASC) tərəfindən alıcı Cavabdeh 21 dekabr 2020-ci il tarixli EBAV 138815 nömrəli Elektron Qaimə üzrə cəmi 7884 (yeddi min səkkiz yüz səksən dörd) manat dəyərində və 25 dekabr 2020-ci il tarixli EBAV 364469 nömrəli Elektron Qaimə üzrə cəmi 9600 (doqquz min altı yüz) manat dəyərində olmaqla, ümumilikdə cəmi 17484 (on yeddi min dörd yüz səksən dörd) manat məbləğində müxtəlif məhsullarının satılması ilə əlaqədar yuxarıda qeyd olunan elektron qaimələr təqdim olunmuşdur. İş materiallarında olan 10 dekabr 2020-ci il tarixli 20/00029-AİSCO-R.Ə-K.S nömrəli “korporativ satış üzrə alqı-satqı” müqaviləsinin icrası ilə əlaqədar satıcı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (hal-hazırda "xxxx" ASC) və alıcı Cavabdeh (VÖEN **********) tərəfindən tərtib edilərək imzalanmış 08 dekabr 2021-ci il tarixli "Qarşılıqlı Üzləşmə" Aktından görünür ki, alıcı Cavabdeh 08 dekabr 2021-ci il tarixinə həmin Müqavilə üzrə satıcı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə cəmi 17484 (on yeddi min dörd yüz səksən dörd) manat məbləğində qalıq borcu olmuşdur. İş materiallarında olan 13 yanvar 2023-cü il tarixli Maliyyə Arayışı ilə müəyyən olunur ki, alıcı Cavabdeh 13 yanvar 2023-cü il tarixə satıcı İddiaçı ASC-yə cəmi 14484 (on dörd min dörd yüz səksən dörd) manat məbləğində ödənilməmiş qalıq borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış 10 dekabr 2020-ci il tarixli 20/00029-AİSCO-R.Ə-K.S nömrəli “korporativ satış üzrə alqı-satqı” müqaviləsinə əsasən satıcı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə alıcı Cavabdeh arasında müxtəlif adda məhsulların alqı-satqısı baş tutmuş və həmin alqı-satqı üzrə alıcı Cavabdeh satıcı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə cəmi 14484 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 14484 (on dörd min dörd yüz səksən dörd) manat məbləğində əsas borcun, 1448,40 manat məbləğində faizin və 5000 manat məbləğində dəbbə pulunun Cavabdeh tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı ASC tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir (cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir). Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462-ci maddəsinin tələblərinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 10 dekabr 2020-ci il tarixli 20/00029- AİSCO-R.Ə-K.S nömrəli “korporativ satış üzrə alqı-satqı” müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin Müqavilə üzrə ödənilməmiş 14484 (on dörd min dörd yüz səksən dörd) manat məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iddianın “cavabdehdən 5000 manat məbləğində dəbbə pulunun tutulması” hissəsi isə təmin olunmamalıdır. Belə ki, Mülki Məcəllənin tələblərinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilməli, yəni tərəflər arasında bağlanan müqavilədə göstərilməlidir. Lakin, tərəflər arasında bağlanmış 10 dekabr 2020-ci il tarixli 20/00029-AİSCO-R.Ə-K.S nömrəli Alqı-Satqı müqaviləsində Cavabdeh öz öhdəliyini lazımi qaydada yerinə yetirmədiyinə görə dəbbə pulunun hesablanması və ödənilməsi qaydası nəzərdə tutulmamış və eləcə də, “Alıcı” öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu) ödəyəcəyini vəd etməmişdir. Ona görə də, tərəflər arasında bağlanmış 10 dekabr 2020-ci il tarixli 20/00029-AİSCO-R.Ə-K.S nömrəli “korporativ satış üzrə alqı-satqı” müqaviləsinə istinad edilməklə, hazırki iddia ərizəsi üzrə cavabdehdən hər hansı məbləğdə dəbbə pulunun (cərimənin və yaxud, penyanın) tələb edilməsinin əsaslılığı müəyyən edilmir. Həmçinin, işin halları ilə cavabdehdən “gecikdirilən əsas borcun iki illik faiz dərəcəsi kimi hesablanmış 1448,4 manat məbləğində faizin tutulması” hissəsində isə iddianın əsaslılığı müəyyən olunmamış və təsdiq edilməmişdir. Çünki, tərəflər arasında bağlanmış Müqavilə üzrə satılmış malların dəyərinin ödənilməsi üçün iddiaçı tərəfindən həmin Müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq tədbirlər vaxtında görülməyərək, uzun müddət sonra məhkəməyə müraciət edilməsi və bununla əlaqədar gecikdirilən əsas borca “iki illik faiz dərəcəsi” ilə faiz məbləğinin hesablanmasının əsaslılığı sübut olunmamış və bu faiz məbləğinin cavabdehdən tutulmalı olması iş materialları ilə təsdiq edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh (VÖEN **********) 14484 manat məbləğində əsas borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (VÖEN **********) xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla mediasiya xidməti ilə əlaqədar İddiaçı ASC tərəfindən mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının əvəzi Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmçinin, Cavabdeh dövlət nəfinə 133,45 (yüz otuz üç manat 45 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh (VÖEN **********) 14484 (on dörd min dörd yüz səksən dörd) manat məbləğində əsas borc və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 14684 (on dörd min altı yüz səksən dörd) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (VÖEN **********) xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 133,45 (yüz otuz üç manat 45 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar