Məhkəmə qərarları › İş №e-2-2(119)-467/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-467/2021

03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-467/2021 03.06.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış 01 oktyabr 2019-cu il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş “TDVC” markalı soyuducunun dəyərinin iki misli həcmində, yəni 6000 (altı min) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında imzalanmış 01 oktyabr 2019-cu il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə əsasən dəyəri 3000 manat olan 1 (bir) ədəd “TDVC” tipli soyuducu “istifadəyəverən” İddiaçı MMC tərəfindən istehsal və satışı təşkil edilmiş məhsulların cavabdeh tərəfindən sərinləşdirilib-satılmasının təmin edilməsi məqsədilə “istifadəçi” Cavabdeh əvəzsiz istifadəyə verilmiş və istifadəyə verilmiş həmin əmlak üçün istifadə haqqı tələb edilməmişdir. Müqavilənin 2.2.1-ci bəndinə əsasən həmin əmlak müqavilə imzalandığı andan təhvil verilmiş hesab edilir. Müqavilənin 2.9-ci bəndinə əsasən, müqavilənin xitamı haqqında “İstifadəyəverən” tələb irəli sürdükdə, “İstifadəçi” əmlakın köhnəlmə nəzərə alınmaqla təhvilini 3 (üç) gün ərzində təmin etməlidir. Müqavilənin 3.6-ci bəndinə əsasən əmlakın göstərilən müddət ərzində təhvilini təmin etmədikdə, “İstifadəçi” əmlakın dəyərinin 2 misli həcmində müəssisəyə cərimə ödəməlidir. Qeyd olunan soyuducu uzun müddət cavabdehin əvəzsiz istifadəsində olmuşdur. Lakin, iddiaçı tərəfindən Cavabdeh müqavilə predmeti olan soyuducunun qaytarılması tələb edilsə də, cavabdeh tərəfindən həmin soyuducunun qaytarılması ilə bağlı hər hansı addım atılmamışdır. Bununla bağlı olaraq Cavabdeh pretenziya məktubu ilə rəsmi qaydada müraciət olunaraq, 01 oktyabr 2019cu il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə xitam verildiyi və soyuducunun 3 (üç) gün ərzində iddiaçı Təşkilata qaytarılması tələb olunmuş və eyni zamanda, soyuducunun qaytarılmadığı təqdirdə müqavilə üzrə nəzərdə tutulmuş cərimənin ödənilməsi ilə bağlı qanunauyğun tədbirlər görüləcəyi cavabdehin diqqətinə çatdırılmışdır. Pretenziya məktubu cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq, bu günə qədər Cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş və İddiaçı MMCnin əmlakı olan soyuducunu bu günə kimi qaytarmamış və qanunsuz olaraq özündə saxlayaraq özgəninkiləşdirmişdir. Bütün bu halları nəzərə alaraq İddiaçı MMC pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır (Bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 442, 445, 448, 732 və 736-cı maddələrinin məzmunu qeyd olunur). Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış 01 oktyabr 2019-cu il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş “TDVC” markalı soyuducunun dəyərinin iki misli həcmində, yəni 6000 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyəti – “İstifadəyəverən” və hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN **********) – “İstifadəçi” olmaqla bağlanmış 01 oktyabr 2019-cu il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi” haqqında Müqaviləyə əsasən “İstifadəyəverən” özünün istehsal və satışım təşkil etdiyi sərinləşdirici spirtsiz içkilərin və çayların “İstifadəçi” tərəfindən üçüncü şəxslərə sərinləşdirilmiş şəkildə satılmasını, satışının həcminin artırılmasını və reklamını təşkil etmək (Müqavilənin 1-ci bəndi) məqsədi ilə “İstifadəyəverən” mülkiyyətində olan 3000 manat dəyərində bir ədəd “TDVC” markalı reklam xarakterli soyuducunu “İstifadəçi”yə əvəzsiz istifadəyə vermiş və istifadəyə verilmiş həmin soyuducu üçün heç bir formada istifadə haqqı tələb edilməmişdir (Müqavilənin 2.1.1-ci bəndi). Həmin Müqavilənin 2.1.2-ci bəndinə əsasən, soyuducu istifadə üçün yararlı vəziyyətdə, əmtəə görkəmli və heç bir xəsarəti olmayan formada “İstifadəçi”yə təhvil verilir. Həmin Müqavilənin 2.9-cu bəndinə əsasən, “İstifadəyəverən” istifadəyə verilən əmlakın istənilən vaxt geri qaytarılmasını tələb edə bilər. Belə tələb irəli sürüldükdən sonra 3 gün ərzində “İstifadəçi” tərəfindən əmlak geri qaytarılmadıqda və ya 2.1.2-ci maddənin tələblərinə uyğun olmayan vəziyyətdə geri qaytarıldıqda, “İstifadəyəverən”in əmlakın dəyərinin 2 misli həcmində cərimə tələb etmək hüququ yaranır. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, “İstifadəçi” bu müqavilənin şərtlərindən hər hansı birini pozarsa müqaviləyə dərhal xitam verilir və soyuducu “İstifadəyəverən”ə qaytarılır. Həmin Müqavilənin 3.6-cı bəndinə əsasən, “İstifadəçi” soyuducunun göstərilən müddət ərzində təhvilini təmin etmədikdə, əmlakın dəyərinin 2 (iki) misli həcmində “İstifadəyəverən”ə cərimə ödəməlidir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, müqavilə imzalandığı andan qüvvəyə minir və “İstifadəyəverən” tərəfindən soyuducunun geri verilməsi haqqında tələb irəli sürülənədək qüvvədədir. İş materiallarında olan “İstifadəyəverən” (iddiaçı) İddiaçı MMC tərəfindən “İstifadəçi” (cavabdeh) Cavabdeh ünvanlanmış 09 fevral 2021-ci il tarixli 38 nömrəli məktubdan görünür ki, 09 fevral 2021-ci ildə “İstifadəçi” tərəfindən dəyəri 3000 manat olan bir ədəd “TDVC” markalı soyucudunun “İstifadəyəverən”ə geri qaytarılması haqqında tələb irəli sürülmüşdür (həmin məktub 17 fevral 2021-ci ildə “İstifadəçi”yə təqdim edilmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 732-ci maddəsinə əsasən, əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Həmin Məcəllənin 734.2-ci maddəsinə əsasən, kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi çərçivəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. Həmin Məcəllənin 735-ci maddəsinə əsasən, kirayəçinin əvəzsiz istifadəyə götürdüyü əşyadan müqavilədə göstəriləndən savayı, başqa təyinatla istifadə etməsinə icazə verilmir. Kirayəyə verənin icazəsi olmadan onun həmin əşyanı üçüncü şəxslərin istifadəsinə vermək hüququ yoxdur. Həmin Məcəllənin 736-cı maddəsinin tələblərinə görə, kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur (maddə 736.1); Əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər (maddə 736.2); Əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər (maddə 736.3). Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında tərtib edilmiş 01 oktyabr 2019-cu il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə əsasən “istifadəyəverən” İddiaçı MMC tərəfindən 3000 (üç min) manat dəyərində bir ədəd “TDVC” markalı soyuducu “istifadəçi” Cavabdeh əvəzsiz istifadəsinə verilmişdir. Lakin, “istifadəyəverən” İddiaçı MMC 09 fevral 2021-ci il tarixli məktubla istifadəyə verilmiş həmin soyuducunun qaytarılmasını tələb etsə də, “istifadəçi” Cavabdeh soyuducunu qaytarmamış və bununla da, tərəflər arasında bağlanmış Müqavilənin “əvəzsiz istifadəyə verilmiş əmlakın qaytarılması” barədə öhdəliyini yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış məlum Müqavilənin 2.9 və 3.6-cı bəndlərinin tələblərinə görə, müqaviləyə istənilən səbəbdən xitam verildiyi halda “İstifadəçi” 3 gün ərzində soyuducunun geri qaytarılmasını təmin etmədikdə, həmin soyuducunun dəyərinin 2 misli həcmində “İstifadəyəverən”ə cərimə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə də, təsvir olunanlara əsasən müəyyən olunur ki, iddiaçı (“istifadəyəverən”) İddiaçı MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 oktyabr 2019-cu il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqavilənin şərtlərinə uyğun olaraq qaytarılmayan 3000 manat dəyərində soyuducunun dəyərinin 2 misli həddində hesablanaraq cərimə kimi müəyyən edilmiş 6000 manat məbləğində pulun cavabdeh (“istifadəçi”) Cavabdeh tutulmasını tələb edir. Yəni, cavabdehdən tələb olunan pul vəsaiti Müqavilə şərtlərinə əsasən cərimə kimi müəyyən edilmiş pul vəsaitidir. Bu halda isə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə əsasən yüksək dəbbə pulunu (cəriməni və ya penyanı) azalda bilər. Eləcə də, bununla əlaqədar qeyd etmək lazımdır ki, 01 oktyabr 2019-cu il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə əsasən “istifadəyəverən” İddiaçı MMC-nin özünün istehsal və satışını təşkil etdiyi sərinləşdirici spirtsiz içkilərin və çayların “İstifadəçi” tərəfindən üçüncü şəxslərə sərinləşdirilmiş şəkildə satılmasını, satışının həcminin artırılmasını və reklamını təmin etmək məqsədilə soyuducunun “İstifadəçi”yə əvəzsiz istifadəyə verilməsi (reklam xarakterli olmaqla), mahiyyəti etibarilə iddiaçının (“İstifadəyəverən”in) məhz istifadəyə verilmiş həmin soyuducunun özündən hər-hansı birbaşa gəlir əldə etməsini deyil, əksinə cavabdeh (“İstifadəçi”) tərəfindən iddiaçının məhsullarının satılmasının və reklamının təşkil edilməsini nəzərdə tutur və həmin Müqavilənin ümumi şərtlərinə əsasən geri qaytarılarkən soyuducunun normal köhnəlməsi nəzərə alınmalıdır (Mülki Məcəllənin 734.2-ci maddəsinin tələblərinə görə kiirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi çərçivəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır). Bütün bu hallara görə də müəyyən olunur ki, həm tərəflər arasında bağlanmış müqavilənin əvəzsiz xarakteri, həm də iddiaçı tərəfindən soyuducunun cavabdehə təhvil verildiyi 01 oktyabr 2019-cu il tarixdən geri qaytarılması tələb olunan 09 fevral 2021-ci il tarixədək olan bir ildən artıq müddət ərzində soyuducunun normal köhnəlməsi nəzərə alındığı halda, 3000 manat dəyərində soyuducunun dəyərinin 2 misli həddində olmaqla, cərimə kimi 6000 manat məbləğində pulun ödənilməsinin tələb edilməsi - cavabdeh tərəfindən icra edilməyən öhdəliyə (soyuducunun qaytarılmamasına) münasibətdə tənasübsüz şəkildə yüksək hesablanmış cərimə məbləğidir. Ona görə də, məhkəmə hesab edir ki, 01 oktyabr 2019-cu ildə 3000 manat dəyərində qiymətləndirilərək əvəzsiz istifadəyə verilmiş soyuducunun bir ildən artıq müddət ərzində istifadə olunduqdan sonra qaytarılmamasına görə 6000 manat məbləğində cərimənin tələb edilməsi - tənasübsüz surətdə yüksək dəbbə pulunun hesablanmasıdır və bu səbəbdən də, həmin cərimə məbləği azaldılaraq, cavabdehdən soyuducunun məlum Müqavilədə qeyd olunan dəyəri həddində, yəni 3000 (üç min) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh (VÖEN **********) cəmi 3000 manat məbləğində pul vəsaiti tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) 3000 (üç min) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3030 (üç min otuz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar