Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-469/2024 02.07.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun və digər ödənişlərin tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 04 mart 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun və digər ödənişlərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə 33693,80 (otuz üç min altı yüz doxsan üç manat, səksən qəpik) manat məbləğində borcun, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində pul vəsaitinin və ödənilmiş 196 (yüz doxsan altı) manat məbləğində dövlət rüsumunun əvəzinin, ümumilikdə 34209,80 (otuz dörd min iki yüz doqquz manat, səksən qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 08 may 2020-ci il tarixli 29 nömrəli yanğınsöndürmə avadanlıqlarının satınalma müqaviləsinə əsasən, icraçı qismində çıxış edən iddiaçı həmin müqavilənin predmetini təşkil edən malları sifarişçi qismində iştirak edən cavabdehə satmağı, cavabdeh isə həmin malları qəbul edib onların dəyərini müqaviləylə razılaşdırılmış qaydada satıcıya ödəməyi öhdəsinə götürmüş, müqavilə üzrə öhdəlik iddiaçı tərəfindən icra edilsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi, yəni aldığı malların dəyərini tam ödəməmiş, nəticədə cavabdehin 33693,80 manat məbləğində borcu yaranmışdır. Həmin borc məbləğinin mövcudluğu tərəflər arasında bağlanmış 02 avqust 2023-cü il tarixli öhdəlik müqaviləsi ilə təsdiq edilsə də cavabdeh tərəfindən öhdəlik icra edilməmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin qanuni təmsilçisi iddia tələbini qismən qəbul etdiyini, təxminən üç il əvvəl işçisi tərəfindən iddiaçıya 7000 manat məbləğində ödəniş edildiyini, həmin ödənişin hazırkı borc məbləği müəyyənləşdirilərkən nəzərə alınmadığını, aralarında bağlanmış və məzmununda 33693,80 manat məbləğində borcun öz əksini tapdığı 02 avqust 2023-cü il tarixli öhdəlik müqaviləsini isə oxumadan möhürləyərək imzaladığını bildirdi. . Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 08 may 2020-ci il tarixli 29 nömrəli yanğınsöndürmə avadanlıqlarının satınalma müqaviləsinin 1.1-ci bəndinə əsasən, tərəflər təsdiq edirlər ki. sifarişçi (cavabdeh "xxxx" MMC) bu müqaviləyə əlavə edilən qiymətlərin razılaşdırılması protokolunda göstərilən malların (işlərin və xidmətlərin) satın alınması üçün icraçının (İddiaçı MMC-nin) təklifini qəbul edir. Həmin müqavilənin 1.2-ci və 1.3-cü bəndlərinə əsasən, icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan təhlükəsizlik işarələrinin, avadanlıqlarının təhvil verilməsini öhdəsinə götürür. Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların (işlərin və xidmətlərin) icraçıdan qəbul edilməsin, tələblərə uyğunluğunun yoxlanılmasını və dəyərinin ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, sifarişçi malların (işlərin və xidmətlərin) dəyərini 100 % qabaqcadan icraçının təqdim etdiyi hesab-fakturaya əsasən ödəməlidir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, sifarişçi təhvil almış malların (işlərin və xidmətlərinin) dəyərini bu müqavilə və icraçı tərəfindən təqdim olunan hesab-faktura əsasında nağd və ya köçürmə yolu ilə Azərbaycan manatı ilə icraçının hesabına köçürülməsini təmin edir. İş materiallarında olan iddiaçı və cavabdeh tərəfindən möhürlənərək imzalanmış 02 avqust 2023-cü il tarixli, 20823-A nömrəli öhdəlik müqaviləsinin məzmunundan görünür ki, xx.xx.2020-ci il tarixli 29 nömrəli müqavilənin 2-ci maddəsinə uyğun olaraq icraçı malları (işləri və xidmətləri) təyin olunmuş vaxtda saz vəziyyətdə təhvil verərək üzərinə düşən öhdəliyi tam yerinə yetirmişdir. Sifarişçi elektron qaimələrə əsasən ümumi borc 33693,80 manat olan ödəniş öhdəliyini yerinə yetirməmişdir. Hazırda 33693,80 manat ödəniş öhdəliyi qalmaqdadır. Sifarişçi öz imzası ilə yuxarıda qeyd olunan borcu təsdiq edir və üzərinə düşən öhdəlikdən yayınmır. Belə olduğu təqdirdə xx.xx.2020-ci il tarixində olan 29 nömrəli müqavilə öz qüvvəsində qalır. İş materiallarında olan 26 aprel 2024-cü il tarixli, 264 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 33693,80 manat məbləğində borcu vardır. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş çoxsaylı elektron-qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə müxtəlif çeşidli və qiymətli mallar təqdim olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında 08 may 2020-ci il tarixli 29 nömrəli yanğınsöndürmə avadanlıqlarının satınalma müqaviləsi bağlanılmış, müqavilə üzrə icraçı adlandırılmış iddiaçı həmin müqavilənin predmetini təşkil edən yanğınsöndürmə avadanlıqlarını və vasitələrini cavabdehin mülkiyyətinə vermiş, sifarişçi adlandırılmış cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya tam ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 33693,80 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin 33693,80 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi təmin edilməli və cavabdehdən həmin məbləğdə pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh iştirak etdiyi həm 16 aprel 2024-cü il tarixində keçirilmiş məhkəmənin hazırlıq iclasında, həmçinin sonuncu məhkəmə baxış iclasında iddiaçıya ödənilmiş 7000 manat məbləğində pulun hazırkı borc məbləği müəyyənləşdirilərkən nəzərə alınmadığını qeyd etsə də, həmin ödənişin həqiqətən edilməsini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdeh hüquqi şəxsin möhürü ilə möhürlənmiş, o cümlədən onun qanuni təmsilçisi tərəfindən imzalanmış 02 avqust 2023-cü il tarixli öhdəlik müqaviləsindən görünür ki, cavabdeh həmin müqavilədə iddiaçıya 33693,80 manat məbləğində borcunun olduğunu təsdiq etmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 320 manat məbləğində pulun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarına əlavə edilmiş 26 fevral 2024-cü il tarixli, 14087 nömrəli ödəniş qəbzi ilə müəyyən edilir ki, göstərilən hüquqi yardıma görə iddiaçı tərəfindən Bakı şəhəri 38 saylı Vəkil Bürosuna 320 manat məbləğində ödəniş edilmişdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsi təmin edilməli, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə ödənilmiş 500 manat pul vəsaitinin əvəzi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Bundan başqa, iddia tələbinin 196 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 23 fevral 2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 195 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faiziməbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, hazırkı iddia ərizəsi ilə bağlı iddiaçı məhkəməyə müraciət edərkən 195 manat məbləğində dövlət rüsumu ödədiyindən iddia tələbinin 196 manat məbləğində məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına aid hissəsi qismən təmin edilməli, cavabdehdən 195 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 08 may 2020-ci il tarixli 29 nömrəli yanğınsöndürmə avadanlıqlarının satınalma müqaviləsi üzrə 33693,80 manat məbləğində borc, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 320 manat məbləğində pul vəsaitinin əvəzi və ödənilmiş 195 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 34208,8 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 08 may 2020-ci il tarixli, 29 nömrəli alqı-satqı müqaviləsi üzrə 33693,80 (otuz üç min altı yüz doxsan üç manat, səksən qəpik) manat məbləğində borc, hüquqi yardımla bağlı ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində pul vəsaitinin və 195 (yüz doxsan beş) manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 34208,8 (otuz dörd min iki yüz səkkiz manat, səksən qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-469/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-469/2024
02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver