Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-47/2022 06.09.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 may 2016-cı il tarixli, 1250-GL/16 nömrəli müqavilə üzrə 20715 manat gecikdirilmiş əsas borc, 19089,39 manat cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 350 manat olmaqla, cəmi 40154,39 manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış 12 may 2016-cı il tarixli, 1250-GL/16 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 25 avqust 2021-ci il tarixinə 12 may 2016-cı il tarixli 1250-GL/16 nömrəli müqavilə üzrə 20715 (iyirmi min yeddi yüz on beş) manat gecikdirilmiş əsas borc və 19089,39 (on doqquz min səksən doqquz manat 39 qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərəflər arasında 18 oktyabr 2021-ci il tarixində ilkin mediasiya sessiyası keçirilmişdir. Eyni zamanda hüquqi yardım göstərilməsi üçün vəkilə müraciət edilmiş və müqavilə bağlanaraq 350 (üç yüz əlli) manat haqq ödənilmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsi ilə birlikdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, “Lizinq verən” "xxxx" Açıq Səhmdar Cəmiyyəti (hal-hazırda kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəliklər iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “Lizinq alan” Cavabdeh (VÖEN: **********) arasında bağlanmış 12 may 2016-cı il tarixli, 1250-GL/16 nömrəli müqavilə üzrə sonuncu tərəfindən öhdəliklər lazımi qaydada yerinə yetirilməyərək, vaxtlı-vaxtında lizinq ödənişləri edilmədiyindən iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən hər bir müqavilə üzrə gecikdirilmiş əsas borc məbləği və cərimə borcu hesablanmışdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13 sentyabr 2013-cü il tarixli, 1124-L/13 nömrəli “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə müqaviləyə və ödəniş qrafikinə (Əlavə № 1) əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh texnikaların ("MTZ-1221” markalı traktor və “KR- 14-5 (AG-14-5)” markalı kotan) dəyərinin 4070 (dörd min yetmiş) manatı əvvəlcədən, qalan hissəsi isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri tərəfindən imzalanmış 16 may 2016-cı il tarixli 2270/ü saylı Əmrdən görünür ki, 13 sentyabr 2013-cü il tarixli, 1124-L/13 nömrəli müqaviləyə xitam verilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh (müqavilə etibarnamə üzrə nümayəndəsi X2 tərəfindən imzalanmışdır) arasında bağlanmış 12 may 2016-cı il tarixli, 1250-GL/16 nömrəli “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə müqaviləyə əsasən lizinq verən ümumi məbləği 26288 manat olan və Spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını (“Belarus-892” markalı traktor, “Belarus-1221” markalı traktor və “AG-14-5” markalı 5 gövdəli kotan) ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Lizinq alan texnikaların qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. İş materiallarında olan iddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş 25 avqust 2021-ci il tarixli maliyyə arayışında göstərilir ki, 12 may 2016-cı il tarixli, 1250- GL/16 nömrəli müqavilə üzrə lizinq alan Cavabdeh tərəfindən cəmi 1350 (min üç yüz əlli) manat məbləğində ödəniş edilmiş və 25 avqust 2021-ci il tarixinə lizinq alan Cavabdeh həmin müqavilə üzrə 20715 (iyirmi min yeddi yüz on beş) manat ödənilməmiş əsas borcu və 19089,39 (on doqquz min səksən doqquz manat 39 qəpik) manat məbləğində cərimə borcu vardır. İş materiallarında olan 13 sentyabr 2013-cü il tarixli ƏN-İ 321138 nömrəli etibarnamədən müəyyən olunur ki, Cavabdeh tərəfindən X1 onun adından öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamaq səlahiyyətləri etibar edilmişdir. İş materiallarında olan 29 iyun 2022-ci il tarixli 4/449 nömrəli ekspert rəyinə əsasən 12 may 2016-cı il tarixli 12-GL/16 saylı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilənin 1-2-ci səhifələrinin aşağı sağ hissələrində olan 2 ədəd imza və müqavilənin sonunda “Lizinq alan” hissəsində “İmza:” qrafasında “Cavabdeh” yazılarının üst hissəsindəki imza; 12 may 2016-cı il tarixli 12- GL/16 saylı lizinq müqaviləsinin spesifiksiyası əlavə №1-də “Lizinq alan sifarişçi” qrfasında “Cavabdeh” yazılarının üst hissəsindəki imza; 12 may 2016-cı il tarixli, 12-GL/16 saylı lizinq müqaviləsinin 4.1 bəndinin ödəniş qrafiki əlavə №2-də “Lizinqə alan” qrafasında “Cavabdeh” yazılarının üst hissəsindəki imza – X2 tərəfindən icra olunmuşdur. 13 sentyabr 2013-cü il tarixli, 1124L/13 saylı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilənin sonunda “Lizinq alan” hissəsində “Nümayəndə:” qrafasında “Sərxan Fətullayev” yazılarının alt hissəsindəki “фəтулаjeв” yazısı və həmin müqavilənin 1-3-cü səhifələrinin aşağı sağ küncündə olan 3 ədəd imza və müqavilənin sonunda “Lizinq alan” hissəsində “Nümayəndə:” qrafasında “Sərxan Fətullayev” yazılarının qarşısındakı imza; 13 sentyabr 2013-cü il tarixli, 1124L/13 saylı lizinq müqaviləsinin 4.1 bəndinin ödəniş qrafiki əlavə No1-də də “Lizinqə alan” qrafasında “S.Ə.Fətullayev” yazılarının qarşısındakı imza – X2 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Qeyd etmək lazımdır ki, lizinq verən və lizinq alan arasında bağlanmış yuxarıda qeyd olunan 12 may 2016-cı il tarixli, 1250-GL/16 nömrəli müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2-ci maddəsinə əsasən, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (əvvəlki "xxxx" Açıq Səhmdar Cəmiyyətinə) məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi ilə əlaqədar bağlanmış 12 may 2016-cı il tarixli 1250-GL/16 nömrəli müqavilə üzrə 25 avqust 2021-ci il tarixinə 20715 manat məbləğində əsas borc və 19089,39 manat məbləğində cərimə borcu hesablanaraq, həmin borcların Cavabdeh tutulması üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. İş materiallarından görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, 25 avqust 2021-ci il tarixinə hesablanmış 12 may 2016-cı il tarixli 1250-GL/16 nömrəli müqavilə üzrə 20715 (iyirmi min yeddi yüz on beş) manat məbləğində əsas borcun Cavabdeh iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və həmin hissədə iddia təmin olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın cavabdehdən 12 may 2016-cı il tarixli 1250-GL/16 nömrəli müqavilə üzrə hesablanmış cərimə məbləğinin tutulması tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları, o cümlədən də cavabdehin kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması nəzərə alınmaqla, cərimə məbləği azaldılmalı və Cavabdeh həmin müqavilə üzrə 1000 (min) manat cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmçinin, qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği azaldılarkən digər hallarla yanaşı, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin tələbinə görə lizinqə verilmiş avadanlığın dəyərinin ödənilmə müddətinin və qaydasının dəqiq müəyyən edilməsinə baxmayaraq, ödəniş qrafikinə riayət olunmadığı halda - iddiaçı tərəfindən həmin müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq tədbirlər vaxtında görülməyərək uzun müddət sonra məhkəməyə müraciət edilməsi və bununla əlaqədar hesablanan cərimə məbləğinin də yüksək həddə artması və cərimə məbləğinin artmasına iddiaçı tərəfin də hərəkətsizliyinin səbəb olması nəzərə alınmalıdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdeh Cavabdeh (VÖEN: **********) 25 avqust 2021-ci il tarixinə hesablanmış 12 may 2016-cı il tarixli 1250-GL/16 nömrəli müqavilə üzrə 20715 (iyirmi min yeddi yüz on beş) manat məbləğində əsas borc və 1000 (min) manat məbləğində cərimə olmaqla, cəmi 21715 (iyirmi bir min yeddi yüz on beş) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən hüquqi yardımla əlaqədar nümayəndəyə ödənilmiş 350 (üç yüz əlli) manat məbləğində xidmət haqqı da Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 124 (yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti və 155,14 (yüz əlli beş manat 14 qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh Cavabdeh dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) 25 avqust 2021-ci il tarixinə hesablanmış 12 may 2016cı il tarixli 1250-GL/16 nömrəli müqavilə üzrə 20715 (iyirmi min yeddi yüz on beş) manat məbləğində əsas borc, 1000 (min) manat məbləğində cərimə və hüquqi yardımla əlaqədar ödənilmiş 350 (üç yüz əlli) manat məbləğində xidmət haqqı olmaqla - cəmi 22065 (iyirmi iki min altmış beş) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 155,14 (yüz əlli beş manat 14 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 124 (yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti Cavabdeh dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-47/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-47/2022
06.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver