Məhkəmə qərarları › İş №e-2-2(119)-475/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-475/2022

26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-475/2022 26.05.2022 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi üzrə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 887,47 (səkkiz yüz səksən yeddi manat qırx yeddi qəpik) manat əsas borc, 40 (qırx) manat ilkin mediasiya sessiyası zamanı ödənilən məbləğ və vəkilə hüquqi yardıma görə ödənilmiş 110 (yüz on) manat olmaqla, cəmi 1037,47 (min otuz yeddi manat qırx yeddi qəpik) manat pulun İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin əsasında kommersiya işi başlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verdikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin maddələrin tələbinə uyğun olaraq cavabdehə məhkəmə tərəfindən rəsmi qaydada bildiriş göndərilmişdir. Lakin cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə etiraz təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması mümkündür. Məhkəmə işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında 28 dekabr 2018-ci il tarixli 16148 nömrəli diler müqaviləsi bağlanmış, müqavilə üzrə Cavabdeh İddiaçı QSC-yə 887,47 manat məbləğində ödənilməmiş borcunun olması ilə bağlı 01 sentyabr 2021-ci il tarixli üzləşmə aktı tərtib olunmuş və borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq, həmin borc məbləği ödənilməmişdir. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı QSC tərəfindən mediatora 40 (qırx) manat məbləğində xidmət haqqı və eyni zamanda, hüquqi yardımla əlaqədar vəkilə 110 (yüz on) manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia ərizəsində istinad edilən hallar təqdim olunmuş sübutlarla təsdiqini tapır və buna görə iddia əsaslı olduğu üçün təmin olunmalı, Cavabdeh 887,47 manat əsas borc tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Həmçinin, iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı QSC tərəfindən 40 manat məbləğində mediatora ödənilmiş xidmət haqqı və iddiaçının hüquqi yardımla əlaqədar ödəmiş olduğu 110 (yüz on) manat məbləğində xidmət haqqı da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eləcə də, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatadək olduqda məhkəməyə iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 284-1 – 284-6-cı maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 887,47 (səkkiz yüz səksən yeddi manat qırx yeddi qəpik) manat əsas borc, 40 (qırx) manat ilkin mediasiya sessiyası zamanı ödənilən məbləğ və vəkilə hüquqi yardıma görə ödənilmiş 110 (yüz on) manat olmaqla, cəmi 1037,47 (min otuz yeddi manat qırx yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. Cavabdeh dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar