Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-479/2023 11.07.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X4 qızının katibliyi, iddiaçı "AzBeauty Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə oğlunun, Cavabdeh2 iştirakı ilə, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 05 aprel 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 09 may 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 4800 (dörd min səkkiz yüz) manat məbləğində borcun, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün hesablanmış 477,6 (dörd yüz yetmiş yeddi manat 60 qəpik) manat məbləğində dəbbə pulunun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 72,78 (yetmiş iki manat 78 qəpik) manat məbləğində pulun tulularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı MMC (bundan sonra – “iddiaçı”) ilə alıcı Cavabdeh2 (bundan sonra – “cavabdeh”) arasında 09 may 2019-ci il tarixdə 110 № li alqı-satqı müqaviləsi (bundan sonra – “müqavilə”) bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı sifariş əsasında ümumi dəyəri və təyinatı Müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşdırma protokollarında əks olunan texniki avadanlıqları (malları) dəyəri nağd və ya hissə-hissə ödənilməklə cavabdehə satmağı, cavabdeh isə malı qəbul edib qaimə-fakturalarda əks olunan qiyməti iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Eyni tarixli təhvil-təslim aktına əsasən, Cavabdeh2 Müqavilə üzrə nəzərdə tutulmuş malları iddiaçıdan təhvil almış, yoxlayaraq qəbul etmişdir. Həmin tarixdə müqaviləyə əlavə olaraq imzalanmış Ödəniş Cədvəlinə əsasən, cavabdeh 6000 manat pulu ilkin ödəniş, 15 ay müddətinə isə hər ay 800 manat olmaqla, ümumilikdə 18000 manat ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, Cavabdeh2 tərəfindən bu günədək müqavilə üzrə ödənilməli məbləğdən yalnız 13200 manat ödənilmiş və cavabdehin iddiaçıya 4800 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdehə edilmiş çoxsaylı xəbərdarlıqlara və bildirişlərə baxmayaraq, cavabdeh öhdəliyinin icrasından yayınmış, satın aldığı malların pulunu ödəməmişdir. Bundan əlavə, iddiaçı ilə Cavabdeh1 (bundan sonra – “Zamin”) arasında 09 may 2019-cu il tarixdə Zaminlik Müqaviləsi bağlanmış, zamin iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdehin öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdeh ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Beləliklə, cavabdeh iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, satın aldığı malların dəyərini tam olaraq iddiaçıya ödəməmiş, nəticədə onun iddiaçı qarşısında 4800 manat məbləğində borcu yaranmışdır. Bundan başqa, cavabdeh tərəfindən müqavilə üzrə son ödəniş 09 iyul 2020-ci il tarixdə həyata keçirilmiş olsa da, son ödəniş tarixindən indiyədək bir təqvim ilinə yaxın müddət keçmiş, öhdəliyin icrası həmin müddətə gecikdirilmişdir. Onu da nəzərə almaq lazımdır ki, cavabdehin müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərin icra edilməsi üçün zamin iddiaçı qarşısında öhdəlik götürmüşdür. Belə olan halda, müqavilə üzrə icra edilməmiş öhdəlik – 4800 manat və öhdəliyin icra edilmədiyi müddət olaraq 09 iyul 2020 – 31 mart 2023-cü il (995 gün) üçün hər gecikdirilmiş günə görə 0,01% olmaqla, 477,6 manat (4800 x 0,01 % x 995) cərimə, ümumilikdə 5277,6 manat məbləğ cavabdeh və zamindən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Müvafiq qaydada zəruri tədbirlərin görülməsinə baxmayaraq, bu mübahisənin məhkəmədən kənar və yaxud mediasiya qaydasında həll edilməsi mümkün olmamış və iddiaçı tərəf mediasiya xərcini və ödəməli olduğu dövlət rüsumunu ödəyərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 09 may 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 4800 manat məbləğində əsas borcun, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün hesablanmış 477,6 manat məbləğində dəbbə pulunun və ödənilmiş mediasiya xərcinin və dövlət rüsumunun əvəzi olaraq 72,78 manat məbləğində pulun tulularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirərək, İddiaçı tərəfindən ona və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, o, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və bu fəaliyyəti ilə əlaqədar gözəllik salonunda istifadə edilməsi məqsədi ilə iddia ərizəsində qeyd olunan cəmi 18000 manat məbləğində avadanlığı dəyərinin hissə-hissə ödənilməsi şərti ilə İddiaçındən nisyə almışdır. Həmin avadanlığı alarkən iddiaçı MMC-yə 6000 manat məbləğində pulu ilkin ödəniş olaraq ödəmiş və qalan 12000 manat pulun isə hər ay 800 manat olmaqla 15 ay müddətinə ödənilməsi barədə razılıq əldə olunmuşdur. Bundan sonra da o, hər ay nəzərdə tutulan pul vəsaitlərini mütəmadi olaraq ödəməklə, ilkin ödənişlə birlikdə cəmi 13200 manat məbləğində ödəniş etsə də, qalan 4800 manat məbləğində pulu ödəməyərək, iddiaçı MMC-dən həmin avadanlığın geri götürülməsini tələb etmişdir. Çünki, həmin avadanlıq iş prosesində özünü doğrultmamış və qüsurlu olduğu üçün onun normal istifadəsi mümkün olmamışdır. Lakin, iddiaçı MMC avadanlığı geri götürməmiş və ödənilməmiş 4800 manat məbləğində pulun ödənilməsini tələb etmişdir. Buna görə də, o, borclu olduğu 4800 manat pulun və hesablanmış dəbbə pulunun ondan və digər cavabdehdən tutulmasına etiraz edir və iddiaçıdan həmin 4800 manat məbləğində borcun əvəzində satmış olduğu avadanlığın geri təhvil alınmasını tələb edir. Eyni zamanda, işçisi olmuş Cavabdeh1 bu avadanlığın alınmasında ona zamin olmamış və hazırkı iddia ərizəsində Cavabdeh1 zamin qismində göstərilməsinin səbəbləri ona məlum deyildir. Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə məzmununa görə satıcı İddiaçı (VÖEN **********) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan alıcı Cavabdeh2 (VÖEN **********) arasında bağlanmış 09 may 2019-cu il tarixli 110 nömrəli Alqı-satqı Müqaviləsi təqdim edilmiş olsa da, məhkəmə iclasında Cavabdeh2 həmin Müqavilədə adından çəkilmiş imzaların ona məxsus olmadığını bildirmiş, iddiaçının nümayəndəsi isə həmin halı mübahisələndirməmişdir (araşdırma zamanı həmin Müqavilədəki Cavabdeh2 aid imzaların iddiaçı tərəfindən təqdim edilmiş digər sənədlərdə olan Cavabdeh2 aid imzalardan tam fərqli olması faktı mübahisələndirilməmişdir). İş materiallarında olan 13 may 2019-cu il tarixli Ödəniş Cədvəlindən görünür ki, ümumi dəyəri 18000 manat məbləğində olan avadanlığın satışı üzrə alıcı Cavabdeh2 Satıcı İddiaçınə olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə (ilkin ödəniş 6000 manat, qalan 12000 manat məbləğində borcun isə hər ay cəmi 800 manat məbləğində olmaqla) və 15 ay ərzində müəyyən olunmuş vaxtlarda (xx.xx.2019-cu il, 13.07.19-cu il, 13.08.19-cu il və s.) ödənilməsi nəzərdə tutulmuşdur (həmin ödənişin son tarixi 13 iyul 2020-ci il müəyyən olunmuşdur). X2 alıcı Cavabdeh2 imza etmişdir. X3 əsasən avadanlıq alınarkən Alıcı tərəfindən xx.xx.2019-cu ildə ödənilməli olan ilkin ödəniş məbləği “6000 (altı min) manat” miqdarında müəyyən edilmişdir (məhkəmə iclasında Cavabdeh2 həmin Ödəniş Cədvəlində olan “Alıcı” qrafasındakı imzanın özünə məxsus olduğunu bildirmişdir). İddiaçı tərəfindən məhkəməyə İddiaçı ilə zamin Cavabdeh1 arasında bağlanmış 09 may 2019-cu il tarixli Zaminlik Müqaviləsi təqdim edilmiş olsa da, həmin Müqavilədə bu zaminliyin hansı və yaxud kimin əsas öhdəliyi üzrə olması, həmin zaminliklə təmin olunan öhdəliyin nədən ibarət olması və s. zəruri məlumatlar göstərilməmişdir. Yəni, 09 may 2019-cu il tarixli Zaminlik Müqaviləsinin alıcı Cavabdeh2 tərəfindən yuxarıda qeyd olunan avadanlığın alınmasına hər hansı bir aidiyyətinin olması müəyyən olunmur. İddiaçı tərəfin təqdim etdiyi 31 mart 2023-cü il tarixli 03 nömrəli Maliyyə Arayışı ilə müəyyən olunur ki, Cavabdeh2 almış olduğu 18000 manat dəyərində avadanlığa görə 6000 manat ilkin ödəniş olmaqla, ümumilikdə cəmi 13200 manat məbləğində pul vəsaiti ödəmiş olsa da (son ödəniş tarixi - 09 iyul 2020-ci il), onun "xxxx" MMC-yə 4800 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla və işin konkret halları ilə müəyyən olunur ki, hazırkı iddia tələbi üzrə məhkəməyə mötəbər sübut qismində qiymətləndirilməsi mümkün olan alqı-satqı müqaviləsi, zaminlik müqaviləsi və s. təqdim edilməsə də, Cavabdeh2 məhkəmə iclasında həqiqətən də fərdi sahibkarlıq fəaliyyəti ilə əlaqədar gözəllik salonunda istifadə edilməsi məqsədi ilə cəmi 18000 manat dəyərində avadanlığı hissə-hissə ödənilməsi şərti ilə İddiaçındən nisyə aldığını təsdiq etmiş və bu alqı-satqı üzrə İddiaçınə 6000 manat məbləğində ilkin ödəniş və hər ay 800 manat olmaqla, ümumilikdə cəmi 13200 manat məbləğində pul vəsaiti ödəsə də, avadanlığın dəyəri üzrə qalan 4800 manat məbləğində pulu ödəmədiyini etiraf etmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələblərinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, dəyəri hissəhissə ödənilməsi şərtilə satılmış 18000 manat məbləğində avadanlığa görə cəmi 4800 (dörd min səkkiz yüz) manat məbləğində əsas borc alıcı Cavabdeh2 tərəfindən satıcı İddiaçınə ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 4800 manat məbləğində əsas borcun və öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 477,6 manat məbləğində dəbbə pulunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı MMC tərəfindən mediatora 60 (altmış) manat məbləğində xidmət haqqı və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən isə 12,78 (on iki manat 78 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (Cavabdeh2 ilkin mediasiya sessiyasında iştirak etmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti iə məşğul olan Cavabdeh2 (VÖEN **********) sahibkarlıq fəaliyyəti ilə əlaqədar dəyəri hissə-hissə ödənilmək şərtilə alınmış 18000 manat dəyərində avadanlığa görə ödənilməmiş “4800 manat məbləğində əsas borcun" İddiaçı MMC-nin xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır və təmin olunmalıdır (məhkəmə araşdırması zamanı Cavabdeh2 2019-cu ildə almış olduğu avadanlığa görə İddiaçı MMC-yə 4800 manat məbləğində ödənilməmiş borcunun olması faktını təsdiq etmişdir). Lakin, iddia tələbinin “477,6 manat məbləğində dəbbə pulunun tutulması” hissəsinin əsaslılığı isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və həmin tələbin əsaslılığı iddiaçı tərəfindən sübut olunmamışdır. Belə ki, Mülki Məcəllənin tələblərinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirildikdə, yəni tərəflər arasında bağlanan müqavilədə göstərildikdə tutula bilər (Mülki Məcəllənin 465.2-ci maddəsi). Lakin, iddiaçı tərəfin təqdim etdiyi 09 may 2019-cu il tarixli 110 nömrəli Alqısatqı Müqaviləsinin alıcı Cavabdeh2 imzalamaması xüsusatının iddiaçının nümayəndəsi tərəfindən mübahisələndirilməməsi və cavabdehin isə yalnız əsas borc olaraq 4800 manat məbləğində borcunun olması faktını etiraf etməsi - həmin müqavilə üzrə digər fərqli öhdəliklərdən (dəbbə pulu hesablanması və s.) "alıcı" qismində Cavabdeh2 azad olunmasını şərtləndirir. Çünki, Cavabdeh2 18000 manat dəyərində olan avadanlığı aldığını və həmin avadanlıqla bağlı ödənilməmiş 4800 (dörd min səkkiz yüz) manat məbləğində borcunun qaldığını etiraf etsə də, həmin borca görə dəbbə pulu ödəməli olmasını qəbul etməmişdir. Ona görə də, əsaslılığı müəyyən edilmədiyi üçün “477,6 manat dəbbə pulunun tutulması” hissəsində iddia təmin olunmamalıdır. Eyni zamanda, məhkəmə araşdırması zamanı 09 may 2019-cu il tarixli Zaminlik Müqaviləsinin hansı əsas öhdəliyin təminatı olaraq zamin kimi Cavabdeh1 ilə bağlandığı müəyyən olunmamışdır. Yəni, həmin Zaminlik Müqaviləsində zaminliyin təmin etdiyi əsas müqavilənin tarixi, hansı öhdəliklə əlaqədar bağlanması və digər əsas öhdəliklə bağlı zəruri məlumatlar qeyd olunmamışdır. Bundan əlavə, iş materiallarında olan və mötəbərliliyi Cavabdeh2 tərəfindən mübahisələndirilməyən 13 may 2019-cu il tarixli Ödəniş Cədvəlindən görünür ki, ümumi dəyəri 18000 manat məbləğində olan avadanlığın satışı üzrə alıcı Cavabdeh2 sonuncu ödənişi 13 iyul 2020-ci ildə etməli idi və bu alqı-satqı üzrə o, sonuncu ödənişi 13 iyul 2020-ci ildə etmişdir. Bu halda isə hətta, məlum Zaminlik Müqaviləsi qeyd olunan alqı-satqıya aid olduğu halda belə, iddiaçı zaminliklə təmin edilmiş həmin öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni müvafiq olaraq 13 iyul 2020-ci il tarixdən 1 (bir) il ərzində həmin zaminə qarşı iddia irəli sürməmişdir. Çünki, iddiaçı "xxxx" MMC məlum alqı-satqı üzrə yaranmış öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hazırkı iddia ərizəsini qeyd olunan müddət (bir illik müddət) keçdikdən sonra, yəni 05 aprel 2023-cü ildə məhkəməyə təqdim etmişdir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin tələblərinə görə hazırkı iddia ərizəsi üzrə borcun zamin olaraq Cavabdeh1 tutulması tələbi də əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0. və 477.0.4-cü maddələrinin tələblərinə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir”. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı xeyrinə Cavabdeh2 (VÖEN **********) 4800 manat məbləğində əsas borc tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddianın "ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin tutulması" tələbi də qismən təmin olunaraq, Cavabdeh2 ilkin mediasiya sessiyasında iştirak etməsi və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Cavabdeh2 iddiaçının xeyrinə mediatora ödənilmiş 60 (altmış) manat məbləğində xidmət haqqının 30 (otuz) manat hissəsi tutulmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Həmçinin, iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq Cavabdeh2 dövlət nəfinə 55,22 (əlli beş manat 22 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 (VÖEN **********) 4800 (dörd min səkkiz yüz) manat məbləğində əsas borc, mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 30 (otuz) manat hissəsi və 12,78 (on iki manat 78 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4842,78 (dörd min səkkiz yüz qırx iki manat 78 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh2 dövlət rüsumunun qalığı kimi 55,22 (əlli beş manat 22 qəpik) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-479/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-479/2023
11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver