Məhkəmə qərarları › İş №e-2-2(119)-479/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-479/2024

09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-479/2024 09.04.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, iddiaçı "X1" İstehsalat Kommersiya Şirkəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "X1" İstehsalat Kommersiya Şirkəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “X1” İstehsalat Kommersiya Şirkəti ilə Cavabdeh (VÖEN **********) arasında bağlanmış 01 fevral 2022-ci il tarixli ***-******* nömrəli "Qablaşdırılmış pivənin satışına dair” müqaviləyə əsasən cavabdehə satılmış pivə məhsullarına görə ödənilməmiş qalan 889,2 (səkkiz yüz səksən doqquz manat 20 qəpik) manat məbləğində əsas borc (real zərər), 133,38 (yüz otuz üç manat 38 qəpik) manat məbləğində əldən çıxmış faydan və hüquqi yardım üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqı olmaqla, ümumilikdə 1342,58 (min üç yüz qırx iki manat 58 qəpik) manat məbləğində pulun və 34 (otuz dörd) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq iddiaçı "X1" İstehsalat Kommersiya Şirkətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və iddia ərizəsində həmin tələb - satıcı "X1" İstehsalat Kommersiya Şirkəti (VÖEN **********) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 01 fevral 2022-ci il tarixli ***-******* nömrəli "Qablaşdırılmış pivənin satışına dair" müqavilənin şərtlərinin pozulması ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı "X1" İstehsalat Kommersiya Şirkətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, tərəflər arasında bağlanmış 01 fevral 2022-ci il tarixli ***-******* nömrəli "Qablaşdırılmış pivənin satışına dair" müqaviləyə əsasən satıcı "X1" İstehsalat Kommersiya Şirkəti ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan alıcı Cavabdeh arasında malların (pivə məhsullarının) alqı-satqısı baş tutmuş və həmin alqı-satqı üzrə alıcı (cavabdeh) Cavabdeh (VÖEN **********) satıcı (iddiaçı) "X1" İstehsalat Kommersiya Şirkətinə (VÖEN **********) 889,2 (səkkiz yüz səksən doqquz manat 20 qəpik) manat məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarından görünür ki, 01 fevral 2022-ci il tarixli ***-******* nömrəli "Qablaşdırılmış pivənin satışına dair" Müqavilə üzrə satıcı "X1" İstehsalat Kommersiya Şirkəti tərəfindən alıcı Cavabdeh müvafiq olaraq 180 (yüz səksən) manat dəyərində (06 dekabr 2022-ci il tarixli EBCK № 576922 nömrəli Elektron Qaimə) və 709,2 (yeddi yüz doqquz manat 20 qəpik) manat dəyərində (06 dekabr 2022-ci il tarixli EBCK № 578372 nömrəli Elektron Qaimə) olmaqla, ümumilikdə cəmi 889,2 (səkkiz yüz səksən doqquz manat 20 qəpik) manat məbləğində müxtəlif adda məhsulların satılması ilə əlaqədar müvafiq qaydada tərtib edilmiş Elektron Qaimələr təqdim olunmuşdur (iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicisi "X1" İstehsalat Kommersiya Şirkətinə məxsus "Online Kargüzarlıq" elektron vergi kabinetindən Çıxarışdan görünür ki, yuxarıda sadalanan həmin Elektron Qaimələr təsdiqlənmişdir). İddiaçı tərəfin təqdim etdiyi Maliyyə Arayışından görünür ki, alıcı Cavabdeh 01 fevral 2022-ci il tarixli ***-******* nömrəli "Qablaşdırılmış pivənin satışına dair" Müqavilə üzrə satıcı "X1" İstehsalat Kommersiya Şirkətinə cəmi 889,2 (səkkiz yüz səksən doqquz manat 20 qəpik) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar Cavabdeh müvafiq qaydada xəbərdarlıq olunmuş və iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə əlaqədar Dövlət Büdcəsinə 34 (otuz dörd) manat məbləğində dövlət rüsumu və hüquqi yardımla bağlı nümayəndəyə (vəkilə) 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, Cavabdeh iddiaçı "X1" İstehsalat Kommersiya Şirkəti ilə bağlanmış "Qablaşdırılmış pivənin satışına dair" müqavilə üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin Müqavilə üzrə ödənilməmiş 889,2 (səkkiz yüz səksən doqquz manat 20 qəpik) manat məbləğində əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Eləcə də, işin halları ilə cavabdehdən "133,38 (yüz otuz üç manat 38 qəpik) manat məbləğində əldən çıxmış faydanın tutulması" hissəsində iddianın əsaslılığı müəyyən olunmamış və təsdiq edilməmişdir. Yəni, məhkəmə araşdırması zamanı həmin iddia tələbinin əsaslılığı iddiaçı tərəfin təqdim etdiyi sənədlərlə sübuta yetirilməmişdir. Eyni zamanda, bununla əlaqədar qeyd etmək lazımdır ki, satılmış malların dəyəri vaxtında ödənilmədiyi halda (tərəflər arasında bağlanmış müqavilədə satılmış malların dəyərinin “15 gün” ərzində ödənilməsi nəzərdə tutulmuşdur və Elektron Qaimələr 06 dekabr 2022-ci ildə təqdim edilmişdir), iddiaçı tərəfindən tərəflər arasında bağlanmış Müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq tədbirlər vaxtında görülməyərək, uzun müddət sonra məhkəməyə müraciət edilmiş və bu zaman iddia ərizəsində “3 il üçün” hesabat aparılaraq, "133,38 (yüz otuz üç manat 38 qəpik) manat məbləğində əldən çıxmış faydanın tutulması" tələb olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Bundan əlavə, həmin Məcəllənin hüquqdan sui-istifadənin qadağan edilməsini nəzərdə tutan 560-cı maddəsinin tələblərinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir və hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir (maddə 560.1) və hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (maddə 560.2). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh (VÖEN **********) 889,2 manat məbləğində əsas bоrc iddiaçı "X1" İstehsalat Kommersiya Şirkətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddiaçı tərəfindən ödənilmiş hazırkı iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq hesablanan 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi və hüquqi yardımla əlaqədar nümayəndəyə ödənilmiş olan 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqının əvəzi də Cavabdeh tutularaq iddiaçı "X1" İstehsalat Kommersiya Şirkətinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) 889,2 (səkkiz yüz səksən doqquz manat 20 qəpik) manat məbləğində əsas bоrc, hüquqi yardımla əlaqədar ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqı və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1239,2 (min iki yüz otuz doqquz manat 20 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "X1" İstehsalat Kommersiya Şirkətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (elektron kabinet vasitəsi ilə) verilə bilər. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar