Məhkəmə qərarları › İş №e-2-2(119)-479/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-479/2025

13.03.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-479/2025 13.03.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək X2 (VÖEN: **********) 17 yanvar 2025-ci il tarixinə hesablanmış dövlət büdcəsinə olan 1834,27 (min səkkiz yüz otuz dörd manat, iyirmi yeddi qəpik) manat məbləğində vergi borcunun, İcbari Tibbi Sığorta Fonduna olan 66,84 (altmış altı manat, səksən dörd qəpik) manat məbləğində borcunun, eyni zamanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi Maraqlı şəxs (VÖEN: **********) İşsizlikdən Sığorta Fonduna olan 2,6 (iki manat, altmış qəpik) manat məbləğində borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 337,31 (üç yüz otuz yeddi manat, otuz bir qəpik) manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri və vergi ödəyicisi - 09 avqust 1949-cu il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən, işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs izahatında bildirdi ki, ərizəçi 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən yanlış olaraq hesablanmış əmlak və mənfəət vergisi silinmiş və X2 şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edilmişdir. X3 Sığorta Fonduna olan 66,84 manat məbləğində borc üzrə 37 manat məbləğində ödəniş etmiş, qalan məbləği cari ilin mart ayı ərzində ödəniləcəkdir. Onun özünə məxsus VÖEN üzrə İşsizlikdən Sığorta Fonduna və Dövlət Sosial Müdafiə Fonduna olan borcları ilə bağlı isə məhkəmə qətnaməsi çıxarılmış, müvafiq məbləğin tutulması təqaüdünə yönəldilmiş və təqdim etdiyi hesabdan çıxarışda bu aşkar görünməkdədir. Bu barədə məlumatı ona Dövlət Sosial Müdafiə Fondunun baş maliyyə idarəsi üzrə mühasibi bildirmişdir. Buna baxmayaraq həmin məbləğ hələ də ödənilməmiş olaraq göstərilmiş, bununla bağlı dəfələrlə aidiyyəti orqana müraciət etsə də, ona bu məsələnin həll oluna bilinməyəcəyini, yenidən ödəniş etməli olduğu bildirilmişdir. Maraqlı şəxs göstərilənlərin nəzərə alınaraq, ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. 14 fevral 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında maraqlı şəxs izahatında bildirmişdir ki, borc məbləğlərini qismən qəbul edir, yəni Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna olan borc məbləğləri ilə razıdır. 2024-cü ilin aprel ayında icra orqanının rəhbəri olduğu X5 barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən əmlak vergisi və mənfəət vergisi hesablanmışdır. Bununla bağlı 2 saylı Ərazi Vergilər Baş İdarəsinə etiraz məktubu ünvanlamış, həmin məktubun mahiyyəti bundan ibarət olmuşdur ki, xx.xx.2024-cü il tarixində 2023-cü il üçün mənfəət vergisi bəyənnaməsinə kameral hesablanma aparılmışdır. Hesablanma zamanı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 121.1-ci maddəsinin tələbləri pozularaq vergi bəyannaməsinin müvafiq bəndində qeyd edilən müəssisənin 2022-ci ildə sahibkarlıq fəaliyyəti nəticəsində yaranmış zərərin əsası olduğu nəzərə alınmamış və əlavə vergi məbləği hesablanmışdır. Həmçinin Vergi Məcəlləsinin 199.14-cü maddəsinə əsasən, mikrosahibkarlıq subyektləri əmlak vergisindən azad olduğu halda xx.xx.2024-cü il tarixində 2023-cü ilin əmlak vergisi üzrə 439 manat məbləğində kameral hesablama aparılmışdır. Bu hesablamanın azaldılması ilə əlaqədar xx.xx.2024-cü il tarixli məktubuna vergi qurumu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunanların kameral yoxlama zamanı nəzərə alınacağı bildirilsə də, uzun müddət keçməsinə baxmayaraq, borcun azaldılması təmin edilməmişdir. Bütün bunları nəzərə alaraq kameral yoxlamanın nəticələrinin Vergi Məcəlləsinin tələblərinə uyğun şəkildə yenidən baxılmasının təmin edilməsi və nəticələri barədə məlumat verilməsi xahiş edilmişdir. Həmin məktuba xx.xx.2024-cü il tarixində cavab almış və həmin cavabda qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən vergi bəyannamələrinin vergi orqanına təqdim edildiyi gündən 30 iş günü müddətində keçirilir. Bununla əlaqədar olaraq təqdim edilmiş müvafiq bəyannamədə qeyd edilən müddət ərzində kameral vergi yoxlaması keçiriləcək və bu yoxlamanın nəticəsində qanunauyğun tədbirlər görüləcəkdir. Eyni zamanda əmlak vergisi ilə bağlı da 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət edilmiş və şirkət barəsində tətbiq olunan əmlak vergisinin ləğv edilməsi xahiş edilmişdir. Bu müraciətlə əlaqədar cavab olaraq bildirilmişdir ki, onun tərəfindən təqdim olunmuş bəyannaməyə kameral vergi yoxlaması zamanı baxılacaq və bununla bağlı müəyyən tədbirlər görüləcəkdir. Bundan sonra bir neçə dəfə müraciət edilsə də, cavab olaraq bildirilmişdir ki, yaxın zamanda tədbirlər görüləcəkdir, lakin bundan sonra hansısa tədbir görülməmiş və onun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı qətnamə qəbul olunması üçün məhkəməyə müraciət edilmişdir. Maraqlı şəxs məhkəmədən müvafiq vergi orqanında aparılan araşdırma yekunlaşana qədər məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. 27 fevral 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında maraqlı şəxs izahatında bildirmişdir ki, X4 aid edilən İcbari Tibbi Sığorta Fonduna olan borcu qəbul edir. Keçən iclasdan sonra həmin borc üzrə 37 manat məbləğində ödəniş həyata keçirmiş, ödənilməmiş faiz məbləğlərini isə cari ilin mart ayı ərzində ödəyəcəkdir. Məhkəmə, proses iştirakçısını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin edilməməlidir. İş materialları: İş materiallarında olan X1 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinə ünvanlanmış 02 iyul 2024-cü il tarixli müraciətdə vergi qanunvericiliyinin tələbinə uyğun olaraq xx.xx.2024-cü il tarixli **********052000 nömrəli 2023-cü ilin əmlak vergisi üzrə hesablanmış kameral hesablamanın ləğv edilməsi, qeyd olunan dövr üzrə təqdim olunmuş dəqiqləşmiş bəyamnamənin təqdim edilməsi və nəticəsi barədə məlumat verilməsi xahiş edilmişdir. İş materiallarında olan X1 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinə ünvanlanmış 25 sentyabr 2024-cü il tarixli müraciətdə xx.xx.2024-cü il tarixində 2023-cü il üçün mənfəət vergisi bəyamnaməsinə kameral hesablama aparıldığı, hesablama zamanı Vergi Məcəlləsinin 121.1-ci maddəsinin tələblərinin pozularaq bəyamnamənin 240.5-ci bəndinə qeyd edilən müəssisənin 2022-ci ildə sahibkarlıq fəaliyyəti nəticəsində yaranmış zərərin əsassız olaraq nəzərə alınmadığı və əlavə vergi məbləği hesablandığı, həmçinin mikro sahibkarlıq subyektləri əmlak vergisindən azad olduğu halda xx.xx.2024-cü il tarixində 2023-cü ilin əmlak vergisi üzrə 439,07 manat məbləğində kameral hesablama aparıldığı bildirilmiş, kameral yoxlamanın nəticələrinə yenidən baxılması və nəticəsi barədə məlumat verilməsi xahiş edilmişdir. İş materiallarında olan X1 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinə ünvanlanmış 12 fevral 2025-ci il tarixli məktubda 25 sentyabr 2024-cü il tarixli müraciətdə (yuxarıda istinad edilmiş) qeyd edilənlər göstərilməklə kameral hesablamanın ləğv edilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən X4 ünvanlanmış 05 mart 2025-ci il tarixli 3-21-2-9/2-M-4xx-xx/2025 nömrəli məktubda qeyd edilmişdir ki, 2023-cü il əmlak vergisi kameral vergi yoxlaması ilə hesablanılmış vergiyə əsasən çıxarılmış xx.xx.2024-cü il tarixli **********052000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı ləğv edilmiş və vergi ödəyicisinin şəxsi hesab vərəqəsində müvafiq düzəliş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən X4 ünvanlanmış 05 mart 2025-ci il tarixli 3-21-2-9/2-M-4xx-xx/2025 nömrəli məktubda qeyd edilmişdir ki, 2023-cü il mənfəət vergisi kameral vergi yoxlaması ilə hesablanılmış vergiyə əsasən çıxarılmış xx.xx.2024-cü il tarixli **********928100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı ləğv edilmiş və vergi ödəyicisinin şəxsi hesab vərəqəsində müvafiq düzəliş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi Xidmətinin rəsmi portalından əldə edilmiş X2 şəxsi hesab vərəqəsinin (çap olunma tarixi: xx.xx.2025) “Vergilər üzrə vərəqə” bölməsinin “Qalıq” sütunundan görünür ki,müəssisənin dövlət büdcəsinə borc qalığı 0,07 manat təşkil edir (məhkəməyə təqdim edilmiş ərizədə müəssisənin 17 yanvar 2025-ci il tarixinə hesablanmış dövlət büdcəsinə olan borcunun 1834,27 manat məbləğində olması qeyd edilmişdir). Həmin şəxsi hesab vərəqəsinin istinad edilən bölməsinin “Ödəmə tarixi” və “Miqdar (Manat)” sütunlarından görünür ki, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə 155 manat məbləğində pul ödənilmişdir (bu barədə müvafiq qəbz iş materiallarına əlavə edilmişdir). Həmin şəxsi hesab vərəqəsinin İcbari Tibbi Sığorta Fonduna olan borc və ödənişlərlə bağlı müvafiq bölməsinin “Ödəmə tarixi” və “Miqdar (Manat)” sütunlarından görünür ki, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə 37 manat məbləğində pul ödənilmişdir (məhkəməyə təqdim edilmiş ərizədə müəssisənin 17 yanvar 2025-ci il tarixinə hesablanmış İcbari Tibbi Sığorta Fonduna olan borcunun 66,84 manat məbləğində olması qeyd edilmişdir). İşin bu halı ilə bağlı maraqlı şəxs məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, X3 Sığorta Fonduna olan borcunu qəbul edir, bununla bağlı 37 manat məbləğində ödəniş etmiş, qalıq borcu da cari ay ərzində ödəyəcəkdir. İş materiallarında olan Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2017-ci il tarixdə verilmiş 2-1(85)-2043/2016 nömrəli icra vərəqəsindən görünür ki, Maraqlı şəxs məcburi dövlət sosial sığorta haqqları üzrə yaranmış 298,41 manat məbləğində borcun Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin xeyrinə tutulması ilə bağlı Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 02 dekabr 2016-cı il tarixli məhkəmə qərardadı icraya yönəldilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində olan DSMF-nun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin xeyrinə məcburi dövlət sosial sığorta haqqının ödənilməməsinə görə yaranmış borc qismində 298,41 manat məbləğində pulun tutulmasına dair Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 02 dekabr 2016-cı il tarixli 2- 1(85)-2043/2016 nömrəli icra sənədi və “İcra ödənişinin tutulması haqqında” qərar icra olunması üçün həmin quruma göndərilmişdir. Məktubda, həmçinin qeyd edilmişdir ki, Maraqlı şəxs icra sənədi üzrə 298,41 manat məbləğində borcu pensiyasından hər ay 50 % DSMF-nun hesabına keçirildikdən sonra “İcra ödənişinin tutulması haqqında” qərar üzrə 20,25 manat məbləğində icra ödənişinin tutulub Sumqayıt şəhəri üzrə İcra İdarəsinin hesabına köçürülsün. İş materiallarında olan "xxxx" ASC-nin Sumqayıt filialının Əməliyyat şöbəsinin möhürü ilə möhürlənmiş Maraqlı şəxs məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində 168,48 manat olmaqla cəmi 336,96 manat məbləğində pul vəsaitinin tutulması aparılmışdır (məhkəməyə təqdim edilmiş ərizədə Maraqlı şəxs özünə məxsus olan VÖEN üzrə 17 yanvar 2025-ci il tarixinə hesablanmış Dövlət Sosial Müdafiə Fonduna olan 337,31 manat məbləğində olması qeyd edilmişdir). Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyanın 28-ci maddəsinin 3-cü hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən, hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yer dəyişmək və yaşayış yeri seçmək hüququ var; Hər bir insanın, öz ölkəsi də daxil olmaqla, hər hansı bir ölkəni tərk etmək hüququ var; Yuxarıda xatırlanan hüquqlar qanunda nəzərdə tutulan, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mənəviyyatının, yaxud başqalarının hüquq və azadlıqlarının və bu Paktda tanınan hüquqlara uyğun digər hüquqların qorunması üçün zəruri olan məhdudiyyətlərdən başqa, məhdudiyyət obyekti ola bilməz; Heç kəs özbaşına öz ölkəsinə gəlmək hüququndan məhrum edilə bilməz. Mülki Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Həmin Məcəllənin 305.1.12-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Məhkəmənin mövqeyi: Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədən göründüyü kimi, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi əsas gətirilərək Maraqlı şəxs icra orqanının rəhbəri olduğu hüquqi şəxs X2 dövlət büdcəsinə 1834,27 manat məbləğində vergi borcunun, İcbari Tibbi Sığorta Fonduna olan 66,84 manat məbləğində borcunun, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Maraqlı şəxs İşsizlikdən Sığorta Fonduna olan 2,6 manat məbləğində borcunun, Dövlət Sosial Müdafiə Fonduna 337,31 manat məbləğində borcunun olması barədə hazırkı ərizə ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X2 dövlət büdcəsinə 1834,27 manat məbləğində vergi borcu ilə bağlı vergi ödəyicisinin şəxsi hesab vərəqəsində müvafiq düzəliş edilmiş və hazırda belə bir borc mövcud deyildir. X2 17 yanvar 2025-ci il tarixinə hesablanmış İcbari Tibbi Sığorta Fonduna olan 66,84 manat məbləğində borcu ilə bağlı müəssisənin şəxsi hesab vərəqəsinin müvafiq bölməsindən görünür ki, bununla bağlı sonuncu dəfə xx.xx.2025-ci il tarixdə 37 manat məbləğində ödəniş edilmiş və maraqlı şəxs cari ay ərzində qalıq borcu ödəyəcəyini bildirmişdir. Bundan əlavə, ərizədə vergi ödəyicisi kimi Maraqlı şəxs özünün də Dövlət Sosial Müdafiə Fonduna 337,31 manat məbləğində borcunun olması qeyd edilsə də, maraqlı şəxsin izahatları, təqdim etdiyi sənədlər, o cümlədən yuxarıda istinad edilmiş bank hesabından çıxarışa əsasən müəyyən edilir ki, həmin borc məbləği Sumqayıt İnzibati- İqtisad Məhkəməsinin 02 dekabr 2016-cı il tarixli məhkəmə qərardadı əsasında xx.xx.2017-ci il tarixdə verilmiş 2-1(85)-2043/2016 nömrəli icra vərəqəsi üzrə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin xeyrinə məcburi dövlət sosial sığorta haqqının ödənilməməsinə görə yaranmış borc qismində ondan tutulması qərara alınmış məbləğdir və təqdim edilmiş hesabdan çıxarışdakı müvafiq məlumatlara əsasən, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində 168,48 manat olmaqla, cəmi 336,96 manat məbləğində pul vəsaiti onun təqaüdündən tutulmuşdur. Təsadüfi deyildir ki, ərizəçi tərəfindən ərizəyə əlavə edilmiş və 2024-cü ilə aid olan digər borc bildirişlərindən fərqli olaraq, vergi ödəyicisi kimi Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna olan borcu barədə ona ünvanlanmış borc bildirişi də daha əvvəlki vaxta xx.xx.2019-cu il tarixə təsadüf edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı ərizə üzrə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması - mütənasib və tətbiq edilməsi zəruri olan tədbir hesab edilə bilməz. Yəni hazırkı ərizədə qeyd olunan məcburi dövlət sosial sığorta haqqı üzrə borc artıq mövcud olmadığından, həmçinin vergi, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə mövcud olan borcların məbləği şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına mütənasib olmadığından həmin vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti aradan qalxmışdır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 305, 355-5, 355-6, 355-7, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar