Məhkəmə qərarları › İş №e-2-2(119)-48/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-48/2021

18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-48/2021 18.06.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Məhdud Məsuliyyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təsviri hissə: İddiaçı cavabdehdən 25.02.2020-ci il tarixli müqavilə üzrə yaranmış 27106 manat məbləğində əsas borc məbləğinin, müqavilə üzrə hesablanmış 2171 manat məbləğində dəbbə pulunun, öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 1355 manat məbləğində pulun, 31 manat məbləğində dövlət rüsumunun, cəmi 30 663 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilir ki, Cavabdehlə İddiaçı MMC arasında alqı-satqı münasibətləri mövcud olmuş və tərəflər arasında həmin alqı-satqı münasibətlərinə dair 25.02.2020-ci il tarixli müqavilə imzalanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən “satıcı” “alıcı”ya müxtəlif çeşidli malları satır, “alıcı” isə həmin Malı qəbul edir və müqavilədə razılaşdırılmış qaydada malın dəyərini “satıcı”ya ödəyir. Müqavilənin 2.3-cü bəndinə əsasən alıcı məhsulları qaimə-faktura əsasında qəbul etdiyi gündən 30 (otuz) təqvim günü ərzində nağd və ya bank köçümə yolu ilə tam ödəməlidir. İddia tələbi onunla əsaslandırılır ki, Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməmiş, müqavilənin 2-ci bəndinin tələbləri pozulmuş, malların dəyəri hazırki vaxta qədər ödənilməmişdir. Belə ki, 03.03.2020-ci il tarixli elektron qaimə-fakturasından görünür ki, Cavabdeh 25043.75 manat dəyərində məhsulları İddiaçı MMC-dən təhvil almışdır. Bundan başqa müqavilə üzrə tərtib edilmiş 26.03.2020-ci il tarixli elektron qaimə-fakturasından görünür ki, Cavabdeh İlqar oğlu 2062.50 manat dəyərində məhsulları İddiaçı MMC-dən təhvil almışdır. Müqavilənin 2.3-cü bəndinə əsasən cavabdeh malları təhvil aldığı gündən 30 gün müddətində malların dəyərini ödəməli olduğu halda hazırkı vaxta qədər ödəməmişdir. Beləliklə, Cavabdeh İddiaçı MMC-yə 25.02.2020–ci il tarixli müqavilə üzrə cəmi 27 106.25 ( iyirmi yeddi min yüz altı manat 25 qəpik) manat məbləğində ödənilməmiş borcu vardır. İddia ərizəsi daha sonra onunla əsaslandırılır ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər icra edilmiş, mallar cavabdehə təhvil verilmiş, lakin cavabdeh öz öhdəliyini icra etməmiş, malların dəyərini hal-hazıra qədər iddiaçıya ödəməmişdir. Cavabdehə dəfələrlə müraciət edərək borcun ödənilməsini xahiş edilsədə borc ödənilməmişdir. Son olaraq cavabdehə 28.05.2020-ci il tarixli pretenziya məktubu ilə müraciət edərək 5 gün müddətində borcun ödənilməsi xahiş edilmiş, lakin müraciət cavabsız qalmış, ona görə də məhkəməyə müraciət etmək zəruriyyəti yaranmışdır. Tərəflər arasında imzalanmış müqavilənin 2.4-cü bəndinə əsasən əgər “alıcı” ödəməni razılaşmada müəyyən olunmuş vaxt ərzində yerinə yetirməzsə, o zaman, o “satıcı” ya hər gecikdirilmiş gün üçün ödəniləcək məbləğin 0.1%-i həcmində kompensasiya ödəməlidir. İş materiallarından müəyyən olunur ki, cavabdeh 03.03.2020-ci il tarixli qaimə üzrə malların dəyərini ödəməyi 83 gün, 26.03.2020-ci il tarixli qaimə üzrə malların dəyərini ödəməyi isə 47 gün müddətində gecikdirmişdir. Ona görə də 03.03.2020-ci il tarixli qaimə üzrə 25043.75 manat məbləğində borca görə hesablanmış 2075 manat, 26.03.2020-ci il tarixli qaimə üzrə 2062.50 manat məbləğində borca görə hesablanmış 96 manat məbləğində dəbbə pulu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə, cavabdeh müqavilə üzrə yaranmış borcunu ödəməməklə və iddiaçıya məxsus pul vəsaitini özündə əsassız saxlamaqla iddiaçını gəlirdən məhrum etmişdir. Ona görə də əldən çıxmış fayda kimi öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 1355 manat pul (27106 x 5%) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdeh tərəfindən imzalanmış 03.03.2020-ci il tarixli elektron qaimədə göstərilən malların təhvil alınmasının həmçinin cavabdehin imzaladığı 03.03.2020-ci il tarixli “Malların təhvil-qəbul aktı” ilə də sübuta yetirildiyini, lakin 26.03.2020-ci il tarixli elektron qaimə-faktura əsasında verilmiş mallara dair aktın hazırda onlarda mövcud olmadığını, bununla belə qeyd edilən malların da cavabdehə veriliyini bildirərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, əvvəllər İddiaçı MMC ilə işlədiyini, aralarındakı faktiki borcun 3-5 min manat təşkil etdiyini, daha sonra ona rəsmi distribütor kimi işləmək təklif edildiyini, bununla əlaqədar 25.02.2020-ci il tarixli müqaviləni və 03.03.2020-ci il tarixli elektron qaiməni imzaladığını, lakin iddiaçının nümayəndəsinin təqdim etdiyi 03.03.2020-ci il tarixli “Malların təhvil-qəbul aktı”nı imzalamadığını, həmin aktdakı imzanın ona məxsus olmadığını, qaimələrdə və aktda göstərilən malların heç birini təhvil almadığını bildirərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etmədiyini, malların Cavabdeh təhvil verilməsinin mötəbər sübutlarla öz təsdiqini tapmadığını, 03.03.2020-ci il tarixli “Malların təhvil-qəbul aktı”ndakı imzanın cavabdehə məxsus olmadığını, həmin aktın hər iki nüsxəsinin iddiaçıda olduğunu bildirmiş, iddianın rədd edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə” dair 18.03.2019-cu il tarixli Qərarında göstərilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. İş materiallarında olan və tərəflərin mübahisələndirmədiyi İddiaçı (VÖEN: **********) (“Satıcı”) ilə Cavabdeh (VÖEN:**********) (“Alıcı”) arasında 25.02.2020-ci il tarixli 0025/02- 20 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən “Satıcı” “Alıcı”ya müxtəlif çeşidli malları satır, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilədə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı”ya ödəyir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilənin şərtlərindən irəli gələn alqı-satqı obyekti-malın ayrı-ayrı partiyalarının adı, çeşidi (növü), sayı (miqdarı), dəyəri tərəflər arasında tərtib və təsdiq edilmiş elektron qaimə ilə müəyyən edilir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən alıcı məhsulları qaimə-faktura əsasında qəbul etdiyi gündən 30 (otuz) təqvim günü ərzində nağd və ya bank köçürmə yolu ilə tam ödəməlidir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən bu müqavilənin 2.3-cü bəndində göstərilən hesab fakturalar Alıcı tərəfindən 30 (otuz) təqvim günü ərzində ödənilmədiyi halda, hər bir gecikmə gününə görə Alıcı müvafiq hesab-faktura əsasında ödənilməli olan məbləğin 0,1 faizi qədərndə cərimə ödəyir. Cərimənin ümumi dəyəri təhvil verilmiş məhsulun ümumi dəyrinin 20 faizindən çox ola bilməz. Həmin müqavilənin 3.1-cü bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini “Alıcı”dan tələb etmək və müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi “Alıcı”dan tələb etmək “Satıcı”nın hüqüqlarıdır. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən malı müqavilənin müəyyən edilmiş şərtlərlə və müddətdə “Alıcı”ya təhvil vermək və “Alıcı”ya tərəflərin razılaşdırdıqları çeşidə malları təhvil vermək “Satıcı”nın vəzifələridir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəmək “Alıcı”nın vəzifəsidir. İş materiallarında olan 03.03.2020-ci il tarixli (seriya EBAH №159596) elektron qaimədə cavabdeh iddiaçıdan 4 adda yekun məbləği 25043,75 manat təşkil edən malları təhvil alması barədə imza etmişdir. Cavabdeh məhkəmə iclasında həmin elektron qaiməni imzaladığını etiraf etmişdir. Bundan əlavə, iddiaçının təqdim etdiyi 03 mart 2020-ci il tarixli HXF seriyalı 057021 nömrəli “Malların təhvil-qəbul aktı”nda 03.03.2020-ci il tarixli (seriya EBAH №159596) elektron qaimədə göstərilən yekun məbləği 25043,75 manat təşkil edən malların İddiaçı MMC-nin direktoru tərəfindən təhvil verildiyi, cavabdeh Vüqar Muayev tərəfindən təhvil alındığı göstərilir. Cavabdeh qeyd edilən təhvil-qəbul aktını imzalamadığını və həmin aktdakı imzanın ona məxsus olmadığını bildirdiyindən, məhkəmə tərəfindən cavabdehin nümayəndəsinin vəsatəti əsasında məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısına müvafiq suallar qoyulmuşdur. İş üzrə keçirilmiş ekspertizanın 12.04.2021-ci il tarixli 4/2021 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, işin 31-ci vərəqində olan 03.03.2020-ci il tarixli HXF seriyalı 057021 saylı “Malların təhvil-qəbul aktı”nın aşağı hissəsində “Təhvil aldım” qrafasında “Cavabdeh” yazılarının qarşısında olan imza- Cavabdeh tərəfindən icra olunmuşdur. Eyni zamanda ekspertizaya təqdim edilmiş, işin 27-30-cu vərəqlərində olan 25 fevral 2020-ci il tarixli 0025/02-20 saylı “Alqı-satqı müqavilə”sinin 1-3-cü vərəqlərinin aşağı sağ künclərində olan imzalar və 4-cü vərəqində “Alıcı” qrafasında olan imza, işin 31-ci vərəqində olan 03 mart 2020-ci il tarixli HXF seriyalı 057021 saylı “Malların təhvil-qəbul aktı”nın aşağı hissəsində “Təhvil aldım” qrafasında “Cavabdeh “ yazılarının qarşısında olan imza öz aralarında-eyni şəxs tərəfindən icra olunmuşdur. Beləliklə, cavabdeh müvafiq malları təhvil almadığını və bu barədə tərtib edilmiş aktdakı imzanın ona məxsus olmaması barədə dəlillər irəli sürsə də, bu dəlilləri təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmiş, əksinə cavabdeh tərəfin vəsatəti əsasında təyin edilmiş ekspertiza rəyi ilə də malların təhvil alınması barədə 03.03.2020-ci il tarixli HXF seriyalı 057021 saylı “Malların təhvil-qəbul aktı”ndakı imzanın Cavabdeh tərəfindən icra olunması sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Eyni zamanda Mülki Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin yuxarıda qeyd edilən halları, tədqiq edilmiş sübutlar və tərəflərin izahatlarından müəyyən olunur ki, Cavabdeh tərəfindən 25.02.2020-ci il tarixli 0025/02-20 nömrəli alqısatqı müqaviləsi üzrə 03.03.2020-ci il tarixli (seriya EBAH №159596) elektron qaimə və 03.03.2020-ci il tarixli HXF seriyalı 057021 nömrəli “Malların təhvil-qəbul aktı”nda göstərilmiş, yekun məbləği 25043,75 manat təşkil edən mallar təhvil alınsa da, onun tərəfindən yaranmış öhdəliklər yerinə yetirilməmiş, yəni malların dəyəri satıcıya ödənilməmişdir. İddiaçı yuxarıda göstərilənlərlə yanaşı 26.03.2020-ci il tarixli elektron qaimə-faktura ilə dəyəri 2062.50 manat olan məhsulları da cavabdehə təhvil verdiyini iddia etsə də, cavabdeh həmin malları da təhvil aldığını inkar etmiş, iddiaçı isə təqdim etdiyi cavabdeh tərəfindən imzalanmamış həmin 26.03.2020-ci il tarixli elektron qaimə-fakturadan başqa hər-hansı dogər mötəbər sübutla, (o cümlədən 03.03.2020-ci il tarixli elektron qaiməyə münasibətdə tərtib edilmiş oxşar “Malların təhvil-qəbul aktı” ilə) həmin malların cavabdehə təhvil verildiyini sübuta yetirə bilməmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə dolayı sübut kimi çıxış edən 26.03.2020-ci il tarixli elektron qaimə-faktura əsasında satılmış malların cavabdehə təhvil verilməsi digər mötəbər sübutlarla öz təsdiqini tapmadığından iddia tələbi qeyd edilən hissədə təmin edilə bilməz. İşin yuxarıda qeyd edilən hallarına əsasən məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün cavabdeh X4 əsas borc kimi 25043,75 manat manatın tutularaq iddiaçıya ödənilməsi üçün kifayət qədər əsaslar olduğundan iddia həmin hissədə təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddianın 25043.75 manat məbləğində borca görə hesablanmış 2075 manat dəbbə puluna dair hissədə iddia qismən təmin edilərək cavabdehdən 500 (beş yüz) manat məbləğində dəbbə pulu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Eyni zamanda iddia tələbi 2062.50 manat məbləğində borca görə hesablanmış 96 manat məbləğində dəbbə pulu və əldən çıxmış fayda kimi öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 1355 manat pul (27106 x 5%) tələbinə dair hissələrdə sübuta yetirilmədiyindən təmin olunmamalıdır. Belə ki, cavabdeh əldən çıxmış faydaya dair hərhansı sübut təqdim etməmiş, öhdəliyin gecikdirilməsinə görə dəbbə pulu isə müqavilənin özündə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinın məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 5 manatı iddiaçıya aid edilməli, 25 manatı isə Cavabdeh tutularaq İddiaçı Məhdud Məsuliyyyətli Cəmiyyətinə ödənilməlidir. Eyni zamanda 12 aprel 2021-ci il tarixli 4/288 nömrəli ekspert rəyinə əlavə edilmiş “Ekspertiza xərcinə dair” bildirişdə keçirilmiş ekspertiza tədqiqatının cəmi dəyəri 124 (yüz iyirmi dörd) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ də Cavabdeh tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh 25043.75 (iyirmi beş min qırx üç manat 75 qəpik) manat məbləğində əsas borc, 500 (beş yüz) manat məbləğində dəbbə pulu, ümumilikdə 25543.75 (iyirmi beş min beş yüz qırx üç manat 75 qəpik) manat pul vəsaiti tutularaq İddiaçı Məhdud Məsuliyyyətli Cəmiyyətinə ödənilsin. İş üzrə iddia ərizəsinın məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 5 manatı iddiaçıya aid edilsin, 25 manatı isə Cavabdeh tutularaq İddiaçı Məhdud Məsuliyyyətli Cəmiyyətinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 124 (yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Eksperiza X1 hesabına (AZ34CTRE********************) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (ay) müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar