Məhkəmə qərarları › İş №e-2-2(119)-49/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-49/2020

13.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-49/2020 13.03.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Quluzadə Hüseyn Rasim oğlunun katibliyi, iddiaçı “İddiaçı» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Ağayev Cavid Calal oğlunun iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N ETDİ : İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4059 (dörd min əlli doqquz) manat əsas borc, 1334,96 (min üç yüz otuz dörd manat 96 qəpik) manat cərimə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5423,96 (beş min dörd yüz iyirmi üç manat 96 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə baxışı zamanı İddiaçı ASC “iddia tələbinin dəqiqləşdirilməsi” barədə xx xxxxxx 2020-ci il tarixli ərizə təqdim edərək, iddia tələbi üzrə tələb olunan borcun miqdarını artırmış və 4510 (dörd min beş yüz on) manat əsas borc, 2011,46 (iki min on bir manat 46 qəpik) manat cərimə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 6551,46 (altı min beş yüz əlli bir manat 46 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2005-ci il tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydalarına müvafiq olaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxx 2016-cı il tarixli 1573-GL/16 nömrəli müqaviləyə əsasən sonuncu güzəştlə dəyəri 9470 (doqquz min dörd yüz yetmiş) manat olan kənd təsərrüfatı texnikasını lizinqə götürmüşdür. Lakin, cavabdeh həmin Müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi müvafiq qaydada yerinə yetirməmiş və həmin müqavilə əsasında tərtib edilmiş Ödəniş qrafiki üzrə cavabdeh tərəfindən cəmi 2254 (iki min iki yüz əlli dörd) manat ödəniş edilmişdir. Ödəniş qrafiki üzrə ödənişlər aparılmadığı üçün xx xxxxxxx 2019-cu il tarixinə lizinq müqaviləsi üzrə cavabdehin 4059 (dörd min əlli doqquz) manat əsas borcu və həmin Müqavilənin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə olaraq 1334,96 (min üç yüz otuz dörd manat 96 qəpik) manat borcu yaranmışdır. Buna görə də, xx xxxxxxx 2019-cu il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Lakin, bundan sonra da müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Buna görə də, cavabdehin borcu artmış və xx xxx 2016-cı il tarixli 1573-GL/16 nömrəli müqavilə üzrə cavabdehin xx xxxxxx 2020-ci il tarixinə 4510 (dörd min beş yüz on) manat əsas borcu və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə olaraq 2011,46 (iki min on bir manat 46 qəpik) manat borcu yaranmışdır. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və 4510 (dörd min beş yüz on) manat əsas borc, 2011,46 (iki min on bir manat 46 qəpik) manat cərimə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 6551,46 (altı min beş yüz əlli bir manat 46 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, “Lizinq verən” İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “Lizinq alan” Cavabdeh (VÖEN **********) arasında bağlanmış xx xxx 2016-cı il tarixli 1573-GL/16 nömrəli “İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” müqaviləyə əsasən “Lizinq alan” Cavabdeh kənd təsərrüfatı texnikası – “Belarus-1221” markalı traktor 9470 (doqquz min dörd yüz yetmiş) manat məbləğində qiymətləndirilərək güzəştlə lizinqə verilmişdir. Həmin Müqavilənin şərtlərinə əsasən “Lizinq alan” Cavabdeh xx xxx 2016-cı ildən etibarən hər ay 451 manat olmaqla 9470 manat məbləğində pulu “Lizinq verən” İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödəməli idi. Lakin, həmin Müqavilə əsasında tərtib edilmiş Ödəniş qrafiki üzrə “Lizinq alan” Cavabdeh tərəfindən cəmi 2254 (iki min iki yüz əlli dörd) manat ödəniş edilmişdir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən Lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, Lizinq verən Lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Maliyyə arayışından görünür ki, həmin Ödəniş qrafiki üzrə 2017-ci ilin 4-cü rübündən etibarən borcun ödənilməsi gecikdirilmiş olduğundan, həmin vaxtdan Müqavilənin 4.2-ci bəndinə əsasən cərimə məbləğləri hesablanmış və Lizinq alanın xx xxxxxx 2020-ci il tarixinə 4510 (dörd min beş yüz on) manat məbləğində əsas borc və Müqavilənin 4.2-ci bəndinə əsasən hesablanmış 2011,46 (iki min on bir manat 46 qəpik) manat məbləğində cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Təsvir olunanlarla müəyyən olunur ki, xx xxx 2016-cı il tarixli 1573-GL/16 nömrəli İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” müqavilə üzrə xx xxxxxx 2020-ci il tarixinə Cavabdeh 4510 (dörd min beş yüz on) manat məbləğində əsas borcu və 2011,46 (iki min on bir manat 46 qəpik) manat məbləğində cərimə borcu vardır. İş materiallarından görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən,əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, xx xxx 2016-cı il tarixli 1573- GL/16 nömrəli Müqavilə üzrə Cavabdeh 4510 (dörd min beş yüz on) manat məbləğində əsas borcun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır və həmin hissədə iddia təmin olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2011,46 (iki min on bir manat 46 qəpik) manat məbləğində cərimənin tutulması tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla, tələb edilən cərimə məbləği azaldılaraq, cavabdehdən cəmi 100 (yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh 4510 (dörd min beş yüz on) manat məbləğində əsas borc və 100 (yüz) manat məbləğində cərimə tutularaq iddiaçı “İddiaçı» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh 4510 (dörd min beş yüz on) manat əsas borc, 100 (yüz) manat cərimə və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 4640 (dörd min altı yüz qırx) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “İddiaçı» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən bit ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar