Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-490/2024 07.03.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək iddiaçı və cavabdeh arasında bağlanmış 29 oktyabr 2018-ci il tarixli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə üzrə 896,91 (səkkiz yüz doxsan altı manat, doxsan bir qəpik) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən tərtib olunmuş iddia ərizəsinin məzmununda tərəflər arasında bağlanılmış 29 oktyabr 2018-ci il tarixli, ***-**** nömrəli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən yerinə yetirilməməsi qeyd olunsa da, həmin müqavilənin konkret olaraq hansı şərtlərinin pozulması və həmin şərtlərin təsbit olunduğu müqavilə normaları (bəndləri) göstərilməmiş, eyni zamanda cavabdehdən tutularaq məhkəməyə ödənilməsi tələb olunan 896,91 manat borc məbləğinin, konkret olaraq həmin müqavilənin hansı müddəasını və ya müddəalarına riayət edilməməsi nəticəsində yaranması öz əksini tapmamışdır. Halbuki mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən, kiçik iddialara dair işlər üzrə ərizədə iddiaçının tələbi və onun əsaslandığı hallar göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə Mülki- Prosessual Məcəllənin 23-1-ci fəslinə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-3.2.3-cü maddəsinə əsasən, iddiaçının tələbi və onun əsaslandığı hallar kiçik iddialara dair işlər üzrə ərizədə göstərilməlidir. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin 284-3.2.3-cü maddəsində kiçik iddialara dair işlər üzrə ərizədə iddiaçının tələbinin əsaslandığı halların göstərilməli olması imperativ qaydada müəyyən edilməsinə baxmayaraq, iddiaçı həmin iddia ərizəsində tərəflər arasında bağlanmış müqaviləyə istinad etməklə kifayətlənmiş, tələbinin əsaslandığı halları, yəni cavabdeh tərəfindən müqavilənin, konkret olaraq hansı bəndinə və ya bəndlərinə riayət edilməməsi, o cümlədən tutulması tələb olunan məbləğin cavabdeh tərəfindən ödənilməməsinin həmin müqavilənin hansı müddəasını və ya müddəalarını pozması əsaslandırılmamışdır. Mülki Prosessual Məcəllənin 284-3.5-ci maddəsinə əsasən. ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda göstərilən xüsusatlarla əlaqədar iddiaçı tərəfindən cavabdehə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 284-3.5-ci maddəsinin ikinci cümləsinə əsasən, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-490/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-490/2024
07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver