Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-498/2020 10.08.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, İddiaçı X1 Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddiaçı X1 Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin Cavabdeh tərəfindən alınmasını təsdiq edən hər hansı bir sənəd (sübut) iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmamışdır. Halbuki, Mülki-Prosessual Məcəllənin tələblərinə görə kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən iddia ərizəsinin surətini və ona əlavə edilmiş sənədləri cavabdehə çatdırmalı və bununla bağlı müvafiq sənədi (sübutu) iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmçinin, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl mübahisəni məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət etməsini təsdiq edən sənədi (sübutu) də iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etməmişdir. Yəni, məhkəməyə müraciət olunanadək mübahisə ilə əlaqədar cavabdehə ünvanlanmış “pretenziya” məktubunun cavabdehə çatdırılması barədə müvafiq sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa - mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Həmin Məcəllənin 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Qeyd etmək lazımdır ki, iddia ərizəsinə “xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli pul ödənişi qəbzləri” əlavə edilmiş olsa da, həmin “qəbzlər” əsasında göndərilmiş poçt göndərişlərini cavabdehin almasını təsdiq edən müvafiq poçt sənədi (“xəbərnamə” və s.) iddia ərizəsinə əlavə edilərək, məhkəməyə təqdim olunmamışdır. Buna görə də, həmin “Qəbzlər” cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd kimi və yaxud, iddia ərizəsinin cavabdehə çatdırılmasını təsdiq edən sənəd kimi qəbul oluna bilməz. Yuxarıda təsvir olunan həmin hallar hazırkı mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.3-cü, 150.0.4-cü və 150.0.7-ci maddələrinin tələblərinin iddiaçı tərəfindən lazımi qaydada yerinə yetirilmiş olmasını təsdiq etmir. Qeyd etmək lazımdır ki, həmin tələblər kommersiya mübahisləri ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl iddiaçının yerinə yetirməli olduğu zəruri hərəkətlərdir ki, məlum mübahisə ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh tərəf həmin mübahisədən xəbər tutub, mübahisənin məhkəməyə qədər nizama salınması imkanlarından istifadə edə bilməli və eləcə də, məhkəməyə ünvanlanmış iddia ərizəsinin surətini əvvəlcədən almış olmalıdır. Bu tələblər isə - həmin qaydalara riayət edilməsini formal olaraq təsdiq edən poçt göndərişlərinin göndərilməsi ilə əlaqədar sənədin (“qəbz”in və s.) məhkəməyə təqdim olunmasını deyil, məlum poçt göndərişlərini cavabdehin almasını təsdiq edən sənədlərin iddia ərizəsinə əlavə edilməsini nəzərdə tutur. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.4-cü və 150.0.7-ci maddələrinin tələblərini lazımi qaydada yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Eləcə də, iddia ərizəsində İddiaçı X1 poçt ünvanı “ünvan 1 Kristal Plaza” kimi qeyd edilmiş və bununla da, iddiaçının ünvanı düzgün göstərilməmişdir. Halbuki, iddia ərizəsində nümayəndənin və yaxud vəkilin deyil, məhz iddiaçının özünə aid poçt ünvanı, yəni iddiaçı hüquqi şəxsin rəsmi hüquqi ünvanı və yaxud, hüquqi şəxsin özünün faktiki yerləşdiyi ünvan göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı X1 Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-498/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-498/2020
10.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver