Məhkəmə qərarları › İş №e-2-2(119)-5/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-5/2022

14.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-5/2022 14.10.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 22 aprel 2020-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7155 (yeddi min yüz əlli beş) manat məbləğində əsas borcun, 1942,65 (min doqquz yüz qırx iki manat 65 qəpik) manat məbləğində cərimənin və 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və həmin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2005-ci il tarixli 58 nömrəli Qərarı ilə təsdiq olunmuş “ "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması” Qaydalarına müvafiq olaraq lizinq verən "xxxx" ASC ilə lizinq alan Cavabdeh arasında bağlanmış 26 fevral 2018-ci il tarixli 244-L/18 nömrəli Müqaviləyə əsasən sonuncu lizinq predmeti olan "YTO-1204" markalı traktoru lizinqə götürmüşdür. Lakin, lizinq alan Cavabdeh üzərinə götürdüyü müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və həmin Müqavilə üzrə 2020-ci ilin aprel ayınadək onun 7155 (yeddi min yüz əlli beş) manat məbləğində əsas borcu və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış 1942,65 (min doqquz yüz qırx iki manat 65 qəpik) manat məbləğində cərimə borcu yaranmışdır. Cavabdeh müqavilə öhdəliyini vaxtında icra etməməklə, müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış Müqavilənin 2.2.2-ci bəndinə əsasən borclu lizinq ödənişlərini vaxtında və tam həcmdə ödəməyi öhdəsinə götürmüşdür. Bununla da, lizinq alan Cavabdeh lizinq verən "xxxx" ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin qrafik üzrə vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən ödənişlər yerinə yetirilməmişdir. İş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” 17 avqust 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə verilmişdir. Buna görə də, həmin Fərmanla adı və səlahiyyətləri dəyişdirilmiş "xxxx" ASC tərəfindən verilmiş iddia ərizəsində nəzərdə tutulan mübahisənin mahiyyəti üzrə düzgün həll edilməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin işə qoşulması və əsl iddiaçının iştirakı ilə məhkəmə araşdırılmasının davam etdirilməsi məqsədi ilə Sumqayıt Kommersiya Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli e-2-2(119)- 317/2020 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq hazırkı iddia ərizəsinə dair kommersiya işi üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 25 avqust 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-5/2022 nömrəli (işin ilkin nömrəsi: e-2-2(119)- 317/2020) kommersiya işinin icraatının təzələnməsi və iddiaçının iş üzrə əsl iddiaçı olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə əvəz olunması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Buna görə də, Sumqayıt Kommersiya Məhkəməsinin 26 avqust 2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat təzələnərək, məhkəmə baxışı davam etdirilmiş və iş üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti əsl iddiaçı olaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə əvəz edilmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə məhkəmə icraatı Sumqayıt Kommersiya Məhkəməsinin 26 avqust 2022-ci il tarixli qərardadı ilə təzələndikdən sonra əsl iddiaçı qismində işə qoşulmuş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsini 53-cü maddəsinə əsasən 27 avqust 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edərək, 26 fevral 2018-ci il tarixli 244-L/18 nömrəli Müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi 29 iyul 2022-ci il tarixə hesablanmış 20855 (iyirmi min səkkiz yüz əlli beş) manat əsas borc, 13791,44 (on üç min yeddi yüz doxsan bir manat 44 qəpik) manat cərimə borcu, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi və hüquqi yardımla bağlı ödənilmiş 300 (üç yüz) manat pulun əvəzi olmaqla, cəmi 34976,44 (otuz dörd min doqquz yüz yetmiş altı manat 44 qəpik) manat məbləğində pul vəsaitinin cavabdeh X1 tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və həmin ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC 2020-ci ilin aprel ayında cavabdeh X3 qarşı vermiş olduğu "borcun tutulması" barədə iddia ərizəsi üzrə 7155 manat əsas borcun, 1942,65 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli e-2-2(119)-317/2020 nömrəli qərardadı ilə iş üzrə icraat dayandırılmış və 26 avqust 2022-ci ildə isə işin icraatı təzələnərək, iş üzrə iddiaçı "xxxx" ASC əsl iddiaçı olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə əvəz edilmişdir. Lakin, iş dayandırıldığı müddətdə cavabdehin müqavilə üzrə əsas borcu və ona uyğun olaraq hesablanmış cərimə borcu artmış və bu səbəbdən də iddia həcminin artırılması zərurəti yaranmışdır. Belə ki, maliyyə arayışının tərtib edildiyi 29 iyul 2022-ci il tarixə 26 fevral 2018-ci il tarixli 244-L/18 nömrəli müqavilə üzrə cavabdehin 20855 (iyirmi min səkkiz yüz əlli beş) manat əsas borcu və 13791,44 (on üç min yeddi yüz doxsan bir manat 44 qəpik) manat cərimə borcu yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə görə Lizinq Alan ödəniş qrafıkinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, Lizinq verən Lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir (bundan sonra ərizədə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsini 53-cü maddəsinin məzmunu qeyd olunur). Bu iş üzrə icraat dayandırıldıqdan sonra heç bir ödəniş edilmədiyi üçün borc artmışdır və bu səbəbdən də, iddiaçı iş üzrə iddia tələbinin həcminin artırılmasına məhkəmə baxışı mərhələsində müraciət etməli olmuşdur. Eyni zamanda, hüquqi yardım göstərilməsi ilə əlaqədar vəkilə də 300 (üç yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Hazırkı məhkəmə mübahisəsinin konkret halları ilə əlaqədar məhkəmə qeyd etməyi lazım bilir ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə istinad etməklə 27 avqust 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etdiyi “iddia tələbinin həcminin artırılması” barədə ərizəsində “26 fevral 2018-ci il tarixli 244-L/18 nömrəli Lizinq Müqaviləsi üzrə maliyyə arayışının tərtib edildiyi 29 iyul 2022-ci il tarixə hesablanmış 20855 manat əsas borc, 13791,44 manat cərimə borcu, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi və hüquqi yardımla bağlı ödənilmiş 300 manat pulun əvəzi olmaqla, cəmi 34976,44 manat məbləğində pul vəsaitinin cavabdeh X1 tutulması” barədə qətnamə qəbul olunmasını xahiş etməklə, ilkin iddia tələbinin həcmini artırmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinin 01 oktyabr 2021-ci il tarixinədək qüvvədə olan mətninin tələblərinə görə, iddiaçı - məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olmuşdur. Həmin maddənin mətnində dəyişiklik edilməsinin nəzərdə tutulduğu 09 iyul 2021-ci ildə imzalanmış “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublıkası Qanununun “Keçid müddəaları” adlanan 2-ci maddəsinin tələblərinə görə bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmiş və bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Bu hallara görə, yəni hazırkı iş üzrə ilkin iddia ərizəsi ilə 22 aprel 2020-ci ildə məhkəməyə müraciət olunduğuna görə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş “iddia tələbinin həcminin artırılması” barədə ərizədə nəzərdə tutulan iddia tələbləri üzrə icraatın davam etdirilməsi tam əsaslı və qanunidir. Kommersiya işi üzrə keçirilən məhkəmə baxış iclaslarında iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin həcminin artırılması” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və tərəflər arasında bağlanmış 26 fevral 2018-ci il tarixli 244-L/18 nömrəli Lizinq Müqaviləsi üzrə maliyyə arayışının tərtib edildiyi 29 iyul 2022-ci il tarixə hesablanmış 20855 manat əsas borc, 13791,44 manat cərimə borcu, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi və hüquqi yardımla bağlı ödənilmiş 300 manat pulun əvəzi olmaqla, cəmi 34976,44 manat məbləğində pul vəsaitinin cavabdeh X1 tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, lizinq verən "xxxx" ASC ilə bağlanmış 26 fevral 2018-ci il tarixli 244-L/18 nömrəli Müqaviləyə əsasən lizinq predmeti olan "YTO-1204" markalı traktor müvafiq ödənişlər edilməsi müqabilində lizinq alan Cavabdeh lizinqə verilmişdir. Lakin, lizinq alan Cavabdeh həmin Müqavilə üzrə müəyyən edilmiş ödənişləri lazımi qaydada ödəmədiyinə görə 2020-ci ilin aprel ayınadək onun 7155 manat məbləğində əsas borcu və Lizinq Müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış 1942,65 manat məbləğində cərimə borcu yaranmış və buna görə də, həmin borcun tutulması üçün 22 aprel 2020-ci ildə lizinq verən "xxxx" ASC tərəfindən cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qərardadı ilə dayandırılmış həmin iş üzrə icraat 26 avqust 2022-ci ildə təzələnmiş və iddiaçı "xxxx" ASC əsl iddiaçı olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə əvəz edilmişdir. Lakin, işin icraatının dayandırıldığı müddətdə də məlum Müqavilə üzrə heç bir ödəniş edilmədiyindən, cavabdeh X2 Müqavilə üzrə əsas borcu və cərimə borcu artmış və məhkəməyə təqdim olunmuş maliyyə arayışının tərtib edildiyi 29 iyul 2022-ci il tarixə cavabdehin 20855 manat məbləğində əsas borcu və 13791,44 manat məbləğində cərimə borcu olmuşdur. Buna görə də, iş üzrə iddia tələbinin həcmi iddiaçı tərəfindən artırılmışdır. İş üzrə 30 sentyabr 2022-ci ildə keçirilən məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə2 iddia tələbini qəbul etmədiyini bildirib, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmiş və öz mövqeyini - Cavabdeh 26 fevral 2018-ci il tarixli 244-L/18 nömrəli Müqaviləyə əsasən lizinqə götürmüş olduğu traktorun qısa bir müddətdə yararsız vəziyyətə düşməsi və bununla bağlı "xxxx" ASC-yə məlumat verilməsi, məşğul olduğu kənd təsərrüfatı sahəsində cavabdehin həmin traktordan istifadə edə bilməməsi, cavabdehin həmin yararsız texnikanı qaytarıb, işlək texnika götürərəkişlətməklə yaranmış borcu və yeni texnika üzrə ödənişi həyata keçirməsinə şərait yaradılmayaraq, borcun süni surətdə şişirdilərək bu səviyyəyə gəlib çıxmasına bilərəkdən qərəzli şəkildə şərait yaradılması, cavabdehin 8 nəfərdən ibarət ailə tərkibinin olması və onun başqa qazanc mənbəyinin olmaması ilə əsaslandırmışdı. Lakin, 30 sentyabr 2022-ci ildə keçirilən məhkəmə baxış iclasının davamı cavabdehin nümayəndəsi Nümayəndə2 vəsatəti əsasında 14 oktyabr 2022-ci il tarixinə təxirə salınmasına baxmayaraq, o, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, həmin tarixə təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işin konkret hallarını nəzərə alaraq cavabdeh tərəfin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini və işə baxılmasının davam etdirilməsini mümkün hesab etmişdir. Eyni zamanda, bununla əlaqədar iş materiallarına əsasən məhkəmə qeyd etməyi lazım bilir ki, hazırkı iş üzrə 22 aprel 2020-ci ildən başlanmış məhkəmə araşdırması zamanı məhkəmə iclaslarında Cavabdeh əvvəlcə səlahiyyətli nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil ilə, 26 avqust 2022-ci ildə icraat təzələndikdən sonra isə digər səlahiyyətli nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə2 ilə təmsil olunmuşdur (Cavabdeh 26 iyun 2020-ci ildən “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçərək, şəxsi elektron kabinet yaratmışdır). Məhkəmə, proses iştirakçılarının məhkəmə iclaslarında vermiş olduğu izahatlarını, iddia ərizəsini, “iddia tələbinin həcminin artırılması” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “lizinq verən” "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanınına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir (ötürülmüşdür)) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “lizinq alan” Cavabdeh (VÖEN **********) arasında bağlanmış 26 fevral 2018-ci il tarixli 244-L/18 nömrəli “ "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” Müqaviləsinə, həmin Müqavilənin spesifikasıyasına (Əlavə № 1) və Ödəniş Qrafikinə (Əlavə № 2) əsasən “Lizinq verən” "xxxx" ASC tərəfindən “Lizinq alan” Cavabdeh ümumi dəyəri 35000 (otuz beş min) manat olan 1 (bir) ədəd "YTO- 1204" markalı traktor (buraxılış ili - 2006-cı il, Şassi № 0518573) dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, Lizinq alan obyektin (texnikanın) dəyərindən 3500 (üç min beş yüz) manat məbləği əvvəlcədən Lizinq verənə ödəyir, qalan məbləği isə Ödəniş Qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ Lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Həmin Müqavilənin 2.1.1-ci bəndinə əsasən, Lizinq verən bu müqavilədə göstərilən Texnikanı tam komplektləşdirilmiş və saz vəziyyətdə bütün sənədlərlə (texniki pasport, istismar təlimatı) birlikdə Lizinq alana verilməsini təmin edir. Həmin Müqavilənin 2.2.2-ci bəndinə əsasən, Lizinq alan lizinq ödənişlərini vaxtında və tam həcmdə ödəyir. Həmin Müqavilənin 2.2.3-cü bəndinə əsasən, Lizinq alan texnikanın dövlət qeydiyyatına alınmasını, təyinatı üzrə səmərəli istifadəsini, saz saxlanmasını, vaxtında texniki qulluqların aparılmasını həyata keçirir. Həmin Müqavilənin 2.2.12-ci bəndinə əsasən, texnikanın itirilməsi və ya funksiyalarının itirilməsi Lizinq alanı bu müqavilə üzrə öhdəliklərindən azad etmir. Həmin Müqavilənin 3.8-ci bəndinə əsasən, Lizinq alan texnikadan təyinatı üzrə istifadə etməyə, onu saz vəziyyətdə saxlamağa, müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına müəssisə-istehsalçının təlimatlarına əməl etməklə müvafiq öhdəlik daşıyır. Həmin Müqavilənin 3.9-cu bəndinə əsasən, Lizinq alan texnikanın texniki qulluq və təmir xidmətlərini öz hesabına həyata keçirir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, Lizinq alan Texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan Ödəniş Qrafıkinə (Əlavə № 2) uyğun olaraq ödənişləri həyata keçirir Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, Lizinq alan Ödəniş Qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, Lizinq verən Lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (peniya) tələb edir. İş materiallarında olan “lizinq verən” "xxxx" ASC ilə “lizinq alan” Cavabdeh arasında bağlanmış 26 fevral 2018-ci il tarixli 244-L/18 nömrəli Lizinq Müqaviləsinin 4.1-ci bəndinə əsasən tərtib edilərək, hər iki müqavilə tərəfinin imzalamış olduğu 26 fevral 2018-ci il tarixli Ödəniş Qrafikindən (Əlavə № 2) görünür ki, 35000 (otuz beş min) manat dəyərində qiymətləndirilmiş lizinq predmeti olan traktora görə 26 fevral 2018-ci ildə 3500 (üç min beş yüz) manat (ilkin ödəniş) məbləğində, 31 mart 2018-ci ildə 91 (doxsan bir) manat məbləğində və bundan sonra isə mütəmadi olaraq hər rüb üçün (xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il və s. olmaqla) 1370 manat məbləğində (hər rübdə bir dəfə), sonuncu ödəniş isə 31 dekabr 2023-cü ildə 1269 (min iki yüz altmış doqquz) manat məbləğində olmaqla, Lizinq Alan tərəfindən lizinq ödənişlərinin ödənilməsi qaydası və məbləğləri müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə tərtib edilərək imzalanmış 27 fevral 2018-ci il tarixli 5/151 nömrəli Aktdan görünür ki, “lizinq verən” "xxxx" ASC tərəfindən ümumi dəyəri 35000 (otuz beş min) manat olan bir ədəd "YTO-1204" markalı traktor (buraxılış ili - 2006-cı il, Şassi № 0518573) 27 fevral 2018-ci ildə “saz, nizamlanmış və komplekt halda” lizinq alan Cavabdeh təhvil verilmişdir. İddiaçı tərəfindən ilkin iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim olunmuş Maliyyə Arayışı və digər sənədlərlə müəyyən olunur ki, 26 fevral 2018-ci il tarixli 244-L/18 nömrəli Lizinq Müqaviləsi üzrə 2020-ci ilin aprel ayına lizinq alan Cavabdeh 7155 (yeddi min yüz əlli beş) manat məbləğində gecikdirilmiş və ödənilməmiş əsas borcu, 1942,65 (min doqquz yüz qırx iki manat 65 qəpik) manat məbləğində isə cərimə borcu olmuşdur (qrafik üzrə cəmi 2526 manat məbləğində ödəniş edilmişdir). İddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş 29 iyul 2022-ci il tarixli Maliyyə Arayışı ilə müəyyən olunur ki, 26 fevral 2018-ci il tarixli 244-L/18 nömrəli Müqavilə üzrə ödənilməli olan 35000 (otuz beş min) manat müqavilə məbləğindən lizinq alan Cavabdeh tərəfindən ilkin ödəniş olaraq 3500 manat məbləğində və qrafik ödənişi olaraq 2526 manat olmaqla, ümumilikdə cəmi 6026 (altı min iyirmi altı) manat məbləğində ödəniş edilmiş və 29 iyul 2022-ci il tarixinə lizinq alan Cavabdeh həmin Müqavilə üzrə 20855 (iyirmi min səkkiz yüz əlli beş) manat ödənilməyən gecikdirilmiş əsas borcu və 13791,44 (on üç min yeddi yüz doxsan bir manat 44 qəpik) manat məbləğində cərimə borcu vardır. İş materiallarında olan, 26 fevral 2018-ci il tarixli 244-L/18 nömrəli Lizinq Müqaviləsi üzrə “ödənişlərin gecikdirilməsinə görə cərimənin hesablanması” qrafikindən görünür ki, həmin Müqavilə üzrə hər rübdə bir dəfə ödənilməsi nəzərdə tutulan müqavilə ödənişlərinin gecikdirildiyi günlərin sayına görə 2018-ci il üçün cəmi 27,45 (iyirmi yeddi manat 45 qəpik) manat, 2019-cu il üçün cəmi 1192,05 (min yüz doxsan iki manat 05 qəpik) manat, 2020-ci il üçün cəmi 3315,60 (üç min üç yüz on beş manat 60 qəpik) manat, 2021-ci il üçün cəmi 5288,40 (beş min iki yüz səksən səkkiz manat 40 qəpik) manat və 2022-ci il üçün cəmi 3967,94 (üç min doqquz yüz altmış yeddi manat 94 qəpik) manat olmaqla, ümumilikdə cəmi 13791,44 (on üç min yeddi yüz doxsan bir manat 44 qəpik) manat məbləğində cərimə hesablanmışdır. İş üzrə aparılan məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı iddia ərizəsi ilə 22 aprel 2020-ci ildə məhkəməyə müraciət olunduqdan sonra da məlum Müqavilə üzrə heç bir ödəniş edilmədiyindən lizinq alan Cavabdeh 2020-ci ilin aprel ayına hesablanmış 7155 manat məbləğində gecikdirilmiş əsas borcu Müqavilənin tərkib hissəsi olan Ödəniş Qrafikində müəyyən edilmiş ödəniş müddətlərinə və məbləğinə mütənasib olaraq artmış və buna görə də, 29 iyul 2022-ci il tarixinə həmin gecikdirilmiş və ödənilməmiş əsas borcun məbləği 20855 (iyirmi min səkkiz yüz əlli beş) manat miqdarında olmuşdur. İş materiallarında olan sənədlərlə və həmçinin, "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazasındakı məlumatlarla müəyyən olunur ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair olan kommersiya işi üzrə Cavabdeh tərəfindən 16 iyun 2020-ci ildə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “ilkin iddianın qismən - 1974 manat hissəsində təmin olunması, Lizinq Müqaviləsinin traktorun dəyərinin 35000 manat olan hissəsində qismən, yəni 27500 manat hissəsində etibarsız hesab olunması və bütün borcları silinməklə, üzərində 1974 manat borcun saxlanması” barədə qarşılıqlı iddia ərizəsi Sumqayıt Kommersiya Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qərardadla geri qaytarılmışdır. Lakin, bundan sonra Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, “26 fevral 2018-ci il tarixli 224-L/18 saylı Müqavilənin traktorun dəyərinin 35000 manat olan hissəsində qismən, yəni 27500 manat hissəsində etibarsiz hesab olunması" barədə qətnamə qəbul olunmasını xahiş etmiş olsa da, Bakı Kommersiya Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli e-2-2(113)-2442/2020 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinin tələblərinə əsasən həmin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2-ci maddəsinə əsasən, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus “kənd təsərrüfatı texnikasının” lizinqə verilməsi ilə əlaqədar bağlanmış 26 fevral 2018-ci il tarixli 244-L/18 nömrəli Lizinq Müqaviləsi üzrə “lizinq alan” - Cavabdeh 29 iyul 2022-ci il tarixinə 20855 (iyirmi min səkkiz yüz əlli beş) manat məbləğində əsas borcu yaranmış və iddiaçı tərəfindən həmin borca 13791,44 (on üç min yeddi yüz doxsan bir manat 44 qəpik) manat məbləğində cərimə hesablanmışdır. İş materiallarından görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsinin məhkəmədə baxılması ilə əlaqədar iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu və hüquqi yardımla bağlı nümayəndəyə (vəkilə) 300 (üç yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir (21 aprel 2020-ci il tarixli ********* nömrəli Qəbz və 23 avqust 2022-ci il tarixli 866593/01089 nömrəli Ödəniş Tapşırığı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, yuxarıda qeyd olunanlara və işin konkret hallarına görə müəyyən olunur ki, 26 fevral 2018-ci il tarixli 244-L/18 nömrəli Lizinq Müqaviləsi üzrə 29 iyul 2022-ci il tarixinə hesablanmış 20855 (iyirmi min səkkiz yüz əlli beş) manat məbləğində əsas borcun Cavabdeh iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və həmin hissədə iddia təmin olunmalıdır. Eləcə də, məhkəmə hesab edir ki, iddianın Cavabdeh iddiaçının xeyrinə 13791,44 (on üç min yeddi yüz doxsan bir manat 44 qəpik) manat məbləğində cərimənin tutulması tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları, o cümlədən də cavabdehin kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması nəzərə alınmaqla, tələb edilən cərimə məbləği azaldılaraq, cavabdehdən cəmi 1000 (min) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmçinin, qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği azaldılarkən digər hallarla yanaşı, tərəflər arasında bağlanmış Lizinq Müqaviləsinin tələblərinə görə lizinqə verilmiş avadanlığın dəyərinin ödənilmə müddətinin və qaydasının dəqiq müəyyən edilməsinə baxmayaraq, 2018-ci ildən etibarən Ödəniş Qrafikinə riayət olunmadığı halda - iddiaçı tərəfindən bununla bağlı tərəflər arasında bağlanmış Müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq tədbirlər görülməyərək uzun müddət sonra məhkəməyə müraciət edilməsi və bununla əlaqədar hesablanmış cərimə məbləğinin də yüksək həddə artması və cərimə məbləğinin artmasına iddiaçı tərəfin hərəkətsizliyinin də səbəb olması nəzərə alınmalıdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Eyni zamanda, iş üzrə aparılan məhkəmə araşdırması zamanı iddia tələbinə etirazının əsası kimi cavabdeh tərəfin əsaslandığı “lizinqə götürülmüş traktorun qısa bir müddətdə yararsız vəziyyətə düşməsi” dəlilləri (cavabdeh tərəf bununla bağlı traktora aid fotoşəkilləri də məhkəməyə təqdim etmişdir) ilə əlaqədar qeyd etmək lazımdır ki, halhazırda müddəti bitməmiş və qüvvədə olan 26 fevral 2018-ci il tarixli 244-L/18 nömrəli Lizinq Müqaviləsi ləğv edilməmiş və eləcə də, lizinq predmeti olan "YTO-1204" markalı traktor Cavabdeh sahibliyi və istifadəsindədir. Buna görə də, cavabdeh tərəfin “lizinqə götürülmüş traktorun qısa bir müddətdə yararsız vəziyyətə düşməsi” kimi dəlilləri – məlum Lizinq Müqaviləsi üzrə nəzərdə tutulan öhdəliklərin icra edilməsindən cavabdehin (lizinq alanın) azad olunmasının əsası kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh (VÖEN **********) 26 fevral 2018-ci il tarixli 244-L/18 nömrəli lizinq müqaviləsi üzrə 29 iyul 2022-ci il tarixinə hesablanmış 20855 manat məbləğində əsas borc və 1000 manat məbləğində cərimə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu və hüquqi yardımla əlaqədar nümayəndəyə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı da Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh (VÖEN **********) 29 iyul 2022-ci il tarixinə hesablanmış 20855 (iyirmi min səkkiz yüz əlli beş) manat məbləğində əsas borc, 1000 (min) manat məbləğində cərimə, hüquqi yardımla əlaqədar ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 22185 (iyirmi iki min yüz səksən beş) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar