Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-50/2021 29.03.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, iddiaçı " İddiaçı" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "Sumqayit şəhəri 29 saylı Təmir Tikinti Tresti"nə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təsviri hissə: İddiaçı cavabdehə qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 75674 manat məbləğində borc pulun, ona hesablanmış 3783,7 manat məbləğində faiz borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri 29 saylı Təmir Tikinti Tresti ilə İddiaçı MMC arasında xx xxxxxx 2019-cu il tarixli 010/TTT nömrəli alğı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə və həmin müqaviləyə əlavə olaraq hazırlanmış qiymətlərin razılaşdırılması protokoluna və xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli və xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli qaimə-fakturalara əsasən 75674 AZN dəyərində inşaat materialları Sumqayıt şəhəri 29 saylı Təmir Tikinti Trestinə satılmış (“Alıcı”) və təhvil verilmişdir. Həmin müqavilənin 3.1-ci bəndindən də göründüyü kimi həmin malların “Alıcı”ya təhvil verilməsindən etibarən 3 (üç) iş günü ərzində “Alıcı” malterialların dəyərini İddiaçı MMC-yə (“Satıcı”) köçürmə yolu ilə ödəməyi öhdəsinə götürür. Lakin, buna baxmayaraq bu günə kimi də həmin materialların dəyəri onlara ödənilməmişdir. Halhazırda alğı-satqı müqaviləsi üzrə borc məbləği 75674 AZN təşkil edir. Qeyd edilən müqavilənin və qanunvericiliyin tələbləri cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Borcun ödənilməsi və mübahisənin barışıq yolu ilə həll edilməsi üçün cavabdehə müraciət edilsə də, heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi E.Mahmudov iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiaçı ilə cavabdeh bağlanılmış xx xxxxxx 2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən ümumi dəyəri 75674 manat olan inşaat mallarının xx.xx.2019-cu il tarixli ******* və ******* nömrəli qaimə-fakturalara əsasən Sumqayıt şəhəri 29 saylı Təmir Tikinti Trestinə təhvil verildiyini, lakin, buna baxmayaraq cavabdeh tərəfindən bu günə kimi materialların dəyərinin ödənilmədiyini, hazırda alğı-satqı müqaviləsi üzrə borc məbləğinin 75674 manat təşkil etdiyi bildirmiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci tarixdə məhkəmə iclasında iştirak edən cavabdeh Sumqayit şəhəri 29 saylı Təmir Tikinti Trestinin direktoru X2 İddiaçı MMC ilə alğı-satqı müqavilənin bağlandığını və malların alınmasını təsdiq etdiyini, lakin iddiaçı tərəfindən elektron qaimə verilmədiyi üçün ödənişi həyata keçirə bilmədiklərini, qaimə verildikdən sonra borcu ödəyəcəklərini məhkəməyə bildirmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında iştirak edən İddiaçı MMC-nin direktoru X3 iddia tələbini müdafiə edərək cavabdehdən satılmış malların pulunu tələb etdiyini, texniki səbəblərdən müqavilədə göstərilən müdətdə elektron qaimə təqdim edə bilmədiyini, hazırda göstərilən malların ümumi dəyərini təsdiq edən xx.xx.2020-ci il tarixli 678353 saylı elektron qaimə təqdim etdiklərini bildirmişdir. Həmin məhkəmə baxış iclasında iştirak edən cavabdeh Sumqayit şəhəri 29 saylı Təmir Tikinti Trestinin nümayəndəsi, baş mühasib X4 iddiaçıdan qeyd edilən malları aldıqlarını qəbul etdiyini, lakin iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli 678353 saylı elektron qaimədə alınmış malların adları göstərilmədiyindən həmin elektron qaiməni qəbul edib ödəniş apara bilmədiklərini, buna görə də həmin elektron qaimənin ləğv ediləcəyini, düzgün qaimə təqdim ediləcəyi təqdirdə ödəniş aparılmasının mümkün olacağını bildirmişdir. İş üzrə xx.xx.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi E.Mahmudov cavbdeh Sumqayit şəhəri 29 saylı Təmir Tikinti Trestinə elektron vergi sistemi vasitəsi ilə aralarında olan müqavilə üzrə satılmış inşaat materiallarından katenka və armaturun qiyməti üzrə ümumi dəyəri 71421.30 manat olan xx.xx.2021-ci il tarixli EBAW seriyalı, 963160 nömrəli elektron qaimə təqdim edildiyini, həmin elektron qaimənin sistemdə təsdiq olunduğunu, lakin cavabdehin həmin qaimə üzrə də ödəniş etmədiyini bildirərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndələri iş üzrə keçririlmiş sonrakı məhkəmə iclaslarında iştirak etməmişlər. Cavabdeh Sumqayıt şəhəri 29 saylı Təmir Tikinti Trestinin direktoru T.Zeynalov tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinə ünvanlanmış və surəti məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli 10№-li məktubda İddiaçı MMC ilə xx xxxxxx 2019-cu il tarixli 010/TTT nömrəli alğı-satqı müqaviləsi bağlanıldığını və xx.xx.2019-cu ildə mal və materiallar alındığını (ümümi məbləğ: əsas 75674, ƏDV 13621,32), müqvilənin müddətinin xx.xx.2020-ci il tarixdə bitdiyini, xx.xx.2021-ci il tarixdə elektron qaimə-faktura göndərildiyini və sistem tərəfindən təsdiqləndiyini, məsələyə hüquqi qiymət verilməsi (vergidən yayınma halı müşahidə olunur) xahiş olunmuş, müraciət araşdırılana qədər məhkəmə iclasın təxirə salınması xahiş edilmişdir. X2 məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizəsində isə 29 saylı Təmir Tikinti Trestinə xx.xx.2019-cu il tarixdə müdir vəzifəyə təyin edildiyini, təyin edildiyi vaxtdan heç bir təşkilatlarla alğı-satqı işi olmadığını, o cümlədən İddiaçı MMC ilə heç bir alğı-satqı işində iştirakı olmadığını, məhkəmədə iştirak edib hər-hansı suala cavab verə bilmədiyini nəzərə alınmasını xahiş etmişdir. Əsaslandırıcı hissə Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 10/TTT nömrəli alğı-satqı müqaviləsinin 1.1-ci bəndindən görünür ki, alıcı malmaterialın müəyyənləşdirilmiş pul məbləğini (qiymətini) ödəməyi “Satıcı” isə mal-materialın “Alıcı”nın mülkiyyətinə verməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən mal-materiaların vaxtında “Alıcı”-ya çatdıraraq onları Akt əsasında təhvil vermək, keyfiyyətinə zəmanət vermək “Satıcı”nın vəzifəsidir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən bu müqavilənin şərtlərinə uyğun, mal-materialları “Satıcı”dan qəbul etmək “Alıcı”nın vəzifəsidir. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən bu müqavilə üzrə ödənişlər Satıcının təqdim etdiyi elektron qaimə-faktura əsasında aparılır. “Alıcı” müqavilə məbləğinin 100 (yüz) faizi bu müqavilənin şərtlərinə əsasən mal-materialları müvafiq akt əsasında “Alıcı”ya təhvil verilməsindən etibarən 3 (üç) iş günü ərzində “Satıcı”ya köçürmə yolu ilə ödəməyi öz öhdəsinə götürür. Həmin müqaviləyə 1 saylı əlavə ilə tərəflər müqavilə üzrə mal və materialların (6 adda müxtəlif inşaat materialları) qiymətini razılaşdırmışılar. Qeyd edilən müqavilə alıcı və satıcı olan hüquqi şəxslərin rəhbərləri tərəfindən imzalanmış və həmin hüquqi şəxslərin möhürləri ilə təsdiqlənmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ******* nömrəli qaimə fakturadan görsənir ki, cavabdehə 55300 manat məbləğində “armatur”, həmin tarixli ******* nömrəli qaimə əsasında isə 20374 manat məbləğində digər mal verilmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İşin yuxarıda qeyd edilən halları və tərəflərin izahatları ilə “İddiaçı" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "Sumqayit şəhəri 29 saylı Təmir Tikinti Tresti" arasınd inşaat materiallarının alğı-satqısına dair müqavilənin bağlanması və həmin müqavilə əsasında ümumi dəyəri 75674 manat olan inşaat materiallarının cvabdehə təhvil verilməsi işin mübahisəsiz halları kimi müəyyən olunur. Bununla belə cavabdeh tərəflər arasında bağlanmış müqavilənin yuxarıda qeyd edilən 3.1-ci maddəsinə istinad etməklə iddiaçının elektron qaimə-faktura təqdim etməməsi səbəbindən alınmış malların dəyərinin ödənilməsinin mümkün olmadığını bildirmişdir. Cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli 106/20 nömrəli məktubunda da “İddiaçı" MMC-nin elektron qaimə göndərməsi səbəbindən Sumqayit şəhəri 29 saylı Təmir Tikinti Trestinin də qarşı tərəfə (“Tunay-A.S. ASC-yə) elektron qaimə göndərib vəsaiti tələb edə bilmədiyi göstərilmişdir. İddiaçının nümayəndəsi tərəfindən məhkəmə baxışının gedişi zamanı təqdim olunmuş xx.xx.2021-ci il tarixli EBAW seriyalı, 963160 nömrəli elektron qaimədən görünür ki, iddiaçı cavabdehə ümumi dəyəri 71421.30 manat olan inşaat materiallarının dəyərinin ödənilməsi üçün elektron qaimə təqdim etmişdir və cavabdehin bildirdiyinə görə də həmin qaimə sistem tərəfindən təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; 596.1-ci maddəsinə əsasən, alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alğı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir; 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; 600.1-ci maddəsin əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilən maddələrin tələblərindən göründüyü kimi, alğı-satqı müqavilələrindən irəli gələn münasibətlərin mahiyyətinə uyğun olaraq, satıçı əşyanı alıcıya vemək öhdəliyini daşıyır, alıcının isə öhdəliyi əşyanı qəbul etməklə onun qiymətinin ödənilməsindən ibarətdir. Alınmış mallara görə ödənişlər əşyanın təhvil almazdan əvvəl, təhvil aldıqdan sonra və yaxud əşya alıcıya verildikdən müəyyən müddət sonra aparılmalıdır. Hazırkı işdə malların verilməsi və onların alıcı tərəfindən qəbul olunması mübahisə doğurmur. Bununla yanaşı məhkəmə hesab edir ki, cavabdeh xx.xx.2020-ci il tarixli müqavilənin 3.1-ci maddəsinə istinad etməklə iddiaçının elektron qaimə-faktura təqdim etməməsi səbəbindən alınmış malların dəyərinin ödənilməsinin mümkün olmamasına dair dəlilləri əsaslı hesab edilə bilməz. Belə ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Hazırkı iş üzrə tərəflər müqavilə üzrə ödənişlərin satıcının təqdim etdiyi elektron qaimə-faktura əsasında aparılması barədə razılığa gəlmişlər. İddiaçı texniki səbəblərdən nüqavilədə göstərilən müddətdə elektron qaimə-fakturanın verilməsinin mümkün olmadığını bildirmiş, iş məhkəmənin icraatında olan zaman cavabdehə verilmiş malların bir hissəsinə dair xx.xx.2021-ci il tarixli EBAW seriyalı, 963160 nömrəli elektron qaimə təqdim etmişdir. Mülki Məcəllənin öhdəliklərin icrası zamanı vicdanlılıq adlanan 425.1ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (425.1). Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2). Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71-1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda mallar göndərilən (verilən) vaxt, əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim etməlidir. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsi mülki dövriyyə iştirakçıları arasında müqavilə münasibətləri üzrə öhdəliklərin icrasına dair münasibətləri deyil, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edən normativ hüquqi akt olduğundan iddiaçının yuxarıda qeyd edilən müddətdə elektron qaimə-faktura təqdim etməməsi cavabdeh tərəfindən alınmış malların dəyərinin ödənilməsindən boyun qaçırmağa əsas ola bilməz. Bu hal, bu və ya digər dərəcədə iddiaçının vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti üçün əsas kimi çıxış etsə də, cavabdehi Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarının tələblərinə əsasən alınmış malların dəyərini xx.xx.2021-ci il tarixli EBAW seriyalı, 963160 nömrəli elektron qaimə əsasında ödəmək vəzifəsindən azad edə bilməz. Belə ki, qeyd edilən elektron qaimənin mötəbərliyi şübhə doğurmur və cavabdeh də xx.xx.2021-ci il tarixli 10№-li məktubunda onun sistem tərəfindən təsdiqləndiyini bildirmişdir. Tərəflər arasında müqavilə münasibətləri yaranan zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının (həmin qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2021-ci il tarixli 26№-li qərarı ilə yeni “Elektron qaiməfakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi ilə əlaqədar qüvvədən düşmüşdür. Yeni qaydalar xx.xx.2021-ci il tarixdə “Xalq Qəzeti”nin xx.xx.2021-ci il tarixli 27-ci nömrəsində dərc edildikdən sonra qüvvəyə minmişdir) 2.1-ci bəndinə əsasən elektron qaimə-faktura malı (işi, xidməti) təqdim edən vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində (bundan sonra - İnternet Vergi İdarəsi) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsinə daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və alıcıya təqdim edir. Həmin qaydaların 3.7-ci bəndinə əsasən vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar müəyyən edildikdə (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.), elektron qaimə-fakturanın dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Dəqiqləşdirilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilir. Dəqiqləşdirilmiş elektron qaimə-faktura təqdim edildikdən sonra alıcı tərəfindən təsdiq edilməlidir. Alıcı tərəfindən dəqiqləşdirilmiş elektron qaimə-fakturanın təqdim edildiyi ayın sonuncu gününə kimi təsdiq edilmədiyi halda dəqiqləşdirilmiş elektron qaimə-faktura proqram təminatı tərəfindən silinir və dəqiqləşdirilməmiş sayılır. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı hazırda müqvilə üzrə təhvil verilmiş 75674 manat məbləğində malların hamısına dair deyil, yalnız ümumi dəyəri 71421.30 manat olan katenka və armatura dair elektron qaimə təqdim etdiyindən tərəflər arasında bağlanmış müqvilənin 3.1-ci bəndinə əsasən iddia yalnız həmin hissədə təqdim edilə bilər. Eyni zamanda, məhkəmə hazırkı iş üzrə iddiaçı tərəfindən tələb olunan 3783,7 manat məbləğində faiz borcunun da təmin edilməsi üçün əsas görmür. Belə ki, işin yuxarıda qeyd edilən hallarından aydın olur ki, cavabdehin icranı gecikdirməsi onun təqsirindən deyil, iddiaçının müqavilədə nəzərdə tutulmuş elektron qaimə-fakturanı vaxtında təqdim etməməsi səbəbindən baş vermişdir. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Eyni zamanda qeyd edilən Məcəllənin 448.4-cü maddəsinə gösə borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək cavabdeh "Sumqayit şəhəri 29 saylı Təmir Tikinti Tresti"ndən 71421.30 (yetmiş bir min dörd yüz iyirmi bir manar 30 qəpik) manat tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Nəticə hissəsi Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "Sumqayit şəhəri 29 saylı Təmir Tikinti Tresti"ndən 71421.30 (yetmiş bir min dörd yüz iyirmi bir manar 30 qəpik) manat borc tutularaq İddiaçınə ödənilsin. İş üzrə iddia ərizəsinın məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 1 manatı iddiaçıya aid edilsin, 29 manatı isə cavabdeh Sumqayit şəhəri 29 saylı Təmir Tikinti Tresti"ndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitesi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(119)-50/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-50/2021
29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver