Məhkəmə qərarları › İş №e-2-2(119)-500/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-500/2023

10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-500/2023 10.07.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh X2, cavabdeh X2 nümayəndəsi Nümayəndə2, cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1 və X3 qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X4 və Cavabdeh1 23 sentyabr 2019-cu il tarixli, 0047 nömrəli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 3000 (üç min) manat məbləğində pulun, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 186 (yüz səksən altı) manat məbləğində dəbbə pulunun, mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərcinin müştərək qaydada tulularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X4 arasında 23 sentyabr 2019-cu il tarixdə 0047 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı sifariş əsasında ümumi dəyəri və təyinatı müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşdırma protokollarında əks olunan texniki avadanlıqları (malları) dəyəri nağd və ya hissə-hissə ödənilməklə cavabdehə satmağı, cavabdeh isə malı qəbul edib qaiməfakturalarda əks olunan qiyməti iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Eyni tarixli təhvil-təslim aktına əsasən cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş malları iddiaçıdan təhvil almış, yoxlayaraq qəbul etmişdir. Həmin tarixdə müqaviləyə əlavə olaraq imzalanmış ödəniş cədvəlinə əsasən cavabdeh 30000 manat ilkin ödəniş, ilk ay 3000 manat, növbəti yeddi ay 4143 manat, sonuncu ay 2999 manat olmaqla, ümumilikdə 65000 manat ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh tərəfindən bu günədək müqavilə üzrə ödənilməli məbləğdən yalnız 62000 manat ödənilmiş, cavabdehin iddiaçıya 3000 manat məbləğində borcu qalmışdır. Cavabdehə edilmiş çoxsaylı xəbərdarlıqlara və bildirişlərə baxmayaraq o, öhdəliyinin icrasından yayınmış, aldığı malın əvəzini ödəməmişdir. Bundan əlavə iddiaçı ilə Cavabdeh1 arasında 23 sentyabr 2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmış, zamin iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdehin öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdeh ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Göstərilənlərə əsasən müəyyən olunur ki, cavabdeh iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, satın aldığı malın dəyərini tam olaraq iddiaçıya ödəməmiş, nəticədə, iddiaçı qarşısında 3000 manat məbləğində borcu yaranmışdır. Bundan başqa cavabdeh tərəfindən müqavilə üzrə son ödəniş xx.xx.2021-ci il tarixdə həyata keçirilmiş, son ödəniş tarixindən indiyədək bir təqvim ilindən çox müddət keçmiş, öhdəliyin icrası həmin müddətə gecikdirilmişdir. Onu da nəzərə almaq lazımdır ki, cavabdehin müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərin icra edilməsi üçün zamin iddiaçı qarşısında öhdəlik götürmüşdür. Belə olan halda, müqavilə üzrə icra edilməmiş öhdəlik – 3000 manat, öhdəliyin icra edilmədiyi müddət – xx.xx.2021-xx.xx.2023-ci il (620 gün) hər gecikdirilmiş gün üçün 0,01% olmaqla, 186 manat (3000x0,01%x520) cərimə, ümumilikdə 3186 manat cavabdeh və zamindən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı nümayəndəsi vəkili və Nümayəndə1 25 may 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə vəsatət təqdim edərək bildirmişdir ki, Aynur Orucova tərəfindən məhkəməyə təqdim olunmuş ödəniş qəbzlərindən 25 oktyabr 2019-cu il tarixli, 3000 manat məbləğində, eləcə də 25 noyabr 2019-cu il tarixli, 300 manat məbləğində olan qəbzlər “mədaxil” deyil, “məxaric” qəbzləridir. Sözügedən məxaric qəbzləri yeni müştəri gətirməsi, müştəriyə avadanlıq satılması müqabilində mükafat olaraq iddiaçı tərəfindən cavabdehə ödənilmiş pul məbləğlərini əks etdirir. Bundan əlavə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 25 noyabr 2019-cu il tarixli, 1700 manat məbləğli iki qəbzdən birinin sağ yuxarı hissəsi cırılmış vəziyyətdədir. Cavabdeh 25 noyabr 2019-cu il tarixli qəbzi itirdiyini əsas gətirərək həmin qəbzin surətini iddiaçıdan istəmiş, iddiaçı tərəfindən ona eyni tarixli və eyni məbləği əks etdirən qəbz “surət” olaraq təqdim edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş dublikat qəbzin məhz sağ yuxarı hissəsində “qəbzin surəti”, “əsli ilə düzdür” ifadələri yazılmış, lakin qeyd olunan qəbzin həmin hissəsi cırılmış vəziyyətdə məhkəməyə təqdim edilmişdir. Qeyd olunan halın sübuta yetirilməsi məqsədi ilə, anoloji qaydada fərqli müştərilərə müxtəlif vaxtlarda verilmiş dublikat qəbzlərin nümunələri iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan mübahisəli qəbzin hansı şəraitdə və hansı səbəbdən məhz “qəbzin surəti”, “əsli ilə düzdür” yazılan olan hissəsinin cırılması və məhkəməyə natamam surətdə təqdim edilməsi ilə bağlı cavabdehin dedikləri əsassızdır və məhkəməni aldatmağa yönəlmiş, ağlabatan olmayan dəlildir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin və 25 may 2023-cü il tarixli vəsatətinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Eyni zamanda o, cavabdehlərin müqavilə üzrə iddiaçıya 3300 manat məbləğində borcu qaldığını, lakin iddia ərizəsi verilərkən iddia tələbinin məbləğinin düzgün hesablanmadığını və bu hal iddiaçıya iş məhkəmə baxışına təyin olunduqdan sonra məlum olduğundan iddia tələbinin həcminin artırılması ilə bağlı müraciət edilmədiyini bildirmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh X4 İddiaçınə olan borcunu tam ödədiyini və iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, müqavilə ilə alınmış cihazın dəyəri, hətta gecikdirilmiş ödənişlərə görə dəbbə pulu olaraq hesablanmış 1700 manat məbləğində pul vəsaiti tam ödənilmişdir. İddiaçı tərəf 25 noyabr 2019-cu il tarixli, 1700 manat məbləğli qəbzin birinin dublikat olduğunu bildirsə də, bu halı sübuta yetirə bilmir. Digər tarixlərdə də cavabdeh bir neçə ödəniş etmişdir. 25 oktyabr 2019-cu il tarixli, 3000 manat məbləğli və 25 noyabr 2019-cu il tarixli, 300 manat məbləğli məxaric kimi təqdim olunan qəbzlər mədaxil qəbzləridir. Ona görə ki, ödəyən kimi cavabdeh Orucova Aynur, alan kim İddiaçı qeyd olunmuş, möhürlərdə də “ödənildi” yazılmışdır. Cavabdehin 25 oktyabr 2019-cu il tarixdə 3000 manat mədaxil etməsi və 3000 manat vəsait məxaric etməsi absurddur. Çünki iddiaçı cavabdehlə hansısa formada razılaşmaqla həmin vəsaiti borcdan çıxa bilərdi. Qəbzlərdən görünür ki, iddiaçı şirkət sənədlərə ciddi yanaşmayıb və texniki səhvlərə yol vermişdir. Cavabdeh 19 aprel 2021-ci il tarixdə 1500 manat ödəniş etdiyi halda hərf ilə məbləğ “otuz min manat” yazılmışdır. Qanunvericiliyə əsasən yazı ilə qeyd olunan rəqəm əsas götürülməlidir, lakin cavabdeh həmin qəbz üzrə 30000 manat deyil, 1500 manat ödəniş etdiyini bildirir. İddiaçı cavabdeh X4 tərəfindən ödənilmiş məbləği əsassız olaraq yenidən tələb edir. Cavabdeh1 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə X4 arasında bağlanmış 31 avqust 2019-cu il tarixli 1 nömrəli “İlkin razılaşma protokolu” əsasında İddiaçı müştəri X4 ilə 30000 manat məbləğində ilkin ödəniş etdikdən sonra 9 ay ərzində ilk 2 ay 3000 manat, digər 7 ay 4143 manat məbləğində ödəniş etməklə razılaşmada adları qeyd olunan avadanlıqların alqısatqısı barədə razılığa gəlmişlər. İş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə alıcı X4 (VÖEN **********) arasında bağlanmış 23 sentyabr 2019-cu il tarixli 0047 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə görə satıcı sifariş əsasında ümumi dəyəri və təyinatı bu müqavilənin hissəsi olan Qiymətlərin razılaşdırma protokollarında əks olunan texniki avadanlıqların (bundan sonra “mal” adlandırılacaq) dəyərini nağd və ya hissə-hissə ödənilməklə alıcıya satmağı, alıcı isə malı qəbul edib və qaimə-fakturalarda əks olunan qiymətini satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən satılan malın dəyərinin 30000 manat məbləğini-ilkin ödəniş edildikdən sonra qalıq məbləğinin isə 9 ay ərzində kredit cədvəlinə müvafiq olaraq xx.xx.2020-ci il tarixdən gec olmayaraq kredit şəklində nağd ödəməyi alıcı öz üzərinə götürür. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən alıcı malın dəyəri və qalıq məbləğini müqavilənin 3.2-ci maddəsində göstərilən müddətdə icra etmədikdə hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0,01%-i həcmində satıcıya cərimə ödəyir. İş materiallarında olan 23 sentyabr 2019-cu il tarixli 0047 nömrəli alqı-satqı müqaviləsinə dair ödəniş cədvəlindən görünür ki, alıcı X4 xx.xx.2019-cu il tarixdə 30000 manat məbləğində ilkin ödəniş etdikdən sonra xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 9 ay ərzində ilk 2 ay 3000 manat, sonrakı 7 ay 4143 manat məbləğində ödəniş etməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan 23 sentyabr 2019-cu il tarixli təhvil-təslim aktına əsasən həmin aktda adları qeyd olunan avadanlıqlar İddiaçı tərəfindən X3 təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ilə zamin Cavabdeh1 arasında bağlanmış 23 sentyabr 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin firma ilə borclu arasında bağlanmış 23 sentyabr 2019-cu il tarixli 0047 nömrəli müqaviləyə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürür. İş materiallarında olan 21 sentyabr 2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, X4 tərəfindən İddiaçınə 30000 (otuz min) manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan 25 oktyabr 2019-cu il tarixli mədaxil qəbzindən və mədaxil elanından görünür ki, X4 tərəfindən İddiaçınə 3000 (üç min) manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan 25 oktyabr 2019-cu il tarixli mədaxil qəbzindən və mədaxil elanından görünür ki, X4 tərəfindən İddiaçınə 700 (yeddi yüz) manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan 27 oktyabr 2019-cu il tarixli mədaxil qəbzindən və mədaxil elanından görünür ki, X4 tərəfindən İddiaçınə 3000 (üç min) manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan 25 noyabr 2019-cu il tarixli mədaxil qəbzindən və mədaxil elanından görünür ki, X4 tərəfindən İddiaçınə 1700 (min yeddi yüz) manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan sağ küncü cırıq olan 25 noyabr 2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, X4 tərəfindən İddiaçınə 1700 (min yeddi yüz) manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan 21 fevral 2020-ci il tarixli mədaxil qəbzindən və mədaxil elanından görünür ki, X4 tərəfindən İddiaçınə 2000 (iki min) manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan 26 fevral 2020-ci il tarixli mədaxil qəbzindən və mədaxil elanından görünür ki, X4 tərəfindən İddiaçınə 1500 (min beş yüz) manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan 27 mart 2020-ci il tarixli mədaxil qəbzindən və mədaxil elanından görünür ki, X4 tərəfindən İddiaçınə 2000 (iki min) manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan 01 iyun 2020-ci il tarixli mədaxil qəbzindən və mədaxil elanından görünür ki, X4 tərəfindən İddiaçınə 3000 (üç min) manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan 24 avqust 2020-ci il tarixli mədaxil qəbzindən və mədaxil elanından görünür ki, X4 tərəfindən İddiaçınə 2000 (iki min) manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan 13 oktyabr 2020-ci il tarixli mədaxil qəbzindən və mədaxil elanından görünür ki, X4 tərəfindən İddiaçınə 1000 (min) manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan 28 oktyabr 2020-ci il tarixli mədaxil qəbzindən və mədaxil elanından görünür ki, X4 tərəfindən İddiaçınə 3000 (üç min) manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan 30 noyabr 2020-ci il tarixli mədaxil qəbzindən və mədaxil elanından görünür ki, X4 tərəfindən İddiaçınə 1500 (min beş yüz) manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan 19 aprel 2021-ci il tarixli mədaxil qəbzindən və mədaxil elanından görünür ki, X4 tərəfindən İddiaçınə 1500 (min beş yüz) manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan 22 may 2021-ci il tarixli mədaxil qəbzindən və mədaxil elanından görünür ki, X4 tərəfindən İddiaçınə 2000 (iki min) manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan 23 iyun 2021-ci il tarixli mədaxil qəbzindən və mədaxil elanından görünür ki, X4 tərəfindən İddiaçınə 3000 (üç min) manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan 30 iyun 2021-ci il tarixli mədaxil qəbzindən və mədaxil elanından görünür ki, X4 tərəfindən İddiaçınə 800 (səkkiz yüz) manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan 25 oktyabr 2019-cu il tarixli 3000 manat məbləğində ödənişə dair məxaric qəbzindən və məxaric elanından görünür ki, ödənişin təyinatı “Candela- Mükafat”, ödəyən “Orucova Aynur”, alan İddiaçı yazılmışdır. İş materiallarında olan 25 noyabr 2019-cu il tarixli 300 manat məbləğində ödənişə dair məxaric qəbzindən və məxaric elanından görünür ki, ödənişin təyinatı “Tədris mükafatı”, ödəyən “Orucova Aynur”, alan İddiaçı yazılmışdır. İş materiallarından görünür ki, ödənilməmiş borcun lazımi qaydada ödənilməsi ilə bağlı cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmişdır və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən 60 (altmış) manat məbləğində mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan X4 (VÖEN: **********) ilə İddiaçı arasında 23 sentyabr 2019-cu il tarixdə 0047 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı tərəfindən müvafiq mallar X3 təhvil verilmiş, lakin o, üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək satıcı İddiaçınə malların dəyərini tam ödəməmişdir. X4 alqı-satqı müqaviləsi üzrə öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, zamin Cavabdeh1 da satıcı İddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Lakin iş materialları ilə müəyyən edilir ki, 23 sentyabr 2019-cu il tarixLİ 0047 nömrəli alqı-satqı müqaviləsi və həmin müqaviləyə dair ödəniş cədvəli üzrə borcun qaytarılma vaxtının son müddəti 23 iyun 2020-ci il tarixidir. Lakin iddiaçı zaminliklə təmin edilmiş həmin öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni müvafiq olaraq 23 iyun 2020-ci il tarixdən 1 (bir) il ərzində zaminə qarşı iddia irəli sürməmişdir. Belə ki, İddiaçı həmin müqavilə üzrə yaranmış öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hazırkı iddia ərizəsi ilə məhkəməyə bir illik müddət keçdikdən sonra, yəni 07 aprel 2023-cü il tarixdə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin tələblərinə görə, yəni məlum alqı-satqı müqaviləsi üzrə zaminliklə təmin edilmiş öhdəliklərin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor tərəfindən zaminə qarşı iddia irəli sürülmədiyi üçün hazırkı iddia ərizəsi üzrə tələb edilən borc zamindən tutulmamalı, zamin qismində Cavabdeh1 qarşı zaminliklə əlaqədar yönəlmiş iddia tələbi həmin Məcəllənin 477-ci maddəsində müəyyən olunmuş müddət keçdikdən sonra məhkəməyə müraciət olunması ilə əlaqədar təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı cavabdeh X4 20 ədəd qəbz təqdim edərək İddiaçınə 66700 manat məbləğində ödəniş etdiyini, onun 65000 manat məbləğinin malların dəyəri olduğunu, 1700 manat məbləğin isə dəbbə pulu kimi ödənildiyini bildirmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili 25 oktyabr 2019-cu il tarixli məxaric qəbzində göstərilən 3000 manat məbləğində ödənişin iddiaçı tərəfindən cavabdehə yeni müştəri cəlb edilməsi və 25 noyabr 2019-cu il tarixli məxaric qəbzində göstərilən 300 manat məbləğində ödənişin tədrislə bağlı birdəfəlik mükafat kimi verildiyini, ödəyən qrafasında “Orucova Aynur”, alan qrafasında İddiaçı yazılmasının texniki səhv olduğunu bildirmişdir. 25 oktyabr 2019-cu il tarixli 3000 manat məbləğində və 25 noyabr 2019-cu il tarixli 300 manat məbləğində ödənişə dair qəbzlərdən görünür ki, digər qəbzlərdən fərqli olaraq onların yuxarı hissəsində “MƏDAXİL QƏBZ”, “MƏDAXİL ELAN” deyil, “MƏXARİC QƏBZ”, “MƏXARİC ELAN” yazılmış, ödənişin təyinatı kimi borc ödənişi deyil, müvafiq olaraq “Candela-mükafat” və “Tədris mükafatı” qeyd olunmuşdur. Məhkəmə göstərilən qəbzlərin yuxarı hissəsində yazılan adına və ödənişin təyinatı ilə bağlı hissəsinə diqqət yerirərək qeyd edir ki, cavabdeh X2, onun vəkil və nümayəndəsinin həmin qəbzlərin borc ödənişi olması ilə bağlı şifahi dedikləri heç bir mötəbər sübuta əsaslanmır. Həmçinin tərəflər eyni şəxslər olduğundan məxaric qəbzlərində ödəyən və alan qrafasında onların adlarının texniki səhv olaraq “ödəyən qrafasında Orucova Aynur”, “alan qrafasında İddiaçı kimi qeyd olunması ağlabatan olmaqla həmin qəzblərin borc ödənişini təsdiq edən sənəd kimi qəbul edilməsinə əsas vermir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 25 oktyabr 2019cu il tarixli 3000 manat məbləğində ödənişə və 25 noyabr 2019-cu il tarixli 300 manat məbləğində ödənişə dair məxaric qəbzlər cavabdeh tərəfindən borcla bağlı ödənişlərin sübutu kimi qəbul edilə bilməz. Sağ küncü cırıq olan 25 oktyabr 2019-cu il tarixli 1700 manat məbləğində ödənişə dair mədaxil qəbzi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi və vəkili həmin qəbzin eyni tarixli digər ödəniş qəbzinin surəti olduğunu, cavabdehin müraciəti əsasında iddiaçı tərəfindən yenidən ona sağ küncdə “surət” yazılaraq verildiyini bildirsə də, bunu təsdiq edən kifayət qədər mötəbər sübut təqdim edə bilməmişdir. Buna görə məhkəmə hesab edir ki, həmin qəbz cavabdeh X4 tərəfindən edilmiş ödənişin sübutu kimi qəbul edilməli, həmin məbləğ iddia ərizəsində tələb olunan 3000 manatdan çıxılmalı və cavabdehdən 1300 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddianın "186 manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi də qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, cavabdeh X1 cəmi 20 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 1300 (min üç yüz) manat məbləğində borc və 20 (iyirmi) manat məbləğində dəbbə pulu tutularaq İddiaçınə ödənilsin. Həmçinin iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh X4 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci cavabdeh X1 tutularaq İddiaçınə ödənilməlidir. Eləcə də, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq hesablanmış 33,20 (otuz üç manat 20 qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh X1 dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 (VÖEN **********) 1300 (min üç yüz) manat məbləğində borc, 20 (iyirmi) manat məbləğində dəbbə pulu və mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 1380 (min üç yüz səksən manat) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh X1 dövlət nəfinə 33,20 (otuz üç manat 20 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar