Məhkəmə qərarları › İş №e-2-2(119)-51/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-51/2023

17.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-51/2023 17.02.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (əvvəlki adı: "xxxx" Qapalı Səhmdar Cəmiyyəti) Cavabdeh qarşı lizinq müqaviləsinə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli MK 133 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən subsidiya tətbiq edilən daxili maliyyə lizinq müqaviləsinə xitam verilməsi, lizinq predmeti olan 1 ədəd 32-lik diskli malanın saz və işlək vəziyyətdə geri qaytarılması və ümumilikdə 2075,68 (iki min yetmiş beş manat altmış səkkiz qəpik) manat borcun və 60 manat məbləğində ödənilmiş mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu ildə lizinq verən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh arasında bağlanmış MK 133 saylı lizinq müqaviləsinə əsasən ödəniş planına uyğun olaraq 36 ay müddətinə ödəmək şərtilə 6099,60 manat dəyərində kənd təsərrüfatı texnikası olan bir ədəd 32-lik diskli mala sonuncuya lizinqə verilmişdir. Qeyd olunan avadanlıqlar lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Lizinq obyektinin ümumi dəyərinin 1841,36 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanına və həmin fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin şərtlərinə əsasən cavadeh tərəfindən 1407,60 ilkin ödəniş və 28,51 manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası Cəmiyyətin xeyrinə ödənilmişdir. Cavabdeh müqavilənin şərtini pozaraq ödəməli olduğu lizinq ödənişlərinə dair ödəliyini vaxtında lazımi qaydada icra etməmişdir. Nəticədə xx.xx.2020-ci il tarixə cavabdehin lizinq müqaviləsi üzrə 1272,27 gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin şərtlərinə görə lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1 faizi miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən cavabdehin xx.xx.2022-ci il tarixə 645,04 cərimə borcu mövcuddur. Göstərilən məbləğin ödənilməsi tələbi ilə iddiaçı tərəfindən cavabdehə dəfələrlə müxtəlif vaxtlarda pretenziya məktubu göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2022-ci il tarixdə XS125/22 nömrəli pretenziya məktubu rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bundan başqa, xx.xx.2022-ci tarixə təyin olunmuş mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 60 manat həcmində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Beləliklə, Cavabdeh iddiaçı "xxxx" QSC qarşısında “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən subsidiya tətbiq edilən Daxili maliyyə lizinq müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə qədər 1272,27 geçikdirilmiş əsas borcu, 645,04 gecikdirilmiş günlərə cərimə borcu yaransa da, cavabdeh həmin öhdəlikləri icra etməkdən yayınır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 06 dekabr 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edilərək, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli MK 133 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən subsidiya tətbiq edilən daxili maliyyə lizinq müqaviləsinin ləğv edilməsi, lizinq predmeti olan 1 ədəd 32-lik diskli malanın saz və işlək vəziyyətdə geri qaytarılması, 1272,27 manat məbləğində əsas borc və 645,04 manat məbləğində cərimə olmaqla - cəmi 1917,31 manat məbləğində borcun və 60 manat məbləğində ödənilmiş mediasiya xərcinin Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Qanuni nümayəndə izahatında iddia tələbini müdafiə edib, məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək, xx.xx.2019-cu il tarixli MK 133 nömrəli müqavilə üzrə 1272,27 manat məbləğində gecikdirilmiş əsas borcun, 356,48 manat məbləğində cərimənin və 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçı “Qlobal Leasinq" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizələri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “lizinq verən” İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “lizinq alan” Cavabdeh (VÖEN **********) arasında bağlanmış xx.xx.2019-cu il tarixli MK 133 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən lizinq obyektini lizinq alanın müraciəti əsasında 36 ay müddətinə lizinq ödənişlərinin həyata keçirilməsi müqabilində və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və bu müqavilənin müddəalarına uyğun olaraq lizinq alanın istifadəsinə təqdim edir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən lizinq obyektinin gömrük dəyərinin 40% hissəsi "Lizinq alana" subsidiya formasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dövlət vəsaiti hesabına ödənilir. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən lizinq alan tərəfindən lizinq obyektinin razılaşdırılmış dəyərinin 20% hissəsi ilkin ödəniş qaydasında lizinq verənə ödənilir. Həmin müqavilənin 4.9-cu bəndinə əsasən lizinq alan ödəniş cədvəlində göstərilmiş tarixdə ödənişi həyata keçirməzsə (ödənişin həyata keçirilməsi tarixi Azərbaycan Respublikasında qeyri-iş günü hesab edilən günə düşdüyü hallar istisna olmaqla) lizinq alan hər bir gecikdirilmiş gün üçün ödənilməsi gecikdirilən lizinq ödənişinin 0,1%-nə bərabər həcmdə dəbbə pulu ödəməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli MK 133 nömrəli lizinq müqaviləsinə 1 saylı Əlavə olan Lizinq obyektinin təsvirindən görünür ki, ümumi məbləği 6099,60 (altı min doxsan doqquz manat altmış qəpik) manat dəyərində qiymətləndirilmiş 1 ədəd 32-lik diskli malanın təsviri lizinq alan tərəfindən lizinq verənə təqdim edilmiş müraciətdə göstərilən təsvirə uyğundur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli MK 133 nömrəli lizinq müqaviləsinə 2 saylı Əlavə olan Ödəniş cədvəlindən görünür ki, lizinq alan Cavabdeh hər ay 79,18 (yetmiş doqquz manat 18 qəpik) manat olmaqla 36 ayadək, yəni 28 iyul 2022-ci il tarixinədək cəmi 2850,64 manat məbləğində ödəniş etməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan iddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş 26 avqust 2022-ci il tarixli maliyyə arayışında göstərilir ki, xx.xx.2019-cu il tarixli MK 133 nömrəli müqavilə üzrə lizinq obyektinin ümumi qiyməti 6099,6 manat təşkil etmiş və həmin məbləğin 1841,36 manat hissəsi Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən subsidiya məbləği kimi qarşılanmışdır. Həmin Lizinq müqaviləsinin şərtlərinə əsasən Cavabdeh tərəfindən 1407,6 manat məbləğində ilkin ödəniş və 28,51 manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilmişdir. Kreditin məbləği 2850,64 manat təşkil edir. Cavabdeh tərəfindən 1420 manat aylıq lizinq ödənişi həyata keçirilmişdir, onun 1272,27 manat məbləğində ödənilməmiş əsas borcu və 356,48 manat məbləğində cərimə borcu vardır. İş materiallarında olan "xxxx" ASC vasitəsilə həyata keçirilmiş ödəniş sənədlərindən görünür ki, xx.xx.2019-cu il tarixli MK133 nömrəli lizinq müqaviləsi üzrə Cavabdeh tərəfindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 03 sentyabr 2019-cu il tarixdə 1407,6 və 28,51 manat, 20 noyabr 2019-cu il tarixdə 85 manat, 12 dekabr 2019-cu il tarixdə 80 manat, 07 yanvar 2020-ci il tarixdə 85 manat, 18 mart 2020-ci il tarixdə 80 manat, 01 dekabr 2020-ci il tarixdə 100 manat, 26 yanvar 2021-ci il tarixdə 300 manat, 31 may 2021ci il tarixdə 200 manat, 04 oktyabr 2021-ci il tarixdə 200 manat, 16 avqust 2022-ci il tarixdə 300 manat, 04 oktyabr 2022-ci il tarixdə 100 manat və 10 oktyabr 2022-ci il tarixdə 50 manat məbləğində pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 747-2-ci maddəsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. - 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. - 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. - 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, lizinq verən İddiaçı ASC ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan lizinq alan Cavabdeh arasında xx.xx.2019-cu il tarixli MK 133 nömrəli lizinq müqaviləsi bağlanmış, lakin cavabdeh tərəfindən öhdəliklər lazımi qaydada yerinə yetirilməyərək vaxtlı-vaxtında lizinq ödənişləri həyata keçirilməmişdir. Buna görə də, İddiaçı ASC tərəfindən həmin müqavilə üzrə 1272,27 manat gecikdirilmiş əsas borc və 356,48 manat məbləğində cərimə hesablanaraq həmin borcların Cavabdeh tutulması üçün məhkəməyə müraciət olunmuşdur. İş materiallarından görünür ki, ödənilməmiş borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə bu mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı ASC tərəfindən 60 (altmış) manat məbləğində mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli MK 133 nömrəli lizinq müqaviləsi üzrə 1272,27 manat manat məbləğində əsas borcun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın cavabdehdən 356,48 manat məbləğində cərimə məbləğinin tutulması tələbinə aid hissəsi qismən təmin olunmalı, işin halları, o cümlədən cavabdehin kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması nəzərə alınmaqla, cavabdehdən tələb olunan cərimə məbləği azaldılmalı və Cavabdeh xx.xx.2019-cu il tarixli MK 133 nömrəli lizinq müqaviləsi üzrə 30 (otuz) manat cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdeh Cavabdeh (VÖEN: **********) 1272,27 manat məbləğində əsas borc və 30 manat məbləğində cərimə olmaqla, cəmi 1302,27 manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı ASC tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci də Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Həmçinin Cavabdeh 33,02 manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh (VÖEN: **********) 1272,27 (min iki yüz yetmiş iki manat 27 qəpik) manat məbləğində borc, 30 (otuz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci olmaqla - cəmi 1362,27 (min üç yüz altmış iki manat 27 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 33,02 (otuz üç manat 2 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar