Məhkəmə qərarları › İş №e-2-2(119)-518/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-518/2025

04.03.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-518/2025 04.03.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 22 yanvar 2025-ci il tarixinə hesablanmış dövlət büdcəsinə olan 394,7 (üç yüz doxsan dörd manat, yetmiş) manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 32583,78 (otuz iki min beş yüz səksən üç manat, yetmiş səkkiz qəpik) manat məbləğində borcun, İcbari Tibbi Sığorta Fonduna olan 5448,78 (beş min dörd yüz qırx səkkiz manat, yetmiş səkkiz qəpik) manat məbləğində borcun, İşsizlikdən Sığorta Fonduna olan 673,64 (altı yüz yetmiş üç manat, altmış dörd qəpik) manat məbləğində borcun, eyni zamanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna olan 211,16 (iki yüz on bir manat, on altı qəpik) manat məbləğində borcun, İcbari Tibbi Sığorta Fonduna olan 37,38 (otuz yeddi manat, otuz səkkiz qəpik) manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri və vergi ödəyicisi - xx xxxx 1969-cu il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən, işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 21 fevral 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən maraqlı şəxs izahatında bildirmişdir ki, "xxxx" MMC üzrə hesablanan borcları qəbul etmir. 05 fevral 2025-ci il tarixindən etibarən o, həmin şirkətin icra orqanının rəhbəri vəzifəsindən azad edilmiş və hazırda həmin şirkətin icra orqanının rəhbəri deyildir. Həmin iclasda maraqlı şəxs öz adına olan VÖEN üzrə hesablanmış borclarının ödənilməsinə şərait yaradılması məqsədilə iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs izahatında bildirdi ki, öz adına olan VÖEN üzrə İcbari Tibbi Sığorta Fonduna və Dövlət Sosial Müdafiə Fonduna olan borclarını qəbul edir və bununla bağlı o, 24 fevral 2025-ci il tarixində ödənişlər etmiş və hazırda adına olan müvafiq borclar silinmişdir. Lakin "xxxx" MMC üzrə olan borcları qəbul etmir və həmin şirkətin icra orqanının rəhbəri 2025-ci ilin fevral ayından etibarən dəyişilmişdir. Maraqlı şəxs göstərilənlərin nəzərə alınaraq məhkəmədən ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə, proses iştirakçısını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin edilməməlidir. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən edilir ki, vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə ödənişlərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə 22 yanvar 2025-ci il tarixinə hesablanmış xx xxxx 1969-cu il təvəllüdlü Maraqlı şəxs icra orqanının rəhbəri olduğu hüquqi şəxs "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 394,7 manat məbləğində vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 32583,78 manat məbləğində borcu, İcbari Tibbi Sığorta Fonduna 5448,78 manat məbləğində borcu, İşsizlikdən Sığorta Fonduna 673,64 manat məbləğində borcu, eyni zamanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətilə məşğul olan vergi ödəyicisi Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 211,16 manat məbləğində borcu, İcbari Tibbi Sığorta Fonduna 37,38 manat məbləğində borcunun olması barədə hazırkı ərizə ilə 10 fevral 2025-ci il tarixində məhkəməyə müraciət edilmişdir. Belə ki, həmin ərizə üzrə aparılan məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin rəsmi səhifəsində (https://www.taxes.gov.az/az/page/kommersiya-qurumlarinindovlet-reyestri-melumatlarinin-verilmesi) müvafiq axtarış aparıldıqda müəyyən olunur ki, "xxxx" MMC-nin əvvəlki qanuni təmsilçisi Maraqlı şəxs olmuş, hazırda isə həmin hüquqi şəxsin qanuni təmsilçisi X1r. Mülki Prosessual Məcəllənin 305.1.12-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, hazırkı ərizə ilə 22 yanvar 2025-ci il tarixinə hesablanmış dövlət büdcəsinə olan vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna, İcbari Tibbi Sığorta Fonduna və İşsizlikdən Sığorta Fonduna olan borcların ödənilməsini təmin etmək üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş edilən Maraqlı şəxs ərizədə qeyd edilən "xxxx" MMC-nin icra orqanının rəhbəri deyildir və belə olduğu təqdirdə, onun ölkədən getmək hüququ məhdudlaşdırıla bilməz. Bundan başqa, təqdim edilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizədə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi Maraqlı şəxs məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqları üzrə borclarının cəminin 248,54 manat təşkil etməsi qeyd edilmişdir. Maraqlı şəxs tərəfindən məhkəməyə hər birinin üzərində maraqlı şəxsə aid vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin qeyd edildiyi, həmçinin aşağıdakı rekvizitlərə malik ödəniş qəbzləri təqdim edilmişdir: - xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzi - 36 manat; - xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzi - 9 manat; - xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzi - 2 manat; - xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzi - 203 manat; Bu ödəniş qəbzlərindəki ödəniş məbləğlərinin cəmi 250 manat təşkil edir. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizədən isə görünür ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan maraqlı şəxsin 22 yanvar 2025-ci il tarixinə hesablanmış məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqları üzrə borclarının cəmi 248,54 manat təşkil edir. Başqa sözlə, hazırkı ərizə məhkəmənin icraatına daxil olduqdan sonra maraqlı şəxsin 22 yanvar 2025-ci il tarixinə hesablanmış Dövlət Sosial Müdafiə Fonduna 211,16 manat məbləğində borcu və İcbari Tibbi Sığorta Fonduna olan 37,38 manat məbləğində borcu tam ödənilmişdir. Ona görə də hazırkı ərizə üzrə həmin vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması - mütənasib və tətbiq edilməsi zəruri olan tədbir hesab edilə bilməz. Yəni hazırkı ərizədə qeyd olunan məlum borclar artıq mövcud olmadığından, həmin vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti aradan qalxmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 28-ci maddəsinin 3-cü hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən, hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yer dəyişmək və yaşayış yeri seçmək hüququ var; Hər bir insanın, öz ölkəsi də daxil olmaqla, hər hansı bir ölkəni tərk etmək hüququ var; Yuxarıda xatırlanan hüquqlar qanunda nəzərdə tutulan, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mənəviyyatının, yaxud başqalarının hüquq və azadlıqlarının və bu Paktda tanınan hüquqlara uyğun digər hüquqların qorunması üçün zəruri olan məhdudiyyətlərdən başqa, məhdudiyyət obyekti ola bilməz; Heç kəs özbaşına öz ölkəsinə gəlmək hüququndan məhrum edilə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 305, 355-5, 355-6, 355-7, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar