Məhkəmə qərarları › İş №e-2-2(119)-52/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-52/2023

17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-52/2023 17.01.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Hüseynzadə Elsevər İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 20 oktyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndan iddiaçı “CMT Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 19314,83 (on doqquz min üç yüz on dörd manat 83 qəpik) manat məbləğində borcun və “ilkin mediasiya sessiyasında iştirak etmək” üçün ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə (bundan sonra "İddiaçı") cavabdeh "X1" MMC (bundan sonra "Cavabdeh") arasında bağlanmış 29 iyun 2022-ci il tarixli CT/M-22-066 nömrəli müqaviləyə əsasən boya məhsullarının (Epocon SP 585 - beton əlavəsi) alqı-satqısı nisyə qaydasında həyata keçirilmişdir. İddiaçı ilə cavabdeh arasında imzalanmış həmin Müqaviləyə əsasən iddiaçı boya məhsullarını cavabdehə satmağı, cavabdeh isə malları qəbul edib onun dəyərini razılaşdırmış vaxtda iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. 04 iyul 2022-ci il tarixdən 06 iyul 2022-ci il tarixə kimi təqdim olunan elektron qaimələrə əsasən müəyyən edilmişdir ki, cavabdeh "X1" MMC-nin iddiaçı "xxxx" MMC-yə cəmi 19314,83 (on doqquz min üç yüz on dörd manat 83 qəpik) manat qalıq borcu mövcuddur. Bununla da, cavabdeh Müqavilə üzrə üzərinə düşən öhdəliklərini tam yerinə yetirməmişdir. 12 avqust 2022-ci ildə cavabdehin elektron kabinetinə pretenziya məktubu, 25 avqust 2022-ci ildə isə Mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş və 05 oktyabr 2022-ci il tarixdə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28ci maddəsinə uyğun olaraq ilkin mediasiya sessiyası təşkil edilmişdir. Lakin, cavabdeh bu barədə məlumatlı olsa da, ilkin mediasiya sessiyasında iştirak etməmiş və könüllü olaraq aldıı malların dəyərini ödəməmişdir (bundan sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 385, 387, 398, 425, 442, 443, 445 və 448-ci maddələrinə istinad olunur). Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanaraq hesab edilir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə cavabdehdən iddiaçının xeyrinə 19314,83 (on doqquz min üç yüz on dörd manat 83 qəpik) manat məbləğində borc və “İlkin mediasiya sessiyasında iştirak etmək” üçün ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı tutulmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdehndən iddiaçı “CMT Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 19314,83 manat məbləğində borcun və habelə “ilkin mediasiya sessiyasında iştirak etmək” üçün ödənilmiş 200 manat məbləğində xidmət haqqının tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan tədarükçü İddiaçı (VÖEN **********) ilə alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 29 iyun 2022-ci il tarixli CT/M-22-066 nömrəli Tədarük Müqaviləsinin şərtlərinə görə, tədarükçü İddiaçı MMC alıcı Cavabdeh MMC-nin sifariş etdiyi məhsulları (bundan sonra “Əmtəə”) tədarük etməyi, “Alıcı” isə onları qəbul edib və haqqını bu müqavilə ilə müəyyən edilmiş müddətdə “Tədarükçü”yə ödəməyi öhdəsinə götürmüşdür (1.1-ci bənd). Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, tərəflər bu müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirmədikdə və ya lazımi qaydada yerinə yetirmədikdə, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı gündən qüvvəyə minir 29 iyun 2023-cü ilə qədər qüvvədədir. İş materiallarında olan elektron qaimələrlə müəyyən olunur ki, 29 iyun 2022-ci il tarixli CT/M-22-066 nömrəli Tədarük Müqaviləsi əsasında tədarükçü "xxxx" MMC tərəfindən alıcı "X1" MMC-yə 04 iyul 2022-ci il tarixli EBBZ 339219 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 6566,70 (altı min beş yüz altmış altı manat 70 qəpik) manat dəyərində, 04 iyul 2022-ci il tarixli EBBZ 400523 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 2867,40 (iki min səkkiz yüz altmış yeddi manat 40 qəpik) manat dəyərində, 05 iyul 2022-ci il tarixli EBBZ 489552 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 3557,70 (üç min beş yüz əlli yeddi manat 70 qəpik) manat dəyərində və 06 iyul 2022-ci il tarixli EBBZ 582896 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 6323,03 (altı min üç yüz iyirmi üç manat 03 qəpik) manat dəyərində olmaqla, ümumilikdə cəmi 19640,34 (on doqquz min üç yüz on dörd manat 83 qəpik manat 34 qəpik) manat məbləğində müxtəlif boya məhsullarının satılması ilə əlaqədar yuxarıda qeyd olunan elektron qaimələr təqdim olunmuşdur. İş materiallarında olan 12 avqust 2022-ci il tarixli Maliyyə Arayışı ilə müəyyən olunur ki, 29 iyun 2022-ci il tarixli CT/M-22-066 nömrəli Tədarük Müqaviləsi üzrə tədarükçü "xxxx" MMC tərəfindən alıcı Cavabdeh MMC-yə satılmış boya məhsullarına görə alıcı Cavabdeh 12 avqust 2022-ci il tarixinə 19314,83 (on doqquz min üç yüz on dörd manat 83 qəpik) manat məbləğində qalıq borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla və işin konkret halları ilə müəyyən olunur ki, tədarükçü İddiaçı 29 iyun 2022-ci il tarixli CT/M-22-066 nömrəli Tədarük Müqaviləsi üzrə satmış olduğu malların dəyərini ödəmədiyi üçün alıcı Cavabdehndən “ödənilməmiş cəmi 19314,83 manat məbləğində borcun tutulması” barədə iddia tələbinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar Cavabdehnə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə İddiaçı tərəfindən mediatorun hesabına 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, Cavabdeh MMC İddiaçı MMC ilə bağlanmış 29 iyun 2022-ci il tarixli CT/M-22-066 nömrəli Tədarük Müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin Müqavilə üzrə hazırkı iddia ərizəsində tələb olunan ödənilməmiş 19314,83 (on doqquz min üç yüz on dörd manat 83 qəpik) manat məbləğində əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və İddiaçı xeyrinə Cavabdehndən 19314,83 manat məbləğində əsas borc tutulmalıdır. Eləcə də, Cavabdehndən mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı tutularaq İddiaçınə və iddia tələbi üzrə tutulan borcla əlaqədar hesablanan 147,94 (yüz qırx yeddi manat 94 qəpik) manat məbləğində dövlət rüsumu isə dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 19314,83 (on doqquz min üç yüz on dörd manat 83 qəpik) manat məbləğində əsas borc və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 19514,83 (on doqquz min beş yüz on dörd manat 83 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdehndən dövlət nəfinə 147,94 (yüz qırx yeddi manat 94 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar