Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-52/2024 19.01.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 05 oktyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən icra edilmiş xidmətlərin əvəzi olaraq 8236,5 (səkkiz min iki yüz otuz altı manat 50 qəpik) manat borcun, ödənişin gecikdirilməsinə görə hesablanmış 16143,54 (on altı min yüz qırx üç manat 54 qəpik) manat cərimənin və ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, ekspeditor "xxxx" MMC (bundan sonra – “iddiaçı”) ilə müştəri Cavabdeh MMC (bundan sonra – “cavabdeh”) arasında İN-BNFFC/TR/001 №-li xidmət müqaviləsi (bundan sonra - Müqavilə) bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh MMC-yə məxsus yükün “(EXW) İstanbul, Türkiyədən (FOT)” “Bakı, Azərbaycan” ərazisinə çatdırılması ilə bağlı razılıq əldə edilmiş, iddiaçı "xxxx" MMC tərəfindən cavabdehə 8236,5 manat dəyərində xidmətlər göstərilmişdir. Müqavilə üzrə öhdəliklər iddiaçı "xxxx" MMC icra olunmuş, daşınması nəzərdə tutulmuş yük Cavabdeh MMC-yə təhvil verilmişdir. Xidmətlərin göstərilməsi müvafiq təhvil-təslim aktı ilə rəsmiləşdirilmiş və xidmətlərlə bağlı 17 yanvar 2023-cü il tarixdə İnvoys və elektron qaimə faktura verilmişdir. Buna baxmayaraq, göstərilmiş xidmətlərin dəyəri bu günədək iddiaçıya ödənilməmişdir. Müqaviləyə edilmiş 15 nömrəli Əlavənin 7-ci bəndinə əsasən, hesab faktura təqdim edildiyi gündən 3 gün ərzində ödəniş həyata keçirilməlidir. Bundan əlavə, Müqavilənin 5.9-cu bəndində nəzərdə tutulmuşdur ki, xidmət dəyərinin, həmçinin bu Müqavilənin icrası üçün Ekspeditor ("xxxx" MMC) tərəfindən çəkilmiş xərclərin ödənişi üzrə öhdəliklərin, boşdayanmaya görə ödənişlərin Müştəri tərəfindən icrasının gecikdirilməsi halında, Ekspeditor Müştəriyə hər gecikdirilmiş günə görə ödənilməmiş məbləğin 1% həcmində cərimə tətbiq edə bilər. Belə olan halda, Cavabdeh MMC-nin ödənişin həyata keçirilməli olduğu gündən (20 yanvar 2023) ona mediasiya təklifi göndərilən günədək (04 avqust 2023) 16143,54 (196 gün X 82,36) manat məbləğində cərimə borcu yaranmışdır. Müqaviləyə uyğun olaraq həyata keçirilmiş xidmətlərin dəyəri (8236,5 manat) və ödənişin gecikdirilməsinə görə hesablanmış cərimə məbləği (16143,54 manat), ümumilikdə 24380,04 manat pul iddiaçı "xxxx" MMC-yə ödənilməmişdir. Qeyd etmək lazımdır ki, müqavilənin 3.3.10-cu və 5.1-ci bəndlərinə əsasən cavabdeh müvafiq ödəniş üçün öhdəlik daşıyır. Onu da qeyd edək ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən tərəflərin hər ikisinin üzərinə düşən icra hərəkətləri olub. İddiaçı həmin hərəkətləri müqavilə üzrə yerinə yetirməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb olmadan qarşılıqlı olaraq öz üzərinə düşən öhdəliklərini yerinə yetirmir və yaranmış borcu qəsdən ödəmir. Mülki-Prosessual Məcəllənin 4.6-cı maddəsinin tələblərinə əsasən məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehə “Mediasiya prosesinin tətbiqi barədə” Təklif göndərilmiş və işin məhkəmədənkənar qaydada həlledilməsi üçün ilkin mediasiya sessiyası təşkil olunmuşdur. Lakin, cavabdeh ilkin mediasiya prosesində iştirak etməmiş və bu barədə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə uyğun olaraq 29 avqust 2023-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayış alınmışdır. Mediasiya xərclərini təşkil edən 200 (iki yüz) manat vəsait iddiaçı "xxxx" MMC tərəfindən ödənmişdir. Beləliklə, iş üzrə təqdim edilmiş sübutlardan və qanunvericiliyin yuxarıda sadalanan normalarından belə aydın olur ki, cavabdeh iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi düzgün və tam icra etməmiş, iddiaçı tərəfindən icra edilmiş xidmətlərin əvəzi olaraq müəyyən edilmiş ödəniş 8236,5 manat pul və ödənişin gecikdirilməsinə görə hesablanmış cərimə məbləği 16143,54 manat olmaqla, ümumilikdə 24380,04 manat pul ödənilməmişdir. İş üzrə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və Cavabdeh nümayəndələri məhkəmə baxış iclasına gəlməmişlər. Lakin, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilən ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəblərə görə gələ bilmədiyi üçün məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iş üzrə iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh MMC isə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, icraçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) ilə sifarişçi Cavabdeh (VÖEN **********) arasında bağlanmış 06 iyul 2022-ci il tarixli İN-BNFFC/TR/001 nömrəli Xidmət Müqaviləsinə əsasən “İcraçı” “Sifarişçinin”nin sifarişinə əsasən yüklərin daşınması xidmətlərini yerinə yetirməyi təşkil etməyi, “Sifarişçi” isə həmin əməliyyatlar müqabilində “İcraçı”ya xidmət haqqını ödəməyi öz üzərinə götürmüşdür. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən, hazırkı müqavilənin xidmətlərin qiyməti, marşrut və digər şərtləri hazırkı müqavilənin ayrılmaz hissəsi olan əlavələrdə göstərilir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, bu Müqavilədəki öhdəliklərin yerinə yetirilmədiyi və ya qeyri-müvafiq qaydada yerinə yetirildiyi təqdirdə hər iki tərəf müvafiq qanunvericilik və bu Müqavilənin şərtlərinə uyğun olaraq məsuliyyət daşıyır. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, bu Müqavilə əsasında yerinə yetirilən xidmətlər üçün haqqlar qiymət təklifləri əsasında əvvəlcədən tərəflər arasında razılaşdırılmış qiymətlər ilə müəyyən edilir, xidmət haqqı xidmət sifarişində qeyd olunur. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, bu Müqavilə əsasında ödənişlər yük Sifarişçiyə təhvil verildiyi tarixdən 3 təqvim günü ərzində İcraçının təqdim etdiyi hesabfaktura əsasında köçürmə yolu ilə İcraçının bank hesabına ödənilir. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən, verilmiş qiymətlərə Ödəmə mənbəyindən tutulan vergi və X2 daxil deyil. Həmin Müqavilənin 4.4-cü bəndinə əsasən, ödəniş AZN ilə bank köçürməsi yolu ilə həyata keçirilir. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən, mübahisəni danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, belə mübahisə müvafiq prosessual qaydalara uyğun olaraq Azərbaycan Respublikasının müvafiq məhkəmələrinə təqdim olunur. Həmin Müqavilənin 7.1-ci bəndinə əsasən, bu Müqavilənin hüquqi qüvvəsi həmin Müqavilənin imzalandığı tarixdən etibarən bir (1) il müddətinə məhdudlaşır. Əgər müqavilənin müddətinin bitməsinə 2 həftə qaldıqda tərəflər müqavilənin ləğv edilməsi barədə niyyət bildirmədikdə, müqavilə avtomatik olaraq 1 il müddətinə yenidən uzadılmış hesab edilir. Həmin Müqavilənin 7.4-cü bəndinə əsasən, müqavilənin ləğv edilməsi və ya bitməsi nəticəsində tərəflərin icra edilməmiş maddi məsuliyyəti hesablaşmalar yekunlaşana qədər qüvvədə qalır. İş materiallarında olan icraçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) ilə sifarişçi Cavabdeh (VÖEN **********) arasında bağlanmış 06 iyul 2022-ci il tarixli İN- BNFFC/TR/001 nömrəli Xidmət Müqaviləsinə 21 dekabr 2022-ci il tarixli 015 nömrəli Əlavədən görünür ki, podratçı (icraçı) "xxxx" MMC tərəfindən sifarişçi Cavabdeh MMC-yə “Madgam pastası” yük növü “EXW İstanbul (Türkiyə) - FOT Bakı (Azərbaycan)” çatdırılma marşrutu və çatdırılma müddəti 10-12 gün, yekun daşıma qiyməti: 1 FTL, quru yol daşınması (ƏDV 0 % tətbiq olunur) 4100 (dörd min yüz) ABŞ dolları/24,320 kq, 48 saat boş dayanma vaxtından sonra gündəlik 100 ABŞ dolları ödənilməsi və hesab faktura təqdim olunan gündən 3 iş günü ərzində ödəniş şərti və bütün daşımaya aid xərclər, icazə və lisenziyalar, tranzit ölkələrdəki ödənişlər və digər yol xərcləri də razılaşdırılmış qiymətə daxil olmaqla, tərəflər arasında həmin Əlavədə nəzərdə tutulan yükün daşınmasının həyata keçirilməsi razılaşdırılmışdır (Əlavənin qüvvəyə minmə tarixi: - 21 dekabr 2022-ci il). İş materiallarında olan 06 iyul 2022-ci il tarixli İN-BNFFC/TR/001 nömrəli Xidmət Müqaviləsi üzrə tərtib edilmiş 11 yanvar 2023-cü il tarixli Təhvil-Təslim Aktından görünür ki, "xxxx" MMC və Cavabdeh MMC arasında 06 iyul 2022-ci il tarixində bağlanmış İN- BNFFC/TR/001 nömrəli müqaviləyə əsasən Türkiyənin İstanbul şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə çatdırılması sifariş olunan yük (Madgam Pasta - 24320 kq) "xxxx" MMC tərəfindən 44 AAK 798 / 47 AAL 0601 nömrəli nəqliyyat vasitəsi ilə 6970 manat (4100 ABŞ dolları) müqabilində çatdırılmışdır. Yükün boşdurmasına görə 680 manat (400 ABŞ dolları), yükün tərkibində yanıcı maddələr olduğuna görə 544 manat (320 ABŞ dolları) və Sumqayıt istiqamətində hərəkət üçün 42,5 manat (25 ABŞ dolları) ödənilmişdir (həmin Akt "xxxx" MMC və Cavabdeh MMC tərəfindən imzalanıbmöhürlənmişdir). İş materialları ilə müəyyən olunur ki, İN-BNFFC/TR/001 nömrəli Xidmət Müqaviləsi üzrə icraçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sifarişçi Cavabdehnə ümumilikdə cəmi 8236,5 (səkkiz min iki yüz otuz altı manat 50 qəpik) manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 17 yanvar 2023-cü il tarixli İNV/2023/0037 nömrəli İnvoys tərtib olunmuşdur. İş materiallarında olan 17 yanvar 2023-cü il tarixli EBCN 118061 nömrəli Elektron Qaimə ilə müəyyən olunur ki, 06 iyul 2022-ci il tarixli İN-BNFFC/TR/001 nömrəli Xidmət Müqaviləsi üzrə icraçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sifarişçi Cavabdehnə ümumilikdə cəmi 8236,5 (səkkiz min iki yüz otuz altı manat 50 qəpik) manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 850.2-ci maddəsinə əsasən, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla və işin konkret halları ilə müəyyən olunur ki, icraçı "xxxx" MMC ilə sifarişçi Cavabdeh MMC arasında bağlanmış 06 iyul 2022-ci il tarixli İN-BNFFC/TR/001 nömrəli Xidmət Müqaviləsi üzrə icraçı tərəfindən Sifarişçi üçün ümumilikdə 8236,5 manat dəyərində daşıma xidmətləri göstərilmiş və həmin xidmətin dəyəri ödənilməmişdir. İş materiallarından görünür ki, 06 iyul 2022-ci il tarixli İN-BNFFC/TR/001 nömrəli Xidmət Müqaviləsi üzrə yaranmış xidmət haqqı borcunun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh "X3 and Foundry Company" MMC ilə bu mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı "xxxx" MMC tərəfindən mediatora 210 (iki yüz on) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (cavabdehin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, yuxarıda qeyd olunanlara əsasən müəyyən edilir ki, 06 iyul 2022-ci il tarixli İN-BNFFC/TR/001 nömrəli Xidmət Müqaviləsi əsasında həyata keçirilmiş daşımalar üzrə Sifarişçi - Cavabdeh MMC-nin İcraçı - iddiaçı "xxxx" MMC-yə 8236,5 manat məbləğində ödənilməmiş daşıma xidməti haqqı borcunun olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmış olduğundan, iddia tələbi həmin hissədə təmin olunmalıdır. Eləcə də, məhkəmə araşdırması müəyyən olunmuşdur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh "X3 and Foundry Company" MMC ilə bu mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı "xxxx" MMC tərəfindən mediatora 210 (iki yüz on) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, iddiaçı hazırkı iddia tələbində həmin məbləğin hamısını deyil, “ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pulun” cavabdehdən tutulmasını xahiş etmişdir. Ona görə də, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) uyğun olaraq cavabdehdən həmin iddia tələbində göstərilən məbləğdə, yəni 200 (iki yüz) manat məbləğində mediasiya üzrə ödənilmiş xidmət haqqının əvəzi tutulmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddianın “cavabdehdən 16143,54 (on altı min yüz qırx üç manat 54 qəpik) manat manat məbləğində cərimənin tutulması” hissəsi isə təmin olunmamalıdır. Belə ki, Mülki Məcəllənin tələblərinə görə cərimə (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilməli, yəni tərəflər arasında bağlanan müqavilədə göstərilməlidir. Lakin, hazırkı mübahisə üzrə nəzərdə tutulan yükün daşınması şərtlərinin müəyyən edildiyi 06 iyul 2022-ci il tarixli İN-BNFFC/TR/001 nömrəli Xidmət Müqaviləsində və həmin Müqaviləyə 21 dekabr 2022-ci il tarixli 015 nömrəli Əlavədə Cavabdeh MMC-nin öz öhdəliyini lazımi qaydada yerinə yetirmədiyinə görə cərimənin (dəbbə pulunun, penyanın) hesablanması və ödənilməsi qaydası nəzərdə tutulmamış və eləcə də, “Sifarişçi” öhdəliyini lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etməmişdir (Mülki Məcəllənin 465.2-ci maddəsi). Ona görə də, tərəflər arasında imzalanmış 06 iyul 2022-ci il tarixli İN-BNFFC/TR/001 nömrəli Xidmət Müqaviləsinə və həmin Müqaviləyə 21 dekabr 2022-ci il tarixli 015 nömrəli Əlavəyə istinad edilməklə, hazırki iddia ərizəsi üzrə cavabdehdən hər hansı məbləğdə cərimənin (dəbbə pulunun və yaxud, penyanın) tələb edilməsinin əsaslılığı müəyyən edilmir. Eyni zamanda, məhkəmə, bununla əlaqədar qeyd etməyi lazım bilir ki, hazırkı iddia ərizəsində “16143,54 manat məbləğində cərimənin tutulması” İN-BNFFC/TR/001 nömrəli Xidmət Müqaviləsinin 5.9-cu bəndi ilə əsaslandırılmış olsa da, dəyəri ödənilməyən daşıma xidmətinin icra olunduğu 06 iyul 2022-ci il tarixli İN-BNFFC/TR/001 nömrəli Xidmət Müqaviləsində (həmin Müqaviləyə 21 dekabr 2022-ci il tarixli 015 nömrəli Əlavədə) “5.9-cu bənd”, o cümlədən də hər hansı bir cərimə məbləğinin hesablanaraq tutulması barədə heç bir öhdəlik (müqavilə şərti) nəzərdə tutulmamışdır Halbuki, iddia ərizəsində qeyd olunan “5.9-cu bənd” tərəflər arasında sonradan bağlanmış 24 yanvar 2023-cü il tarixli İN- BNFFC/TR/001 nömrəli Xidmət Müqaviləsində mövcud olsa da, hazırkı mübahisə predmeti olan “daşıma xidməti” - qeyd olunan həmin müqavilə bağlanmamışdan əvvəl, yəni 06 iyul 2022-ci il tarixli İN-BNFFC/TR/001 nömrəli Xidmət Müqaviləsinə 21 dekabr 2022-ci il tarixli 015 nömrəli Əlavə üzrə icra olunmuşdur. Ona görə də, 24 yanvar 2023-cü il tarixli İN-BNFFC/TR/001 nömrəli Xidmət Müqaviləsində nəzərdə tutulan şərtlər daşınması 06 iyul 2022-ci il tarixli İN-BNFFC/TR/001 nömrəli Xidmət Müqaviləsi və həmin Müqaviləyə 21 dekabr 2022-ci il tarixli 015 nömrəli Əlavə ilə nizamlanan və 11 yanvar 2023-cü il tarixli Təhvil-Təslim Aktı, 17 yanvar 2023-cü il tarixli İNV/2023/0037 nömrəli İnvoys, 17 yanvar 2023-cü il tarixli EBCN 118061 nömrəli Elektron Qaimə və digər sənədlərlə təsdiq olunan yüklə əlaqədar ödənişlərin hesablanmasında və tutulmasında nəzərə alına bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh MMC-dən 8236,5 manat məbləğində əsas borc və mediasiya ilə əlaqədar ödənilmiş 200 manat məbləğində xidmət haqqının əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq hesablanan 102,36 (yüz iki manat 36 qəpik) manat məbləğində dövlət rüsumu da Cavabdeh MMC-dən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 8236,5 (səkkiz min iki yüz otuz altı manat 50 qəpik) manat məbləğində əsas borc və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının əvəzi olmaqla, cəmi 8436,5 (səkkiz min dörd yüz otuz altı manat 50 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 102,36 (yüz iki manat 36 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-52/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-52/2024
19.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver