Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-520/2025 18.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi, İddiaçı Samuray Firmasının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Samuray Firması tərəfindən Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Samuray Firması 10 fevral 2025-ci il tarixdə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14289,41 (on dörd min iki yüz səksən doqquz manat, qırx bir qəpik) manat məbləğində pul vəsaitinin və 133 (yüz otuz üç) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 26 fevral 2024-cü il tarixli SM1223-040 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilədə iddiaçı tərəfindən müqaviləyə əlavələrdə göstərilmiş həcmdə, qiymətdə və kommersiya şərtləri ilə polietilen paketler, polietilen şəffaf bobinlər, polietilen şəffaf kisələr, təkviyyəli şəffaf paketler, streçler ve digər polietilen məhsulların cavabdehə satılması və cavabdeh tərəfindən həmin malların qeyd olunan həcmdə, qiymətdə ve kommersiya şərtləri ilə alınması nəzərdə tutulmuşdur. İddiaçıya məxsus ümumi dəyəri 70729,97 manat məbləğində olan mallar cavabdeh tərəfindən alınmış və əsas məbləğ üzrə 45651,25 manat, ƏDV məbləği üzrə 10789,31 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilmişdir. Cavabdehin əsas məbləğ üzrə qalıq borcu 14289,41 manat məbləğində təşkil edir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, iş materiallarında olan qiymətlərin razılaşdırılması protokolu, təhvil-qəbul aktları və elektron qaimə-fakturalar malların cavabdehə təhvil verildiyini təsdiq edir. Cavabdeh tərəfindən 45651,25 manat məbləğində əsas borc birdəfəlik, ƏDV məbləği isə 2 dəfə olmaqla hissə-hissə ödənilsə də, qalıq 14289,41 manat məbləğində borc hazırkı vaxtadək ödənilməmişdir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan 26 fevral 2024-cü il tarixli SM1223-040 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı (iddiaçı Samuray Firması) bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən müqaviləyə əlavələrdə göstərilmiş həcmdə, qiymətdə ve kommersiya şərtləri ile polietilen paketler, polietilen şəffaf bobinler, polietilen şəffaf kisələr, təkviyyeli şəffaf paketler, streçler ve diger polietilen mehsulların satılmasını, alıcı (cavabdeh "xxxx" MMC) isə həmin malları qeyd olunan həcmdə, qiymətdə və kommersiya şərtləri ilə almağı öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqaviləyə əsasən satıcı tərəfindən təchiz ediləcək malların hər bir partiyasının təsviri, miqdarı, spesifikasiyası, çatdırılma müddəti, çatdırılma şərti, istehsal müddəti və şərtləri, ödəniş şərtləri alıcı və satıcı tərəfindən təsdiq edilmiş bu müqaviləyə əlavə olunacaq əlavələrdə təsbit edilir. Həmin müqavilənin 2.1.2-ci yarımbəndinə əsasən, müqavilə ilə nəzərdə tutulan malları elektron qaimə və malların təhvil-qəbul aktı ilə müvafiq əlavədə göstərilən çatdırılma müddətindən gec olmayaraq təqdim etmək və təhvil vermək satıcının vəzifəsidir. Həmin müqavilənin 2.1.3-cü yarımbəndinə əsasən, satıcı təchiz edilmiş malların bu müqavilə ilə nəzərdə tutulmuş qaydada ödənilməsini sifarişçidən (alıcıdan) tələb etmək hüququna malikdir. Həmin müqavilənin 2.2.1-ci yarımbəndinə əsasən, alıcı satıcı tərəfindən təchiz edilmiş malların haqqını bu müqavilənin 3-cü bəndində nəzərdə tutulmuş qaydada və müddətdə ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, malların bu müqavilənin və müvafiq əlavənin çatdırılma şərtlərinə uyğun olaraq razılaşdırılmış çatdırılma şərtləri ilə çatdırılmasından sonra, alıcı malların dəyərini əgər əlavədə başqa bir hal nəzərdə tutulmamışdırsa, satıcı tərəfindən təqdim edilmiş hesab faktura, tərəflər arasında imzalanan təhvil-təslim aktı (və ya çatdırılma qeydi) əsasında 15 (on beş) təqvim günü ərzində satıcının bank hesabına ödəyir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, hesablaşma həmin müqavilənin 9-cu bəndində göstərilmiş satıcının hesablaşma hesabına köçürmə yolu ilə aparılır. İş materiallarında olan 26 fevral 2024-cü il tarixli SM1223-040 nömrəli müqaviləyə “alqı-satqı üzrə razılaşdırılmış qiymət haqqında” 1 nömrəli əlavədən görünür ki, satılan malların dəyəri tərtib edilmiş razılıq protokolu əsasında tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan 26 fevral 2024-cü il tarixli SM1223-040 nömrəli müqaviləyə əlavə edilmiş 04 mart 2024-cü il tarixli 2 nömrəli qiymətlərin razılaşdırılması protokolundan görünür ki, satılan malların dəyəri tərtib edilmiş razılıq protokolu əsasında tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan tərəflərin nümayəndələri tərəfindən imzlanmış və möhürlənmiş 04 mart 2024-cü il tarixli MT2403 seriyalı 00057525 nömrəli, 04 mart 2024cü il tarixli MT2403 seriyalı 00041799 nömrəli, 04 mart 2024-cü il tarixli MT2403 seriyalı 00024280 nömrəli, 04 mart 2024-cü il tarixli MT2403 seriyalı 00023376 nömrəli, 27 fevral 2024-cü il tarixli MT2402 seriyalı 00414046 nömrəli elektron qaimə-fakturalardan görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 70729,95 manat məbləğində olan mallar göndərilmişdir. İş materiallarında olan tərəflərin nümayəndələri tərəfindən imzalanmış 27 fevral 2024-cü il tarixli 167927 nömrəli, 04 mart 2024-cü il tarixli 167944 nömrəli, 04 mart 2024cü il tarixli 167945 nömrəli, 04 mart 2024-cü il tarixli 167946 nömrəli və 05 mart 2024-cü il tarixli 167950 nömrəli malların təhvil-qəbul aktlarından görünür ki, ididaçı tərəfindən cavabdehə ümumi dəyəri 70729,97 manat məbləğində olan mallar təhvil verilmişdir. İş materiallarında olan 02 aprel 2025-ci il tarixli 162 nömrəli maliyyə arayışından görünür ki, 26 fevral 2024-cü il tarixli SM1223-040 nömrəli müqaviləyə əsasən satıcı Samuray Firması ilə alıcı "xxxx" MMC arasında 27 fevral 2024-cü il tarixdən 05 mart 2024cü il tarixədək olan dövr ərzində aparılmış alqı-satqı əməliyyatları nəticəsində yaranmış 70729,97 manat məbləğində (59940,66 manat əsas borc + 10789,31 manat ƏDV borcu) ümumi borc üzrə cavabdeh tərəfindən 56440,56 (əsas məbləğ üzrə 45651,25 + ƏDV üzrə 10789,31) manat məbləğində ödəniş edilmiş, əsas məbləğ üzrə cavabdehin 14289,41 manat məbləğində borcu ödənilməmiş qalmaqdadır. İş materiallarında olan hesabdan çıxarış sənədindən görünür ki, cavabdeh tərəfindən əsas borc məbləği üzrə iddiaçının hesabına 45651,25 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan ƏDV sub-uçot hesabından çıxarış sənədlərindən görünür ki, cavabdeh tərəfindən 04 mart 2024-cü il və 06 may 2024-cü il tarixlərində ƏDV borcu üzrə iddiaçının hesabına cəmi 10789,31 manat məbləğində ödəniş həyata keçirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 26 fevral 2024-cü il tarixli SM1223-040 nömrəli alqı-satqı müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin predmeti olan məhsulları cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya tam şəkildə ödəməmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ümumi dəyəri 70729,97 manat (malların dəyəri 59940,66 manat + ƏDV məbləği 10789,31 manat) məbləğində olan mallar təhvil verilmişdir. Cavabdeh ƏDV borcu üzrə ödənişləri tam şəkildə həyata keçirsə də, əsas borc məbləği üzrə cəmi 45651,25 məbləğində ödəniş həyata keçirmişdir və nəticədə onun iddiaçıya hazırkı qalıq borcu 14289,41 manat (59940 manat - 45651,25 manat) məbləğində təşkil edir. Bu qeyd edilənlər yuxarıda istinad edilən sübutlarla, o cümlədən hesabdan çıxarış və ƏDV sub-uçot hesabından çıxarış sənədləri ilə tam sübut edilməkdədir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 26 fevral 2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 14289,41 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan başqa, iddia tələbinin 133 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 14 yanvar 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 133 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia təmin edildiyindən yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 133 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 14289,41 manat məbləğində əsas borc və 133 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 14422,41 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehndən 14289,41 (on dörd min iki yüz səksən doqquz manat, qırx bir qəpik) manat məbləğində əsas borc və 133 (yüz otuz üç) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 14422,41 (on dörd min dörd yüz iyirmi iki manat, qırx bir qəpik) manat məbləğində pul vəsaiti iddiaçı Samuray Firmasının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-520/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-520/2025
18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver