Məhkəmə qərarları › İş №e-2-2(119)-533/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-533/2020

19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-533/2020 19.08.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, İddiaçı1 tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsini nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən “Xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən bu günədək ƏDV daxil 7026,39 (yeddi min iyirmi altı min manat 39 qəpik) manat əsas borc, gecikdirilmiş dəbbə faizinə görə hesablanmış 3091,61 (üç min doxsan bir manat 61 qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 10148 (on min yüz qırx səkkiz) manat məbləğdə pul vəsaitinin İddiaçı1 MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kiçik mübahisələr üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, İddiaçı1 kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “ƏDV daxil 7026,39 (yeddi min iyirmi altı min manat 39 qəpik) manat əsas borc, gecikdirilmiş dəbbə faizinə görə hesablanmış 3091,61 (üç min doxsan bir manat 61 qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 10148 (on min yüz qırx səkkiz) manat məbləğində pul vəsaitinin” tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq həmin iddia tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıla bilməz. Çünki, həmin maddənin tələblərinə görə kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-4.1 və 284-4.1.2-ci maddələrinə əsasən, verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə - məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Eyni zamanda, məhkəmə qeyd etməyi lazım bilir ki, iddia ərizəsində cavabdehdən ”7026,39 (yeddi min iyirmi altı min manat otuz doqquz qəpik) manat əsas borc və gecikdirilmiş dəbbə faizinə görə hesablanmış 3091,61 (üç min doxsan bir manat altmış bir qəpik) manat borcun tutulması” ilə məhkəməyə müraciət edilməsinə baxmayaraq, iddiaçı tərəfindən hazırkı mübahisəni məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət edilməsi ilə əlaqədar iddia ərizəsinə əlavə edilmiş xx/xx-2020 nömrəli xx xxx 2020-cı il tarixli “Göstərilən Texniki Servis xidmətlərinə görə yaranan borcun ödənilməsinə dair” pretenziya məktubunda daha az miqdarda borcun, yəni “müqavilə üzrə yaranmış 5837,84 manat (ƏDV daxil) borcun” ödənilməsi tələb edilmişdir. Yəni, məhkəməyə təqdim olunan sənədlərlə hazırkı iddia ərizəsi üzrə verilən tələblə əlaqədar cavabdeh tərəflə məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət edilməsi müəyyən olunmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən, Mülki-Prosessual Məcəllənin 284- 4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264 və 284-1 - 284-4-cü maddələrini rəhbər tutub, Q Ə R A R A A L D İ: İddiaçı1 tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddiaçıya izah olunsun ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinin qəbul edilməsindən imtina olunması - iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar