Məhkəmə qərarları › İş №e-2-2(119)-533/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-533/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-533/2021 05.04.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, iddiaçı “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, “cavabdehlər “xxxx” MMC-dən, X1 və X2 3 tərəfli alqısatqı müqaviləsi əsasında verilmiş və geri qaytarılmayan 235852 ABŞ dollarının və ödənilən 30 manat dövlət rüsumunun tutularaq iddiaçı “xxxx” Şirkətinə ödənilməsi” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddiaçı “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində iddiaçı qismində göstərilmiş “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı hüquqi şəxs olmadığından, mülki icraatda (kommersiya mübahisəsi üzrə icraatda) tərəf kimi, yəni cavabdeh qismində çıxış edə bilməz. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin tələblərinə görə Filial - yəni, “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyətinə (mülki prosessual fəaliyyət qabiliyyətinə) malik deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır (maddə 45.1) və hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi - hüquqi şəxsin təsis sənədidir (maddə 47.1). Həmin Məcəllənin 53 və 54-cü maddələrinin tələblərinə görə, filial, nümayəndəlik və idarə hüquqi şəxs deyildir və onlar hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Eyni zamanda, məhkəmə qeyd etməyi lazım bilir ki, hazırkı iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilərək məhkəməyə təqdim olunmamışdır. Çünki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə iddia ərizəsi məhkəməyə həmin Məcəllənin 149-150-ci maddələrinin tələblərinə riayət olunmaqla, yazılı şəkildə verilir. Yəni, ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat və ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsində göstərilməli (maddə 149) və eləcə də, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər; dövlət rüsumunun ödənilməsi haqqında sənəd; iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd; iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri; kommersiya mübahisələri üzrə - işdə iştirak edən digər şəxslər (cavabdehlər və s.) tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd və müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir (maddə 150). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə də, təsvir olunanlardan görünür ki, hazırkı iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyi üçün, onun məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D İ: İddiaçı “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar