Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-540/2023 18.04.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “Granum Group” LLC şirkətinə qarşı “pul tələbi” barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “Granum Group” LLC şirkətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “Granum Group” LLC şirkətinə qarşı “pul tələbi” barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Həmin Məcəllənin 443-cü maddəsində Azərbaycan Respublikasının məhkəmələrinin xarici şəxslərin iştirakı ilə olan işlərə baxmağa haqlı olduğu işlərin siyahısı nəzərdə tutulmuşdur ki, hazırki iş tərkibinə görə həmin siyahıda nəzərdə tutulmamışdır. Həmin Məcəllənin 443.0-cı maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; 443.0.2. xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda; 443.0.3. cavabdeh Azərbaycan Respublikasının ərazisində əmlaka malik olduqda; 443.0.4. aliment alınması və atalığın müəyyən edilməsi işlərində iddiaçı Azərbaycan Respublikasının ərazisində yaşayış yerinə malik olduqda; 443.0.5. yetirilən xəsarətlə, sağlamlığın başqa cür pozulması və ya ailəni dolandıranın ölümü ilə əlaqədar ziyanın ödənilməsinə dair işlərdə ziyan Azərbaycan Respublikasının ərazisində vurulduqda və ya iddiaçı Azərbaycan Respublikasının ərazisində yaşayış yerinə malik olduqda; 443.0.6. əmlaka vurulan ziyanın ödənilməsi işlərində ziyanın ödənilməsi haqqında tələbin verilməsi üçün əsas olan hərəkət və ya digər hal Azərbaycan Respublikasının ərazisində baş verdikdə; 443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə; 443.0.8. iddia Azərbaycan Respublikasının ərazisində baş vermiş əsassız varlanmadan irəli gəldikdə; 443.0.9. nikahın pozulması işlərində iddiaçı Azərbaycan Respublikasında yaşayış yerinə malik olduqda və ya ər-arvaddan heç olmazsa biri Azərbaycan Respublikasının vətəndaşı olduqda; 443.0.10. şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi işlərində iddiaçı Azərbaycan Respublikasında yaşayış yerinə malik olduqda; 443.0.11. vəsiyyət edənin ölən vaxt yaşayış yeri, gəldiyi yer Azərbaycan Respublikasında olarsa və yaxud vəsiyyət edənin əmlakı Azərbaycan Respublikasında olduqda vərəsəlik işləri. Həmin Məcəllənin 450.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. Həmin Məcəllənin 450.2-ci maddəsinə əsasən tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa, tərəflər bu Məcəllənin 450.1-ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər. Məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən ərazi aidiyyəti qaydalarına riayət edilmədən verilmişdir. Belə ki, cavabdeh hüquqi ünvanı 570 Lexington Avenue 15th X1. NY, 10022 (USA) olan “Granum Group” LLC şirkəti olmaqla xarici şəxsdir və onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olması iş materialları ilə müəyyən edilmir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 443-cü maddəsində Azərbaycan Respublikasının məhkəmələrinin xarici şəxslərin iştirakı ilə olan işlərə baxmağa haqlı olduğu işlərin siyahısı nəzərdə tutulmuşdur ki, hazırki iş tərkibinə görə həmin siyahıda nəzərdə tutulmamışdır. Bundan əlavə iş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Granum Group” LLC şirkəti arasında bağlanmış 05 mart 2021-ci il tarixli GR-34-SUM nömrəli və 20 aprel 2021-ci il tarixli GR-35-SUM nömrəli müqavilələrinə əsasən tərəflər arasında yaranmış mübahisələrin həlli ilə bağlı GAFTA-ya müraciət edilməsi nəzərdə tutulmuşdur. Yəni tərəflər arasında bağlanmış müqavilədə də Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gəlməmişlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə Sumqayıt Kommersiya Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “Granum Group” LLC şirkətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi və ona əlavə edilmiş iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-540/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-540/2023
18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver